Məhkəmə qərarları › İş №2(103)-9124/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9124/2021

26.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9124/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilən hasarın sökülməsi, evdən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi, 7A saylı evin 5 saylı mənzilindən çıxarılması, Sabunçu Rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli, 2(008)-079/2016 saylı qətnaməsinə əsasən həmin evin həyətində cavabdehlər tərəfindən qanunsuz olaraq hörülmüş ona məxsus keçid qapısının sökülərək açılan qapının qarşısında cavabdehlər tərəfindən qanunsuz çəkilmiş kərpic hasarın cavabdehlərin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli qətnaməsi ilə onun və X3 cavabehlər X7 və Cavabdeh1 qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair iddia tələbləri qismən təmin olunaraq Bakı şəhəri Zabrat qəsəbəsi Vaqif küçəsindəki 7a saylı evin 5 saylı mənzilinə sonradan əlavə edilmiş cavabdehin faktiki istifadəsində olan və məhkəmə tikinti texniki ekspertizasının 20.11.2015-ci il tarixli 17214 saylı rəyində göstərilmiş sahəsi 29.5 kv.m təşkil edən 8 saylı əlavə tikili mənzilin sahəsi 16.9 kv.m olan 5 saylı yaşayış otağı arasında mövcud olmuş şüşəli keçid qapısının istismarını təmin edəcək dərəcədə cavabdehlərin hesabına sökülərək həmin qapı açılmaqla iddiaçıların istifadə hüququ bərpa edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunaraq cavabdehlər tərəfindən qanunsuz hörülmüş qapı yeri sökülmüş, lakin cavabdehlər yenidən sökülən qapının qabağından kərpicdən qanunsuz olaraq hasar tikmiş, onun öz mənzilinə giriş-çıxışı yenidən məhdudlaşdırılmışdır. Cavabdehlərin yaşadığı 1 otağı onun əri 1989-cu ildə tikmiş, ərinin vəfatından sonra onun qaynının arvadı həmin otaq boş qaldığı üçün otağın kirayə verilməsini təklif etmiş, o da buna razılıq vermişdir. O həmin bir otağı 2008-ci ildə cavabdehlərə kirayəyə vermişdir. Dəfələrlə cavabdehlərə o həmin bir otaqdan çıxıb getmələrini bildirmiş, lakin cavabdehlər çıxmamışdır. O, məhkəməyə müraciət etmişdir. Cavabdehlərin yaşadıqları bir otağı onun əri tikmişdir, cavabdehlərin həmin tikiliyə heç bir hüquqları yoxdur. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi, 7A saylı evin 5 saylı mənzilin qarşısında yerləşən tikiliyə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı onlara qarşı qaldırdığı iddia qanunsuz və əsassızdır. Qeyd edilən mənzilə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnşikaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin 123 M, 21.05.2007-ci il tarixli əmri ilə mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi, 7A saylı evin 5 saylı mənzilin şəxsi hesabı ailə üzvü 3 nəfər olmaqla X4 adına dəyişdirilmişdir. Mübahisə mənzilə dair müqavilə əvvəllər Əliyeva Gülnazın və İddiaçı qaynanaları Xanımbacının adına olmuş, iki qardaş həmin ünvanda yaşamış, ailə qurduqdan sonra mənzili iki hissəyə bölərək, 40 il həmin şəkildə istifadə etmişlər. İki qardaşın hər ikisi də özünə aid hissədə qanunsuz tikililər inşa edib mənzil sahələrini genişləndirmişlər. Xanımbacı və övladları vəfat etdikdən sonra gəlinlər arasında söz-söhbətlər başlamış, Gülnaz İspaniyaya getmişdir. Gülnaz İspaniyaya getməmişdən əvvəl 29.55 kv.m olan qanunsuz tikilini onlara satmış və onlar həmin ünvanda 15 ildir ki, yaşayırlar. Bundan sonra İddiaçı və X1 Gülnaz Tağı qızına və Cavabdeh1 qarşı özbaşına tikililərin sökülməsi, yaşayış sahəsinə qanunsuz bağlanmış giriş-çıxış qapılarının açılması, qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Vaqif küçəsindəki 7 a saylı evin 5 saylı mənzilinə sonradan əlavə edilmiş cavabdehin faktiki istifadəsində olan və məhkəmə-tikinti-texniki ekspertizasının 20.11.2015-ci il tarixli 17214 nömrəli rəyində göstərilmiş, sahəsi 29.5m2 təşkil edən 8 saylı əlavə tikili mənzilin sahəsi 16.9 kv.m olan 5 saylı yaşayış otağı arasında mövcud olmuş şüşəli keçid qapısının istismarını təmin edəcək dərəcədə cavabdehlərin hesabına sökülərək həmin qapı açılmaqla iddiaçıların istifadə hüquqlarının bərpa edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edilən qətnaməni məhkəmə tikinti texniki ekspertizasının 20.11.2015-ci il tarixli 17214 saylı rəyinə əsaslanaraq qəbul etmişdir ki, həmin rəydən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi, 7A saylı evin 5 saylı mənzilində fasad divarlara bitişik şəkildə binanın planında nəzərdə tutulmayan əlavə tikililərin inşa edildiyi müəyyən edilir. Həmin əlavə tikililərin sayının 7 və ümumi sahəsinin 73,6 kv.m olduğu müəyyən edilir. Göstərilən əlavə inşa edilmiş tikililərdən sahəsi 6,8 kv.m olan 6 saylı mətbəxin faktiki olaraq İddiaçı, ümumi sahəsi 66.8 kv.m olan bütün əlavə tikililərin (6 ədəd) G.Əliyevanın və Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir. G.Əliyevanın və Cavabdeh1 faktiki istifadəsində olan sahəsi 29,5 kv.m təşkil edən 8 saylı əlavə tikili ilə mənzilin sahəsi 16.9 kv.m olan 5 saylı yaşayış otağı arasında faktiki olaraq şüşəli keçid qapısının mövcud olduğu (planda pəncərə kimi qeyd olunub) və cavabdehə məxsus 8 saylı tikilinin həmin hissəsində 5 saylı otağın işıqlandırılmasının və havalandırılmasının qarşısının alındığı müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli qətnaməsi üzrə izah verilməsinə dair İddiaçı və X.İskəndərovanın ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli qətnaməsi icra olunsa da, cavabdeh dəfələrlə onların barəsində polisə şikayət etmiş, onları həmin qanuni tikilidən çıxaracaqları barədə hədələmişdir. Onların yaşadıqları hissənin İddiaçı istifadəsində olan hissəyə heç bir aidiyyatı yoxdur. Hətta onlara aid olan 29.5 kv.m olan hissənin arasında 3-4 aydır ki, çəkdiyi aralıq divar bir birilərin görməməklərini təmin etmək üçün çəkilmişdir. Həmçinin aralıq divar tikilən zaman onlara aid olan qanunsuz tikilinin sahəsini azaltmış, cavabdehə heç bir maneəçilik törətməmiş, işıqlandırma və havalandırma daha da yaxşılaşmışdır. Hesab edirlər ki, İddiaçı onlara qarşı qeyd edilən iddianı qaldırmağa subyektiv hüququ yoxdur, belə ki, qeyd edilən aralıq divar və özbaşına tikili ona aid olmayan sahə üzərində inşa edilmişdir, tavan, döşəmə, evin çardaq örtüyü tamamilə bir birindən aralıdır. 15 ildir ki, həmin qanunsuz tikilidə yaşayırlar, kommunal ödənişlər onun adınadır. Qanunvericiliyə görə şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Halbuki onlar polisin inzibati binasında qeydiyyata alınmışlar. Ona görə də hesab edirlər ki, həmin qanunsuz tikiliyə istifadə hüquqları tanınmalıdır. Lakin iş materiallarından göründüyü kimi İddiaçı mübahisəli özbaşına tikiliyə heç bir hüququ olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən təmin edilməsi, ilkin iddia tələbi üzrə İddiaçı istifadəsində olan Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 7 a saylı evin 5 saylı mənzilinin Sabunçu Rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli, 2(008)-079/2016 saylı qətnaməsinə əsasən istismarı təmin edilmiş şüşəli keçid qapısının qarşısında hörülmüş kərpic hasarın ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşlıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi aşağıda göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektivdir. Məhkəmə qeyd edilən qətnaməni Məhkəmə tikinti-texniki ekspertizasının 20.11.2015-ci il tarixli, 17214 nömrəli rəyinə əsaslanaraq qəbul etmişdir. Hesab edir ki, İddiaçı onlara qarşı qeyd edilən iddianı qaldırmağa subyektiv hüququ yoxdur, belə ki, qeyd edilən aralıq divar və özbaşına tikili ona aid olmayan sahə üzərində inşa edilmişdir, tavan, döşəmə, evin çardaq örtüyü tamamilə bir birindən aralıdır. 15 ildir ki, həmin qanunsuz tikilidə yaşayırlar, kommunal ödənişlər onun adınadır və o ödəyir. Qanunvericiliyə görə şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Lakin, onlar polisin inzibati binasında qeydiyyata alınmışlar. Ona görədə həmin qanunsuz tikiliyə istifadə hüquqları tanınmalıdır. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli evə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən köhnə iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyinə istinad etmiş, yenidən ekspertizanın keçirilməsi üçün məhkəmədə vəsatət qaldırmaqlarına baxmayaraq iş ekspertizaya göndərilməmiş, köhnə rəyə əsaslanaraq qərar qəbul etmişlər. Ona görə də hesab edirəm ki, iş üzrə təkrar tikinti texniki ekspertizası təyin edilməli və onun əsasında qərar qəbul edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 079/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 7 a saylı evin 5 saylı mənzilinə sonrada əlavə edilmiş cavabdehin faktiki istifadəsində olan və məhkəmə tikinti-texniki ekspertizasının 20.11.2015-ci il tarixli 17214 nömrəli rəyində göstərilmiş, sahəsi 29.5m2 təşkil edən 8 saylı əlavə tikili mənzilin sahəsi 16.9 kv.m olan 5 saylı yaşayış otağı arasında mövcud olmuş şüşəli keçid qapısının istismarını təmin edəcək dərəcədə cavabdehlərin hesabına sökülərək həmin qapı açılmaqla iddiaçıların istifadə hüquqlarının bərpa edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qət edilmişdir.(İ.vər. 8 - 14) Həmin qətnamədə yer alan 20.11.2015-ci il tarixli 17214 nömrəli məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 7 a saylı evin 5 saylı mənzilində fasad divarlara bitişik şəkildə binanın planında nəzərdə tutulmayan əlavə tikililərin inşa edildiyi müəyyən edilir. Həmin əlavə tikililərin sayının 7 və ümumi sahəsinin 73.6m2 olduğu müəyyən edilir. Göstərilən əlavə inşa edilmiş tikililərdən sahəsi 6.8m2 olan 6 saylı mətbəxin faktiki olaraq iddiaçının, ümumi sahəsi 66.8m2 olan bütün digər əlavə tikililərin (6 ədəd) isə cavabdehin istifadəsində olduğu müəyyən edilir. Cavabdehin faktiki istifadəsində olan sahəsi 29.5m2 təşkil edən 8 saylı əlavə tikili ilə mənzilin sahəsi 16.9 kv.m olan 5 saylı yaşayış otağı arasında faktiki olaraq şüşəli keçid qapısının mövcud olduğu və cavabdehə məxsus 8 saylı tikilinin həmin hissəsində 5 saylı otağın işıqlandırılmasının və havalandırılmasının qarşısının alındığı müəyyən edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən verilmiş 21.05.2007-ci il tarixli, 136 saylı Əmrin surətindən görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsi, 7 A saylı ev, 5 saylı mənzilin şəxsi hesabının 3 nəfər ailə üzvü - özü, İddiaçı və X6 ibarət olmaqla X4 adına rəsmiləşdirilməsi və kirayə müqaviləsi bağlanması əmr edilmişdir.(İ.vər. 45) İş materiallarında olan, Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(008)-6033/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh X4 Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Vaqif küçəsi, ev 7 A, 5 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir.(İ.vər. 36 - 37) İş materiallarında olan, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 7510-324231/28 saylı, 13.06.2018-ci il tarixli məktubunun surətindən görünür ki, Şöbənin rəisi tərəfindən Sabunçu RPİ-nin 15-ci polis bölməsinə Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 7 a saylı evin 5 saylı mənzilində yaşayan şəxslərin (qohumların) münaqişəli ailə kimi qeydiyyata götürülməsi xahiş olunmuşdur.(İ.vər. 43) İş materiallarında olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli yerli baxış protokolundan görünür ki, mübahisə predmeti olan daşınmaz əmlaka yerli baxış zamanı müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2016cı il tarixli, 2(008)-079/2016 saylı qətnaməsində qeyd olunmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 7 a saylı evin 5 saylı mənzilinin sahəsi 16.9 kv.m olan 5 saylı yaşayış otağı arasında mövcud olmuş şüşəli keçid qapısına bitişik sahəsi 29.5m2 təşkil edən 8 saylı əlavə tikili qismən sökülsə də, sonradan həmin qapının qarşısında cavabdehlər tərəfindən yenidən kərpic hasar inşa edilmişdir ki, bununla da yenə həmin yaşayış otağının işıqlandırılmasının və eləcə də keçid qapısının istismarının qarşısının alındığı müəyyən edilmişdir.(İ.vər. 56) İddiaçının mübahisəli mənzilə münasibətinin yarandığı vaxt qüvvədə olduğu Azərbaycan SSRİ-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqla davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifərinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DNŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən verilmiş 21.05.2007-ci il tarixli 136 saylı Əmrə əsasən Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Vaqif küçəsindəki 7 A nömrəli evin 5-ci mənzilini icarəyə götürəni X8 olsa da, həmin mənzil İddiaçı və onun qızı X2 ibarət ailə üzvü ilə birlikdə Gülnaz Əliyevanın icarəsinə verilmişdir və İddiaçı hazırkı vaxta qədər həmin mənzildə pasport qeydiyyatında olmaqla orada yaşayır. Lakin sonradan Gülnaz Əliyeva övladları ilə birlikdə mənzili tərk edərək xaricə köçmüş, mənzilin binanın planında nəzərdə tutulmayan əlavə tikililərinə isə Gülnaz Əliyevanın qudaları Cavabdeh1 və Cavabdeh2 köçmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(008)-6033/2019 saylı qətnaməsi ilə isə X4 Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Vaqif küçəsi, ev 7 A, 5 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, biribci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Belə ki, Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan tоrpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti nоrmalarını və qaydalarını ciddi surətdə pоzmaqla tikilmiş yaşayış еvi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəхs оna mülkiyyət hüququ əldə еtmir. Оnun tikintiyə dair sərəncam vеrmək-оnu satmaq, bağışlamaq, icarəyə vеrmək, digər əqdlər bağlamaq iхtiyarı yохdur. Göründüyü kimi mübahisəli mənzildə aparılan yenidən qurma və planlaşdırma nəticəsində yaradılmış otaqlar daşınmaz əmlak olmaqla özbaşına tikili hesab edilərək onlara mülkiyyət və ya digər əşya hüquqları əldə edilə bilmədiyindən ilk iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi iddia tələbi üzrə iddiaçıların həmin tikililər üzərində hər hansı bir hüquqları yaranmamışdır. Eyni zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-079/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsində qeyd olunmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 7 a saylı evin 5 saylı mənzilinin sahəsi 16.9 kv.m olan 5 saylı yaşayış otağı arasında mövcud olmuş şüşəli keçid qapısına bitişik sahəsi 29.5m2 təşkil edən 8 saylı əlavə tikili qismən sökülsə də, sonradan həmin qapının qarşısında cavabdehlər tərəfindən yenidən kərpic hasar inşa edilmişdir ki, bununla da iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadəsində olan mənzildən və eləcə də keçid qapısından istifadə hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququəmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaıb hesab edir ki, birinci nistansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdıır. Beləliklə, məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayətinin qeyd edilən aralıq divar və özbaşına tikilinin İddiaçı aid olmayan sahə üzərində inşa edildiyindən, İddiaçı onlara qarşı qeyd edilən iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutlar apelyasiya şikayətinə əlavə edilməmiş, apelyator məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver