Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9750/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi iddiaçıya 1.000.000 manat kompensasiya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, Maliyyə Nazirliyindən maddi zərərin əvəzi kimi 1.500 manat kompensasiya iddiaçıya ödənilsin, iddianın qalan hissəsi rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Nəsimi Rayon Məhkəməsinin 11.02.2019-cu il tarixli hökmü ilə hökm edilib ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1; 29, 178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsində təqsirli bilinərək cəzrimə cəzaına məhkum edilsin. İddiaçı 07.10.2018-ci il tarixdən 11.02.2019-cu il tarixədək, yəni 4 ay 6 gün həbsdə olub, hökm elan edilən gün həbs qətimkan tərdbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilib. Bakı Apellyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli hökmü ilə Nəsimi Rayon Məhkəməsinin hökmü iddiaçıya aid olan hissədə ləğv edilib, ona bəraət verilib və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Bununla da iddiaçının “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun müddəalarına əsasən ziyanın ödənilməsi hüququ yaranıb. İddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb edib. Mənəvi zərərin əvəzi kimi iddiaçıya kompensasiya ödənilməlidir. Belə ki, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, barəsində əvvəlcə həbs qətimkan tədbiri, daha sonra başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, nəticədə o, mənəvi sarsıntı keçirib və iztirab çəkib. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 1.500 manat tutulmasını qət edib, iddiaçı bunu mübahisələndirməyib, cavabdeh qətnaməni mübahisələndirib. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsi və ya qətnamədə göstərilmiş məbləğin azaldılması üçün əsas yoxdur. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsindən görünür ki, mənəvi zərərin əvəzi ödənilməlidir. Qətnamə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzini qətnamədə səhvən “maddi zərərin əvəzi” kimi göstərib, halbuki, iddiaçı maddi zərərin əvəzinin ödənilməsini ümumiyyətlə tələb etməyib. Bundan başqa, birinci instansiya məhkəməsi həmin məbləğin Maliyyə Nazirliyindən tutulmasını qət edib, halbuki, mərkəzi icra hakimiyyəti orqanı kimi həmin nazirliyin iddiaçının qarşısında məsuliyyəti yoxdur, zərərin əvəzi dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Odur ki, qətnamə dəyişdirilməli, mənəvi zərərin əvəzi kimi 1.500 manat kompensasiya Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməlidir. İddianın rədd edilməsinə aid olan hissədə qətnamə mübahisələndirilməyib, ona görə də həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Mənəvi zərərin əvəzi kimi 1.500 (min beş yüz) manat kompensasiya Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı ödənilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9750/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9750/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver