Məhkəmə qərarları › İş №2(104)-1387/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1387/2023

31.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1387/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(045)-88/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı məxsus, PT-İ seriyalı, ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Goranboy Peşə Məktəbində istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə həmin məktəbdə müəllim vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbinin direktor səlahiyyətlərini icra edən X19 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 nömrəli əmrdən görünür ki, Goranboy Peşə məktəbində ixtisas fənn müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq 07 iyun 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 03 noyabr 2021-ci il tarixli, Ə-260/25 nömrəli məktubundan görünür ki, İddiaçı illik dərs yükünün az olması ilə bağlı ərizəsinə baxılmışdır. Goranboy Peşə Məktəbinin 20212022-ci tədris ili üzrə illik dərs yükünə və tarifləşmə cədvəlinə baxılması və mövcud hüquqi aktların tələblərinə uyğun olaraq aparılmasının məlum olması müraciət müəllifinə bildirilmişdir.

4. Goranboy Peşə Məktəbinin 23 may 2022-ci il tarixli, 57 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı hansı səbəbdən işdə olmaması ilə müəssisəyə məlumat verməsi ilə bağlı müraciət olunmuş və sonuncu, bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Həmçinin, xəbərnamənin surətindən göründüyü kimi həmin məktub xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir.

5. 02.02.2015-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə Goranboy Peşə müəssisəsinə müəllim vəzifəsinə təyin edilmişdir.

6. Goranboy peşə məktəbinin direkoru X4 ilə İddiaçı arasında bağlanmış 26 avqust 2009-cu il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu həmin məktəbə müəllim vəzifəsinə təyin edilmişdir.

7. Goranboy Peşə Məktəbinin direktoru səlahiyyətlərini icra edən X19, məktəbin ilk həmkarlar təşkilatının sədri X1, məktəbin kadrlar üzrə müfəttişi X2, məktəbin kargüzarı Ş.F.Ağayeva tərəfindən tərtib edilmiş və imzalanmış 12 may 2022-ci il tarixli aktdan görünür ki, 12 may 2022-ci il tarixdə məktəbin pedoqoji heyətinin və digər işçilərinin məktəbə davamiyyətini yoxlayarkən məktəbin ixtisas fənn müəllimi İddiaçı saat 09:00-da tabelə qol çəkərək iş yerindən özbaşına çıxıb getmişdir. Bir saatdan sonra onun işdə olub olmaması məqsədilə iş yerinə bir də baxış keçirilmiş və onun iş yoldaşlarından İddiaçı soruşduqda onun tabelə imza edib çıxıb getdiyini söyləmişlər.

8. Goranboy Peşə Məktəbinin direktoru səlahiyyətlərini icra edən X19, məktəbin psixoloqu X5, məktəbin ingilis dili müəlliməsi X3 tərəfindən tərtib edilmiş və imzalanmış 18 may 2022-ci il tarixli aktdan görünür ki, 18 may 2022-ci il tarixdə məktəbin direktoru tabelə nəzarət edərkən məktəbin ixtisas fənn müəllimi İddiaçı iş tabelinə qol çəkmədiyi üçün onun işdə olub-olmaması araşdırılmış və məlum olmuşdur ki, o, işdə yoxdur. Məktəbin rəhbərliyi müəllimlər otağına girərək İddiaçı müəllimlərdən soruşmuş, lakin onu iş yerində heç kəsin görmədiyi məlum olmuşdur.

9. Goranboy Peşə Məktəbinin ixtisas fənn müəlliməsi X9, məktəbin müəllimi X6, məktəbin müəllimi X7 tərəfindən tərtib edilmiş və imzalanmış 20 may 2022-ci il tarixli aktdan görünür ki, məktəbin ixtisas fənn müəllimi İddiaçı 20 may 2022-ci il tarixdə bütöv gün ərzində işdə olmamışdır.

10. Goranboy Peşə Məktəbinin direktoru səlahiyyətlərini icra edən X19, məktəbin ilk həmkarlar təşkilatının sədri B.F.Abdullayev, məktəbin kadrlar üzrə müfəttişi N.C.Məmmədov tərəfindən tərtib edilmiş və imzalanmış 25 may 2022-ci il tarixli aktdan görünür ki, 25 may 2022-ci il tarixdə məktəbin ixtisas fənn müəllimi İddiaçı iş yerində olmadığından onun qarşısında tabeldə xətt çəkilmişdir. Sonra o, iş yoldaşının toyuna işçilərlə birgə getmək üçün məktəbə gələrək tabelin “Getdi” yazılmış qrafasına gizli olaraq xətlənmiş yerin üzərindən imza etmişdir.

11. Goranboy Peşə Məktəbinin ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli iclas protokolundan görünür ki, sözügedən iclasa İddiaçı dəvət edilsə də, iclas başladıqdan 15 dəqiqə sonra sonuncu iclası tərk etmişdir. İclas iştirakçılarının təkidinə baxmayaraq İddiaçı iclasa qayıtmamışdır. İclas zamanı İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində üzrsüz səbəbdən işdə olmaması məsələsi müzakirə olunmuş, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir üzrlü səbəb gətirmədən əmək qanunvericiliyini kobud şəkildə pozduğu üçün aldığı töhmətlərdən nəticə çıxarmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmış və qərar səsə qoyularaq həmkarlar təşkilatının üzvləri tərəfindən yekdilliklə qəbul edilmişdir

12. Goranboy Peşə Məktəbinin işçilərinin işə davamiyyət jurnalından görünür ki, İddiaçı sözlərinin qarşısındakı “Gəldi” və “Getdi” qrafalarında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində xətt çəkilmişdir. Həmçinin, İddiaçı sözlərinin qarşısında xx.xx.2022-ci il tarixdə “Gəldi”, xx.xx.2022-ci il tarixdə “Gəldi”-“Getdi”, xx.xx.2022-ci il tarixdə “Gəldi”, xx.xx.2022-ci il tarixdə “Gəldi”, xx.xx.2022-ci il tarixdə “Getdi” qrafalarında xətt və imza vardır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 4/1917-5/63-5/64 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 84-cü vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza, 84-cü vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza, 85-ci vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza və 85-ci vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “getdi” qrafasındakı imza - eyni bir şəxs, İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 84-cü vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” və “getdi” qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, X19 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş davamiyyət jurnalının 7-ci və 8-ci səhifələrində olan xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərə aid İddiaçı adının qarşısında düz xətt əvvəl icra edilmiş, sonra isə imzalar çəkilmişdir. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəbə görə qərarda göstərilən “4. iş materiallarında olan işə davamiyyət jurnalında İddiaçı sözlərinin qarşısında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çəkilmiş düz xətt və həmin tarixlərdə olan imzaların icra olunma müddəti necədir (yəni, hansı daha əvvəl icra olunmuşdur: imza, yoxsa düz xətt)?” və “5. İş materiallarında olan işə davamiyyət jurnalında İddiaçı sözlərinin qarşısında xx.xx.2022-ci il tarixdən çəkilmiş düz xətt eyni vaxtda, yoxsa müxtəlif vaxtlarda çəkilmişdir?” sualları üzrə tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 125 (yüz iyirmi beş) manatdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbinin qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli, 14 nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbində ixtisası üzrə müəllimə vəzifəsinə bərpa olunması və çarəsizlikdən məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci ildən Goranboy Peşə məktəbində istehsalat təlimi ustası vəzifəsində işə başlamış, işdə nizam intizam qaydalarına əməl edilməklə iş rejiminə əməl etmiş və əmək müqaviləsində göstərilən norma və qaydalara uyğun işləmişdir. xx.xx.2005-ci ildən isə həmin məktəbdə ixtisası üzrə müəllimə vəzifəsinə təyin edilmiş və işlədiyi müddət ərzində heç bir nöqsanı olmadığı üçün rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və sairə tənbeh tədbirinə məruz qalmamışdır. Lakin, son dövrdə heç bir əsas olmadan 07 iyun 2022-ci il tarixli 14 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 14 nömrəli əmrlə razı deyil, hesab edir ki, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Belə ki, əmək qanunvericiliyində inzibati tənbeh tədbiri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi hallarda yol verildiyi təsbit edilmişdir. Hazırkı halda isə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh tərəfindən mötəbər sübut növləri təqdim edilməmişdir. Bundan başqa cavabdeh tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 14 nömrəli əmrin verilməsinə səbəb illik dərs yükünün az olması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə onun müraciəti olmuşdur. Çünki, həmin ərizədən sonra Goranboy Peşə məktəbinin direktor səlahiyyətlərini icra edən şəxs Elçin Abışov onunla prinsip aparmağa başlamış, işdə olaola ona tabelə qol çəkməyinə imkan verməmiş, tələbələr və müəllimlərin yanında onunla pis rəftar etmiş və onu görəndə “sənə verilən əmək haqqını kəsəcəyəm” sözlərini demişdir. Baxmayaraq ki, direktor Elçin Abışov onun övladlarının döyüş iştirakçısı olması və maddi cəhətdən vəziyyətinin ağır olması barədə məlumatlı idi. Həmçinin qeyd edir ki, hüquqi cəhətdən savadsız olduğu üçün və qanunvericiliyinə edilən dəyişikliklərdən məlumatı olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmiş və Goranboy Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadı aldıqdan sonra ona məlum olmuşdur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən qabaq mediasiya təşkilatına müraciət etməli idi və ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Bundan sonra o, Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və həmin təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışı aldıqdan sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Goranboy Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(045)-88/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Ələkbərov) iddianın təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə riayət olunmuşdur. İşəgötürən Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması nəticəsinə gələrkən sonuncunun üzürlü səbəb olmadan 12.05-xx.xx.2022-ci il tarixlərdə işə gəlməməsini əsas götürmüş və bu halları aktlaşdırmışdır.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 83, 84, 186 və 187-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(045)-88/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Goranboy Peşə Məktəbində 22 il işləmişdir və və işlədiyi müddət ərzində heç bir nöqsanı olmadığı üçün rəhbərlik tərəfindən heç bir xəbərdarlıq, töhmət və sairə tənbeh tədbirinə məruz qalmamışdır. Cavabdeh tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 14 nömrəli əmrin verilməsinə səbəb illik dərs yükünün az olması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciətidir. Çünki, həmin ərizədən sonra Goranboy Peşa məktəbinin drektor səlahiyyətlərini icra edən şəxs Elçin Abışov onunla prinsip aparmağa başlamışdır. Lakin məhkəmə bu halları nəzərə almamış, nəticədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Dəliməmmədli Peşə məktəbinin həmkarlar ittifaqının çıxarılan xx.xx.2022-ci il tarixli 19 N-li protokolu ilə razı deyildir. Protokol məktəbin direktor əvəzi X11 göstərişi əsasında çıxarılmışdır. İclasın gedişi barədə o qeyd etmişdir ki əmək müfəttişindən nümayəndə tələb etmişdir. Həmkarların iclasında əvvəl iştirak etmiş, sonra otaqdan çıxıb getmişdir. Belə ki, hələ Elçin Abışov 2021/2022-ci il tədris ili əvvəlindən hədələmişdir. Bundan sonra ona töhmət vermişlər. Cavabdeh vəzifəsindən sui istifadə edərək onun könüllü işdən getməsi üçün 64 saat dərs vermişdir. O, Elçin Abışova başqa vəzifənin verilməsini xahiş etmiş, lakin cavabdeh onu başqa vəzifəyə keçirməmişdir. Belə olan halda Azərbaycan Respublikası Maarif Nazirliyi yanında Dövlət Peşə agentliyinə müraciət etmiş, ancaq heç bir nəticə almamışdır. Onun dərs saatı az olduğundan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işə getməmiş və tabelə qol çəkməmişdir. Hər gün işə gedən zaman iş saatının başlama vaxtında getməyərək gecikmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Məktəbinin nümayəndəsi X19 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Goranboy Peşə Məktəbində istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə həmin məktəbdə müəllim vəzifəsinə keçirilmişdir. İddiaçı bundan sonra bir müddət işə gəlməmiş və iş yerini heç bir icazə almadan öz başına tərk etməyə başlamışdır. Məktəbin pedoqoji heyətinin və digər işçilərinin məktəbə davamiyyətini yoxlayarkən məktəbin ixtisas fənn müəllimi İddiaçı iş tabelinə imza çəkmədiyi üçün onun işdə olub-olmaması araşdırılmış və məlum olmuşdur ki, o, işdə yoxdur. Ona görə də həmin günlər (xx.xx.2022-xx.xx.2022-ci il) üçün tabeldə onun imzası yerinin qarşısında xətt çəkilmişdir. Lakin, iddiaçı iş yoldaşının toyuna işçilərlə birgə getmək üçün məktəbə gələrək tabelin “Getdi” yazılmış qrafasına gizli olaraq xətlənmiş yerin üzərindən imza etmişdir. İşəgötürən tərəfindən iddiaçıya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilmiş, bir neçə dəfə töhmət verilmiş, o, əmrlərlə tanış edilmişdir. İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq işə çıxmadığı üçün, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürənin əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixli, 14 nömrəli əmrlə məktəbin həmkarlar ittifaqı komitəsinin razılığı ilə işdən çıxarılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər.

25. Maddə 71. 2-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

26. Maddə 71. 3-cü hissəsi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

27. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələ gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.

28. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

29. 186-cı maddə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

30. Maddə 186. 2-ci hissəsi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək;

31. Maddə 186. 3-cü hissəsi. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

32. Maddə 187, 1-ci hissəsi. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

33. Maddə 187. 2-ci hissəsi. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

34. Maddə 294.

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

35. Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

36. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

42. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

46. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Goranboy Peşə Məktəbində istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə həmin məktəbdə müəllim vəzifəsinə keçirilmişdir. İddiaçı bundan sonra bir müddət işə gəlməmiş və iş yerini heç bir icazə almadan öz başına tərk etmişdir. Belə ki, Goranboy Peşə Məktəbinin direktoru səlahiyyətlərini icra edən E.İ.Abışov, məktəbin ilk həmkarlar təşkilatının sədri B.F.Abdullayev, məktəbin kadrlar üzrə müfəttişi N.C.Məmmədov, məktəbin kargüzarı Ş.F.Ağayeva tərəfindən tərtib edilmiş və imzalanmış 12 may 2022-ci il tarixli aktdan görünür ki, 12 may 2022-ci il tarixdə məktəbin pedoqoji heyətinin və digər işçilərinin məktəbə davamiyyətini yoxlayarkən məktəbin ixtisas fənn müəllimi İddiaçı saat 09:00-da tabelə qol çəkərək iş yerindən özbaşına çıxıb getmişdir. Bir saatdan sonra onun işdə olub olmaması məqsədilə iş yerinə bir də baxış keçirilmiş və onun iş yoldaşlarından İddiaçı soruşduqda onun tabelə imza edib çıxıb getdiyini söyləmişlər. Goranboy Peşə Məktəbinin direktoru səlahiyyətlərini icra edən E.İ.Abışov, məktəbin psixoloqu X5, məktəbin ingilis dili müəlliməsi X3 tərəfindən tərtib edilmiş və imzalanmış 18 may 2022-ci il tarixli aktdan görünür ki, 18 may 2022-ci il tarixdə məktəbin direktoru tabelə nəzarət edərkən məktəbin ixtisas fənn müəllimi İddiaçı iş tabelinə imza çəkmədiyi üçün onun işdə olub-olmaması araşdırılmış və məlum olmuşdur ki, o, işdə yoxdur. Məktəbin rəhbərliyi müəllimlər otağına girərək İddiaçı müəllimlərdən soruşmuş, lakin onu iş yerində heç kəsin görmədiyi məlum olmuşdur. Goranboy Peşə Məktəbinin ixtisas fənn müəlliməsi X9, məktəbin müəllimi X6, məktəbin müəllimi X7 tərəfindən tərtib edilmiş və imzalanmış 20 may 2022-ci il tarixli aktdan görünür ki, məktəbin ixtisas fənn müəllimi İddiaçı 20 may 2022-ci il tarixdə bütöv gün ərzində işdə olmamışdır. Goranboy Peşə Məktəbinin direktoru səlahiyyətlərini icra edən E.İ.Abışov, məktəbin ilk həmkarlar təşkilatının sədri B.F.Abdullayev, məktəbin kadrlar üzrə müfəttişi N.C.Məmmədov tərəfindən tərtib edilmiş və imzalanmış 25 may 2022-ci il tarixli aktdan görünür ki, 25 may 2022-ci il tarixdə məktəbin ixtisas fənn müəllimi İddiaçı iş yerində (xx.xx.2022-xx.xx.2022ci il) olmadığından onun qarşısında tabeldə xətt çəkilmişdir. Sonra o, iş yoldaşının toyuna işçilərlə birgə getmək üçün məktəbə gələrək tabelin “Getdi” yazılmış qrafasına gizli olaraq xətlənmiş yerin üzərindən imza etmişdir. Göründüyü kimi, baxılan işdə işəgötürən tərəfindən iddiaçıya dəfələrlə rəsmi qaydada xəbərdarlıq, bir neçə dəfə töhmət verilmiş, o, əmrlərlə tanış edilmişdir. Şifahi olaraq izahatı alnmışdır. İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq işə çıxmadığı tarixlərdə bu barədə müxtəlif vaxtlarda aktlar tərtib olunmuşdur. Əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürənin əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixli, 14 nömrəli əmrlə məktəbin həmkarlar ittifaqı komitəsinin razılığı ilə işdən çıxarılmışdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmuşdur ki, iddiaçının üzürlü səbəb olmadan işə gəlməməsi müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmasına səbəb olmaqla yanaşı, digər işçilərin də əmək intizamına riayət etməsinə mənfi təsir göstərən hal kimi qəbul olunmaqla, bu hallar da işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurur. İddiaçının yazılı qaydada olmasa da şifahi qaydada izahatı alınmış, həmçinin həmkarlar ittifaqı təşkilatının iclasına dəvət olunmuş, iclasda iştirak etmiş, işçidən izahat verilməsi tələb olunsa da İddiaçı bundan imtina etmiş və müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının iclasını tərk etmişdir. İşəgötürən də qeyd olunan əsasları qəbul etməklə, iddiaçının işə gəlməməsini üzürsüz hal kimi qiymətləndirib, həmkarlar ittifaqı təşkilatının müvafiq razılığını almaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar mövcud olmaqla, əmək müqaviləsinə xitam verilərkən onun əmək qanunvericiliyində müəyyən edilmiş hər hansı bir hüququ da pozulmamışdır.

51. Məhkəmə Kollegiyası, İddiaçı işçilərin işə davamiyyət jurnalında onun imzası olan yerdə sonradan, yəni o, davamiyyət jurnalını imzaladıqdan sonra xətt çəkilməsi, həmin davamiyyət jurnalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə olan bəzi imzaların ona aid olmaması və həmin imzaların X19 tərəfindən çəkilməsi məsələsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 4/1917-5/63-5/64 saylı məhkəmə-xətşünaslıq rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 84-cü vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza, 84-cü vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza, 85-ci vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” qrafasındakı imza və 85-ci vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “getdi” qrafasındakı imza - eyni bir şəxs, İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 84-cü vərəqində olan Goranboy Peşə məktəbin müəllimlərinin işə davamiyyət jurnalında xx.xx.2022-ci il tarixli “2.İddiaçı” yazıları qarşısında “gəldi” və “getdi” qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, X19 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş davamiyyət jurnalının 7-ci və 8-ci səhifələrində olan xx.xx.2022-ci, xx.xx.2022ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərə aid İddiaçı adının qarşısında düz xətt əvvəl icra edilmiş, sonra isə imzalar çəkilmişdir. Rəyin tədqiqi hissəsinin 4cü bəndində göstərilən səbəbə görə qərarda göstərilən “4. iş materiallarında olan işə davamiyyət jurnalında İddiaçı sözlərinin qarşısında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çəkilmiş düz xətt və həmin tarixlərdə olan imzaların icra olunma müddəti necədir (yəni, hansı daha əvvəl icra olunmuşdur: imza, yoxsa düz xətt)?” və “5. İş materiallarında olan işə davamiyyət jurnalında İddiaçı sözlərinin qarşısında xx.xx.2022-ci il tarixdən çəkilmiş düz xətt eyni vaxtda, yoxsa müxtəlif vaxtlarda çəkilmişdir?” sualları üzrə tədqiqat aparılmamışdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 103-cü maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

54. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslı olmuşdur. Çünki, ekspert tədqiqat apararkən iddiaçının sərbəst xətt nümunələrinə və iş materiallarında olan sənədlərdəki imzalarını əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Qeyd olunanlara görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul etmişdir.

55. Göründüyü kimi, İddiaçı birinci instansiya məhkəməsinin izahatında göstərdiyi davamiyyət jurnalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə olan bəzi imzaların ona aid olmaması və X19 tərəfindən çəkilməsi təkzib olunmuşdur.

56. Həmçinin, apellyator tərəfindən davamiyyət jurnalında olan imzaların başqa şəxslər tərəfindən icra olunması barədə mötəbər sübutlar təqdim edilməmiş və irəli sürülən dəlil təsdiqini tapmamışdır.

57. Məhkəmə Kollegiyası xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən sübutetmə yükü iddiaçının üzərinə qanunla qoyulmuş vəzifədir. Həmin normada qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Nəzərə alınmalıdır ki, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

59. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

60. Məhkəmə Kollegiyası qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

61. Məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hallar İddiaçı əmək intizamına riayət etməməsi deməkdir. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifəsinin və bu əmək funksiyalarının vaxtında, keyfiyyətlə yetirilməsinə əməl etməlidir. Kollegiya bununla bağlı Əmək Məcəlləsinin 10-cu maddəsinə də nəzər salmağı zəruri hesab edir.

62. Həmin maddənin a) və b) bəndlərində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifələri kimi göstərilmişdir.

63. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Həmin bənddə deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

64. Həmin Məcəllənin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Göründüyü kimi, baxılan işdə İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar mövcud olmuş, əmək müqaviləsinə xitam verilərkən onun əmək qanunvericiliyində müəyyən edilmiş hər hansı bir hüququ da pozulmamışdır.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

66. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

67. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

68. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin olunmamalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(045)-88/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver