Məhkəmə qərarları › İş №2(104)-1735/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1735/2023

08.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1735/2023 08.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Natiq oğlunun Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: payların naturada bölünməsi və kompensasiyanın ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı1, Cavabdeh1 nümayəndəsi X3 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1048/2022 saylı mülki iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı 5-ci bina, 54 saylı ünvanda yerləşən evin qiymətləndirilməsi ilə bağlı Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair raydan müəyyən edilir ki, həmin evin 07 dekabr 2021-ci il tarixinə bazar qiyməti 40000 (qırx min) manat qiymətləndirilmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dovlat Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı1 və Cavabdeh1 adlarına qeyd edilmişdir.

3. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4314 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı 5 saylı evin 54 saylı mənzilin tərəflər arasında 112/896 və 783/896 pay nisbətinə natura qaydasında təcrid mənzil şəklində iki hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir.

4. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvan 112/896 hissə ilə Cavabdeh1 və 784/896 hissə ilə İddiaçı1 adlarına qeyd edilmişdir.

5. İşdə olan Gəncə şəhəri İcra Hakimiyyəti MKT İB-nin 3 nömrəli xidmət sahəsinin xx.xx.2022-ci il tarixli, 83 nömrəli arayışından görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Mahrasa bağı bina 5, 54 saylı mənzildə yaşayır.

6. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1755/2019 saylı qətnaməsi ilə, X1 şəhəri, Mahrasa bağı bina 5, mənzil 54 saylı ünvanda yerləşən evə köçürülməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Mahrasa bağı 5-ci bina, 54 saylı mənzilin paylara uyğun naturada ayrılmasına, naturada ayrılması texniki cəhətdən mümkün olmadığı halda isə Cavabdeh1 qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənzildə olan 1/8 payına tərəfindən bazar qiyməti ilə kompensasiya ödənilməsi vəzifəsi qoyulmaqla, onun ümumi paylı əmlakda olan cuzi payına mülkiyyət hüququnun itirilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1048/2022 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı1 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, MM-nin 220.4-cü maddəsinin tələblərinin pozulması onda ifadə olunmuşdur ki, həmin maddədə payın cuzi hesab edildiyi, naturada bölünməsinin mümkünsüzlüyü müəyyən edildiyi və ümumi əmlakda istifadənin mühüm mənafeyi olmadığının müəyyən edildiyi təqdirdə cuzi pay sahibinə kompensasiya verməklə paydan məhrum etmək imkanı olduğu təqdirdə məhkəmə tərəfindən onun bu hüququ realizə edilməmişdir. Məhkəmə işdəki sübutları və sənədləri araşdırmadan qətnamə qəbul etmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin əvvəlki-2 (104)-2609/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(125)-1048/2022 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, İddiaçı1 tərəfindən Cavabdeh1 5000 (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə ümumi paylı mülkiyyətdə olan ünvan 5 ünvanda yerləşən mənzildə cavabdehin 112/896 payına xitam verilməsi qət edilmişdir.

12. Həmin qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-1405/223 saylı iş üzrə 03 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-2609/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15 Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, cavabdehin qeyd edilən əmlakdan payına düşən hissəsinin dəyərini-5000 manatı verməyə razıdır. Evin dəyərındən Cavabdeh1 payına düşən məbləğ ondan artıq ola bilməz. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 (və onun nümayəndəsi X7) apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, bildirmişdir ki, əlil olduğuna görə digər yaşayış sahəsindən istifadə etməkdə çətinlik çəkir. Mübahisəli mənzil isə onun rahat yaşaması üçün çox boyük əhəmiyyət kəsb edir. Kompensasiya kimi, ona təklif edilən-5000 manat məbləği ilə razı deyildir. Həmin məbləğdə pulun, yəni 5000 manatın onun tərəfindən iddiaçıya verilməklə evdən iddiaçının payına düşən hissənin ona verilməsini o, iddiaçıya təklif edir. Və yaxud da ki, hazırki vəziyyətdə evin dəyərinin ½ hissəsinin ona (cavabdehə) veriləcəyi təqdirdə evdən çıxarılmasına razıdır. Cavabdeh1 qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. 17.Məhkəmə kollegiyasının sonuncu iclasına Cavabdeh1 gəlməmiş, məhkəmədə onun nümayəndəsi X7 iştirak etmiş və apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, оcümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 21.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 22.Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 23.Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 24.Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 25.Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 26.Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

38. Belə ki, işin hallarına görə Gəncə şəhəri, Məhrəsə bağı 05 saylı evin 4 otaqlı, ümumi sahəsi 88,6 kv.metr, yardımçı sahəsi 59,8 kv.metr olan 54 saylı mənzili Məmmədov Firuddin Əziz oğluna məxsus olub və sonuncunun 1997-ci il tarixdə ölməsi ilə ondan miras qalmış həmin mənzilə vərəsəlik açılıb və qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə sözügedən mənzilin onun birinci növbəli vərəsələri X8, X12, X4, X9, X13, X5, Cavabdeh1 və X2 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən olunaraq, hər bir vərəsənin həmin miras mənzilin 1|8 hissəsi üzərində payları müəyyən edilmişdir. Bundan sonra 06 may 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, X9, X13, X2, X19, X10, X5 hər biri Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı 05 saylı evin 54 saylı mənzildən onlara çatan 1/8 paylarını İddiaçı1 bağışlamışlar. Hazırda mülkün 8/7 hissəsi iddiaçının, 1/8 hissəsi cavabdehin payına düşür. Onların birlikdə yaşamaları mümkün olmadığından iddiaçı hazırki tələblə məhəkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(125)-1048/2022 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia rədd edilmişdir. Birinci insitansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ olsa da, payın ayrılmasının Mülki Məcəllədə göstərilmiş qaydalara uyğun həyata keçirilməsi konkret olaraq təsbit edilib. Belə ki, Mülki Məcəllənin 220.4-cü maddəsinə görə, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmə yalnız müstəsna hallarda mümkündür. Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; payın naturada ayrılması mümkün olmadıqda və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Birinci instansiya məhkəməsi qeyd olunan maddəninin tələbinə istinad edərək qeyd etmişdir ki, cavabdehin ümumi mənzildən istifadəsində mühüm mənafeyi vardır. Belə ki, cavabdehlə arvadı məhkəmə aktlarına əsasən yaşamaq üçün mübahisəli mənzilə köçürülmüşlər. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildə 112/896 hissə payının olması cüzi hesab oluna bilməz. Cavabdehin məhkəmə qətnaməsinə əsasən həmin mənzilə köçürülməsi onu təsdiq edir ki, cavabdehin həmin mənzildən istifadə etməsində mühüm mənafeyi vardır. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız özü ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüququnun müəyyən edilməsinə gətirib çıxarardı. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, payın naturada ayrılması mümkün olmadıqda, payının ayrılması tələb olunan mülkiyyətçinin payı cüzi olmadıqda və sonuncu payının əvəzinə pul kompensasiyasının verilməsinə razı olmadıqda, işə baxan məhkəmə tərəfindən payın əvəzinə pul kompensasiyasının verilməsi, əmlakın açıq hərracdan satılması, satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi barədə məsələlər üzrə araşdırma aparmadan iddianın rədd edilməsi barədə qətnamə çıxarılması üçün əsasdır. Birinci insiansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 220.2, 220.3, 220.4, 220.6-cı maddələrinə, “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. , 39.Gəncə Apellyasiya Məhkəməsinin iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsini ləğv edib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarındə qeyd edilmişdir ki, işin mübahisə olunmayan hallarına və Reyestr Xidmətinin 23 iyun 2021-ci il tarixli Çıxarışına görə Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 05 saylı evin 4 otaqlı, ümumi sahəsi 88,6 kv.metr, yardımçı sahəsi 59,8 kv.metr olan 54 saylı mənzili 112/896 hissədə cavabdehin, 784/896 hissədə isə iddiaçının paylı mülkiyyətindədir. Hazırda iddiaçı, cavabdehin mübahisəli mənzildəki 1/8 payının cüzi olduğunu, həmin payın mənzildən real surətdə ayrıla bilmədiyini və ümumi mənzildən istifadə edilməsində onun mühüm mənafeyinin olmadığını əsas tutub, cavabdehin razılığı olmadan mənzilin digər paylı mülkiyyətçisi kimi onun öhdəsinə mənzildə olan 1/8 payına bazar qiymətinə uyğun kompensasiya ödənilməsi vəzifəsi qoyulmaqla, cavabdehin mənzildə olan paylı mülkiyyət hüququna xitam verilməsini iddia edir. Cavabdeh isə sözügedən mənzildəki 1/8 paynın cüzi olmadığını, həmin payın mənzildən real surətdə ayrılması texniki cəhətdən mümkün olmasa da, ümumi mənzildən istifadə etməsində onun mühüm mənafeyinin olduğunu, habelə mənzildəki 1/8 payına görə ona təklif edilən 5.000 manat kompensasiya məbləğinin isə açıq-aşkar real bazar qiymətinə uyğun olmadığını göstərib, iddiaya etiraz edir. Əvvəla, kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mübahisənin obektiv, hüquqi həlli üçün ilk növbədə “Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması”nı bilavasitə tənzimləyən Mülki Məcəllənin 220.1-220.6-cı maddələrinin dispoziya şərtləri qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, şərh olunan maddələrdə paylı mülkiyyətdə olan əşyanın (əmlakın) bölünməsi yolu ilə ümumi mülkiyyət hüququnun xitamı qaydası nəzərdə tutulub. Burada əmlakın bölünməsi anlayışı iki mənada başa düşülür: birincisi, əmlakın naturada bölünməsi; ikincisi, əmlakda olan payın bölünməsi (Mülki Məcəllənin 220.3-cü maddəsi). Göründüyü kimi, paylı mülkiyyətçilər hər iki halda, yəni əmlakın real (naturada) və ya ideal bölgüsü barədə öz aralarında razılığa gəlmək hüququna malikdirlər. Paylı mülkiyyətdə olan əmlak, bir qayda olaraq, bütün paylı mülkiyyətçilərin razılığı əsasında bölünə bilər, həmçinin hər bir paylı mülkiyyətçi ümumi mülkiyyətdən öz payının ayrılmasını digər mülkiyyətçilərin razılığı olmadan da tələb edə bilər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220.3-cü maddəsində həm də ümumi mülkiyyətdə olan əmlakın bölünməsinin və ya ondan payın naturada ayrılmasının üsulu və şərtləri nəzərdə tutulub. Belə ki, qanunda əmlakın bölünməsinin və ya ondan payın naturada ayrılmasının iki üsulu fərqləndirilir: birincisi, paylı mülkiyyətçilərin razılığı ilə; ikincisi, məhkəmə qaydasında. Hazırki halda iddiaçı, cavabdehin mənzildəki 1/8 payının naturada ayrılmasının qeyri mümkün olduğunu və 1/8 payın naturada ayrılmasının üsulu və şərtləri barədə cavabdehlə hər hansı qaydada, formada razılığa gələ bilmədiyini və bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir. Halbuki, sözügedən normaların mənasına görə, mənzildən payın naturada bölünməsi və ya payın ayrılması mümkün olmadığı, yəni qanuna və ya texniki vəziyyətinə görə mənzil bölünməz olduğu üçün payın bölünməsini və ya payının ayrılmasını tələb edən mülkiyyətçi kimi iddiaçı ilk nöbədə digər mülkiyyətçidən, yəni cavabdehdən öz 7/8 payının dəyərinin ona ödənilməsini tələb edə bilərdi. İşdə isə iddiaçının cavabehə qarşı ümumiyyətlə belə bir tələbi olmayıb. Əksinə, işə əlavə edilmiş məhkəmə aktlarının surətlərindən görünür ki, əvvəl iddiaçının anası X14 Cavabdeh1 qarşı “mülkün naturada bölünməsi və ya Cavabdeh1 sözügedən mənzildən mülkiyyət hüququna xitam verilməsi” barədə iddiası olub və qanuni qüvvəyə minmiş Gəncə Şəhəri, Nizami Rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilib. Digər tərəfdən, mülki qanunverciliyə görə, paylı mülkiyyətdə olan əmlakdan naturada ayrılan pay (hissə), payın ayrılmasını tələb edən mülkiyyətçinin ümumi əmlakdakı payına uyğun gəlmədikdə (məsələn, az olduqda), ona müvafiq pul məbləği ödənilə və ya başqa kompensasiyalar (məsələn, müəyyən əşyalar, hüquqlar və sair) verilə bilər. Lakin, bu qayda yalnız payın ayrılmasını tələb edən şəxsin razılığı olduqda tətbiq edilə bilər. Eyni zamanda, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Qeyd edilməlidir ki, payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Hazırkı halda cavabdehin ümumiyyətlə belə bir razılığı, iddiası yoxdur və ona qarşı iddianı isə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələblərinə əsaslanaraq iddiaçı qaldırıb. Sözügedən normanın mənasına görə isə məhkəmə, paylı mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan (digər) iştirakçısının öhdəsinə ona real bazar qiymətinə uyğun kompensasiya ödənilməsi vəzifəsini o halda qoya bilər ki: birincisi, mülkiyyətçinin payı cüzi olsun; ikincisi, real surətdə ayrıla bilməsin; üçüncüsü, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmasın. Yaddan çıxarmaq olmaz ki, sözügedən maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür və Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsinin başqa qaydası nəzərdə tutulmayıb, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə də zidd olardı. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin tələblərinə görə, mülkiyyət hüququ- fundamental, dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Bu baxımdan ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4- cü maddəsi) və mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.5-ci maddəsi). Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarındada ifadə olunub. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdehin mənzildəki 112/896 payının, iddiaçının mənzildəki 784/896 payına nisbətdə cüzi olduğu qənaətinə gəlsə də, gəldiyi nəticəni işə əlavə edilmiş sübutlarla müqayisəli şəkildə lazımi qaydada tədqiq etməyib. Belə ki, Azərbaycan dilinin izahlı lüğətinə görə, cüzi sözü- az, azacıq, kiçik, əhəmiyyətsiz, xırda, boş və sair mənalarında işlədilir. Hazırki işdən, mübahisəli mənzilin Texniki Pasportundan görünür ki, mənzilin ümumi sahəsi 88,6 kv.metr, yaşayış sahəsi 59,8 kv.metr olmaqla 4 otaqdan ibarətdir və belə olan halda cavabdehin mənzildəki 112/896 payına mənzilin 88,6 kv.metr ümumi sahəsindən təxminən 11,075 kv.metr sahə düşür. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə cavabdehin mənzildə olan 112/896 payına düşən təxminən 11,075 kv.metr hissənin cüzi olub-olmaması məsələsinə aydınlıq gətirməlidir.

40. Göründüyü kimi, Ali Məhkəmənin iş üzrə qərarında işin müəyyən edilən hallarına tətbiq edilməli olan maddi hüquq normalarının mətn və mənaları, bundan əlavə “cüzi” sözünün anlayışı aydın şəkildə izah edilmiş, işin təkrar apellyasiya baxışı zamanı həll edilməli olan məsələlər müəyyənləşdirilmişdir.

41. Məhkəmə kollegiyası Ali Məhkəmənin baxılan işdə ifadə etmiş olduğu hüquqi mövqeni önə çəkib, qeyd edir ki, işin təkrar apellyasiya baxışı zamanı da cavabdeh iddiaçı tərəfindən ona təklif edilən kompensasiyanın məbləği ilə razılaşmamış, əlil olduğuna görə digər yaşayış sahəsindən istifadə etməkdə çətinlik çəkdiyini, mübahisəli mənzilin onun rahat yaşaması üçün çox boyük əhəmiyyət kəsb etdiyini bildirmiş və qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, cavabdehin mübahisəli mənzildəki payı cüzi pay kimi qiymətləndirilə bilməz və belə olan halda hazırki mübahisənin həlli üçün Mülki Məcəlləsinin 220.4-cü maddəsinin “mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər” hissəsinin tətbiqi yolverilməzdir. .

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətdədir ki, irəli sürülən iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1048/2022 saylı mülki iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar