Məhkəmə qərarları › İş №2(104)-1758/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1758/2023

26.07.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1758/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi (qardaşı) X6 və Cavabdeh2 nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpağa dair alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-9/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və X16 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AN-İ ******* nömrəli, 19 dekabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan satıcı Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olan alıcı Cavabdeh2 keçmiş Xanlar indiki Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,426 ha olan torpaq sahəsini satmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,426 ha xüsusi mülkiyyət növlü kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 2 nömrəli reyestr kitabının 127 nömrəli vərəqində **********58 reyest nömrəsi ilə qeydiyyata alınmışdır.

3. AN-İ ******* nömrəli, 10 mart 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyatda olan satıcı Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatda olan alıcı X12 Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,426 ha olan torpaq sahəsini satmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0,216 ha xüsusi mülkiyyət növlü kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 207 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində **********21 reyest nömrəsi ilə qeydiyyata alınmışdır.

5. DA/00780/22 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 81K/ "xxxx" Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan-borc alan ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2dur.

6. Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı mülki iş üzrə 06 noyabr 2006-cı il tarixli qətnaməsi ilə (hakim A.Həsənov) iddia tələbi təmin edilmiş, Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı1 və onun ailə üzvləri X13, X7, X2, X14 və X3 verilmiş Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən cəmi 1.28 ha torpaq sahəsinə dair tərəflərin birgə mülkiyyət hüququna xitam verilməsi, Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən cəmi 1.28 ha torpaq sahəsinin 9179.82 ha həcmli sahəsindən iddiaçı X13 düşən 0.213 ha və qızı X5 payına düşən 0.213 ha, cəmi 0.426 ha torpaq sahəsi ayrılıb X13 və qızı X8 verilməsi, Torpaq Mülkiyyətinə dair X35 və Ceyhunənin ata adının Şahin kimi göstərilməsi, Xanlar rayon Qızılqaya qəsəbəsində yerləşən iddiaçı X9 və qızı X5 payına düşən 0.426 ha torpaq sahəsinin maraqlı şəxs X1 dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Xanlar rayon Qızılqaya qəsəbəsində yerləşən iddiaçı X9 və qızı X5 payına düşən 0.426 ha torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun X10 verilməsi qət edilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə, Göygöl Rayon Мəhkəməsinin 2-245-2006 saylı mülki iş üzrə 06 noyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X20 cavabdeh İddiaçı1 Nürəddin oğluna qarşı cavabdehlə birgə nikahlarının pozulması ilə əlaqədar, cavabdehlə olan birgə mülkiyyət hüququna xitam verilməsi və paylı birgə mülkiyyətdə olan 1,28 ha torpaq sahəsindən iki nəfər üçün, hər birinə 0,213 ha torpaq sahəsinin bölünərək, cəmi 0,426 ha torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə, torpaq sahəsinə aid X35 və Ceyhunənin ata adının Şahin olmasının göstərilməsinə, X15 ilə torpaq payının satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və Xanlar rayon Torpaq Şöbəsi tərəfindən sənədləşmənin həyata keçirilməsinə dair qətnamə çıxarılması barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpağa dair alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Zərgərova (Rüstəmova) Aynur Mehman qızının adına verilmiş 0,426 hektar torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın, Göygöl rayon Notariat ofisində bağlanmış və qeydə alınmış xx.xx.2018-ci il tarixli, 4Ə-549 saylı cavabdehlər Zərgərova (Rüstəmova) Aynur Mehman qızı ilə digər cavabdeh X23 arasında 0,426 hektar torpaq sahəsinə dair bağlanmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X17 həmin torpağa dair verilmiş mülkiyyət hüququna dair qeydin çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, keçmiş Xanlar rayon AİK-nın müvafiq xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına əsasən JN-0029 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə 1,28 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ayrılıb verilmişdir. Lakin həmin kənd təsərrüfatı torpaq sahəsinin yeri iddiaçılara göstərilsə də uzun müddət həmin torpaq sahəsini və hazırda da həmin torpaq sahəsinin bir hissəsini iddiaçılar istifadə edirlər. Lakin iddiaçıların məlumatları olmadan Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı 06 noyabr 2006-cı il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin 0,426 hektar sahəsi qanunsuz şəkildə X10 məhkəmə qətnaməsi ilə alğı-satqı edilmiş və həmin qadının mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Lakin iddiaçıların apelyasiya şikayətindən sonra keçmiş Xanlar Rayon Məhkəməsinin qətnaməsi 06 noyabr 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və Gəncə Apelyasiya Məkhəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə torpaq sahəsinin yenidən iddiaçılara qaytarılması müəyyən edilmişdir. Uzun illər həmin torpaq sahəsindən iddiaçılar istifadə etmişlər və həmin torpaq sahəsi iddiaçıların ailəsi ilə birlikdə onların sahibliyində olmuşdur. Bundan sonra iddiaçıların vəkili tərəfindən torpağın hüquqi vəziyyəti barədə DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə sorğu göndərildikdən sonra iddiaçılara torpaq sahələrinin onların xəbəri olmadan başqa şəxslərə satılması məlum olmuşdur. İş üzrə hazırki cavabdeh X15 xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış alaraq, Göygöl rayon notariat ofisinin xx.xx.2018ci il tarixli, 4Ə549 saylı alğı-satqı müqaviləsinə əsasən 0,426 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. Hansı ki, bu torpaq sahəsi paylı mülkiyyət əsasında iddiaçıların hamısının mülkiyyətinə verilmişdir. İddiaçıların hər birinin razılığı olmadan bu torpağın bir hissəsinin belə satılması qanunsuz və əsassızdır. Bu səbəbə görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-9/2023 nömrəli qətnaməsi (hakim Əyyub Kərimov) ilə iddianın təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 144.1, 144.2, 146.2, 146.3, 148.2, 182.1, 324.1, 324.4, 337.1, 337.4 və 394-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçılar İddiaçı1, İddiaçı2 və X16 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-9/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ilkin alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsinə dair Göygöl rayon Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilmişdir və həmin qətnamə ləğv edildiyinə görə aparılan alqı-satqı müqavilələri də etibarsız hesab edilməlidir. Həmin alqı-satqı müqavilələri ona görə etibarsız hesab edilməlidir ki, Göygöl rayon Məhkəməsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnaməsi çıxarılarkən o İddiaçı2 tərəfindən məhkəməyə hər hansı iddia ərizəsi verilməmişdir və eyni zamanda cavabdehlər tərəfindən də məhkəməyə həmin tarixdə alqı-satqının bağlanmış hesab edilməsi barədə hər hansı iddia ərizəsi verilməmişdir və apellyasiya məhkəməsində də icraata xitam verilməsinə dair gərardad ilə də müəyyən edilmişdir ki, o İddiaçı2 tərəfindən verilmiş ərizə onun tərəfindən imza edilməmiş və onun iradə ifadəsi olmadan bağlanmışdır. Eyni zamanda məhkəmə müvafiq notariat orqanını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər maraqlı və üçün şəxsləri işə cəlb etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X24 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. İş üzrə İddiaçı1, X16, Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

20. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

21. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

22. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

23. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.

24. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

25. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

26. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Xəqani Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı

32. Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

33. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı.

“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 7 oktyabr 2004-cü il tarixli Qərarı

34. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-9/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Göygöl rayon xüsusi notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpağa dair alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Xanlar rayon AİK-nın müvafiq xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına əsasən JN-0029 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə 1,28 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ayrılıb verilmişdir. Ancaq həmin kənd təsərrüfatı torpaq sahəsinin yeri iddiaçılara göstərilsə də uzun müddət həmin torpaq sahəsini və hazırda da həmin torpaq sahəsinin bir hissəsini iddiaçılar istifadə edirlər. Lakin, iddiaçıların məlumatları olmadan Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı 06 noyabr 2006-cı il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin 0,426 hektar sahəsi qanunsuz şəkildə X10 məhkəmə qətnaməsi ilə alğı-satqı edilmiş və həmin qadının mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Lakin, iddiaçıların apellyasiya şikayətindən sonra keçmiş Xanlar Rayon Məhkəməsinin qətnaməsi 06 noyabr 2006-cı il tarixli qətnaməsi 14 ildən sonra ləğv edilmiş və X4 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə torpaq sahəsinin yenidən iddiaçılara qaytarılması müəyyən edilmişdir. Uzun illər həmin torpaq sahəsindən iddiaçılar istifadə etmişlər və həmin torpaq sahəsi iddiaçıların ailəsi ilə birlikdə onların sahibliyində olmuşdur. Bundan sonra iddiaçıların vəkili tərəfindən torpağın hüquqi vəziyyəti barədə DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə sorğu göndərildikdən sonra iddiaçılara torpaq sahələrinin onların xəbəri olmadan başqa şəxslərə satılması məlum olmuşdur. İş üzrə hazırki cavabdeh X15 xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış alaraq, Göygöl rayon notariat ofisinin xx.xx.2018-ci il tarixli, 4Ə549 saylı alğı-satqı müqaviləsinə əsasən 0,426 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. Hansı ki, bu torpaq sahəsi paylı mülkiyyət əsasında iddiaçıların hamısının mülkiyyətinə verilmişdir. İddiaçıların hər birinin razılığı olmadan bu torpağın bir hissəsinin belə satılması qanunsuz və əsassızdır. Bu səbəbə görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

51. Mülki qanunverciliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).

52. Məhkəmə kollegiyası iddia ərizəsində qoyulmuş tələbləri işin halları baxımından araşdıraraq hesab edir ki, ilk öncə 19 dekabr 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsinə qiymət verilməsi zəruridir. Çünki, həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 “vicdanlı sahib” və ya “vicdansız sahib” olmasının müəyyən edilməsi onun hüquqlarının qorunması baxımından ən zəruri haldır. Məhz ondan sonra iddiada göstərilən digər tələblərə qiymət verilməlidir.

53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

54. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəə-pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir.

55. Qanunun müəyyənləşdirdiyi bu yolla əldə edilən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 157-ci maddəsi ilə qorunur. Bununla yanaşı, qanunvericilik belə münasibətlər cərəyan edən zaman mülkiyyət hüquqlarının mümkün pozulması imkanlarını da nəzərdən qaçırmır və buna qarşı müvafiq hüquq müdafiə vasitələri müəyyən edir. Daşınmaz əmlak üzərində qanunsuz yolla mülkiyyət hüququ əldə etmiş şəxsin həmin əmlakı özgəninkiləşdirməsi də rast gəlinən belə mümkün pozuntulardandır.

56. Hazırki işdən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olan alıcı Cavabdeh2 keçmiş Xanlar indiki Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,426 ha olan torpaq sahəsini satmışdır və aralarında alqı-satqı müqaviləsi bağlanmışdır.

57. Mülki Məcəllənin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

58. Nəzərə alınmaldır ki, qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir.

59. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

60. Ona görə də mübahisə üzrə düzgün qərar qəbul edilməsi üçün ilk növbədə, Cavabdeh2 mübahisəli torpaq sahəsi üzrə vicdanlı və ya vicdansız sahibi olması məsələsi aydınlaşdırılmalıdır.

61. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir dövriyyə iştirakçısı, əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı əldə edən qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da əldə edən vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı əldə edən əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı əldə edənin əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

62. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

63. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

64. Mülki Məcəllənin 182-ci maddəsi əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olduğunu müəyyən edir. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

65. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən müddəalar alqı-satqı müqaviləsi bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatına etimad prezumpsiyasını ehtiva edir. Bu səbəbdən satılan əmlakın satıcının mülkiyyətində olduğu, eləcə də həmin əmlakın üzərində hər hansı məhdudiyyət və yüklülüyün qeydə alınmadığı daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatla öz təsdiqini tapırsa, alıcının hüquqları qorunur.

66. Araşdırılmış sübutlar ilə də müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olan alıcı Cavabdeh2 keçmiş Xanlar indiki Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,426 ha olan torpaq sahəsini satmışdır və aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə notarial qaydada təsdiq edilmişdir.

67. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

68. Göründüyü kimi, alğı-satqı müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamış və birinci instansiya məhkəməsi düzgün mövqeyə gəlmişdir.

69. Bundan əlavə məhkəmə kollegiyası göstərir ki, Cavabdeh2 iddiaçıların qeyd etdikləri işin hallarından məlumatı olsaydı onu “vicdanlı əldə edən” hesab etmək olmazdı. Belə ki, iddiaçıların məlumatları olmadan Xanlar Rayon Məhkəməsinin 2-245-2006 saylı 06 noyabr 2006-cı il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin 0,426 hektar sahəsi X10 məhkəmə qətnaməsi ilə alğı-satqı edilmiş və sonuncunun mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Bundan sonra Aynur Rüstəmova. xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış alaraq, Göygöl rayon Notariat ofisinin xx.xx.2018-ci il tarixli, 4Ə549 saylı alğı-satqı müqaviləsinə əsasən 0,426 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. Cavabdeh2 belə bir şəraitdə iddiaçıların qeyd etdiyi kimi işin hallarından məlumatının olması ağlabatan deyildir. Bütün bunlar onu təsdiq edir ki, Cavabdeh2 mübahisəli torpaq sahəsinin “vicdanlı sahibidir”, o, həmin əmlakı qanuni və etibarlı əsaslarla əldə etmişdir.

70. Məhkəmə kollegiyası işin bu anında diqqəti Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 oktyabr 2004-cü il tarixli qərarındakı hüquqi mövqeyinə çəkməyi zəruri hesab edir.

71. X19 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

72. Eyni zamanda Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti üzrə qəbul etdiyi 08 may 2008-ci il tarixli Qərarında “vicdanlı alıcı”nın mövcud olduğu mübahisələr üzrə yalnız ilkin mülkiyyətçilərin hüquqlarının qorunması və onların tələbi ilə “vicdanlı alıcı” ilə bağlanmış əqdin etibarsız hesab olunması əleyhinə gedərək qeyd etmişdir ki, belə yanaşma “vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o cümlədən vicdanlı sahibdən) tələb etmək imkanını yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”.

73. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni daha da işıqlandırmaq üçün İnsan Hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 06 dekabr 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının “vicdanlılıq” məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq qeyd etmişdir ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “ictimai maraq”la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan “fərdi maraq” arasındakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır.

74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

77. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-9/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver