Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-509/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” X3 regional qaz istismar idarəsinə və “Azəriqaz” X2 regional qaz istismar idarəsin xidmət sahəsinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-765/2022 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 fevral 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsini və hesablanmış 518 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-765/2022 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbi təmin edilmiş, 25 fevral 2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt ləğv edilməsi və İddiaçı (abonent kodu: **********00278) “Azəriqaz” İstehsalat Birliyinə hesablanan debitor borcundan 518 manat borc hissəsi hesabdan silinməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olaraq Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşmışdır. Yaşadığı ev qaz və işi xətti ilə təchiz edilmişdir. Qaz xəttinin sayğacı bir neçə ildir ki, normal işləyirdi, heç bir nasazlıq olmamışdır və o hər ay qaz sayğacının sərfiyyatına uyğun olaraq nəzarətçinin təqdim etdiyi bildirişlər əsasında qazın pulunu ödəyirdi. Bir müddətdən sonra 25 fevral 2022-ci il tarixdə “Azəriqaz” X3 regional qaz istismar idarəsinin Goranboy xidmət sahəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və əsassız olaraq sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikçizik izləri olması barədə akt tərtib etmişlər və onu 518 (beş yüz on səkkiz) manat məbləğində cərimə etmişlər. Hesab edir ki, ona hesablanmış cəmi 518 (beş yüz on səkkiz) manat borc əsassız olduğundan, hesabdan silinməlidir. Mülki iş materiallarında olan: “Azəriqaz” X2 Xidmət Sahəsi tərəfindən 25 fevral 2022-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktın surətindən görünür ki, İddiaçı Xaliqverdi oğlunun Qaraçinar kəndindəki fərdi yaşayış evində sayğaca baxış keçirilmiş, “Azəriqaz” X1 texnologiyaları və rabitə idarəsinin 29/1710- 05459-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağında yan tərəfdən əzik və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur (Aktda “istehlakçının nümayəndəsi İddiaçı imza etməkdən imtina etdiyi” göstərilmişdir). Gəncə RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 25 fevral 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, 25 fevral 2022-ci il tarixli ******* nömrəli Akt əsasında itirilmiş qazın həcmi 4320 kubmetr miqdarında müəyyən olunmuşdur. 24 noyabr 2021-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Goranboy rayonunun Qaraçinar kəndində istehlakçı İddiaçı evində “Elster G-4” tipli 10050355 nömrəli sayğac istismar müddəti bitdiyi üçün yeni sayğacla- “Zenner G4” tipli **********9 nömrəli sayğacla əvəz edilmişdir. Sayğacın dəyişdirilmə səbəbi olaraq istismar müddətinin bitməsi göstərilmişdir. “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı Xaliqverdi oğlu arasında 20 dekabr 2021-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən, Paylayıcı: istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, Paylayıcı, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. İş materiallarında olan: abonent saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin avqust ayının sonuna 539,40 manat borcu var, ondan 518,40 manat (beş yüz on səkkiz manat-40 qəpik) borc 2022-ci ilin fevral ayında aktlar üzrə hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı İddiaçı ünvanına quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi faktı təqdim olunmuş subutlarla təsdiqini tapsa da səthi məhkəmə araşdırması nəticəsində buna qiymət verilməmişdir. Göründüyü kimi, iddiaçıya 2022-ci ilin fevral ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. İddiaçı iddia tələbinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, İnformasiya Texnologiyaları və rabitə idarəsinin xx.xx.2022-ci il tarixli, MSK-29/1710-05459-1 saylı aktına əsasən G-4 markalı 10050355 saylı sayğacın hesablama mexanizminin plastmas qapağının yan tərəfi kənar təsir nəticəsində əzilməklə və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkarlanmaqla müdaxilə edildiyi məlum olmuşdur. İşdə iştirak edən şəxsin apelyasiya məhkəməsində verdiyi izahatı İddiаçı İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən qaz sayğacının istismar müddəti bitdiyinə görə qaz sayğacı başqası ilə əvəzlənmişdir. xx.xx.2022-ci il tarixdə isə istismar müddəti bitmiş sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin qapağının yan tərəfi əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat 4320 kub m. qaz itkisinə məruz qaldığını iddia etmişdir. Lakin, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixdə qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacda hər-hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərildiyi müddət ərzində ehtiyyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın hesablama mexanizminin müdaxilə nəticəsində qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-765/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-509/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-509/2023
31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver