Məhkəmə qərarları › İş №2(105)-1007/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1007/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1007/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şuşa rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(077)- 170/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şuşa rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənov) iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ləğv prosesində olan “Bank Standart” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh arasında bağlanmış 22 may 2015-ci il tarixli 100/02/108233/15 saylı kredit müqaviləsi üzrə 2523,53 manat məbləğində əsas borcun, 744,77 manat məbləğində faiz borcu, 2489,69 manat cərimə borcu, 387,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 6145,79 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standart” ilə Cavabdeh arasında bağlanmış 100/02/108233/15 saylı 22.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədi üçün 24 ay müddətinə illik 24 faizlə 5000 manat kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncunun bank qarşısında 2523,53 manat məbləğində əsas borc, 744,77 manat məbləğində faiz borcu, 2489,69 manat cərimə borcu, 387,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB Şuşa rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən göründüyü kimi 22 may 2015-ci il tarixdə tərəflər arasında 24 ay müddətinə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin icra müddəti 22 may 2017-ci il tarixdə bitdiyindən və həmin andan iddia müddətinin axımı başlamış, lakin iddiaçı həmin müqavilə üzrə borcu 16 iyun 2020-ci il tarixdə tələb etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2. maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şuşa rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar