Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1019/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X9, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-302/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 14 dekabr 2015-ci il tarixli “16/6A” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Gənclər şəhərciyi” yaşayış kompleksində 16 saylı binada 6A nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 26 mart 2022-ci, 15 aprel 2022-ci və 19 may 2022-ci il tarixli aktlara əsasən, həqiqətən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində kirayə müqaviləsi ilə xüsusi təyinatlı yaşayış sahəsi kimi verilmiş bina 16, mənzil 6A ünvanında yaşayan Cavabdeh1 mənzili başqa şəxslərə kirayə verərək özü başqa ünvanda yaşayır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksindəki 16 saylı binada yerləşən 6 A nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 14 dekabr 2015-ci il tarixli “16/6A nömrəli "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin və qeyrilərinin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirlir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 14 dekabr 2015-ci il tarixli “16/6A ” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Gənclər şəhərciyi” yaşayış kompleksində 16 saylı binada 6 A nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Abşeron rayonu “Gənclər şəhərciyi” yaşayış kompleksinin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 həmin mənzildə yaşamadığı və mənzili kirayəyə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 6 A nömrəli mənzildə yaşamadığı və mənzili başqa şəxsə kirayə verildiyi məlum olmuşdur. Cavabdeh1 6 A nömrəli mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək kirayəşinin mənzildən çıxarılması barədə bildiriş verilsə də kirayəşin mənzildən çıxarılmamışdır. Cavabdeh1 mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-302/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksindəki 16 saylı binada yerləşən 6A nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 14 dekabr 2015-ci il tarixli “16/6A” nömrəli "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları, iddia tələbi qeyrilərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksindəki 16 saylı binada yerləşən 6A nömrəli 2 otaqlı mənzildən çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir. (hakim Elan Məmmədov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91, 98, 99, 100-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-302/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı iddianın əsası kimi Abşeron rayonu, Mehdiabad qəəsbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 26 mart 2022-ci il, 15 aprel 2022-ci il və 19 may 2022-ci il tarixli aktları göstərmişdir. Bildirir ki, o, sözügedən Abşeron rayonu, Mehdiabad qəəsbəsi, Gənclər şəhərciyi yaşayış kompleksindəki 16 saylı binada yerləşən 6A nömrəli 2 otaqlı mənzili kirayəyə verməmişdir. Ona ilk dəfə ev veriləndə komendant evi kirayəyə verməyi təklif etmiş, lakin o razılaşmamışdır. Həmin mənzildə ailə üzvləri ilə birlikdə daimi yaşamışdır. İddia tamamilə əsassız və qanunsuz olduğu halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş aktları mötəbər sübut hesab edərək dəyərləndirmiş və yekun olaraq iddiaçının haqlı olduğu qənaətinə gəlmişdir. Bildirir ki, tərtib edilmiş aktlar barədə ümumiyyətlə heç bir məlumatı yoxdur. İddiada isə qeyd edilmişdir ki, kirayəşinin mənzildən çıxarılması barədə ona bildiriş verilmişdir. Lakin akt tərtib edilərkən bu barədə ona məlumat verilməmiş və iştirakı təmin olunmamışdır. Necə olur ki, sözügedən ünvanda yaşadığı halda həmin mənzilin başqa şəxsə verilməsi adı ilə akt tərtib edilir. Əgər həqiqətən mənzildə başqa şəxs yaşayırdısa akt tərtib edilərkən həmin şəxsin də şəxsiyyəti müəyyən edilməli və onun adı da qeyd edilməli idi. Mənzildə başqa şəxs yaşasaydı iddiaçı həmin şəxslərin də mənzildən çıxarılması iddiasını qaldırardı. Qətnamədən də göründüyü kimi müxtəlif tarixlərdə tərtib edilmiş aktların mahiyyətində sözügedən mənzilin “başqa şəxslər”ə kirayəyə verildiyi qeyd edilsə də başqa şəxslər deyəndə şəxs haqqında heç bir məlumat əks etdirilməmiş sadəcə kirayəyə verildiyi göstərilmişdir. Hüquqi sənəddə olan şəxs anlayışına aydınlıq gətirilməli olduğu, əsaslı olması üçün kirayəşinlərin şəxsiyyətlərinin müəyyən olunmalı olduğu halda heç bir zəruri məlumatlar aktda öz əksini tapmamışdır. Ümumiyyətlə məhkəmə təqdim edilən sənədi əsas kimi götürərkən onun saxta olub-olmamağını yoxlamalı olduğu halda buna diqqət yetirməmişdir. Aktda evin kimə kirayə verilməsinin göstərilməməsi aktın etibarsız hesab edilməsi üçün vacib əsasdır. Lakin məhkəmə qeyd olunan əsasları nəzərə almamış və onun hüququnu pozmuşdur. Hesab edir ki, məhkəmə qərar verərkən qərəzli olmuşdur. İddiaçı tərəfin təqdim etdiyi sübutların bir qisminə ümumiyyətlə qiymət verməmiş, bir hissəsini təhrif etmiş, bir hissəsinə isə işin faktiki hallarına uyğun olmayan qiymət vermiş, nəticədə qərəzli, ədalətsiz və qanunsuz qərar qəbul etməklə onun konstitusion hüququnu kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş əsassız iddia üzrə işə obyektiv baxmayaraq, təqdim edilən sübutlarının mötəbərliyinə qiymət vermədən, iddiaçının formal sadaladığı əsasları qeyd edərək yanlış nəticəyə gəlmiş, ədalətsiz və qanunsuz qətnamə qəbul edərək, iddianı qismən təmin etmiş, cavabdehlərə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksindəki 16 saylı binada yerləşən 6A nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 14 dekabr 2015-ci il tarixli “16/6A ” nömrəli "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilmişdir. Məhkəmə aydınlıq gətirmədən, yekunda qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-302/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 14 dekabr 2015-ci il tarixli “16/6A” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Gənclər şəhərciyi” yaşayış kompleksində 16 saylı binada 6A nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Lakin iş materiallarında olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 26 mart 2022-ci, 15 aprel 2022-ci və 19 may 2022-ci il tarixli aktlardan görünür ki, həqiqətən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində kirayə müqaviləsi ilə xüsusi təyinatlı yaşayış sahəsi kimi verilmiş bina 16, mənzil 6A ünvanında yaşayan Cavabdeh1 mənzili başqa şəxslərə kirayə verərək özü başqa ünvanda yaşayır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında 14 dekabr 2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, 2012-ci ildən cavabdehləri tanıyır. Eyni mərtəbədə qalırlar, özü 6A saylı, cavabdehlər isə 7A saylı iki otaqlı mənzildə yaşayırlar. Anası, özü və uşaqları ilə orada yaşayır. Cavabdehlər mübahisəli mənzildə daimi yaşayırlar. 1 mərtəbədə 7 mənzil var, heç kim kirayəyə verməyib, hamı özü yaşayır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, cavabdehlər onunla qonşuluqda iki otaqlı 87 kv.m sahəsi olan evdə daimi yaşayırlar. Həmişə orada olurlar. Cavabdeh2 əri işləyir, özü isə işləmir. Cavabdehlərin Orxan və Ceyhun adlı 2 oğlu var, evdə 4 nəfər yaşayırlar. Evi kiməsə kirayə verməyiblər, hər gün onları görür, yaxın qonşudurlar. Məhkəmə kollegiyası şahid ifadələrini mötəbər sübut kimi qəbul etməyərək bildirir ki, Cavabdeh1 apellyasiya şikayətinin əsaslarına – mübahisəli mənzildə yaşamalarına dair məhkəməyə hər hansı mötəbər və “əsaslı şübhələr yaratmayan” sübut təqdim edə bilməmişdir. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 302/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-302/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1019/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1019/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver