Məhkəmə qərarları › İş №2(105)-1029/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1029/2023

20.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Torpaq mübahisələri - Digər - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1029/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 55/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında nikah Bakı şəhəri Səadət Sarayında 05 dekabr 2004-cü ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir.

2. RX seriyalı, ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid ümumi sahəsi 0,08 ha olan həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə 20 fevral 2013-cü ildə VCavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydə alınmışdır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(011)- 4867/2019 saylı qətnaməsi ilə İddiaçı ilə VCavabdeh arasında bağlanmış nikah pozulmuş, boşanmadan sonra 16 sentyabr 2005-ci il təvəllüdlü X6, 09 mart 2009-cu il təvəllüdlü X4 və 06 mart 2012-ci il təvəllüdlü X2 anaları VCavabdeh yanında saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 15 aprel 2019-cu ildən başlayaraq hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin İddiaçı VCavabdeh xeyrinə tutulması qət edilmişdir.

4. İddiaçı VCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan və Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin ərazisində yerləşən 0,08 ha torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini, habelə formal olaraq X3 adına rəsmləşdirilmiş 2017- ci il buraxılışlı “KİA-RİO” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş əmlak kimi tanıyaraq, tərəflər arasında bərabər paylara (hər bir tərəfə ½ pay) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. VCavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini və birgə nikahları dövründə əldə edilmiş “Mercedes B klass” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 2(012)-3825/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, VCavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsində (reyestr nömrəsi: **********11) İddiaçı payı 1/2 (ikidə bir) hissədə və VCavabdeh payının 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tamamilə təmin edilməməsi qət edilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-846/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3825/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi “KİA-RİO” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah zamanı əldə edilmiş əmlak hesab edilməklə tərəflər arasında bölünməsi tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

8. **********11 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndi ərazisində olan 0,08 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh mülkiyyətindədir. Bu barədə İddiaçı adına torpaq sahəsinin AA 604829 saylı, xx.xx.2021-ci il tarixli plan və ölçüsü tərtib edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 1/2 hissədə paylı mülkiyyətçisi olduğu Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün olmadıqda mübahisəli əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin onun payına mütənasib şəkildə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahda olmuş, sonradan isə bu nikah pozulmuşdur. Eyni zamanda, birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Fatmayı kəndi ərazisində olan 0,08 ha torpaq sahəsi hər birinə ½ hissə müəyyən edilməklə bölünmüşdür. Bu torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişlər və əvvəllər o da ailəsilə birlikdə bu evdə yaşamışdır. Lakin ev inşa olunduqdan sonra sənədləşdirmə işləri tamamlanmamışdır. Hazırda isə Cavabdeh ½ hissədə xüsusi mülkiyyətində olan torpaq sahəsindən (həmçinin evdən) istifadəyə mane olur. Ona görə də mübahisəli əmlakın naturada bölünməsi və bu mümkün olmadıqda isə açıq hərrac vasitəsi ilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi zərurəti yaranmışdır.

11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-55/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, birgə nikah zamanı əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********11) açıq hərraca çıxarılaraq satılması, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********11) açıq hərracda satışından əldə edilən vəsaitin İddiaçı və Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspert tədqiqatları üçün tələb olunan cəmi 200 manat pulun 100 manat hissəsinin İddiaçı, 100 manat hissəsinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 220-ci maddəsinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu vəşərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunan maddədə göstərilir ki, əgər natura şəkilində əşya bölünməsi mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçı tərəfindən verilən iddia ərizəsində və ya Abşeron Rayon Məhkəməsində araşdırma zamanı qeyd olunan mülkiyyət payının cavabdeh tərəfindən ödənilməsi barədə hər hansı bir təklif gəlməmişdir. Mülki Məcəllə tərəfindən hər bir vətəndaşın mülkiyyət hüquqlarını qorunur və bu tip işlərdə əgər əşyanın naturada bölünməsi mümkün deyilsə ilkin olaraq əşyanın ümümi qiyməti müəyyən olunmalıdır, sonra isə qeyd olunan əşyanın iddiaçının payına uyğun olaraq hüququ var ki, payının ödənilməsini cavabdehdən tələb etsin, cavabdeh payın dəyərinin ödənilməsindən imtina edəndən sonra əşyanı hərraca çıxarılması mümkündür. Nə iddia tələbində, nə də Abşeron Rayon Məhkəməsində araşdırma zamanı iddiaçı tərəfindən belə bir təklif cavabdehə rəsmi qaydada təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumun Qərarında qeyd edilir ki, “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.” Abşeron Rayon Məhkəməsi tərəfindən AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumun Qərarına riyaət edilməməsi faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, yalnız cavabdeh tərəfindən iddiaçıya məxsus olan payın alınmasından imtina etdiyi təqdirdə, əmlak hərraca çıxarıla bilər, lakin Abşeron Rayon Məhkəməsi tərəfindən nə torpaq sahəsinin qiymətləndirilməsi aparmamışdır, nə də iddiaçı tərəfindən cavabdehə payın alınması ilə bağlı rəsmi qaydada təklifi olub-olmamasını müəyyən etməmişdir. İş materiallarında olan ekspertin rəyi, torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı deyil, qeyd olunan rəydə iddia predmeti olmayan torpaq saəhəsin üzərində fərdi yaşayış evin qiymətləndirilməsidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Hamin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

24. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4961 saylı rəyindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin olduğu və bölgü zamanı tikililərin payçılardan birinin sahəsinə düşəcəyi nəzərə alındıqda torpaq sahəsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq İddiaçı və Cavabdeh paylarına düşən ½ hissəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

25. Ayrılan mülkiyyətçinin öz payının paylı mülkiyyətinin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etməsi ilə bağlı cavabdehə müraciət edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir və birinci instansiya məhkəməsinin iclas protokollarından görünür ki, tərəflər arasında bununla əlaqədar razılıq əldə edilməmişdir və cavabdeh tərəf də bu faktı təsdiq etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin keçilməsinə riayət olunduğundan əsaslıdır.

27. Mübahisəli torpaq sahəsi iddiaçı və cavabdehin hər birinin ½ hissədə payı olmaqla ümumi paylı mülkiyyətdədir. Əmlakın naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Tərəflər paylı mülkiyyətdən istifadə edilməsi ilə əlaqədar razılığa gələ bilmirlər.

28. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üzərindəki tikililər tərəflərin adına dövlət reyestrində qeydiyyata alınmamışdır.

29. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi birgə nikah zamanı əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin açıq hərraca çıxarılaraq satılması, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin açıq hərracda satışından əldə edilən vəsaitin İddiaçı və Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi barədə düzgün nəticəyə gəlmişdir.

30. Torpaq sahəsinin qiymətinin müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı norma nəzərdə tutulmuşdur. Hazırkı mübahisənin predmetini təşkil edən torpaq sahəsi isə ipoteka predmeti deyildir.

31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə ümumi paylı mülkiyyətin hərracdan satılmasına dair mübahisələrə baxarkən məhkəmə qətnaməsində ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmadığından torpaq sahəsinin qiymətinin müəyyən edilməsinə əsas yoxdur və apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, bu halda mübahisəli torpaq sahəsinin satış dəyərinin müəyyən edilməsi kimi tədbirlər qətnamənin icrası zamanı həll edilən məsələdir.

33. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qiymətləndirmə ilə bağlı ekspertiza təyin etsə də, işdən görünür ki, məhkəmə qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmamış və qiymətləndirilmə ilə bağlı qətnamənin nəticə hissəsində hər hansı qeyd etməmişdir.

34. İddiaçının tələbi 1/2 hissədə paylı mülkiyyətçisi olduğu Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün olmadıqda mübahisəli əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin onun payına mütənasib şəkildə ona ödənilməsi barədə olmuşdur və məhkəmə onun iddiasını qismən təmin edərək torpaq sahəsinin açıq hərraca çıxarılaraq satılması, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin açıq hərracda satışından əldə edilən vəsaitin tərəflər arasında bərabər surətdə bölüşdürülməsi nəticəsinə gəlmişdir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

36. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-55/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver