Məhkəmə qərarları › İş №2(105)-1044/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1044/2022

16.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mənzilə köçürmə - Mənzilə istifadə hüququna xitam verilməsi - Torpaq sahəs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1044/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-1397/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-1397/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin, razılaşmanın və əlavə sazişlərin ləğv edilməsi, borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsi, xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması və xx.xx.2019-cu il tarixli, 017R**********S saylı, xx.xx.2020-ci il tarixli, 017R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 6022,40 manat kredit borcu, 1097,99 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, ümumilikdə 170,39 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, həmin ev və torpaq sahəsi boşaldılmaqla banka təhvil verilməsi, iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması hissəsində rədd edilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsinin, xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasının və əlavə sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada cəmiyyətin xeyrinə 017R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6022,4 manat məbləğində kredit borcu, 1150,22 manat məbləğində faiz borcu və 2454,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9626,71 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracdan satılması və ümumilikdə 9626,71 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh1 istifadə hüququnun itirilməsi, həmin evdən çıxarılmaları, torpaq sahəsinin və evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması bağlanmışdır. xx.xx.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına əsasən cəmiyyət tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli, 017R**********S saylı, xx.xx.2020-ci il tarixli, 017R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin borclu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1977,6 manat ödəniş etmiş, onun 6022,4 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün uçun faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Borclunun xx.xx.2020-ci il tarixə 214 gün üçün hesablanmış faiz borcu 1150,22 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 214 gün üçün hesablanmış cərimə borcu isə 2454,09 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh X2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi tam icra etmişdir. Hazırda onun kredit müqaviləsi üzrə iddiaçıya heç bir borcu mövcud deyildir. Birinci instansiya məhkəməsi bu halları düzgün araşdırmayaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmaqla banka təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddianın təmin edilmiş qalan hissələrində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə bağlanmış 31 iyul 2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ 31 iyun 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə 02 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 2,1667% olmaqla 36 ay müddətinə 8000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, 017R**********S saylı sazişdən görünür ki, 02 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 017R**********SA saylı sazişdən görünür ki, 02 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh2 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, 017S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh3 arasında bağlanmış 02 avqust 2018-ci il tarixli, 017S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 02 avqust 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 12000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 04 dekabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə olan kredit borcu 6022,40 manat, faiz borcu 1150,22 manat və cərimə borcu 2454,09 manat olmaqla, ümumi borcu 9626,71 manat təşkil edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş 14 sentyabr 2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 göndərilmiş 24 sentyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 21 iyun 2021-ci il tarixli, 9/4156 saylı rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və 02 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2020-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 6022,4 manat, faiz borcu 1097,99 manat təşkil edir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 326/E sayı rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır yerləşən fərdi yaşayış evinin 2021-ci ilin aprel ayına likvid dəyəri 20000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə bağlanmış 31 iyul 2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti müqaviləsi üzrə 02 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 2,1667% olmaqla 36 ay müddətinə 8000 manat kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, 017R**********S saylı və 31 yanvar 2020-ci il tarixli, 017R**********SA saylı sazişlərlə 02 avqust 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallarından görünür ki, Cavabdeh1 ödənişləri dəfələrlə qrafikdə nəzərdə tutulmuş məbləğdə aparmamışdır. Qeyd edilən hal müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri ödəmə müddəti ərzində aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması mülki işin materialları ilə inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 017L**********57 saylı uzunmüddətli kredit müqaviləsi, xx.xx.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması və xx.xx.2019-cu il tarixli, 017R**********S saylı, xx.xx.2020-ci il tarixli, 017R**********SA saylı sazişlərin ləğv edilməsi, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 6022,40 manat kredit borcu, 1097,99 manat faiz borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində istifadədə olan 0,00429 ha torpaq sahəsinin üzərində yerləşən 32,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, həmin ev və torpaq sahəsi boşaldılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirib həmin məbləği azaldaraq 50 manat müəyyən etmiş və bu zaman Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbində torpaq sahəsinin və evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyi halda, birinci instansiya məhkəməsi qətnamədə evin və torpaq sahəsi boşaldılmaqla banka təhvil verilməsi nəticəsinə gəlmiş, bununla iddia tələbindən kənara çıxmış, hansı qanunda göstərilən, hansı müstəsna halları nəzərə alaraq iddia tələbindən kənara çıxdığını da əsaslandırmamışdır. Məhkəmə kollegiyası göstərilən halı prosessual hüquq normasının pozulması hesab edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək verilmiş tələb üzrə qətnamə çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilməlidir. Cavabdeh X2 apellyasiya şikayətində hazırda kredit müqaviləsi üzrə iddiaçıya heç bir borcunun olmadığını göstərsə də, bu halı təsdiq edən heç bir sübutu apellyasiya şikayətinə əlavə etməmişdir. İş materiallarından görünür ki, iddiaçı və digər cavabdehlər qətnamə ilə razılaşaraq, apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmaqla banka təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddianın təmin edilmiş qalan hissələrində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-1397/2021 saylı qətnaməsi qismən, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmaqla banka təhvil verilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi və istifadədə olan 0,00429 ha torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilsin. İddianın təmin edilmiş qalan hissələrində qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver