Məhkəmə qərarları › İş №2(105)-1106/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1106/2024

02.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1106/2024 02.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri qaytarılması və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 110/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə 2020-ci il tarixdə Xaçmaz rayonu, Digah-oba kəndi ərazisindən 1.6839 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

2. AA №962160 nömrəli, xx.xx.2023-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, İddiaçı adına Xaçmaz rayonu, Digah-oba kəndi ərazisindən 1.6839 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia əriəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Xaçmaz rayonu Digah-oba kəndində yerləşən, koordinatları 20 fevral 2023-cü il tarixli A№ 962160 saylı torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş 1.6839 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,24 ha hissəsinin onun qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarılması, zəbt olunmuş torpaq sahəsinə cavabdeh tərəfindən çəkilmiş çəpərin və həmin torpaq sahəsində mövcud olan bütün ağacların torpaqdan çıxarılması cavabdehin öz vəsaiti hesabına həyata keçirilməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müddət ərzində ona dəymiş 3000 manat maddi ziyanın, mübahisəli torpaq sahəsinə mütəxəssisin baxışının həyata keçirilməsi üçün 5 saylı Ərazi İdarəsinə köçürdüyü 140 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, hazırki iddia ərizəsi ilə ödədiyi 98 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin sentyabr ayında notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən o, həmkəndlisi Gülmirzə Surxayevdən ona məxsus olmuş Xaçmaz rayonu Digah-oba kəndində yerləşən 1.6839 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsinə DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən onun adına xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və xx.xx.2020-ci il tarixli AA 561536 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsindən torpaq sahəsinə dair adına çıxarış və plan və ölçü sənədi verilməzdən əvvəl həmin idarənin əməkdaşları əraziyə gələrək torpaq sahəsinin koordinatlarını yerində ölçərək döngə nöqtələrini ona göstərmiş, bu zaman cavabdeh və oğlu Samir də orada olmuş, ölçmə zamanı müəyyən edilmişdir ki, ona məxsus torpaq sahəsinin bir hissəsi cavabdehin qanunsuz istifadəsindədir. Cavabdeh zəbt etdiyi torpaq sahəsini çəpərləyərək öz torpaq sahəsinə qatmış, orada özbaşına olaraq müxtəlif meyvə ağacları və çinar ağacları əkmişdir. Müəyyən edilmişdir ki, cavabdehin qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsinin ölçüsü 0.24 ha civarındadır. 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları cavabdehə qanunsuz zəbt etdiyi ərazinin koordinatlarını yerində göstərmişdir. Bundan sonra o, dəfələrlə cavabdehdən xahiş və tələb etmişdir ki, ona məxsus torpaq sahəsinin zəbt etdiyi hissəsini boşaltsın və orada mövcud olan meyvə və digər ağacları kəsib torpaq sahəsini tənzimləyərək ona təhvil versin. Cavabdeh həmin ərazidə bəzi ağaclarını kəsərək kötükləri saxlamışdır. Lakin zəbt etdiyi torpaq sahəsini boşaldıb ona təhvil verməkdən yayınmışdır. 23 aprel 2021-ci il tarixdə o, cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsini geri alınmasını dair Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iş üzrə bir neçə məhkəmə iclasları keçirilmiş, iş üzrə məhkəmə ekspertizaları təyin edilmiş və mübahisəli torpaq sahəsinin müayinəsi ilə bağlı Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin rəisi Aydın İbadovun imzası ilə 30 avqust 2021-ci il tarixli, A-199 nömrəli arayışla məhkəməyə cavab verilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində olmuş və GPŞ aləti vasitəsi ilə torpaq sahəsinin faktiki vəziyyətinin və iddia olunan torpaq sahəsinin koordinatları naturadan alındı. Mübahisə predmeti olan torpaq sahəsinin naturadan alınan koordinatları kameral şəraitdə ƏMDX elektron baza xəritə və ortofot üzərində dəqiqləşdirdikdən sonra məlum oldu ki, vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələri ilə ƏMDX-nin elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yaranmışdır. Xaçmaz Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(067)-1441/2021 saylı qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiqlənmiş “Torpaqların elektron kadastrı uçotu informasiya sistemi”nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra cavablandırılması mümkün olacaqdır. Bu səbəbdən o, həmin iddia üzrə icraatın baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən fərmanla bağlı elektron kadastrı uçot informasiya sistemində işlər tamamlandıqdan sonra DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin 1.6839 ha torpaq sahəsinə onun adına 20 fevral 2023-cü il tarixli, A № 962160 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənəd ona verilməmişdən qabaq o, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına xx.xx.2023-cü il tarixdə 140 manat pul ödəyərək mülkiyyətində olan 1.6839 ha torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsini xahiş etmiş, üstündən təxminən bir həftə müddət keçdikdən sonra həmin idarənin nümayəndəsi Mübariz adında şəxs mübahisəli əraziyə gələrək cavabdehin və oğlunun iştirakı ilə torpaq sahəsinin koordinatlarını yerində müəyyən etmiş və cavabdehə bildirilmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin 0, 24 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Bundan sonra da o, dəfələrlə cavabdehə müraciət edərək ona məxsus torpaq sahəsinin boşaldılmasını tələb etsə də, o, bundan imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Beləliklə, cavabdeh ona məxsus torpaq sahəsinin təxminən 0,24 ha hissəsini zəbt edərək qanunsuz olaraq oradan istifadə edir. Torpaq sahəsinin mülkiyyətinə keçdiyi üç il ərzində o, orada əvvəlcədən planlaşdırdığı kimi meyvə bağı sala bilmir. Belə ki, o, həmin torpaq sahəsində damcılama üsulu ilə gilas bağı salmaq istəyir. Bunun üçün torpaq bölməsi müvafiq cihazlarla təmin olunmuş traktorla planirovka olunmalı və bundan sonra qələmlər əkilməli və suvarma sistemi şlanqları həm yer üstü, həm də yer altı çəkilməlidir. Torpaq sahəsini 2020-ci ildə satın aldığı vaxt o, orada meyvə bağı salmaq məqsədi ilə 2021-ci ildə 100 ədəd gilas qələmi (bir ədədin qiyməti 9 manat) və 700 ədəd fındıq qələmi (bir ədədin qiyməti 1 manat), 2022-ci ildə 35 ədəd gilas qələmi bir ədədin qiyməti 9 manat) və 100 ədəd İtaliya fındıq qələmləri (bir ədədi qiyməti 9 manat) almışdır, torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəb olunduğu üçün və orada damcılama suvarma sistemi quraşdıra bilmədiyi üçün həmin qələmləri aldığı gündən evinin həyətində elə belə torpağa basdırmışdır. Əgər o, həmin qələmləri aldığı vaxt torpaq sahəsində əkib bağ salmış olsaydı, hazırki vaxtda artıq qələmlər gəlmiş olardı. Cavabdeh öz qanunsuz hərəkətləri ilə onu bağ salmaqda üç il arxaya salmışdır. Onu da qeyd etmək istəyir ki, aldığı qələmlərə müvəqqəti torpağa basdırdığı yerdə lazımı qaydada aqrotexniki qulluq göstərə bilmədiyi üçün (buna müvafiq şərait yoxdur) qələmlərin bir hissəsi quruyaraq məhv olnmuşdur. Cavabdehin üç il ərzində torpaq sahəsinin bir hissəsini bilərəkdən zəbt etməsi bu səbəbdən o, həmin torpaq sahəsində vaxtında meyvə bağı sala bilmədiyiı üçün, mübahisənin həlli üçün məhkəməyə gəlib getməyinə və dəfələrlə 5 saylı Xaçmaz Ərazi İdarəsinə gəlib mübahisəli torpaq sahəsinə baxış keçirilməsi üçün mütəxəssislərin aparılmasına çəkdiyi xərcləri nəzərə almaqla cavabdehin ona ümumilikdə vurduğu maddi zərəri 3000 (üç min) manat dəyərləndirir. Əslində cavabdehin ona vurduğu maddi ziyan bundan qat-qat çoxdur. Cavabdehin ona məxsus torpaq sahəsinin zəbt etdiyi 0,24 ha hİssəsinin dəyərini 4800 manat hesablayır (0,01 ha torpaq sahəsinin bazar dəyəri 200 manatdır).

5. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, X3 mülkiyyətində olan Xaçmaz rayonun Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. X3 mülkiyyətində olan Xaçmaz rayonun Digahoba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin 0.1533 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. (sxem əlavə olunur) 3. X3 mülkiyyətində olan Xaçmaz rayonun Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin cavabdeh tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. X3 mülkiyyətində olan Xaçmaz rayonun Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. X3 mülkiyyətində olan Xaçmaz rayonun Digah-oba ondində yerləşən 1.6839 ha torpaq sahəsinin 0.1533 ha hissəsində cavabdeh tərəfindən meyvə ağacları əkilmişdir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 10/9251 saylı rəyindən müəyyən olunur ki, X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin 0,1533 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur (Sxem əlavə olunur). X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin cavabdeh tərəfindən maneçilik törədilməsinin müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsində Cavabdeh tərəfindən hər hansi bir tikinti işləri aparılmamşdır. X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin 0.1533 ha hissəsində cavabdeh tərəfindən meyvə ağacları əkilmişdir.

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-110/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia qismən təmin edilərək, Xaçmaz rayonu Digah-oba kəndində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində olan) 1.6839 ha torpaq sahəsinin 0.1533 ha hissəsi Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə verilməsi, zəbt edilmiş torpaq sahəsinə cavabdeh tərəfindən çəkilmiş çəpərin sökülməsi, iddianın qalan hissədə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pulun 40 manatı İddiaçı, 60 manatı isə Cavabdeh alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi və Dövlət rüsumu kimi ödənilmiş 98 manat pulun 70 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi zəbt edilmiş torpaq sahəsi ilə bağlı iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh də iddiaçının mülkiyyətində olan olan torpaq sahəsinin 0.1533 ha hissəsindən istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Cavabdehin iddiaçıya məxsus 0.19 ha torpaq sahəsini istifadə etməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır.

9. Birinci instansiya məhkəməsi iddianın zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddianın bu hissəsinin əsaslı olması barədə işdə hər hansı mötəbər sübut yoxdur. İddiaçı Cavabdeh ona 3000 manat zərər vurduğunu iddia etsə də, bu barədə işdə hər hansı legitim sübut mövcud deyil. İddiaçı bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir.

10. Digər tərəfdən, məhkəmə mübahisəli torpaq sahəsində mövcud olan bütün ağacların torpaqdan çıxarılması hissəsində iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə görə yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Fiziki və hüquqi şəxslər bu hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Bu baxımdan məhkəmə iddianın bu hissəsinin əsassız olması və təmin edilməməsi nəticəsinə gəlmişdir.

11. Həmçinin məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsindəki yaşıllıqların çıxarılması qeyd edilən prosedur qaydalarına riayət etməklə icra edilə bilər və bu barədə məhkəmə aktının çıxarılmasına zərurət yoxdur.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələri, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində, Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 152.5, 157.2, 157.4, 170.2-ci maddələri, Torpaq Məcəlləsinin 18, 20, 47, 49, 84, 111.1, 111.2, 111.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Digah-Oba kəndində onun xüsusi mülkiyyətində 1,23762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2015-ci il tarixli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü ilə təsdiq edilir. Ona məxsus həmin torpaq sahəsi ilə yanaşı Xaçmaz rayonu Digah- Oba kənd sakini Gülmirzə Surxayevə məxsus 1,6839 ha torpaq sahəsi yerləşirdi. O, özünə məxsus həmin 1,23762 ha torpaq sahəsindən 16 oktyabr 2015-ci il tarixli, **********86 reyestr nömrəli Çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq istifadə edir. Faktiki istifadəsində də 1,23762 ha torpaq sahəsi vardır. Torpaq sahəsinin qonşusu Gülmirzə Surxayevlə bu vaxta kimi torpaq sahələri arasındakı sərhədlə, habelə torpaq sahələrin zəbt edilməsi ilə əlaqədar heç bir mübahisəsi olmamışdır. 2020-ci ildə Gülmirzə Surxayev özünə məxsus həmin 1,6839 ha torpaq sahəsini iddiaçı X1. X6 həmin torpaq sahəsini aldıqdan sonra ona qarşı torpaq zəbti ilə əlaqədar əsassız iddialar irəli sürməyə başlamışdır. X2 Rayon Məhkəməsində ona qarşı ona məxsus 0,24 ha torpaq sahəsinin geri alınmasına dair iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsi 19 mart 2024cü il tarixli 2(067)-110/2024 saylı qətnaməsinə əsasən iddianı qismən təmin edərək iddiaçı X4 məxsus 0,1533 ha torpaq sahəsinin onun istifadəsində alınaraq iddiaçının istifadəsinə qaytarılmasını qət etmişdir. Həmin qətnamə qanunsuz və əsassızdır, ona görə də apellyasiya qaydasında ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

19. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

21. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

22. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

24. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin

25. 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

26. 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

33. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı iddianın həmin hissəsində yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

38. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

39. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Kollegiya həmçinin qeyd edir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinə görə, 3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

41. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.

42. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 10/9251 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X3 mülkiyyətində olan Xaçmaz rayon Digah-oba kəndində yerləşən 1.6839 ha torpaq sahəsinin 0,1533 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən mövcud mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirməklə yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-110/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver