Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1122/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(034)-488/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh ödənilməmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26.000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6.600 manat məbləğində olmaqla, cəmi 32.600 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 188 manat pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq, "xxxx" KB ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(034)-488/2022 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia təmin edilərək, iddiaçı “Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinin ləğv edilməsi, Cavabdeh ödənilməmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 26000 manat məbləğində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 6600 manat məbləğində olmaqla, cəmi 32.600 manat məbləğində icarə haqqının və 188 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 251.7 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilməsi qət edilmişdir.
3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin adiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Cоvid-19” virusunun yaratdığı хəstəlik qeyd edilən dövrdə pandemiya səviyyəsinə keçmiş və əhalinin həyatının хilası naminə respublikada karantin rejimi tətbiq edilmişdir. Bununla da pandemiya bütün dünyada yayılmaqla dünya iqtisadiyyatına və оnun bir hissəsi оlan Azəbaycan iqtisadiyyatına təsir etmişdir. İcarə haqqı ödənişlərinin gecikməsi həmin səbəbdən baş vermişdir. Bundan başqa, pandemiyanın ilk vaхtlarında ödənişlərdə gecikmə оlmamışdır. Bu hal öhdəliklərinin icrasından yayınmaq niyyətinin olmadığını təsdiq edir. Lakin, zaman keçdikcə pandemiyanın mənfi təsiri ödəmə qabiliyyətini heçə endirmişdir. Bununla yanaşı iddiaçı tərəf özü etiraf etmişdir ki, tərəfindən imkan düşən kimi, müqavilələr üzrə nəzərdə tutulandan daha artıq məbləğdə ödənişlər edilməklə, yaranmış bоrcun qapadılması üçün zəruri addımlar atılmış, noyabrda 2000 manat, dekabrda 5000 manat, 2021-ci ilin noyabrında 7000-8000 manat ödənişlər edilmişdir. Bundan başqa, mübahisənin subyektlərindən görünür ki, iddiaçı hüquqi şəxs, o isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Yaranmış mübahisənin icarə müqaviləsinin ləğv olunması, icarə haqqının alınmasına dair hissəsi bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu, tələbin qalan hissəsi isə həmin tələblə əlaqədar olduğu və birlikdə baxılması mümkün olduğu üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı оlmuş, lakin birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan qətnamə qəbul etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.
Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
10. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” müqavilənin 2-ci bəndində (icarə obyektinin xarakteristikası) göstərilən qeyri-yaşayış sahəsini (bundan sonra “icarə obyekti” adlandırılacaq) “İcarəçi”nin istifadəsinə verir, “İcarəçi” isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını “İcarəyəverənə” ödəməyi öhdəsinə götürümüşdür. Müqavilənin 3.1-ci bəndində görə hər təqvim ayı üçün icarə haqqının məbləği vergilər daxil omaqla 300 manat təşkil etmiş, hər təqvim ayı üçün icarə haqqı həmin ayının 5-dək köçürmə və ya nağd yolu ilə icarəyəverənə ödənilməsi nəzərdə tutulmuşdur.
11. İddiaçı cavabdehin bank ilə bağladığı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə istinad edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və xx.xx.2018ci il tarixdə VÖEN almışdır. İddiaçının isə hüquqi şəxs olması işin mübahisəsiz halıdır.
13. İddia ərizəsinin məzmunundan isə görünür ki, tərəflər arasındakı mübahisənin əsasını təyinatı şirniyyat satışı olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir.
14. Göründüyü kimi mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
15. MPM-in yuxarıda istinad olunan 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
16. İşə baxan birinci instansiya məhkəmə isə iş üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və tərəflər arasındakı hüquq münasibətlərinin xarakterini nəzərə almamış, məhkəmə aidiyyəti məsələsinə qiymət verməmişdir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, cavabdeh fəaliyyətini müvəqqəti dayandırmışdır. Bununla əlaqədar qeyd edilir ki, cavabdehin fəaliyyətini müvəqqəti dayandırması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir.
18. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında göstərilir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.
20. İşdən görünür ki, cavabdeh Zəngilan rayonu, Zəngilan şəhərində qeydiyyatdadır.
21. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən, Zəngilan rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.
22. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(034)-488/2022 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(034)-488/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi və əmlakın boşaldılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.