Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1146/2025 13.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X3 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(067)-2165/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətler Nazirliyi yaninda Meşələrin İnkişafı Xidmətinin X4 Mərkəzi ilə vətəndaş Cavabdeh arasında bağİanmış 03 mart 2021-ci il tarixli 07 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə veriİmiş torpaq sahəsində olan tikililərin sökülərək icarəyə veriİmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək 5 sayli X1ytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(067)-2165/2025 nömrəli qərardadı ilə iddiaçı 5 saylı X3 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunmuşdur ki, iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər.
4. İddiaçı 5 saylı X3 Mərkəzi 14 iyul 2025-ci il tarixdə qərardaddan şikayət verərək MPM-nin 39-cu maddəsinə görə müstəsna aidiyyat qaydalarının tətbiq edilməsini və Xaçmaz Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(067)-2165/2025 nömrəli qərardadın ləğv edilərək mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsini xahiş etmişdir.
5. Xaçmaz Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(067)-2165/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 39-cu maddəsində müstəsna aidiyyət məsələsindən danışılır. Belə ki, həmin maddəyə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müvafiq halda 5 saylı RMTM-in xidməti ərazisi olan dövlət meşə fondu torpağı Xaçmaz rayonunda yerləşir və müvafiq maddəyə əsasən 5 saylı RMTM mülkiyyətçi kimi torpaq üzərində olan hüquqlarının pozulmasını aradan qaldırmaq üçün icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılmasını istəyir. Odur ki, bu mübahisə üzrə MPM-in ümumi maddəsi olan 35-ci maddə tətbiq oluna bilməz. Bu zaman xüsusi maddə olan 39-cu maddə tətbiq olunmalıdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. (...)
9. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: (...) 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;
10. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
11. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
12. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
17. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.
18. İddia ərizəsindən görünür ki, mübahisə tərəflər arasında icarə hüquq münasibətlərindən irəli gəlir və iddiaçı icarəyə veriİmiş torpaq sahəsində olan tikililərin sökülərək icarəyə veriİmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması tələbi ilə yanaşı ilkin olaraq həmin müqaviləyə xitam verilməsini tələb edir.
19. Belə olan halda kollegiya hesab edir ki, mövcud tələb üzrə iddia Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.
20. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
21. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
22. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır...
23. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mövcud iddia ərizəsinin qaytarılması əsaslı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Xaçmaz Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(067)-2165/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(067)-2165/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.