Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1179/2023 24.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: tikililərə müdaxilənin və torpaq sahəsinə girişin qadağan edilməsi, maddi və mənəvi ziyan) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və X6 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh1, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “tikililərə müdaxilənin və torpaq sahəsinə girişin qadağan edilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(012)-592/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh1 qarşı “tikililərə müdaxilənin və torpaq sahəsinə girişin qadağan edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı məxsus torpaq sahəsinə girişinə və müəyyən hərəkətlər etməsinə qadağaların qoyulması, cavabdehin torpaq sahəsinə dair əldə etdiyi qanunsuz və əsassız torpaqayırma sənədlərinin ləğv edilməsi və cavabdeh tərəfindən vurulmuş zərərin miqdarının ekspert tərəfindən hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 40853 manat maddi və 20000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Daha sonra, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətindəki torpaq sahəsində olan tikililərə müdaxilələrin və torpaq sahəsinə girişin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər İddiaçı qaynatası X11 faktiki sahibliyində olmuş ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş tikililər hazırda, iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinin ölçüləri ayrıc aktından göründüyü kimi, 20x50 m ölçüdə sxematik planda nişanlanaraq təhvil verilmiş və həmin torpaq sahəsi üzərində tikilmiş tikililər faktiki mövcuddur, lakin həmin tikililər Cavabdeh1 tərəfindən heç bir əsas olmadan sökülüb-dağıdılmış, nəticədə, hüquq və qanuni mənafelər cavabdeh tərəfindən pozulmaqda davam etmişdir. X19 uzun illərdir ki, faktiki sahiblik etdiyi əmlak barədə bildirmişdir ki, bu torpaq sahəsində fərdi yaşayış evi tikdirdikdən sonra qardaşı Cavabdeh1 yaşadığı hissədə təsərrüfat otaqları tikmiş, orada ev üçün lazımi əşyaları, alət və avadanlıqlar, toyuq-cücə saxlamışdır. Cavabdeh1 rayonda iş tapmadığından Bakı şəhərinə işləmək üçün gəlmiş, yaşamaq üçün yeri yox idi, həmin təsərrüfat otaqlarını təmir edərək qardaşı Cavabdeh1 müvəqqəti yaşamaq üçün vermişdir. Cavabdeh1 imkan edərək yaşadığı təsərrüfat otaqlarını yenidən təmir edərək hazırki vəziyyətə gətirmişdir. Sonradan, cavabdeh evi satmaq fikrində olduğundan aralarında söz-söhbət olmuş, Cavabdeh1 həyətdən çıxarmaq istədikdə o, mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi də daxil olmaqla 0.0491 ha torpaq sahəsinin onun mülkiyyətində olması barədə sərəncamın arxiv surətini və torpaq sahəsinə dair X1 planından çıxarışın surətini Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısı vasitəsilə iddiaçının qaynatasına təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sənəd qanunsuz və saxtadır, lakin polisin həmin sənədi təqdim etməsi xeyli şübhə doğurmuş, ona görə vəkillə məsləhətləşməli olmuşdur. Bir torpaq sahəsinə iki sənədin verilməsi mümkün deyildir. Cavabdeh1 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra nümayəndəliyinin Xırdalan Südçülük-tərəvəzçilik sovxozuna aid torpaq sahəsindən xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı ilə ayrılan 0.10 ha torpaq sahəsi cavabdeh tərəfindən satıldıqdan sonra cavabdeh həmin sərəncamın arxiv surətinə qanunsuz dəyişikliklər etmiş, Masazır Bələdiyyəsini aldatmış, Bələdiyyədən iddiaçının qaynatasına aid torpaq sahəsinin bir hissəsinə və Xırdalan-Masazır mərkəzi yolunun bufer zonasında (əvvəllər Abşeron Rayon Suvarma İstehsalat Birliyinin balansından müəssisənin işçilərinə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış) olan torpaq sahəsinin bir hissəsinə yerquruluşu planından çıxarış alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon 4 saylı Ərazi İdarəsini aldatmaq istəmiş, lakin sənədlər düzgün olmadığından torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh1 əldə etdiyi natamam və qanunsuz 0.0491 ha torpaq sahəsinə dair sənədləri əlində rəhbər tutaraq polis və müxtəlif şəxsləri aldatmışdır. Sorğularla müraciət etdikdən sonra məlum olmuşdur ki, cavabdeh rəsmi sənədləri saxtalaşdırmaqla mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsini və XırdalanMasazır mərkəzi yolunun bufer zonasının bir hissəsini mülkiyyətinə keçirmək istəsə də torpaq sahələrinin dövlət qeydiyyatına alınmasına və çıxarış əldə etməyə müvəffəq ola bilməmiş, lakin əldə etdiyi saxta sənədlərlə iddiaçının qaynatasını, Masazır Bələdiyyəsini, Abşeron Rayon Polis İdarəsini, Abşeron rayon Prokurorluğunu və torpaq sahəsini alan şəxsi aldatmış, nəticədə, mülkiyyətdə olan torpaq sahəsindəki əsaslı tikintiləri söküb dağıtmaqla ailəyə 50000 manat zərər vurmuşdur. Cavabdeh ilkin növbədə, ona yaxşılıq edən qardaşı X12 aldatmış, fərdi yaşayış evində müvəqqəti yaşamaq adı ilə sonradan ona qarşı çıxmaqla özünü qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi kimi “tanıtmışdır” (saxta sənədlərlə), qardaşını əsəbləşdirmişdir. Köhnə arxiv sənədlərinə düzəlişlər edərək bələdiyyəni aldatmış, torpaq sahəsinə dair sərəncamın olduğunu bildirmiş və bələdiyyədən torpaq sahəsinə dair yerquruluşu planından çıxarış almışdır. Masazır Bələdiyyəsi hadisəni bildikdən sonra bələdiyyə tərəfindən verilən sənədi ləğv etmişdir. Cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarını aldatmağa müvəffəq ola bilməmiş, lakin natamam sənədləri təqdim edərək torpaq sahəsinin mülkiyyəti olduğunu inandırmışdır. Mülkiyyətdə olan torpaq sahəsində tikilən tikililəri söküb dağıtmaqla cavabdeh tərəfindən külli miqdarda zərər vurulmuşdur. Həyətyanı sahədə olan yaşıllıqları məhv etmiş, ağacları doğramışdır. Cavabdeh Abşeron Rayon Polis İdarəsində qeyd edilənləri izahatında göstərmişdir. Cavabdeh dövlət sənədlərində qeyri-qanunilik etdirməklə hüquqları və qanuni mənafeləri əsaslı surətdə pozmuşdur. Cavabdeh əmlakı qaytarmaq əvəzinə, həmin əmlakı sökərək dağıdır, nəticədə, zərər vurmuşdur. Halhazırda, tikinti materialının dəyərinin maksimuma çatdığı bir dövrdə cavabdeh əmlakı sökərək tikinti materiallarını yararsız vəziyyətə salmışdır. Mülkiyyətə aid olan torpaq sahəsinin qərarı xx.xx.1988-ci il tarixdən qəbul olunaraq torpaq ayrıc aktı ilə təhvil verilmişdir. Mülkiyyətçilər dəyişsə də ayrılmış torpaq sahəsinin ölçüləri dəyişmir. Cavabdeh əvvəllər ona qardaşı X19 tərəfindən müvəqqəti sığınacaq kimi verilən mülkiyyət hüquqlu torpaq sahəsində tikilən tikililəri dağıtmaqla məşğuldur. Qarşılıqlı iddia ərizəsində yazılanlar isə həqiqəti əks etdirmir, ilkinin tələbin ödənilməsinə yönəlməmişdir. Qarşılıqlı və ilkin iddia ərizələri arasında qarşılıqlı əlaqə yoxdur. Cavabdeh1 qardaşı X9 istifadə edərək dövlət sənədlərində qeyriqanunilik etməyə səy göstərmiş, lakin sənədlərinin qanunsuz olması səbəbindən geri qaytarılmışdır. Xırdalan Südçülük-tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara torpaq sahəsi Xırdalan-Masazır yolunun sol hissəsində ayrılmış, cavabdehə də həmin sahədən torpaq sahəsi ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsini neçə illər bundan əvvəl satmışdır. Cavabdeh yaşadığı ünvanı düzgün qeyd etməmişdir. Həmin tikililər vaxtilə X13 məxsus olmuş, hal-hazırda, iddiaçının mülkiyyətindədir. Həmin ərazidə iddiaçı heç bir söküntü işləri aparmamış, cavabdehin polis idarəsində verdiyi izahat və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən, cavabdehin özünün sökdüyü bildirilmişdir. Cavabdehin qeyd etdiyi ərazidə ona aid heç bir əmlak yoxdur, həmin torpaq sahəsinin bir hissəsi iddiaçının mülkiyyətindədir, bir hissəsi də zəbt olunmuş, yolun bufer zonasına aiddir, otaqları X19 tikərək qardaşı Cavabdeh1 küçədə qalmasın deyə, müvəqqəti yaşayış üçün vermişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmədiyindən, cavabdehin mülkiyyətində torpaq sahəsi olmadığından, cavabdehə heç bir maddi və mənəvi zərər vurulmadığından qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra nümayəndəliyinin Xırdalan Südçülük-tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara fərdi ev tikmək üçün verilən torpaq sahələrindən xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı ilə torpaq sahəsi ayrılmış və o, həmin ildə özünə ev tikərək hal-hazıra kimi orada ailəsi ilə birlikdə yaşamışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Cavabdeh1 ilə birlikdə qonşuluqda yaşayan qardaşı X19, gəlini İddiaçı və oğlu Cavabdeh2 onun qarşısını kəsərək özünə məxsus torpağı və evi başqa adam satsa da ona külli miqdarda maddi ziyan vuracaqlarını, evini sökəcəklərini bildirmişlər. O, irad bildirmiş, onlarla qonşu olsa da münasibəti yaxşı deyildir. İlkin iddiaçı Cavabdeh1 təsir edib onun torpağını və evini ucuz qiymətə almaq, sonra baha qiymətə satmaq istəmişlər. Onlar tez-tez Cavabdeh1 evinin onların torpağının qarşısını kəsdiyindən torpağı baha qiymətə sata bilmədiklərini bildirmişlər. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən evini və torpağını başqası ilə alqı-satqı etmək istərkən iddiaçılar onun evdə olmamasından istifadə edib ona məxsus fərdi evin üst örtüyünü sökmüş və divarı uçurmuşlar. Alqı-satqı etmək istədiyi müştəri bu halı görüb alqı-satqıdan imtina etmiş, nəticədə, İddiaçı və A.Nağıyev 40853 manat maddi ziyan vurmuşlar. Cavabdeh1 şikayət edəcəyini bilib ondan polisə şikayət edərək göstərmişlər ki, guya Cavabdeh1 onlara məxsus evi sökmüşdür. Bundan başqa, iddiaçılar Cavabdeh1 və ailəsinin işgüzar nüfuzuna xələl gətirərək haqqında nalayiq sözlər işlətməklə, heç bir haqqı olmadan polisə verməklə külli miqdarda mənəvi ziyan vurmuş, onlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olmuşlar. Bu səbəbdən də, mənəvi zərərin miqdarını 20000 manat məbləğində qiymətləndirir. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
6. İlk iddia üzrə İddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
7. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsində yazılanlar həqiqəti əks etdirmir, yazılanlar yalan və böhtan xarakterlidir. Qarşılıqlı iddia ərizəsi yalanlar üzərində yazıldığından qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlməmişdir. Qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə yoxdur, ilkin iddianın tam və qismən təmin edilməsini aradan qaldırmır, qarşılıqlı iddianın baxılması mübahisələrə baxılmasının ləngidilməsinə, məhkəmənin vaxtının boş yerə alınması ilə nəticələnəcəkdir. İlkin iddia üzrə Cavabdeh1 cinayətə cəhd etməsinin açıqlanması ilə nəticələnə bilər (dövlət sənədlərinə qanunsuz düzəlişlərin aparılması ilə yeni torpaq sahəsi ayırma sənədinin düzəlməsinə cəhd...). İlkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsində bildirir ki, iddiaçı ilə qonşuluqda yaşadığımız fərdi yaşayış evinin torpaq sahəsini ona Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 28 saylı Sərəncamı əsasında ayrılmışdır. Həmin torpaq sahəsi X3 ayrılmışdır, həmin sahə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli, 17/867-10 nömrəli məktubuna əsasən Abşeron Rayon Suvarma İstehsalat Birliyinin fəhlə və mütəxəssisləri üçün fərdi ev tikmək məqsədilə hər ailəyə 0,10 ha hesabı ilə, 50 ailəyə 5 ha Xırdalan südçülük sovxozunun balansından çıxarılaraq verilmişdir. İlkin iddia ərizəsində dəqiqliklə göstərilmişdir, sənədlər də əlavə olunmuşdur. Cavabdeh1 qaynatası (onun qardaşı) Nağıyev Alimdən istifadə edərək dövlət sənədlərində qeyri-qanunilik etməyə səy göstərmiş, lakin yarı yolda 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sənədlərinin qanunsuz olması səbəbindən geri qaytarılmışdır. Bu haqda ilkinin iddia ərizəsində Masazır bələdiyyəsinin həmin sənədləri ləğv etməsi barədə protokol və məktubu subutdur. Şəxs qanunsuzluq edərək sənədlərdə düzəlişlər aparmış, bələdiyyə və dövlət təşkilatlarını aldatmaq istəmişdir,üstü açılaraq biyabır olmuşdur. Bildirir ki, X2 sovxozunda işləyən fəhlə və qulluqçulara torpaq sahəsi Xırdalan-Masazır yolunun sol hissəsində ayrılmışdır, cavabdehə də həmin sahədən torpaq sahəsi ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsini neçə illər bundan əvvəl satımışdır. Onlar yaşadığı ev qaynatasına aid toyuq-cücə saxlanılan və yardımçı tikililər olub, qaynatası cavabdehə həmin otaqları müvəqqəti yaşayış üçün vermişdir. Cavabdeh yaşadığı ünvanı düzgün qeyd etməyibdir. Həmin tikililər vaxtilə qayınatası X13 məxsus olub, hal-hazırda onun mülkiyyətindədir. Həmin ərazidə biz heç bir söküntü işləri aparmamışlar. Cavabdehin Abşeron Rayon Polis İdarəsində verdiyi izahat və Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli, HK-1/8903 saylı toplanmış material üzrə Qərara əsasən cavabdehin özünün sökdüyü bildirilir, böhtandır, yalan ifadədir (Qərar 3 səhifədə, izahat 2 səhifədə Etiraz etməyə əlavə olunur). Cavabdehin qeyd etdiyi ərazidə cavabdehə aid heç bir əmlak yoxdur, həmin torpaq sahəsinin bir hissəsi onun mülkiyyətindədir, bir hissəsi də zəbt olunub, yolun bufer zonasına aiddir, otaqları qayınatası X19 tikərək qardaşı Cavabdeh1 küçədə qalmasın deyə, müvəqqəti yaşayış üçün ona vermiş və hazırda həmin tikintiləri və torpaq sahəsini geri qaytarır. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmədiyinə, yalan olduğuna və cavabdehin mülkiyyətində torpaq sahəsinin olmamasına, cavabdehə tərəfindən heç bir maddi və mənəvi zərər vurulmadığına görə hörmətli məhkəmədən Cavabdeh1 sənədləri korrektə edərək özünə torpaq sahəsinə dair sənəd düzəltməyə dair cəhd etməsi barədə prokurora məlumat verilməsi (ilkinin iddia ərizəsindəki sənədlər üzrə) və qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 balaca qardaşıdır. 1990-cı ildə Əlvan adlı şəxsin 10 sot yeri olmuşdur. O, həmin yerdə ev tikmiş, o vaxtdan da problem yaranmışdır. İddiaçı Alim Nağıyevin gəlini olmaqla onun uzaq qohumudur. İddiaçı həmin yerdə ev tikməmiş, yalnız darvaza və çən qoymuşdur. Sonradan o, kənardan ev tikməyə başlamışdır. Evin tikintisini o, fəhləlik işlərini isə qardaşı aparmışdır. 10 sot torpaq sahəsi hasara alınmışdır. Alimin yaşadığı ev onun evidir. Mübahisə olmasın deyə, o, həmin yaşayış sahəsini tərk etmişdir. Torpaq sahəsinə dair qərar olmuş, tikilinin isə hər hansı bir sənədi yoxdur. Eşitdiyinə görə, çıxarış sonradan indiki bələdiyyədən alınmışdır. Torpaq sahəsi isə Əlvan Rüstəmovun adınadır və həmin torpağın Cavabdeh1 aidiyyəti yoxdur. Qardaşının torpaq sahəsi 1996-cı ildə kənd sovetindən qərar əsasında alınmışdır. İddiaçıya məxsus torpaq sahəsindəki tikili kimsəyə məxsus deyildir və həmin evdə Alim Nağıyev yaşayır. Qardaşının evi isə hasardan kənardadır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun sinif yoldaşının atasıdır və o, Abşeron rayonu Masazır kəndində yaşamaqla yaxın ərazidədirlər. O, Cavabdeh1 1998-ci ildən tanıyır. 2003-cü ildən gedişgəlişləri var. Alim Nağıyevi isə sonradan tanımışdır. Bildiyi qədərilə, evləri sökülmüş və Elnurdan soruşduqda isə evi Alim Nağıyevin sökdüyünü bildirmişdir. Deməsinin səbəbi isə sinif yoldaşının kirayə ev axtarması idi. Həmin ev Cavabdeh1dur. Torpaq sahəsinin sənədi var və onu bir dəfə görmüşdür. Sözügedən sənəd daşınmaz əmlakın çıxarışı idi. Həmin sənəd A4 formasında kağız şəklində olmaqla onu sinif yoldaşı Elnur göstərmişdir. Həmin evi o, özü təmir etmişdir. Özü usta işləyir. Sinif yoldaşı Elnur ilə 25 ildir ki, dostdur. Ona görə də ailəsi ilə bağlı məlumatları bilir. İddiaçı məxsus torpaq sahəsinin olması barədə məlumatı yoxdur.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsi 0.10 ha torpaq sahəsində yerləşən 374 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 246 saylı reyestr kitabının 88 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********29-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
11. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli F-396 saylı arxivdən çıxarışdan görünür ki, Abşeron RİH başçısının Masazır kəndi nümayəndəliyi üzrə 28 saylı xx.xx.1996-cı il sərəncamına əsasən, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin Xırdalan Südçülük-tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara verilən həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikdirilməsi haqqında Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun xx.xx.1994-cü il tarixli 35 №-li məktubu ilə Cavabdeh1 torpaq sahəsinin naturada bölgüsünü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə ev tikdirməsini məqsədəuyğun hesab etmişdir.
12. Masazır Bələdiyyəsi tərəfindən verilmiş “xx.xx.2022-ci il tarixli iclasın 20 saylı protokolunun 04 saylı qərarından çıxarış”dan görünür ki, Masazır bələdiyyəsinin ümumi iclası gündəlikdə olan “Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeti olan 0.0490 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi barədə” məsələyə baxaraq və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5 və 9.1-ci maddələrini rəhbər tutaraq qərara almışdır: 1.1. Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeti olan 0.0490 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsinin satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmışdır. 1.2. Masazır bələdiyyəsinin inzibati ərazi vahidində yerləşən 0.0490 ha torpaq sahəsinə dair aidiyyəti qurumlardan qanuna müvafiq qaydada sənədlərin alınması təmin edilmişdir. 1.3. Bələdiyyənin satışı məqsədilə müsabiqəyə çıxarmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi 4 saylı Abşeron Ərazi idarəsindən xahiş edilmişdir.
13. Azərbaycan Respublikası Abşeron rayonu Masazır Bələdiyyəsinin 10 oktyabr 2022-ci il tarixli iclasın 26 saylı protokolunun 7 saylı Qərarından çıxarışdan görünür ki, Masazır Bələdiyyəsinin ümumi iclası gündəlikdə olan “vətəndaş Cavabdeh1 0,0491 ha tirpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı təqdim etdiyi yerquruluşu planından çıxarışa dair” məsələyə baxılmış və Qərara alınmışdır: 7.1. Vətəndaş Cavabdeh1 0,0491 ha bağlı torpaq sahəsinin sənədləşdirilməsinə dair təqdim etdiyi yerquruluşu planından çıxarış etibarsız hesab edilsin və hüquqi nəticələr ləğv edilsin. 7.2. Vətəndaş Cavabdeh1 0,0491 ha bağlı torpaq sahəsinin sənədləşdirilməsinə dair təqdim etdiyi yerquruluşu planından çıxarışın etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi ilə bağlı qərar qanunvericiliyə müvafiq olaraq tədbir görülməsi məqsədi ilə müvafiq icra qurumlarına və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi müraciət olunsun. 7.3. X1 planından çıxarışın etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi ilə bağlı vətəndaş Cavabdeh1 oğıu məlumatlandırılsln. 7.4. Qərarın icrası sektor müdürü Səma Əliyevaya həvalə edilsin. 7.5. Qərara nəzarət Bələdiyyə sədri Rüfət Fətullayevə həvalə edilsin.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********6 saylı məktubdan görünür ki, Cavabdeh1 adına Abşeron rayonu inzibati ərazi vahidi üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır.
15. Masazır Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/01-04/271 saylı məktubdan görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun”un 9.2-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edilir. Bu baxımdan, Cavabdeh1 mülkiyyətinə bələdiyyə tərəfindən torpaq sahəsinə dair torpaqayırma sənədləri verilməmişdir.
16. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 25 oktyabr 2022-ci il tarixli Qərardan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 102 xidmətinə müraciət edərək qardaşı Alim Nağıyevin yaşadığı evin hasarını zədələməklə ona 200 manat məbləğində maddi zərər vurmasına dair şikayət etmişdir. Qərarın məzmunundan görünür ki, şikayətdə göstərilən xüsusatlar, yəni sözü gedən hasarın Aim Nağıyev və Cavabdeh2 tərəfindən sökülməsi barədə göstərilənlər öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin göstəilmişdir ki, bu xüsusatı şikayətçinin özündən başqa kimsə təsdiqləməmiş, faktın sübuta yetirilməsi ilə bağlı əsaslı dəlillər müəyyən edilməmişdir.
17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 07- 159/22 saylı rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən, Cavabdeh1 istifadəsində olan birmərtəbəli kürsülü 4 otaqlı fərdi yaşayış evində İddiaçı və X20 tərəfindən aparılmış söküntü nəticəsində dəymiş zərərin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 40853.5 manat müəyyən olunmuşdur.
18. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01- 162/22 saylı rəydən görünür ki, Cavabdeh1 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamına və Abşeron rayonu X1 planından çıxarış sxeminə əsasən ayrılmış 0.0491 ha torpaq sahəsinin hal-hazıra kimi Cavabdeh1 faktiki olaraq 1 mərtəbəli kürsülü 4 otaqlı fərdi yaşayış evi tikib inşa etdiyi ünvan 3 ünvanında yerləşən torpaq sahəsi ilə eyni ərazilərdir.
19. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı, Nağıyev X14 rayonu Masazır ərazi dairəsi Masazır kəndi Ə.Vahid küçəsi 374 saylı evdə, Cavabdeh1 isə Abşeron rayonu Masazır kəndində qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
20. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(012)-592/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ilkin iddia ərizəsinin təmin edilməsi, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən tikililərə müdaxilə edilməsi və torpaq sahəsinə girişin Cavabdeh1 qadağan edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 180.1 və 180.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1, 14.2, 217.4, 218.3, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
22. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(012)-592/2023 nömrəli qətnaməsi ilə razılaşmayan ilkin iddia üzrə Cavabdeh1 qətnamənin ləğv edilməsini, iş üzrə ilkin iddianın mübahisə olmadığından baxılmamış saxlanılması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən inşa edilmiş, lakin sonradan söküldüyünü iddia etdiyi fərdi yaşayış evinin sökülməsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ilkinin iddiaçıdan tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv baxaraq iş üzrə tədqiq olunan sübutlar əsasında müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 izahatında cavabdehə məxsus tikilinin ilkinin iddiaçıya məxsus torpaq sahəsinin ərazisinə düşdüyünü, şahid qismində dindirilmiş cavabdehin qardaşının ifadəsi əsasında isə tikilinin ilkinin iddiaçının torpaq sahəsinin ərazisinə düşmədiyi müəyyən olunmuşdur. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi əsasında tikilinin sonuncunun torpaq sahəsi ilə eyni ərazidə yerləşməsi müəyyən olunsa da, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin isə ilkinin iddiaçıya məxsus olan torpaq sahəsinin daxilində yerləşməsi, başqa sözlə üst-üstə düşməsi müəyyən olunmamış, qarşılıqlı iddiaçı həmin tələb üzrə mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təqdim etməmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçı həmin tələbi üzrə istinad etdiyi halı təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin tələb üzrə - sübutetmə vəzifəsi də məhz qarşılıqlı iddiaçının üzərinə düşür. Ona görə də təqdim olunmuş mütəxəssis rəyi natamam sübut kimi nəzərə alınaraq şahid ifadəsi isə ziddiyyət yaratdığından ümumiyyətlə, mötəbər sübut kimi nəzərə alınmır. O, cavabdehə məxsus 10 sot torpaq sahəsinə onun heç bir aidiyyatı olmamasını, ora girib çıxmamasını, qanunla ona fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsində tikdiyi 4 otaqlı kursülü evdə yaşamasını göstəmişdir. İlkin iddiaçıya məxsus 10 sot torpaq sahəsini cavabdehin və digər şəxslərin müdaxilə etməsini tərəflər izahatında təsdiq etsələr də, bu barədə "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ona məxsus 4 otaqlı kursülü ev xx.xx.1996-cı il tarixli 28 saylı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam əsasında ayrılmış 0,049 ha torpaq sahəsi onun adına yer quruluşu çıxarışı sxemi ilə ayrılmış torpaq sahəsindədir. Məhkəmənin hansı əsasla sübutları bu cür ziddiyətli hesab edib, əsassız yerə qəbul etməməsi anlaşılmazdır və qanunsuzdur. Qarşılıqlı cavabdehlər dəfələrlə onu və onun ailə üzvlərini heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə insanların gözü qarşısında döyərək xəsarətləndirilməsi onlara mənəvi iztirah və əziyyətlər vermişdir. Bununla da məhkəmə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tədbiq edilməməsi ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmaması ilə xarakterizə olunduğundan ləğv edilməli, ilkinin iddia üzrə mübahizə olmadığından qətnamə həmin hissədə ləğv edilməli, qarşılıqlı iddia təmin edilməli, ilkinin iddia isə baxılmamış saxlanılmalıdır. Məhkəmənin iddiaçının mövqeyində duraraq əsassız və qanunsuz qətnamə qəbul etməsinin əsas hallarından biri də məhkəmə çıxşı zamanı vəkil və nümayəndə Vəkil2 Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsini təqdim etsə də, məhkəmə qanunn tələbinə zidd olaraq sənədi qəbul etməkdən imtina etmiş və qətnamədə bu barədə heç bir cümlə yazmamışdır. Həmin qətnamədə ona ayrılmış 0,0491 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmənin qətnaməsi ilə gəldiyi nəticə, işin halları və təqdim edilmiş sübutlarla üst-üstə düşmədiyindən, işin hallarına uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
25. İlk iddia üzrə Cavabdeh1 və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər.
26. İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh tez-tez iddiaçıya məxsus torpaq sahəsi və evə gələrək evin ona məxsus olduğunu deyir, ayrı-ayrı şəxsləri gətirərək evi satmaq istədiyini bildirir, bununla da iddiaçının mülkiyyətinə müdaxilə edir. Qeyd edilən hərəkətlərin qarşısının alınması üçün müdaxiləyə son qoyulmalı və torpaq sahəsinə girişi qadağan edilməlidir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi ilkin iddia üzrə Cavabdeh1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111. (1 və 2 bənd) Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
32. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarı: Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(012)-592/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdiriləmədən saxlanılmalıdır.
35. Belə ki, məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan -Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı məxsus olmaqla bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı maneələrin aradan qaldırılmasına dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsində cavabdehin tikililərə müdaxiləsinin və torpaq sahəsinə girişinin qadağan edilməsini, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 isə mübahisəli torpaq sahəsində tikilinin sökülməsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
36. Birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gələrək, bu mövqeyini ilkin iddianın əsaslı olması, mülkiyyət hüququnun dövlət tərəfindən qorunması və mülkiyyətə müdaxilənin yol verilməz olması, qarşılıqlı iddianın mötəbər sübutlarlarla sübuta yetirilməməsi ilə əsaslandırmışdır.
37. İlkin iddia üzrə cavabdeh, qaşılıqlı iddia üzrə iddiaçı məhkəmə qətnaməsi ilə razlaşmayaraq apellyasiya şikayəti vermişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə ilkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
41. Kollegiya apellyasiya şikayətinə münasibət bildirərək hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin apellyasiya şikayəti əsassızdır.
42. Şikayətin ilk dəlili ondan ibarətdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tədbiq edilməməsi ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması göstərilmişdir.
43. Şikayətin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Şikayətin dəlili formal olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
44. Şikayətin başqa bir dəlili tikiliyə və torpaq sahəsinə müdaxilələnin olmaması, bu baxımdan ilkin iddianın baxılmamış saxlanılması ilə bağlıdır.
45. Bu dəlilli də məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, araşdırma zamanı ilkin iddia üzrə iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh tez-tez iddiaçıya məxsus torpaq sahəsi və evə gələrək evin ona məxsus olduğunu iddia edir, ayrı-ayrı şəxsləri gətirərək evi satmaq istədiyini bildirir, bununla da iddiaçının mülkiyyətinə müdaxilə edir. Qeyd edilən hərəkətlərin qarşısının alınması üçün müdaxiləyə son qoyulmalı və torpaq sahəsinə girişi qadağan edilməlidir.
46. Şikayətin digər dəlili təqdim edilmiş mütəxəssis rəylərinin məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlıdır.
47. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edir və bildirir ki, həmin mütəxəssisə rəyləri əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul edilə bilməz. Çünki həmin rəylər qanunvericiliyin göstərişinə əsasən müəyyən edilmiş – torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s. özündə əks etdirən sənədlərə əsaslanmır. Həmçinin maddi zərərin hesablanmasına dair rəydə söküldüyü iddia edilən tikilinin mövcud vəziyyəti üzrə dəyərləndirilmə aparılmış, həmin tikilinin lahiyə-smetası, əvvəlki vəziyyətinə dair məlumatlar öz əksini tapmamış, adlı çəkilən sənədlər müqaisəli təhlili obyekti olmamışdır.
48. Məhkəmə kollegiyası araşdırması həmçinin müəyyən edildi ki, Cavabdeh1 tərəfindən evinin hasarının qardaşı Alim Nağıyev tərəfindən sökülməsi ilə bağlı şikayət edilmiş, lakin həmin fakt öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəfin hasarın zədələnməsi ilə bağlı şikayət etdiyi halda kifayət qədər maddi dəyər daşıyan evin söküntüsü ilə bağlı şikayət etməməsi, ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edənədək belə bir faktı mübahisələndirməməsi özlüyündə əsaslı şübhə yaratmaqla, iş üzrə toplanmış sübutlarla təsdiqini tapmır.
49. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, apellyator məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd və s. təqdim edə bilməmişdir.
51. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(012)-592/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.