Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1205/2023 18.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikah dövründə əldə etdikləri Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin ½ hissə payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(068)-9/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-329A, kod 30602016 nömrəli şəhadətnaməyə əsasən, Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0,14 ha torpaq sahəsi Xızı rayonu, Altıağac qəsəbə sakinləri Cavabdeh, İddiaçı, X10, X9 və X6 mülkiyyətinə verilmişdir.
2. Xızı rayon qeydiyyat şöbəsi tərəfindən 23 dekabr 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 085422 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh İddiaçı ilə olan nikahı 23 dekabr 2008-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış 27 aprel 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, respublika ərazisinin mövcud arxiv materiallarına əsasən Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi JN-329A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 11 iyun 2001-ci il tarixdə Cavabdeh 5 nəfər ailə üzvü ilə ümumbirgə paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Xızı rayonu, Xızı qəsəbəsi ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi JN-437H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 05 oktyabr 2005-ci il tarixdə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əmlak üzərində həbs qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28 mart 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, onun Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsi üzərində əvvəllər yaranmış hüququn tanınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmadığından və hüququnun tanınması üçün əsas olan JN-329A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi idarənin arxiv şöbəsində aşkar edilmədiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.
5. Xızı rayon dövlət notariat ofisində 04 oktyabr 2004-cü il tarixdə 4Ə-46 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2004-cü il tarixli, 224832 nömrəli müqaviləyə əsasən Cavabdeh Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış sahəsi 23,6 kv.metr, köməkçi sahəsi 6,8 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini X1. Notariat işində olan İddiaçı tərəfindən Xızı rayon dövlət notariat kontoruna ünvanlanmış ərizədə göstərilmişdir ki, “bildirirəm ki, həyat yoldaşım Cavabdeh Xızı rayonu Altıağac qəsəbəsində yerləşən 2 otaqlı evin satılmasına heç bir etirazım yoxdur.”
6. Xızı rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun və inventar iş nömrəsi 386 olan qeydiyyat vəsiqəsinin surətlərinə əsasən, Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış sahəsi 23,6 kv. metr, köməkçi sahəsi 6,8 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X3 adına reyestr kitabında 1010A nömrə ilə qeydiyyata alınmışdır.
7. Xızı Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2009-cu il tarixli, 138 nömrəli tikintiyə icazə verilməsi barədə sərəncama əsasən X4 Xızı rayonu, Altıağac qəsəbəsində aldığı 2 otaqlı köhnə yaşayış evinin sökülərək yerində yeni fərdi yaşayış evinin tikintisinə rayon icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti bölməsi tərəfindən razılaşdırılmış layihə əsasında icazə verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin ½ hissə payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xızı rayonu, Altıağac qəsəbə sakinləri - Cavabdeh, İddiaçı, X9, X10 və X7 Xızı rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0,14 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ümumbirgə torpaq sahəsi hesab edilir. Torpağın onların ümumbirgə mülkiyyətlərinə dair Xızı rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı əsasında JN-329A saylı, 30602016 kodlu şəhadətnamə mövcuddur. İddiaçı cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsində payların müəyyən olunması barədə ilkin mediasiya sessiyasından xx.xx.2022-ci il tarixdə keçmiş, lakin cavabdehə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məktub göndərilməklə poçt vasitəsi ilə məlumatlandırılsa da, əmlak tələbi barədə mübahisə üzrə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə imtina məktubu göndərilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmadığından və hüququnun tanınması üçün əsas olan JN-329A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi idarənin arxiv şöbəsində aşkar edilmədiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın olub-olmaması barədə xx.xx.2022-ci il tarixli, **********41 nömrəli sorğunun cavabında bildirilir ki, respublika ərazisinin mövcud arxiv materiallarına əsasən, Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi JN-329A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 11 iyun 2001-ci il tarixdə Cavabdeh 5 nəfər ailə üzvü ilə ümumbirgə paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Xızı rayonu, Xızı qəsəbəsi ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə JN-437H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 05 oktyabr 2005-ci il tarixdə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmçinin əmlak üzərində həbs qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində heç bir pay müəyyən olunmadığına görə onların birgə mülkiyyətidir. Həmin torpaq sahəsindən ailə üzvlərinin hamısının istifadə etmək hüququ vardır. Hal-hazırda ayrı yaşadıqları üçün iddiaçının həmin torpaqdan istifadə hüququ tam məhdudlaşdırılmışdır. Bu səbəbdən də, iddiaçı Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsində ona düşən 2/3 hissə payın ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh özü də təsdiq edir ki, həmin vaxt torpaq sahəsi deyil, ancaq ev satılmışdır. Evin satılmasında və alğı-satqısında olan imzanın iddiaçıya məxsus olmasını isə dəqiq bilmir. Hər halda məhkəməyə təqdim olunan sənədlərdə onu dəqiqləşdirmək olar. Lakin dövlət arxivindən verilən cavab məktubunda xüsusilə qeyd edilmişdir ki, həmin sənədlər dövlət arxivinə təhvil verilməmişdir. Yəni sənədlər Xızının özünün arxivindədir, həmin sənədlər dövlət arxivindən çıxmamışdır. Sadəcə şəhadətnamə alınıb verilmişdir.
11. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, bütün sənədləşmə işləri qanun çərçivəsində olmuşdur. Belə ki, ev satılan vaxtı onların münaqişəsi olmamış, mehriban bir ailə olmuşlar. Alğı-satqı tam razılıq ilə olmuş və iddiaçı razılıq ərizəsinə qol çəkmişdir. Çünki bu məcburi yox, könüllü olan bir iş olmuşdur. Onların ailəsi sonradan dağılmışdır. Yəni bu işə aidiyyatı olmamışdır. İddiaçı özü də bilir ki, razılıq ərizəsi vermiş və sonra ev satılmışdır. Satandan sonra evdə bir neçə ay yaşamışlar, daha sonra isə evi təhvil verib çıxmışlar. Təxminən bundan 1 ilə yaxın vaxt keçəndən sonra 2005-ci ildə onlar ayrılmışlar. 3 il ayrı yaşadıqdan sonra 2008-ci ildə nikahın pozulması üçün məhkəməyə verilmiş və nikahları pozulmuşdur. 2020-ci ilə qədər uşaqlar onun himayəsində qalmış, qarşı tərəf isə aliment də verməmiş, 3 uşağı o, saxlamışdır. Alğı-satqı zamanı hər hansı narazıçılıq olsaydı, iddiaçı bu illər ərzində ona qarşı iddia qaldırardı. Sadəcə böyük qızı sosial yardım düzəltmək üçün müraciət edən zaman ona adlarına torpaq sahəsi olduğu bildirilmişdir. Bundan sonra, iddiaçı fikirləşmişdir ki, torpaq sahəsi adında qalıbsa, onu tələb etsin. Onlar evi satanda torpaq sahəsi ilə birlikdə satmış, həmin vaxt orada tikinti olmamış, taxta evi satmışlar. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, təxminən 20 il bundan əvvəl onun Xızı rayonunun Altıağac qəsəbəsində yaşayan qohumları qəsəbə ərazisində ev satıldığını ona bildirmişlər. O da, satılan evin sahibi Cavabdeh soraqlamış və dağdan arıları gətirərkən Yarımca yolunda görüşmüşlər. Həmin vaxt İsmandan ev satması ilə maraqlanmış və hə cavabını almışdır. Bundan sonra evə baxmaq istəmiş və razılıq əsasında evə baxmışlar. Evə daxil olanda taxta tikili olduğunu və sobanın yanında 3 nəfər uşağın oturduğunu, 1 nəfər qadının isə uzandığını görmüşdür. İsman ona uzanan şəxsin arvadı olduğunu və kefsiz olması səbəbindən uzandığını bildirmişdir. Daha sonra, razılıq əsasında evi almış və notarial qaydada alğı-satqı etmişlər. Bundan sonra İsman ondan qabaqdan qış ayları gəldiyini və icazə verərsə 5-6 ay yaşayıb, sonra evi boşaltmağı xahiş etmiş, o da razılıq vermişdir. Bir müddət sonra, evi boşaldıb ona təhvil vermişlər. Daha sonra, qanuni şəkildə icazə alıb orada yeni ev tikmişdir. Sadəcə kimlərinsə səhvinə görə alğı-satqı edəndə və çıxarış alanda torpaq sahəsi göstərilməmişdir. İddiaçı ev satıldıqdan sonra 5-6 ay orada yaşamışdır, əgər narazı idisə niyə onda şikayət etmirdi? Bütün qəsəbə sakinləri də onun evi torpaq sahəsi ilə birlikdə almasını bilir.
13. Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(068)-9/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Cabbarov) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə hüquqlar həmin evi əldə edən üçüncü şəxsə keçmiş və həmin şəxs torpaq sahəsinə üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə mülkiyyət hüququ əldə etmişdir. Bu səbəbdən, iddiaçının tələbi ilə torpaq sahəsinin ½ hissə payın naturada ayrılması qanuni və ədalətli hesab edilə bilməz.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 154.1, 154.2, 140, 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3, 17 aprel 2007-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88.3-cü maddəsinin, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinə dair heç bir rəsmi sənəd, şəhadətnamə yoxdur. Məhkəmə torpaq sahəsində evin alğı-satqısını nəzərdə tutur. Lakin bu alğı-satqı müqaviləsində də əks olunmuş imza ona məxsus deyil. Bununla da məhkəmə çəkişmə prinsipini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Maddə 245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
24. 17 aprel 2007-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri 88.3. torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0,14 ha torpaq sahəsi Xızı rayonu, Altıağac qəsəbə sakinləri Cavabdeh, İddiaçı, X10, X9 və X6 mülkiyyətinə verilmişdir. Bundan sonra, Xızı rayon dövlət notariat ofisində 04 oktyabr 2004-cü il tarixdə 4Ə-46 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə əsasən Cavabdeh həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 23,6 kv. metr, köməkçi sahəsi 6,8 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini X2 və İddiaçı da evin satılmasına razılıq ərizəsi vermişdir. Daha sonra, Xızı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 085422 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh İddiaçı ilə olan nikahı 23 dekabr 2008-ci il tarixdə ləğv edilmişdir.
29. Hazırda iddiaçı cavabdehlə birgə nikah dövründə əldə etdikləri Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin ½ hissə payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş edir.
30. Mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2004-cü il tarixli, 224832 nömrəli müqaviləyə əsasən satılmışdır. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir.
31. İş materiallarında olan şəhadətnamədən görünür ki, mübahisəli torpaq sahəsi Xızı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə 5 nəfərin mülkiyyətinə verilmişdir. Bu zaman iddiaçının həmin torpaq sahəsində ½ hissədə deyil, 1/5 hissədə payı olmuşdur.
32. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər həmin torpaq sahəsində yerləşən evdə yaşamış və 2004-cü il tarixdə birgə nikah dövründə həmin evi üçüncü şəxsə satmışlar. Alğı-satqı müqaviləsində torpaq sahəsi ilə bağlı hər hansı qeyd və qayda nəzərdə tutulmamışdır. Evə dair qeydiyyat vəsiqəsində torpaq sahəsinin ölçüsü göstərilməsə də, iş materiallarında olan həmin evə dair 1990-cı ildə tərtib olunmuş fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun surətindən görünür ki, həmin evin yerləşdiyi torpaq sahəsinin faktiki olaraq 1377,5 kv.m olduğu göstərilmişdir.
33. 17 aprel 2007-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
34. Bundan başqa, Mülki Məcəllənin 245-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 18 il ərzində - nə cavabdehlə nikahda olduğu, nə də nikahdan sonrakı 14 il ərzində həmin torpaq sahəsi ilə bağlı mübahisə açmamışdır. İş materiallarında olan notariat işinin materialları isə iddiaçının xx.xx.2004-cü il tarixli, 224832 nömrəli evin satılmasına dair müqavilədən məlumatlı olmasını təsdiq edir. Apellyasiya şikayətinin iddiaçının alğı-satqı müqaviləsində əks olunmuş imzanın ona məxsus olmadığını göstərməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, alğısatqı müqaviləsi həmin evin mülkiyyətçisi olmuş Cavabdeh və alıcı Məhərrəm Abduləzizov tərəfindən imzalanmışdır. Notariat işindən görünür ki, iddiaçı yalnız evin satılmasına dair yazılı razılıq vermişdir.
36. Mübahisə ilə bağlı izahat vermək üçün məhkəmə iddiaçını şəxsən məhkəmə iclasına çağırsa da, onun iştirakının təmin edilməsini iddiaçının vəkili və nümayəndəsinə təklif etsə də, iddiaçı məhkəmə iclasına gəlməmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
39. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(068)-9/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.