Məhkəmə qərarları › İş №2(105)-122/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-122/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-122/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı ödənilməmiş qalan əmək haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMCyə qarşı ödənilməmiş qalan əmək haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 4744/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh İddiaçı MMC ilə bağlanmış əmək müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-də tikinti materiallarının daşınması üzrə sürücü-ekspeditor vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 320 manat müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir.

2. xx.xx.2020-ci il tarixdə tərəflər arasında “Öhdəliklərin tanınması aktı” imzalanmışdır. Aktda qeyd olunur ki, qarşılıqlı öhdəliklərin üzləşdirilməsi aparılmış və xx.xx.2020-ci il tarixinə alıcı X1 İddiaçı MMC-yə 49934 manat borcu müəyyən edilmişdir. Aktın müqaviləyə əsasən tərtib olunduğu qeyd olunmasına baxmayaraq, müqaviləni tarixi, nömrəsi və məzmunu qeyd olunmamışdır.

3. Cavabdehin yazıb imzaladığı xx.xx.2021-ci il tarixli izahatında göstərilir ki, növbəti yoxlama zamanı öhdəsində olan 49510 manat məbləğdən 19480 manat pulun əskik olduğu müəyyən edilmişdir. Məlumat verir ki, həmin məbləğin 4480 manatı müştərilərlə əməliyyat zamanı yol verilmiş xətalara görə, 5000 manat məbləğində pul vəsaiti isə müştərilərin aldatmaları sayəsində itkiyə getmişdir. 10000 manat pulu özünə ehtiyacı olduğu üçün xərcləmişdir. Öhdəsində olan pulların çatışmayan 19480 manatının 15000 manat məbləğini gələcəkdə işlədiyi müddətdə hissə-hissə ödəyəcəyinə zəmanət verir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19480 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsində iddia tələbi işin yuxarıda sadalanan işin faktiki hallarına istinad edilərək belə əsaslandırılıb ki, xx.xx.2021-ci ildə cavabdehə verilən malların mövcudluğu faktı yoxlanarkən müəyyən edilmişdir ki, cavabdehə iddiaçı tərəfindən verilmiş 48.510 manatlıq materialdan 19480 manatı çatışmır. Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 10cu maddəsinin a) bəndinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyasını vicdanla yerinə yetirmək əmək müqviləsi üzrə işçinin əsas vəzifəsidir. Həmin maddənin ç) bəndinə görə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. Cavabdehin qanunsuz əməli nəticəsində iddiaçıya 19480 manat maddi ziyan dəymişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə “iddia tələbi həcminin azaldılması” barədə ərizə təqdim edərək, Cavabdeh 15000 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh İddiaçı MMC-yə qarşı ödənilməmiş qalan əmək haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ona ödənilməmiş əmək haqqının hesablanılaraq 24000 manatdan 15000 manat onun MMC-yə borcunun çıxılaraq qalan 9000 manat məbləğində əmək haqqı borcunun İddiaçı MMC-dən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə müraciəti əsasında İddiaçı MMC-yə ekspeditor vəzifəsinə işə qəbul olunmuşdur. 2019-cu ildə MMC ona 15000 manat borcu olduğunu bildirdikdən sonra buna etirazını bildirmiş, yenidən hesabat aparmağı tələb etmişdir. 2018-19-cu illər arası MMC-də əmək müqaviləsi olmadan işləmişdir. 2020-ci ildə ona müqavilə bağlamağı və borcunu işləyərək qaytarmağı təklif etmişlər. Pulun bir hissəsi açılacaq olan karta yüklənməli, digər hissəsi isə paket formasında təqdim edilməli idi. 1200 manat əmək haqqı borca tutulacağını, satılan mallardan gəlirin bir faizini ona verəcəklərini bildirmişlər. O isə məcburiyyət qarşısında qalaraq şərtlərlə razılaşmış, qeyd edilən borc onun əmək haqqından tutularaq bağlanılmışdır. Bundan sonra MMC onu aldadaraq sadə formada izahat yazdırmış, tarix olaraq aprel ayını qeyd etdirmişdir. Bundan sonra 1200 manat maaşı əmək haqqı kartı ilə alacağını bildirmişdir. 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayına qədər hər ay 1200 manat əmək haqqı maaşı hesablanaraq izahatda göstərilən 15000 manat çıxıldıqdan sonra qalan pulun (9000 manat) ona qaytarılmasını tələb edir. (1200 x 20 ay = 24000 - 15000 borc = 9000 manat)

9. Abşeron Rayon Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova, iş № 2(012)-4744/2021) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, cavabdeh iddiaçı şirkətdə sürücü-ekspeditor işinə qəbul edilmiş, onunla müvafiq əmək müqaviləsi bağlanılmışdır. Müəyyən müddət sonra cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, şirkətə maddi ziyan vurmuşdur. Şirkət hazırda ona dəyən maddi ziyanın 15000 manat məbləğində hissəsini cavabdehdən tələb edir. Cavabdeh həmin məbləği qəbul etməklə, öz növbəsində qarşılıqlı iddia tələbi irəli sürərək, ödənilməmiş qalan əmək haqqı məbləğini tələb edir.

11. Məhkəmə Mülki Məcəllənin 385.1-ci, 448.2-ci maddəsinə və Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə istinadla ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 15000 manat məbləğində ziyan vurulması işə əlavə edilən materiallarla sübut olunmaqla məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Cavabdeh öz yazılı izahatında bu halı imzası ilə təsdiq edir. Bu səbəbdən 15000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, ilkin iddia təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülən “ödənilməmiş qalan əmək haqqının ödənilməsi” tələbi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı belə hal müəyyən edilməmişdir.

13. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 385.1, 448.2, Əmək Məcəlləsinin 10-cu maddəsinin ç) bəndinə istinad etmişdir.

a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verilməmişdir. Qətnamə qəbul edərkən birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiq edilməsində səhv etmiş, tətbiq edilməli olan qanuni aktları tətbiq etməmiş, prosessual hüquq normalarına riayət etməmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-897/2022) saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, aşağı instansiya məhkəməsi tərəfindən işin araşdırılmış hallarından görünür ki, qarşılıqlı iddiaçı qeyd etdiklərini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.

18. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.

19. Göründüyü kimi, üzərinə sübutetmə yükü düşən qarşılıqlı iddiaçı mübahisələndirdiyi hissədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar təqdim edə bilmədiyindən, əksinə ilkin iddianı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları təqdim etdiklərindən, ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbini isə rədd təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən maddi hüquq normalarına istinad etməmiş, MPM-in 76.1, 76.2-ci maddələrinə istinad etmişdir.

a) kassasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, qətnamədə işin mahiyyəti ilə bağlı heç bir əsaslandırma yoxdur. Əlyazma ilə bağlı bildirir ki, pandemiya dövrü olduğu üçün işi rayonlara gedərək təsərrüfat mallarını ticarət obyektlərinə çatdırmaq olmuşdur. Həmin vaxt şirkət onun adına maaş kartı açıb kartı ona vermişdir. Həmin kartdan hər ay 1200 manat əmək haqqından tutularaq şirkətə ödənilimişdir. Əl yazmanı onu aldadaraq yazdırıblar və bildiriblər ki, bu əlyazma mühasibatlığa veriləcək ki, hesabat zamanı nəzərə alınsın ki, borclar bağlanıb və ona stabil əmək haqqı hesablansın. Həmin vaxt əmək haqqı kartı ona verilmişdir. Lakin əlyazma əsasında ona qarşı iddia qaldırılmış və əsas sübut kimi həmin əlyazmadan istifadə edilmişdir. Qarşılıqlı iddia ilə bağlı bildirir ki, əmək haqqı ona hələ ödənilməmişdir. Ziyan dəyməsi 2019-cu ildə müəyyən edilib, şirkət isə 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Ona görə ilkin iddia üzrə iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bu əsasla da ilkin iddia üzrə iddia rədd edilməli idi. Qarşılıqlı iddia üzrə bildirir ki, məhkəmə ona əmək haqqı ödənilməsi, borcun məbləği ilə bağlı araşdırma aparmamışdır. Qarşlıqlı iddia üzrə cavabdehin bir müddət onunla müqavilə bağlamadan işləməsi ilə bağlı məhkəmədə heç bir araşdırma aparılmamışdır. Halbuki, onunla işləyən onlarla işçi də onun əmək müqaviləsi bağlamadan işlədiyini təsdiq edə bilərdi. Digər tərəfdən əmək haqqı ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Ona görə də, həmin halları araşdırmaq üçün qətnamə ləğv edilərək yeni baxışa göndərilməlidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2616/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-897/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işdə nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi tərəflərin hansı hüquqi münasibətdə olmalarını, bundan asılı olaraq mübahisənin həllinə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən etməmişdir.

25. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “cavabdeh iddiaçı şirkətdə sürücü-ekspeditor işinə qəbul edilmiş, onunla müvafiq əmək müqaviləsi bağlanmışdır. Müəyyən müddət sonra cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, şirkətə maddi ziyan vurmuşdur”.

26. Məhkəmənin müəyyən etdiyi bu hal, ilkin iddia üzrə tərəflərin arasında yaranan mübahisənin işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisə olduğunu təsdiq edir. Bu halda tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. 27 Qanunvericilikdə işçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət həddi ilə bağlı xüsusi tənzimləmə normaları nəzərdə tutulub. Ümumi qaydaya görə işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. İşçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması üçün isə Əmək Məcəlləsinin 199-ci maddəsində müəyyən olunan hallar olmalıdır. Əks halda iddia tələbi təmin oluna bilməz.

28. Buna görə də məhkəmə ilkin iddia üzrə işin hallarına Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normaları əsasında qiymət verməli, bunun üçün ilk növbədə işçinin əmək müqaviləsini tələb edib yoxlamaqla onun əmək funksiyalarının konkret olaraq nədən ibarət olduğunu, tərəflər arasında tam maddi məsuliyyət daşımaq barədə müqavilənin olubolmamasını, işçinin əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul edib etmədiyini müəyyən etməli, olduğu təqdirdə tam maddi məsuliyyət haqqında müqaviləni və digər sənədləri tələb edib işə əlavə etməklə şərtlərini öyrənməli və nəticəsindən asılı olaraq qətnamə qəbul etməli idi.

29. Qarşılıqlı iddianın həlli üçün cavabdehin işlədiyi müddətdə aldığı əmək haqqı araşdırlmalı idi. Cavabdeh qarşılıqlı iddia üzrə dəlillərini təsdiq etmək üçün özündə olmadığına görə işəgötürəndən 2018-2021-ci illər üzrə əmək haqqının ödənilməsinə dair sübutların alınması barədə yazılı vəsatət vermiş, lakin məhkəmə həmin vəsatətə münasibət bildirməmişdir. İş materiallarından bu vəsatətin həll olunması müəyyən olunmur. Halbuki, qarşılıqlı iddianın həlli üçün bu vəsatətin əhəmiyyəti vardı.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

32. Maddə 154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

33. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

34. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

35. Maddə 200, 1-ci hissə. 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

36. Maddə 200, 5-ci hissə. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

37. Maddə 201. İşçinin maddi məsuliyyətini istisna edən hallar

1. İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət - sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

2. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

3. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

38. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

39. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

45. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

47. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

51. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

52. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2616/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-897/2022) saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi qismən təmin edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

55. İşdən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış əmək müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-də tikinti materiallarının daşınması üzrə sürücü-ekspeditor vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 320 manat müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir.

56. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında tam maddi məsuliyyət daşımaq barədə yazılı müqavilə olmasa da, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin direktoru X4 ilə ilk iddia üzrə cavabdeh arasında “Öhdəliklərin tanınması aktı” imzalanmışdır. Aktda qeyd olunur ki, qarşılıqlı öhdəliklərin üzləşdirilməsi aparılmış və xx.xx.2020-ci il tarixinə X3 İddiaçı MMC-yə 49934 manat ödəməli olması müəyyən edilmişdir.

57. Daha sonra X6 İddiaçı MMC-nin direktoru X2 ünvanlanan xx.xx.2021-ci il tarixli izahatında göstərmişdir ki, növbəti yoxlama zamanı öhdəsində olan 49510 manat məbləğdən 19480 manat pulun əskik olduğu müəyyən edilmişdir. Məlumat verir ki, həmin məbləğin 4480 manatı müştərilərlə əməliyyat zamanı yol verilmiş xətalara görə, 5000 manat məbləğində pul vəsaiti isə müştərilərin aldatmaları sayəsində itkiyə getmişdir. 10000 manat pulu özünə ehtiyacı olduğu üçün xərcləmişdir. Öhdəsində olan pulların çatışmayan 19480 manatının 15000 manat məbləğini gələcəkdə işlədiyi müddətdə hissəhissə ödəyəcəyinə zəmanət verir.

58. Həmin halı Cavabdeh mübahisələndirməmiş, əksinə İddiaçı MMC-yə qarşı ödənilməmiş qalan əmək haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsində də, İddiaçı MMC tərəfindən ona ödənilməmiş əmək haqqının hesablanılaraq 15000 manatın onun MMC-yə olan borcundan çıxılmasını xahiş etmişdir. Yəni, Cavabdeh İddiaçı MMC-yə 15000 manat məbləğində pul ödəmək öhdəliyinin olmasını faktiki etiraf etmiş, hətta qarşılıqlı iddiada 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayına qədər hər ay 1200 manat əmək haqqının hesablanaraq izahatda göstərilən 15000 manat çıxıldıqdan sonra qalan pulun (9000 manat) ona qaytarılmasını tələb etmişdir.

59. Göründüyü kimi ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçı qarşısında 15000 manat pul öhdəliyinin olması öz təsdiqini tapır.

60. Tərəflər arasında əmək haqqının hesablanması ilə bağlı mübahisəli məsələlərə obyektiv aydınlıq gətirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1575/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

61. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/978/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməli olan əmək haqqının məbləği 5646,80 manat məbləğində müəyyən olunur. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 3892,40 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan sənədlərə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməmiş əmək haqqı məbləği 1754,40 manat təşkil edir.

62. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin göstərilən rəyi Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

63. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş sənədləri əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

64. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının göstərdiyi kimi 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayına qədər ödənilməmiş əmək haqqı məbləği 24000 manat və ya 9000 manat deyil, 1754,40 manat təşkil etmişdir.

65. Qarşılıqlı iddia üzrə iddiaçı eyni zamanda bir müddət əmək müqaviləsi olmadan işləməsinə, pulun bir hissəsinin karta yüklənməli, digər hissəsinin isə paket formasında təqdim edilməli olduğuna əsaslansa da, kollegiya Əmək Məcəlləsinin prinsiplərinə əsaslanmayan, qeyri-rəsmi razılaşmaya əsaslanan qeyri-rəsmi əmək haqqı ilə bağlı tələbi əsaslı hesab etmir.

66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

67. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə 15000 manat pulun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyinəzərindən mahiyyət etibarı ilə düzgün olsa da, qarşılıqlı iddia tələbini tamamilə rədd etməklə bağlı gəldiyi nəticə düzgün olmamışdır.

69. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

70. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

71. Beləliklə qeyd edilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4744/2021 nömrəli qətnaməsi qismən qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən ödənilməmiş əmək haqqına görə 1754,40 manat alınaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

72. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 70 (yetmiş) manat hissəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən, 75 (yetmiş beş) manat hissəsi isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4744/2021 nömrəli qətnaməsi qismən - qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən ödənilməmiş əmək haqqına görə 1754,40 (bir min yeddi yüz əlli dörd manat qırx qəpik) manat alınaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 70 (yetmiş) manat hissəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən, 75 (yetmiş beş) manat hissəsi isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver