Məhkəmə qərarları › İş №2(105)-1234/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1234/2022

11.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Digər - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1234/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Cavabdeh2 MMC, "xxxx" MMC, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə (üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) qarşı notariusun icra qeydinin və qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun bütün nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(060)-450/2022 nömrəli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Cavabdeh2 MMC, "xxxx" MMC, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə (üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) qarşı notariusun icra qeydinin və qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun bütün nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Sumqayıt şəhər, Novxanı qəsəbəsi, 3468 saylı bağ evinə və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu Telman Mustafazadənin verdiyi 01 noyabr 2019-cu il tarixli, 8İ-7770 nömrəli icra qeydinin, evin və torpağın qiymətləndirilməsinə dair Cavabdeh2 MMC tərəfindən verilmiş 16.01.2020-ci il tarixli, 001/20 saylı ekspert rəyinin ləğv edilməsi, hərracın və bununla bağlı olan bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2022-ci il tarixli, 2(060)-450/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Cavabdeh2 MMC, "xxxx" MMC, "xxxx" MMC-yə (üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) qarşı notariusun icra qeydinin və qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun bütün nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. ( hakim A.Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2022-ci il tarixli, 2(060)-450/2022 saylı qərardadından narazı qalan iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 450/2022 saylı, 05 mart 2022-ci il tarixli iş üzrə icraata xitam verilməsinə dair qərardadının ləğv edilməsini xahiş etmişlər. Şikayət bununla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-450/2022 saylı, 05 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata əsassız xitam verilmişdir. Məhkəmənin qərardadı ağılabatan və məntiqli deyildir. Məhkəmə iş üzrə icraata xitam verməsinin bir neçə əsassız səbəbini göstərmişdir. Belə ki, məhkəməyə görə notariusun icra qeydi aparıldığına və bu qeyd icra sənədi hesab olunduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər. Məhkəmə aktından belə anlaşılır ki, yəni, icra qeydindən şikayət verilə bilməz. Halbuki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76- cı maddəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən mübahisələndirilə bilər. Bundan başqa məhkəmə evin ipotekaya qoyulmasına dair müqavilənin etibarsız hesab edilməsinə dair mübahisə üzrə Sumqayıt Şəhər Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamələrinə istinad etmiş, hazırkı iddia və apellyasiya şikayətinin təmin olunmadığını və ipoteka müqaviləsinin etibarsızlığı ilə əlaqədar iddia tələbin hazırkı iş üzrə olan tələblə eyni olduğu qənaətinə gəlmiş, iş üzrə yekun qərar qəbul olunduğuna istinad edib MPMnin 261.0.2-ci maddəsinə əsasən də iş üzrə icraata xitam verilməli olduğu qənaətinə gəlmişdir. Halbuki, hazırkı «icra qeydinin və qiymətləndirmə hesabının ləğv olunmasına» dair iddia tələbinin «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi» ilə heç bir əlaqə yoxdur. Sadalanan hallar nəzərə alınmaqla şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını şikayətlə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(060)-450/2022 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən, hazırkı tələbin, iddiaçıların daha öncə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması tələbi ilə eynilik təşkil etdiyinə istinad etmiş və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğuna əsaslanaraq iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar X5, X7, X6, X8 və X1 Nizami İslam oğluna, İddiaçı1 və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9, İddiaçı1 və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış 27 iyun 2019-cu il tarixli, 2019/00638-İP saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunmasına dair tələbi təmin edilməmişdir. Həmin qətnamədən tərəflər apellyasiya şikayət vermiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-407/2022 saylı, 25.01.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Cavabdeh2 MMC, "xxxx" MMC və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı (üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) notariusun icra qeydinin və qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun bütün nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, müqayisə edilən işlər üzrə tərəflər fərqli olduğu və fərqli statusa malik olduğu kimi, iddianının predmeti və əsası da eyni deyildir. AR MPM-in 261.0 və 261.0.2-ci maddələrini tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa icraata xitam verilir. Belə olan halda məhkəmənin qeyd olunan əsasla iş üzrə icraata xitam verməsini məhkəmə kollegiyası əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(060)-450/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver