Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1240/2023 12.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1989-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli arayışına əsasən cavabdeh 2011-ci ilin may ayından etibarən "xxxx" MMC-də mühasib vəzifəsində çalışır və aylıq əmək haqqı 650 manatdır.
3. "xxxx" MMC ilə cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən “FAW Bestune T77” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı minik avtomobil cavabdeh tərəfindən 42000 manata alınmışdır.
4. AD seriyalı, 990853 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FAW Bestune T77” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdehdir.
5. xx.xx.2020-ci il tarixli, AN-İ 083111 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh ünvan 2-i X2 90 000 manat məbləğində almışdır. İş materiallarına həmin ödənişi təsdiq edən FJB**********604 nömrəli mədaxil qəbzi əlavə edilmişdir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzə əsasən cavabdeh “Kontakt Home 43”-dən dəyəri 1899,99 manat olan 1 ədəd “LG” markalı soyuducu, dəyəri 1089,99 manat olan 1 ədəd “Samsung” markalı paltaryuyan almışdır.
7. 25 may 2020-ci il tarixli alqı-satqıdan qabaq beh razılaşmasına əsasən X6 ilə iddiaçı arasında X3 mülkiyyətindəki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsini 150 000 manat müqabilində iddiaçıya satılması barədə ilkin razılıq əldə olunmuşdur. Razılaşmaya əsasən iddiaçı 60 000 manatını beh olaraq qabaqcadan ödəyir, qalan 90 000 manatını isə alqı-satqı notariat qaydada rəsmiləşdirilərkən ödəyəcəkdir.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X6 ifadə verərək bildirmişdir ki, o, ünvan 2-in keçmiş mülkiyyətçisidir. Həmin mənzili cavabdehə o satmışdır. Cavabdehi alqı-satqı zamanı tanımışdır. Belə ki, öz mənzilini satışa qoyduqdan sonra kooperativin sədri ona evini almaq istəyən adam olduğunu bildirmişdi. O zaman iddiaçı ilə tanış olmuşdur. Evi 150 000 manat qarşılığında satmışdır. Mənzil cavabdehin adına rəsmiləşdirilsə də, mənzilin dəyəri ona iddiaçı tərəfindən ödənilmişdir. Həmin mənzilin dəyərindən 60 000 manat pulu iddiaçı ona şəxsən əlbəəl vermişdi. Bununla bağlıyazılı sənəd də var. Pulu ona verən zaman orada təkcə iddiaçı olmuşdu. Həmin məbləğin 90 000 manat məbləğindəki hissəsini isə “ASAN xidmət” mərkəzində ailə üzvlərinin iştirakı ilə almışdır. Belə ki, həmin vaxt tərəflərin hər ikisi orada iştirak etmişlər. Pulu şəxsən iddiaçı cavabdehə təqdim etmiş, cavabdeh isə notariusa ödəniş etmişdir. Pulun ona nə vaxt verilməsinin tarixi isə dəqiq yadında deyil. Mənzilin təhvil alınmasında tərəflərin hər ikisi iştirak edib. Mənzil tərəflərə təhvil verilərkən təmirli idi. Sonra isə eşitdiyinə görə tərəflər mənzili istədikləri şəkildə təmir etdiriblər.
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, o, ünvan 2-in yerləşdiyi binanın komendantıdır. İddiaçını həmin binada mənzil 48 ünvanında yaşayan kirayəçi kimi tanımışdır. Bir müddət sonra isə cavabdehlə iddiaçı birgə yaşamağa başlamış və 9 il mənzil 48-də kirayə yaşamışlar. Bundan sonra isə tərəflər mübahisəli mənzili almışlar. O, evin alınmasında vasitəçilik etmişdir. Belə ki, iddiaçı ona ev almaq istədiyini bildirmiş, o iddiaçını qonşu blokda yaşayan və mənzilini satmaq istəyən Rakif Əliyevlə tanış etmişdir. Ondan sonra tərəflər Rakif Əliyevlə görüşmüş, alğısatqı etmişlər. O, mənzilin alğı-satqısı prosesində iştirak etməmişdir. Cavabdehdən aldığı məlumata əsasən onlar “ASAN xidmət” mərkəzinə getmiş, orada evin alğı-satqısını həyata keçirmişlər. Sonra isə cavabdeh ona evin çıxarışını göstərmişdi. İddiaçı evə hər gün gəlibgedirdi. Cavabdeh isə işləmədiyi üçün həmişə evdə olurdu.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirmişdir ki, o, təmir-tikinti işləri ilə məşğuldur. Belə ki, onun təmir-tikinti işləri ilə məşğul olan usta briqadası var. İddiaçı ona müraciət edərək ünvan 2-də təmir işlərinin həyata keçirilməsini xahiş etmişdir. O, tanış ustaları həmin mənzilə gətirmiş və təmir işləri aparmışlar. Təxminən 2 il, 2 il yarım əvvəl təmir işləri aparıb. Cavabdehi tanımır. Mənzil təmirli olsa da, köhnədən aparılmış təmir idi. Mənzildə mətbəx mebelində təmir işləri aparıblar, mebelin üstünü dəyişiblər, qaz sobasını, moykanı, aspiratoru, divar kağızlarını, qapıların tutacaqlarını, petlələrini dəyişiblər, ümumi kosmetik təmir işləri aparıblar, həmçinin hamamın asma tavanını dəyişiblər. Materialları o və Rahil adlı usta alıb gətirirdilər. Təmirlə bağlı xərci isə iddiaçı hissə-hissə ona ödəyib. Nə qədər təmir xərci aldığı dəqiq yadında deyil.
11. İş üzrə "xxxx" MMC-nin qiymətləndirmə barədə hesabatında ünvan 2-in likvid dəyəri 230 000 manat məbləğində müəyyən edilmişdir.
12. İş materiallarında olan elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a)Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 267 000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2 il bundan qabaq cavabdehin adına ünvan 2-in rəsmiləşdirilməsi üçün həmin mənzilin sahibi X5 150 000 manat pul ödəmişdir. O, həmin pulu ödədikdən sonra X6 mənzili cavabdehin adına sənədləşdirib. Həmin mənzilin təmiri xərclərini də iddiaçı çəkmişdir. İddiaçı ustalara və təmir üçün materiallara görə ümumilikdə 35 000 manat pul ödəmişdir. Bundan başqa iddiaçı 30 000 manat vəsait sərf edərək Sumqayıt yolunda yerləşən “X14”ndən cavabdehin adına rəsmiləşdirilən həmin mənzilə 2 yataq dəsti, 1 qonaq otağı dəsti və 1 mətbəx dəsti mebel, 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan almışdır. Qeyd edilən mənzilin əldə edilməsi, təmiri və mebelin alınması xərclərindən əlavə 2021-ci ildə iddiaçı cavabdehin adına “FAW Bestune T77” markalı ** SR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin əldə olunması üçün 42 000 manat, ** SR *** dövlət qeydiyyat nişanının əldə olunması üçün isə 10 000 manat pul ödəmişdir. Ümumilikdə cavabdeh onun ödədiyi pul vəsaitləri hesabına 267 000 manat dəyərində əmlaklara sahib olmaqla varlanıb. O, cavabdehdən yaranmış 267 000 manat pulu tələb etsə də, cavabdeh pul vəsaitinin olmamasını bəhanə edərək pulunu qaytarmaqdan imtina edib.
15. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(060)-126/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilərək 185 000 (yüz səksən beş min) manat pul və 390 (üç yüz doxsan) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən ümumilikdə 267 000 manat pul tələb edir və həmin məbləğ 4 hissədən ibarətdir: 1. ünvan 2-in alınmasına çəkilmiş xərc. 2. Həmin mənzilin təmirinə sərf edilmiş vəsait. 3. “FAW Bestune T77” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınmasına üçün ödənilmiş 42 000 manat pul. 4. Həmin avtomobilin dövlət nömrə nişanının alınmasına sərf olunmuş 10 000 manat pul. 5. ünvan 2 üçün alınmış mebel və məişət əşyalarının alınmasına çəkilmiş 30 000 manat xərc. İddiaçı cavabdehlə qeyri-rəsmi ailə münasibətlərində olduqlarını, həmin münasibətdə olduqları dövrdə qeyd edilən əmlakların əldə edilməsi üçün xərclərin onun tərəfindən çəkildiyini, sonradan cavabdehin ona xəyanət etməsi səbəbindən münasibətlərinin pozulduğunu bildirir və həmin xərcləri cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçı ilə qeyri-rəsmi ailə münasibətlərində olduqlarını, sonradan iddiaçı ilə ayrıldıqlarını, bu səbəbdən ondan qisas almaq üçün hazırkı iddianı qaldırdığını və iddia ərizəsində göstərilən əmlakın onun şəxsi vəsaiti hesabına alındığını qeyd edir. Beləliklə tərəflərin qeyri-rəsmi ailə münasibətlərində olmaları və uzun müddət bir yerdə yaşamaları işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 439.4-cü maddəsində göstərilmişdir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmə hesab etmişdir ki, şəxslər arasında hər hansı öhdəlik münasibətləri olmadığı halda, bir şəxs tərəfindən digər şəxsin əmlak mənafeyi xeyrinə hər hansı hərəkətlər edilməsi bağışlama və ya əsassız varlanma halı yaradır. Qeyd edilən hər iki hal üzrə digər şəxsin əmlak mənafeyi xeyrinə hərəkət edən şəxsin etdiklərinin əvəzini tələb etməsi halları mülki qanunvericilikdə öz əksini tapmışdır. İddiaçının “FAW Bestune T77” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınması üçün ödənilmiş 42 000 manat pulun, həmin avtomobilin dövlət nömrə nişanının alınmasına sərf olunmuş 10 000 manat pulun, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 1A blok 1 mənzil 21 üçün alınmış mebel və məişət əşyalarının alınmasına çəkilmiş 30 000 manat xərcin cavabdehdən tutulması ilə bağlı tələbinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı həmin tələbləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddia qeyd edilən hissələrdə təmin edilə bilməz. Yekunda məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, ünvan 2-in alınmasına sərf olunmuş 150 000 manat və həmin mənzilin təmirinə xərclənmiş 35 000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 385.1, 386.1, 439.4, 666.1, 673.1, 1091, 1092-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli qərarı, və Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 97.5, 119, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
18. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
19. Apellyant apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini əsassız və qanunsuz hesab edir. Məhkəmə işin faktiki hallarını tam araşdırmadan əsassız iddianı təmin etməklə onun hüquqlarını pozmuşdur. Məhkəmənin istinad etdiyi maddi hüquq normalarının hazırkı işə tətbiqi qanunsuzdur. Hesab edir ki, ümumiyyətlə faktiki nikah münasibətlərində olan kişi ilə qadın arasında əsassız varlanma halından söhbət gedə bilməz. Bununla belə iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, cavabdeh 2011-ci ilin may ayından etibarən həmin MMC-də mühasib vəzifəsində çalışmışdır və aylıq əmək haqqı 650 manat olmuşdur. Bundan əlavə olaraq o, bir neçə müəssisənin mühasibatlıq işlərini aparmaqla aylıq qazancı 2.000 manat olmuşdur. Cavabdehin adına rəsmiləşdirilmiş ünvan 2 üçün ilkin olaraq 10.000 manat beh, daha sonra 50.000 manat məbləğində olmaqla cəmi 60.000 manat məbləğində pulu X5 nəğd şəkildə ödəmişdir, bundan sonra isə xx.xx.2020-ci il tarixli, AN-İ 083111 saylı alqı-satqı müqaviləsi əsasında isə 90 000 manat məbləğində pul, alqı-satqını həyta keçirən notariusun bank hesabına tərəfindən ödənilmişdir. Həmin ödənişi təsdiq edən FJB**********604 nömrəli mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində qeyd edilən mənzilin tam təmirli şəkildə cavabdehə satdığını, mənzilə hər hansı əlavə xərc tələb edilmədiyini, zövqə uyğun olaraq təqribən 3000-5000 manat arası xərclə təmir olunduğunu bildirsə də, məhkəmə tərəfindən mənzilə çəkilmiş xərcin məbləği 35.000 manat müəyyən edilmiş və həmin xərcin ondan iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qeyd olunanlar əsasında müəyyən olunur ki, məhkəmə heç bir əsaslanma olmadan cavabdehin əsassız varlanması qənaətinə gəlmiş və sonuncudan iddiaçının xeyrinə 185 min manat pulun iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Göstərilən hallar apellyasiya instansiya tərəfindən yenidən nəzərdən keçirilməli və qətnamə ləğv olunmalıdır.
a)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra, iddiaçı iddiadan imtina etmiş, bu barədə məhkəməyə ərizə ünvanlamışdır. Ona görə də həmin ərizəni nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı səbəb və mümkünüsüzlüyü barədə məlumat verməməklə məhkəmə iclasına gəlməmişdir. İddiaçı tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 310 06 67 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur (iddiaçı həmçinin məhkəmə iclas katibi tərəfindən iş materiallarında olan mobil telefon nömrəsinə zəng edilməklə xəbərdar edilmiş, bu barədə iş materiallarına arayış əlavə edilmişdir).
23. Elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.
29. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər.
30. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir.
31. Nəzərə alınmalıdır ki, məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir.
32. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddiadan imtina etdiyindən, iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, eləcə də imtinanın doğuracağı nəticə iddiaçıya məlum (izah) olduğundan qəbul edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər.