Məhkəmə qərarları › İş №2(105)-1245/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1245/2023

30.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1245/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(031)-230/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq onun və azyaşlı övladları xx.xx.2007-ci il təvəlüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 Abşeron rayonu, X9 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evə köçürülməyi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh - Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Dəvəçi rayon İHB-nın Əmirxanlı inzibati ərazi vahidliyi tərəfindən 030 saylı nikah qeydə alınmışdır. Onların birgə nikahlarından üç övladı xx.xx.2007- ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və 30.112011-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Onunla cavabdeh arasında ciddi şəkildə anlaşılmazlıqlar var. Onlar artıq bir evdə yaşaya bilmirlər. Ailə münasibətləri dözülməzdir. Onların bu münasibətləri ən çox övladlarına təsir edir. O, ailəsinin dağılmaması üçün əlindən gələni etməyə çalışsa da, ailəsini bir arada tuta bilmir, cavabdeh həm ailəsinə, həm də övladlarına qarşı çox laqeyd bir atadır. Ona görə də qəti qərara gəlmişdir ki, aralarında olan rəsmi nikah məhkəmə qaydasında pozulsun. Nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə o, Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilərək, onunla cavabdeh arasında olan rəsmi nikah pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və 30.112011-ci il təvəllüdlü X3 onun yanında qalmaları müəyyən edilmiş və onların yetkinlik yaşına çatan kimi saxlanmaları üçün cavabdehdən hər ay bir uşaq üçün 140 manat, cəmi 420 manat məbləğində alimentin tutulması və alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixdən başlayaraq ona ümumi 420 manat məbləğində aliment pulu verilməsi göstərilsə də, o bu günə kimi ona cəmi 1 ayın ödənişini etmişdir. O, 3 övladı ilə birlikdə kirayə evdə yaşayır. Belə ki, onunla cavabdeh arasında olan nikah münasibətləri dövründə o azyaşlı övladları - xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X11 ilə birlikdə 2006-ci ildən 2022-ci ilin may ayına qədər Abşeron rayonu, X9 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evdə yaşamışdır. Həmin evdə onun cehiz əmlakları var və nikah dövründə o, işləyərək, evinə bir çox bahalı əşyalar almışdır. Bir sözlə cavabdehlə nikah dövründə həmin sənədsiz evi inşa edərək, evin içərisini öz cehiz əmlakları və nikah dövründə özü işləyərək, aldığı əşyalar ilə bəzəmişdir. Belə ki, övladları ilə 2006-ci ildən 2022-ci ilin may ayına qədər Abşeron rayonu, X9 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evdə yaşamağı barədə 59 №-li, xx.xx.2022-ci il tarixli arayışı iddia ərizəsinə əlavə edir. Hazırda həmin evdə cavabdeh tək yaşayır. O, isə 3 yetkinlik yaşına çatmaqda olan övladları ilə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Dolanışığı çox çətindir. Övladları böyük olduğu üçün onların xərcləri də çoxdur və ödəməkdə çətinlik çəkir. Cavabdeh nəinki övladlarının maddi tələbatını ödəmək, heç məhkəmə ilə qət edilmiş alimenti belə ödəmir. O, bir ata kimi övladları üzərində heç bir atalıq hüquqlarını yerinə yetirmir. Onların ailə münasibətləri ən çox övladlarına təsir etmişdir, çünki onlar böyük olduğu üçün hər şeyi dərk edirlər və uzun müddət yaşadıqları evdən dostlarından ayrı qalaraq, kirayə evdə yaşamaq onlara çox ağır təsir edir. Belə ki, nikah dövründə əldə etdikləri Abşeron rayonu, X9 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evdə yaşamağa onun da haqqı vardır. Həmin evdən cavabdeh tərəfindən qovulmağı qanunsuzdur. Çünki onun həmin evdə böyük əziyyəti vardır. O, cavabdehin təqsiri səbəbindən öz halal zəhməti ilə tikdiyi sənədsiz evdən istifadə edə bilmir. Buna görə də məcburiyyət qarşısında qalaraq evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şabran Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi ev tərəflərin birgə nikahları dövründə əldə etdikləri gəlir hesabına tikildiyinə görə, onun həmin evə sahiblik etmək hüququ vardır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məhkəmə qətnaməsi qəbul edilməklə onun bu hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı ilə cavabdeh 2006-cı ildə evlənmişlər (əsas kimi toy zamanı çəkilmiş videogörüntü və foto şəkillər təqdim olunur). Onlar evləndikdən sonra Abşeron rayonu, X9 qəsəbəsində yerləşən sənədsiz 6 saylı evi tikmişlər və həmin evdə yaşamağa başlamışlar. Hətta iddiaçı özü qazandığı pul vəsaiti hesabına evə əşyalar da almış və həmin əşyalar hal-hazırda qeyd olunan evdədir. Hal-hazırda iddiaçı ilə cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulub və o cavabdeh tərəfindən üç azyaşlı uşağı ilə birlikdə evindən məcbur qaydada çıxarılıb. Cavabdeh iddiaçını və üç azyaşlı uşaqları həmin evdə yaşamağa qoymur. Buna görə də iddiaçı üç azyaşlı uşaqları ilə birlikdə məcbur qalaraq kirayədə yaşayır. Onu da qeyd etmək istəyir ki, iddiaçı ilə cavabdehin mübahisəli evə hüquqları eynidir. Yəni, həmin ev onların birgə nikahları zamanı qazanılmış vəsait hesabına tikilmişdir. Tərəflərin hər biri qeyd olunan evdə yaşamışlar, evə faktiki sahibliyi və istifadəni həyata keçirmişlər. Bunu Abşeron rayon İHB-nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 59 saylı arayış və 04 may 2023-cü il tarixli aktda da təsdiq edir. Belə ki, həmin arayışdan görünür ki, İddiaçı, X4, X5 və X3 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmışdır. Akta isə qeyd edilmişdir ki, həqiqətən də İddiaçı, X4, X5 və X2 Güzdək qəsəbəsində 1 mərtəbə, 4 otaqdan ibarət evdə qeydiyyatsız yaşamışdır. Həmçinin iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş uşaqları evin yerləşdiyi ərazidə olan orta məktəbə getmişlər (bununla bağlı arayış təqdim olunur). Eyni zamanda iddiaçı ilə cavabdehin mübahisəli mənzildə yaşamasını təsdiq edən kommunal ödənişlər mövcuddur. Həmin ödənişlər də görünür ki, tərəflər və onların azyaşlı uşaqları haqqında bəhs etdiyi evdə yaşamışlar və buna görə də, hər ay qaz pulu, işıq pulu və digər ödənişləri dövlət büdcəsinə keçirmişlər. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə həmin maddənin tələbləri də pozulmuşdur. Çünki, cavabdehlə yanaşı iddiaçının da mübahisəli evə sahiblik etmək və ondan istifadə etmək hüququ vardır. Lakin, Şabran Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının bu hüququ əlindən alınmışdır. Bu isə kobud qanun pozuntusudur. Abşeron rayon İHB-nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 59 saylı arayış və 04 may 2023-cü il tarixli aktla da təsdiq olunur ki, İddiaçı məhkəməyə evin mövcudluğunu təsdiq edən sənədlər təqdim etmişdir. Belə ki, həmin arayışdan görünür ki, İddiaçı, X4, X5 və X3 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmışdır. Akta isə qeyd edilmişdir ki, həqiqətən də İddiaçı, X12, X5 və X2 Güzdək qəsəbəsində 1 mərtəbə, 4 otaqdan ibarət evdə qeydiyyatsız yaşamışdır. Birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Əgər məhkəmə tərəfindən qeyd olunan maddənin tələblərinə əməl olunsa idi iş üzrə mötəbər sübutlar təqdim olunardı. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 izahatında iddiaçı ilə cavabdehin 2006-cı il tarixdə faktiki nikah münasibətlərinə daxil olduğunu, 2007-ci ildə nikahlarını rəsmiləşdirdiklərini, mübahisəli mənzilin 1 otaqdan ibarət olduğunu, daha sonra tərəflərin ümumi vəsaitləri hesabına otaqların sayını artırdıqlarını bildirərək, apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini İddiaçı məhkəməyə evin mövcudluğunu təsdiq edən hər hansı bir sənəd təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. İddiaçı ilə Cavabdeh 2006-cı ildən qqeyri-rəsmi, xx.xx.2007- ci il tarixdən isə nikahlarının qeydə alınması, onların birgə nikahlarından üç övladı xx.xx.2007- ci il təvəllüdlü X4, 11.10,2009-cu il təvəllüdlü X6 və 30.112011-cİ il təvəllüdlü X3 anadan olması, nikahlarının məhkəmə qətnaməsinə əsasən pozulması işin mübahisəsiz halıdır. İşin digər halı isə bundan ibarətdir ki, iddiaçı uzun illərdir ki, 3 övladı ilə birlikdə mübahisəli tikilidə yaşayır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi). "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2001-ci ilin sentyabrın 1dən sonra yarandığından, hazırki mübahisə Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iş üzrə iddia tələbi mənzilə köçürülmə barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (Mənzil Məcəlləsinin 53-cü maddəsi). Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (Mülki Məcəllənin 180.1. və 180.2. maddələri). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bu qadağan edən müddəalar göstərilməmişdir. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədən bir iqtisadi dəyər yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Belə ki, Abşeron rayon İHB-nın Aşağı Güzdək İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 59 saylı arayışa əsasən İddiaçı, X4, X5 və X3 adı ev təsərrüfatlarının uçotu kitabında 2006-cı ildən qeydiyyatsız yaşayan əhali kimi qeydə alınmışdır. 04 may 2023-cü il tarixli aktda isə qeyd edilmişdir ki, həqiqətən də İddiaçı, X12, X5 və X2 Güzdək qəsəbəsində 1 mərtəbə, 4 otaqdan ibarət evdə qeydiyyatsız yaşamışdır. Bununla yanaşı apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi Vəkil2 izahatlarında bir daha qeyd etmişlər ki, tərəflər 2006-cı ildən mübahisəli mənzilə köçərək, həmin tikilidə yaşayıb ümumi təsərrüfat aparmaqla 3 övladları dünyaya gəlmiş və həmin mənzil əvvəl 1 otaqlı olsa da, sonradan onların birgə vəsaitləri hesabına otaqların sayı genişləndirərək dörd otaq və bir mətbəxdən ibarət olmuşdur. Göründüyü kimi iddiaçının köçürülməsini arzuladığı fərdi yaşayış evi özbaşına tikilidir və o həmin mənzildə 2006-cı ildən cavabdehlə ailə quraraq yaşamağa başlamış və həmin evi özü üçün yaşayış yeri hesab etmiş, yaşadıqları müddət ərzində hər ikisinin səyi və zəhməti ilə qazandıqları ümumi əmlak hesabına tikilini inşa etməklə yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Lakin cavabdeh bunun əksini sübut edib heç bir tutarlı sübut təqdim etməmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı azyaşlı övladları xx.xx.2007-ci il təvəlüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011ci il təvəllüdlü X11 ilə birlikdə Abşeron rayonu, X9 qəsəbəsində yerləşən 6 saylı evə köçürülməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı və azyaşlı övladları xx.xx.2007-ci il təvəlüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 rayonu, X9 qəsəbəsində yerləşən 6 saylı evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver