Məhkəmə qərarları › İş №2(105)-1272/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1272/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1272/2024 17.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və X2 ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarlı sayılması tələbinə dair” mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 2 saylı qərarı ilə 0,07 hektar torpaq sahəsi Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, X10 və X6 mülkiyyətinə verilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə mülkiyyətə verilmiş və AR DT və XK-nin Quba rayon Şöbəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” 30 iyun 2004-cü il tarixli JN 524 F KOD 30304018 saylı Şəhadətnaməsinə əsasən Cavabdeh1 və ailə üzvləri – həyat yoldaşı Cavabdeh2, övladları X10 və X6 adlarına qeydə alınmış Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin alqı-satqısına dair onunla cavabdehlər arasında bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 2005-ci ilin mart ayında Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 Azərbaycan Respublikası DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-524F KOD 30304018 saylı şəhadətnaməyə əsasən onların və azyaşlı övladlarının birgə mülkiyyətinə verilmiş Quba rayonu, Nərimanabad kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsini 800 ABŞ dollarına ona satmağa razılaşmış və torpaq sahəsinə görə cavabdehlərə 800 ABŞ dolları verib torpaq sahəsini həmin vaxtdan alıb faktiki sahibliyinə qəbul etmişdir. Cavabdehlər “Torpağın mülkiyyətə verilməsinə dair” JN-524F KOD 30304018 saylı şəhadətnaməni də pulu aldıqları anda ona vermiş, həmin vaxtı onların şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə alqı-satqını notarial qaydada rəsmiləşdirə bilməmişlər. Cavabdeh1 və Cavabdeh2 alqı-satqının şəxsiyyətlərini təsdiq edən sənədlərin qaydasına salınmasından sonra sənədləşdirilməsinə söz versələr də, lakin sonradan qeyd olunan sənədlərin yenilənməsini yubatmış, daha sonra Cavabdeh1 müvəqqəti işləmək üçün Rusiya Federasiyasına getdiyindən alqı-satqının notariat qaydasında təsdiqlənməsi mümkün olmamışdır.

4. Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-228/2016 nömrəli qiyabi qətnaməsi ilə (hakim Elman Əhmədov) iddia təmin edilmişdir.

5. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.

6. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olmağına baxmayaraq, daimi olaraq Rusiya Federasiyasında yaşayır. O, İddiaçı torpaq satmamış və ondan pul almamışdır. Həmçinin məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Quba rayon AİK-nin xx.xx.2000ci il tarixli 2 saylı qərarı ilə ona, həyat yoldaşı Cavabdeh2 və uşaqlarına Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində 0.07 ha torpaq sahəsi verilmiş və bununla əlaqədar onların adına xx.xx.2004-cü il tarixdə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədləşdirilmişdir. 2000-ci ildən o və həyat yoldaşı Cavabdeh2 işləmək məqsədilə Rusiya Federasiyasına köçərək daimi orda yaşayır. Rusiya Federasiyasına köçdükdən sonra onlara məxsus rəsmi sənədlər və həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Quba rayonunun Alekseyevka kəndində yerləşən ata evində saxlanılmışdır. İddiaçı onun qardaşının qayınatasıdır və bu şəxs tərəfindən ona məxsus şəhadətnaməni necə ələ keçirməsi və ümumiyyətlə şəhadətnamənin onda olması barədə məlumatı olmamışdır. İddiaçı onun və ailə üzvlərinin burda olmadığından istifadə edərək guya 2005-ci ilin mart ayında o və həyat yoldaşı Cavabdeh2 tərəfindən mülkiyyətlərində olan torpaq sahəsini ona satmağa razılaşdıqlarını və bu məqsədlə ondan 800 ABŞ dolları pul alaraq mülkiyyət şəhadətnaməsini ona verdiklərini, onların şəxsiyyət vəsiqələrinin müddətinin bitməsi ilə əlaqədar alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirə bilmədiyini qeyd etməklə mülkiyyətlərinə aid torpaq sahəsini məmimsəmək niyyətini qanunsuz məhkəmə qətnaməsi ilə reallaşdırmışdır. İddiaçı ilə qeyd edilən ona məxsus torpaq sahəsinin alqı-satqısına dair aralarında heç bir sözləşmə, şifahi və yazılı razılaşma olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid4 iddiaçının qaynıdır. Digər Şahid1 onun köhnə qonşusudur. İddiaçının iddia etdiyi tarixdə, yəni 2005-ci ilin mart ayında ümumiyyətlə Azərbaycan Respublikasında olmadığından o və həyat yoldaşı Cavabdeh2 İddiaçı qeyd edilən şahidlərin yanında pul almamış və bununla bağlı onların şahid qismində məhkəməyə verdikləri ifadələri yalandır. Göstərilənləri nəzərə alınaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən, qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu... Qeyd edilən qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.

10. Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

11. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkünsüz edir. Həmçinin bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə” 3 mart 2023-cü il, “S.Əliyevanın şikayəti üzrə” 31 may tarixli 2006-cı il və “B.Qasımovun şikayəti üzrə” 9 dekabr 2019-cu il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şahid ifadələrini təhrif etmiş, düzgün qiymətləndirməmişdir. Ona görə də hesab etmişdir ki, şahidlər yenidən dindirilməlidir. İş düzgün araşdırılmadan, cavabdehin verdiyi məlumatlar üzrə qətnamə qəbul edilmişdir. Cavabdehlə aralarında olan razılaşma nəzərə alınmamış və alqı-satqını təsdiq edən hər hansı yazılı sənədin olmamasına istinad edilməklə iddia rədd olunmuşdur.

15. İddiaçının vəkili Vəkil2 “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, mübahisələndirilən Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.07 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Həmin sənəd əsasında da o, torpaq sahəsini iki ilə yaxındır ki, X7 notarial qaydada alqı-satqı etməklə satmışdır və hazırda mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisi faktiki və rəsmi olaraq Elnur Bayramovdur.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli iclasında X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(105)-1532/2023 nömrəli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

19. Apellyasiya icraatı zamanı ortaya çıxan hallardan biri də ondan ibarətdir ki, iddiaçının məhkəmə qətnaməsi əsasında hüququnu qeydə aldırdığı torpaq sahəsi xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi əsasında X1 və həmin torpaq sahəsi hazırda sonuncunun xüsusi mülkiyyətindədir. Başqa sözlə işdən görünür ki, X9 əmlakı vicdanlı əldə edən şəxsdir.

20. Məhkəmə kollegiyası vicdanlı əldə edən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə, habelə “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına istinadən göstərmişdir ki, qeyd olunan xüsusatları, ən vacibi vicdanlı X5 hüquqlarını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda cavabdehlərin torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onların pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən şəxsin hesabına kompensasiya edilə bilməz.

21. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1557/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev, A.Ə.Abbasov və V.M.Məmmədov) kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(105)-1532/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iddiaçının bildirdiyi hallarla Mülki Məcəllənin 335-ci maddəsinin dispozisiya şərtləri arasında uyğunluğun olub-olmamasına dair hüquqi dəyərləndirməni lazımi şəkildə aparmadan qətnamədəki mövqeyinin əksər hissəsini apellyasiya baxışında işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Elnur Bayramovun torpaq sahəsini vicdanlı əldə edən olmasına həsr etmişdir.

25. Kassasiya məhkəməsi bu yanaşmanı qanunvericiliyə uyğun saymır, ona görə ki, əvvəla, apellyasiya məhkəməsi Elnur Bayramovun işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasının səbəblərini və əsaslarını göstərməmişdir.

26. Məlum olduğu kimi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər.

27. Bundan əlavə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Baxılan işdə isə tələb torpaq sahəsinə dair İddiaçıla cavabdehlər arasında alqısatqı müqaviləsinin bağlanmış sayılması barədədir. Bu işdə Elnur Bayramova qarşı bir tələb yönəldilməmiş, daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində onun mülkiyyət hüququ barədə aparılmış qeydiyyat mübahisələndirilməmiş, E.Bayramovun haqqında hər hansı qətnamə çıxarılmamış, birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə iddia rədd edilmişdir.

29. Odur ki, qətnamənin Elnur Bayramovun hüquq və vəzifələrinə təsirinin nədən ibarət olması əsaslandırılmadığı halda onun işə üçüncü şəxs kimi cəlb edilməsi, eləcə də bu işdə həmin şəxsin əşya hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydə dair mübahisə açılmadığı təqdirdə E.Bayramovun vicdanlı əldə edən olub-olmaması ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparılması yuxarıda göstərilən prosessual hüquq normalarına uyğun olmamışdır.

30. Bu hallar qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 335. (24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla çıxarılmışdır). Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

34. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

36. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

42. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

45. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1557/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(105)-1532/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, iddiaçının apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. İlk növbədə məhkəmə kollegiyası tərəfindən əvvəlki apellyasiya icraatı zamanı işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Elnur Bayramovun işdə iştirakına xitam verildi.

49. İşin mahiyyəti ilə əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticəyə gəlməsini əsaslandırdığı arqumentlərlə razılaşır.

50. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi, iddiaçı 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsinə əsaslanaraq onunla cavabdehlər arasında 2005-ci ilin mart ayında bağlanmış sonunculara məxsus 0,07 ha torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlillərinə görə, qeyd edilən dövrdə cavabdehlər 0,07 ha torpaq sahəsini 800 ABŞ dollarına ona satmağa razılaşmış və onlara 800 ABŞ dolları verərək torpaq sahəsini həmin vaxtdan alıb faktiki sahibliyinə qəbul etmişdir. Cavabdehlər “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 524F KOD 30304018 saylı şəhadətnaməni də pulu aldıqları anda ona vermiş, o zaman onların şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə alqı-satqını notarial qaydada rəsmiləşdirə bilməmişlər. Cavabdeh1 və Cavabdeh2 alqı-satqının şəxsiyyətlərini təsdiq edən sənədlərin qaydasına salınmasından sonra sənədləşdirilməsinə söz versələr də, lakin sonradan qeyd olunan sənədlərin yenilənməsini yubatmış, daha sonra Cavabdeh1 müvəqqəti işləmək üçün Rusiya Federasiyasına getdiyindən alqı-satqının notariat qaydasında təsdiqlənməsi mümkün olmamışdır. Ona görə də onunla cavabdehlər arasında alqı-satqı əqdinin bağlandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 335-ci maddəsinə əsaslanaraq sözügedən əqdin etibarlı hesab edilməsi məqsədilə məhkəmədə iddia qaldırmışdır.

51. İddiaçının əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsində deyilirdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

52. Bu normanın məhkəmələr tərəfindən tətbiqi şərtlərini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün bir neçə qərarında şərh etmişdir.

53. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir...

54. “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır... Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.

55. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə” 3 may 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi eyni hüquqi mövqeyini təkrarlayaraq qeyd etmişdir ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.

56. Konstitusiya Məhkəməsinin hüququ mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır, yəni: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Həm də əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl olunması qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət kəsb edir ki, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdəndir.

57. Mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, onlar arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, məhkəmənin əqdi etibarlı hesab etməsini mümkünsüz edən səbəbdir. Həmçinin, bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir.

58. MPM-nin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

59. Məhkəmə mübahisəsi zamanı daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş (və notarial qaydada təsdiqlənmiş) müqavilə çıxış edə bilər. Həmin əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması yolverilməzdir.

60. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət və əsassız olmaqla qəbuledilən deyildir. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz... Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Quba Rayon Məhkəməsinin 18 may 2024-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver