Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1288/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(012)-4504/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yazılı icraatda yoxlayıb MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(012)-4504/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Abşeron rayonu 1 saylı notariat kontoruna və Cavabdeh1 qarşı atalığın etiraf olunması və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2021ci il tarixli, 2(012)-4504/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməmiş, iddiaçı qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası İddiaçı Abşeron Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(012)-4504/2021 saylı qərardadından şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(012)-4504/2021 saylı qərardadını İddiaçı 06.04.2022-ci il tarixdə xəbərnaməyə imza etməklə şəxsən almışdır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsində göstərilir ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, qanunverici qərardaddan şikayət verilməsi ilə bağlı 10 günlük müddətin axımını, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(012)- 4504/2021 saylı qərardadından şikayət verilməsi müddətinin axımı qərardadın ona təqdim edildiyi günün sabahı, yəni 07.04.2022-ci il tarixdən başlanmışdır. İşdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(012)-4504/2021 saylı qərardadından verdiyi şikayət elektron qaydada 19.04.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, İddiaçı Abşeron Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(012)-4504/2021 saylı qərardadından şikayəti prosessual müddətin 2 gün ötürülməsi ilə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(012)- 4504/2021 saylı qərardadından şikayət verilməsi müddətinin bərpası barədə Abşeron Rayon Məhkəməsinə ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi iddiaçının şikayətinin Azərbaycan Respublikası MPMnin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən, yuxarıda qeyd hallara əhəmiyyət verməmiş, şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, iddiaçının şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli, 2(012)-4504/2021 saylı qərardadından İddiaçı şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1288/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1288/2022
12.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Ailə münasibətləri üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Atalığın müəyyən edilməsi - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver