Məhkəmə qərarları › İş №2(105)-1337/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1337/2023

05.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1337/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh4 qarşı cavabdehlərin torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, boşaldılmış torpaq sahəsinin və evin təhvil verilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh (eyni zamanda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qanuni nümayəndəsi) X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh4 qarşı cavabdehlərin torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, boşaldılmış torpaq sahəsinin və evin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1199/2023 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ceyranbatan bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli 03 saylı qərarı ilə vətəndaş İddiaçı Ceyranbatan qəsəbəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. 27 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Ceyranbatan bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli 03 saylı qərarı əsasında Abşeron rayonu Ceyranbatan qəsəbəsində ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi İddiaçı satılmışdır.

3. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 21 may 2007-ci il tarixli 214 nömrəli sərəncamı ilə İddiaçı Ceyranbatan bələdiyyəsinin 26 fevral 2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

4. Həmin fərdi yaşayış evində iddiaçının qaynı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşamışdır. Tərəflər arasında mübahisə cavabdehlərin fərdi yaşayış evindən çıxarılması ilə əlaqədar yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh4 qarşı cavabdehlərin torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, boşaldılmış torpaq sahəsinin və evin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və Cavabdeh4 Abşeron rayonu, Ceyranbatan bələdiyyəsinə ayrılmış torpaq sahəsində salınmış “Yeni Qəsəbə”də yerləşən Abşeron rayonu, Ceyranbatan bələdiyyəsinin 03 saylı, 26 fevral 2004-cü il tarixli qərarı ilə ona verilmiş 0.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində (onun tərəfindən tikilmiş) yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli, 03 saylı qərarı ilə Ceyranbatan qəsəbəsinin Baş inkişaf planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra 0,10 hektar torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Həmçinin, 27 fevral 2004-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin bələdiyyə sədri ilə onun arasında bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi də bağlanmış və torpağa dair ödəniləcək pul məbləği tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi 15 mart 2007-ci il tarixdə verdiyi 1982 saylı rəy ilə Ceyranbatan bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli, 03 saylı qərarına əsasən İddiaçı alqı-satqı predmeti olan torpaq sahəsi 0.10 ha olmaqla, fərdi ev tikmək məqsədi ilə ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXKnın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Həmçinin, 18 aprel 2007-ci il tarixdə Ceyranbatan bələdiyyəsi tərəfindən iddiaçının, bələdiyyə nümayəndəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi əməkdaşının iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin aktda iddiaçının adıgedən torpaq sahəsini almağına dair ərizə ilə müraciət etməyi və həmin aldığı torpağa dair pulları ödəməyi göstərilir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağın “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş və X7 kitabında 18 aprel 2007-ci il tarixdə 138 nömrə ilə uçota alınmışdır. Həmçinin, Abşeron rayonu, Ceyranbatan bələdiyyəsinə təhkim edilmiş torpaqların yerquruluşu planından çıxarış edilmiş və torpaq sahəsinin sxematik planı tərtib olunmuşdur. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının 214 saylı, 21 may 2007-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı Ceyranbatan bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli, 03 saylı qərarı ilə ayrılmış Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 2007-ci il tarixdə Azərbaycan Respublikası Arxitektura və Dizayn Emalatxanası tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsi hazırlanmışdır. Bütün bu sənədlər əsasında 2007-ci il tarixdə iddiaçı yerdən üç daş hündürlükdə, üç otaq, bir koridor, bir mətbəx və bir yerdə olan hamam-tualetdən ibarət evini tikib başa çatdırmışdır. İddiaçı başqa yerdə evi olduğu üçün yaşamaq üçün həmin evə köçməmişdir. Daha doğrusu, həmin evi Rusiya Federasiyasında yaşayan qızı üçün tikdirmişdir ki, gələcəkdə yaşamaq üçün Azərbaycan Respublikasına gələrsə, ona versin. Ev hazır olduqdan sonra yaxın qohumu olan qaynı Cavabdeh1 iddiaçıya demişdir ki, o, ailə üzvləri ilə birlikdə yataqxanada yaşayır və uşaqlar böyüdüyündən yataqxanada yaşamaq çox çətindir. İddiaçıdan bir müddətə həmin evi yaşamaq üçün onlara verməsini xahiş etmişdir. İddiaçı evini və torpağını nə vaxt lazım olsa, o deyəndə boşaldıb qaytarılması şərti ilə müvəqqəti, müəyyən müddətə yaşamaq üçün onlara vermiş, hətta yaxın qohum olduğu üçün ondan kirayə pulu da istəməmişdir. 12 ilə yaxındır ki, onlar həmin evdə yaşayır və torpaqdan istifadə edirlər. Bu neçə ildə iddiaçı onlardan heç bir kirayə haqqı almamışdır. Fikirləşmişdir ki, qohumdur, evində yaşayır və həm də onu qoruyurlar. Başqa adamların evi dağıtmasına və oradan hər-hansı bir oğurluq etmələrinə imkan verməzlər. Təxminən 2016-cı ildə Cavabdeh1 oğlunu evləndirmiş və gəlinini də onun müvəqqəti yaşamaq üçün verdiyi evə gətirmişdir. Sonradan iki nəvəsi də doğulmuşdur. O, bu barədə iddiaçıya heç nə deməmişdir. Bu ilin fevral ayında Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında müharibə başlayanda qızı iddiaçıya zəng vurub Azərbaycan Respublikasına gələcəyini bildirmişdir. Bu məqsəd ilə 2022-ci ilin fevral ayında qaynı Cavabdeh1 qızının öz ailəsi ilə birlikdə yaşamaq üçün Azərbaycana gəldiyini bildirmişdir. Buna görə də ondan yaşamaq üçün özlərinə başqa yer tapmasını xahiş etmişdir. O, iddiaçı ilə razılaşmış və başqa yer tapıb köçəcəklərini bildirmişdir. Həmçinin, onlara yer tapıb köçmələri üçün müəyyən müddətə vaxt verməsini xahiş etmişdir. İddiaçı məmnuniyyətlə razılaşmış və vaxt vermişdir. Belə razılığa gəlmişlər ki,10 aprel 2022-ci il tarixə kimi o, yer tapıb köçəcək və iddiaçının evini və torpağını boşaldıb ona təhvil verəcəkdir. Lakin, göstərilən tarixdə o, evi və torpağı boşaldıb iddiaçıya təhvil verməmişdir. Yer tapmadığını bəhanə edərək iddiaçıdan yenidən bir ay, yəni 10 may 2022-ci il tarixə kimi köçmək üçün vaxt istəmişdir. İddiaçı yenə də həmin tarixə kimi ona vaxt vermişdir. Göstərilən tarixdə də o, evi boşaldıb təhvil verməmişdir. Bu dəfə də bəhanəsi o olmuşdur ki, özü çıxır, lakin arvadı və gəlini çıxmır. Bundan sonra, Cavabdeh1 iddiaçıdan öz arvad uşağını və gəlinini yola gətirmək və yer tapmaq üçün yenə də vaxt istəmişdir. İddiaçı da əlacsız qalıb yenə də 01 sentyabr 2022-ci il tarixə kimi ona vaxt vermişdir. Həmin vaxt tamam olsa da, yenə də həmin şəxslər iddiaçının evini və torpağını boşaldıb ona təhvil verməmişdir. Bu dəfə də Cavabdeh1 bildirdi ki, bəs yaşamaqları üçün ev tapıb və arvad uşağını razı salıb, lakin gəlini köçməyə razı deyil və onu bu işə razı sala bilmir. Buna görə də, ona gəlinini razı salmaq üçün yenə vaxt verilməsini xahiş etmişdir. İddiaçı başa düşmüşdür ki, cavabdehlər onun torpağından və evindən çıxmaq istəmirlər. Həmin şəxslərin ona məxsus olan torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxmamaları iddiaçının həmin torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə olan hüquqlarını pozur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Məhkəmə prosesində iştirak edən cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qanuni nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2015-ci ildə Tovuz rayon sakini Cavabdeh3 ilə qanuni halda ailə həyatı qurmuşdur. Həmin nikahdan iki uşaqları olmuşdur. Həyat yoldaşı ona və uşaqlara işgəncə verməklə onun adından nikahın pozulması barədə ərizə yazıb ona imza etdirmiş, onu məhkəməyə də qoymamışlar. Məhkəmə onun iştirakı olmadan nikahını pozmuş, uşaqları ona vermişdir. O, hal-hazırda iki uşaqla gəlin getdiyi evdə Abşeron rayonu Ceyranbatan bələdiyyəsinə ayrılmış, torpaq sahəsində salınmış yeni qəsəbədə tikilmiş fərdi yaşayış evdə yaşayır. Cavabdeh3 uşaqların alimentini də vermir. Çox çətinliklə yaşayır. İndi də Cavabdeh3 qayınatası Nurəddin və yeznəsi Cəbrayıl birləşiblər ki, onu iki uşaqla evdən çıxartsınlar. Onun iki uşaqla yaşamağa yeri yoxdur, iki uşaqla küçədə qalacaqdır. Ona görə də hazırki vəziyyətini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, İddiaçı ona qarşı irəli sürdüyü “Torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılmağı və həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsinə dair” iddia tələbini qəbul edirlər. Həmin torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini atasının xahişi ilə İddiaçı müvəqqəti yaşamaq üçün atasına vermişdir. Onlar da ailəliklə orada yaşamağa başlamış və hazırda da həmin evdə yaşayırlar. Evin və torpağın qanuni sahibi olan İddiaçı hal-hazırda onlardan həmin evin və torpaq sahəsinin boşaldılmasını tələb edir. Tezliklə yaşamaq üçün başqa ev tapıb İddiaçı məxsus torpaq sahəsini və onun üzərində tikilmiş fərdi yaşayış evini boşaldıb ona təhvil verəcəkdir. Həmçinin işə onun iştirakı olmadan baxılmasına və qərar qəbul edilməsinə etiraz etmirlər.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1199/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və azyaşlı uşaqları Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə Abşeron rayonu Ceyranbatan bələdiyyəsinə ayrılmış torpaq sahəsində salınmış “Yeni Qəsəbə”də yerləşən Abşeron rayonu, Ceyranbatan bələdiyyəsinin 03 saylı, 26 fevral 2004-cü il tarixli qərarı ilə İddiaçı verilmiş 0.10 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən tikilidən çıxarılmaları, həmin torpaq sahəsi və üzərində yerləşən tikililərin boşaldılması və İddiaçı təhvil verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 hər birindən 25 manat olmaqla tutulması və İddiaçı ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 180-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri ilə əsaslandırmışdır.

11. Qətnamədən cavabdeh X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə 28 avqust 2015ci il tarixdə faktiki ailə qurmaqla, 2016-cı ildə isə rəsmi nikaha daxil olmaqla mübahisəli tikiliyə gəlin köçmüşdür və hal-hazırda həmin tikilidə yaşayır. Birgə nikah dövründə orada əlavə tikinti-təmir işləri aparılmışdır. xx.xx.2022-ci ildə məhkəmə qətnaməsi ilə nikahı pozulmuşdur. Cavabdehlər Nurəddin və Cavabdeh2lar keçmiş qayınatası və qayınanasıdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun, onun iki azyaşlı uşağının, keçmiş ərinin, qayınata və qayınanasının mübahisəli tikilidən çıxarılmasını xahiş etmişdir. Hazırki münasibətlərə Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələri tətbiq edilə bilməzdi. Belə ki, həmin normalar yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri ilə olan münasibətləri tənzimləyir. Hazırki halda isə iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olmamaqla bərabər, cavabdehlər də onun ailə üzvləri olmamışlar. Yəni, qeyd olunan normaların hazırki işlə heç bir əlaqəsi olmamışdır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Birinci instansiya məhkəməsi qətnamədə Mülki Məcəllənin 180.2-ci maddəsinə istinad etsə də, həmin normanın tələbini düzgün tətbiq etməmişdir. Sözügedən yaşayış sahəsi özbaşına tikili olmaqla iddiaçının həmin yaşayış sahəsi ilə bağlı heç bir subyektiv hüququ olmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamamışdır. Mübahisəli torpaq sahəsinə dair iddiaçının bəzi sənədləri olsa da, onun üzərindəki fərdi yaşayış evinin ona aid olması ilə bağlı heç bir sənəd mövcud olmamışdır. Fərdi yaşayış evinin nə vaxt tikilməsi məhkəmə tikinti-texniki ekspertizası yolu ilə aydınlaşdırılmamışdır. Bundan başqa, hələ ər-arvad kimi yaşadıqları dövrdə əri Cavabdeh3 bildirmişdir ki, yaşadıqları fərdi yaşayış evini 50 illik notarial qaydada etibarnamə ilə İddiaçı satın almışlar. Bu halın məhkəmə yolu ilə əlavə araşdırılmasına zərurət yaranmışdır. Bundan başqa, işin mübahisəsiz halına əsasən mübahisəli tikiliyə 2015-cü ildə gəlin köçmüşdür və onunla iddiaçı arasında mübahisəli hüquq münasibətləri məhkəmənin qeyd etdiyi kimi 2011-ci ildə deyil, 2015-ci ildə yaranmışdır. İddiaçının özünün təsdiq etdiyi kimi mübahisəli tikili onun tərəfindən 12 il bundan qabaq (2011-ci ilə təsadüf edir) Cavabdeh1 və onun ailəsinə verilmişdir. 12 il ərzində iddiaçı nədənsə məhkəməyə müraciət etməmiş və o, boşandıqdan sonra belə iddia qaldırmışdır. Ən qəribəsi isə odur ki, digər cavabdehlər hamısı iddianı qəbul etmişlər. Digər kommunal ödənişlərlə bağlı qəbzlərdən görünür ki, hələ 2008-ci ildə Cavabdeh1 həmin ünvanda elektrik enerjisinin istehlakı ilə bağlı ödəyici olmuşdur. Nəzərdən qaçırmaq olmaz ki, iddiaçı ilə cavabdeh olan keçmiş ərinin ailəsi çox yaxın qohumdurlar və bu iş onlar tərəfindən birlikdə təşkil olunmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, cavadeh tərəfə 3 dəfə, yəni 10 aprel 2022-ci il tarixə kimi, sonra 10 may 2022-ci il tarixə kimi, daha sonra isə 01 sentyabr 2022-ci il tarixə kimi mübahisəli fərdi yaşayış evini boşaltmaları üçün vaxt vermişdir. Bu müddətlər ərzində, eləcə də daha əvvəllər ona müxtəlif psixi və fiziki təzyiqlər göstərilərək, şiddət tətbiq edilərək fərdi yaşayış evindən çıxmağı tələb edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, 30 mart 2022-ci il tarixdə rəsmi qaydada boşanmışdır və keçmiş qayınatasının onu fərdi yaşayış evindən könüllü çıxmağı barədə razılığa gətirəcəyi mümkünsüzdür. 30 mart 2022-ci il tarixdə rəsmi qaydada boşanır və keçmiş ər tərəfi onun evdən özünün çıxıb gedəcəyini gözləyir. Lakin o, çıxıb getmir və bundan sonra yaxın qohumları olan İddiaçı işə salırlar və birlikdə bu işi təşkil edirlər. Göründüyü kimi, fərdi yaşayış evi iddiaçı tərəfindən cavabdeh tərəfə müvəqqəti yaşamaq üçün deyil, faktiki olaraq onların sahibliyinə və mülkiyyətinə verilmişdir. Cavabdeh tərəf artıq 12 ildən çoxdur ki, iddiaçı ilə aralarında heç bir söz-söhbət olmadan mübahisəli fərdi yaşayış evində yaşayırlar. Kommunal xidmətlərlə bağlı Nurəddin Bağırov ödəyici olmuşdur. Ər-arvad kimi yaşadıqları dövrdə əri Cavabdeh3 bildirmişdir ki, yaşadıqları fərdi yaşayış evini 50 illik notarial qaydada etibarnamə ilə İddiaçı satın almışlar. Apellyasiya baxışı zamanı işin obyektiv həlli naminə vəsatətləri olacaqdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı İddiaçı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (eyni zamanda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qanuni nümayəndəsi) X4 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh1 Caha oğlu ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətində qeyd edilən halların əsassız olduğunu, torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)

Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.i 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ceyranbatan bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli 03 saylı qərarı ilə vətəndaş İddiaçı Ceyranbatan qəsəbəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. 27 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Ceyranbatan bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli 03 saylı qərarı əsasında Abşeron rayonu Ceyranbatan qəsəbəsində ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi İddiaçı satılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 21 may 2007-ci il tarixli 214 nömrəli sərəncamı ilə İddiaçı Ceyranbatan bələdiyyəsinin 26 fevral 2005-ci il tarixli, 03 saylı qərarı ilə ayrılmış, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, yaşayış evini tikmək üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

23. Digər tərəfdən, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçının ailə üzvləri deyildirlər.

24. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

26. İddiaçının mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, işdə olan sənədlərdən torpaq sahəsinin iddiaçıya ayrıldığı və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisə icazə verildiyi müəyyən olunur.

27. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh tərəfin faktiki istifadəsində olan fərdi yaşayış evi iddiaçıya məxsusdur və onların həmin evə dair hər hansı hüquqları mövcud deyildir. Cavabdeh tərəf iddiaçını mübahisəli torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə buraxmamaqla onun torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olurlar.

29. Apellyasiya şikayətinin iddiaçının yaşayış sahəsinə subyektiv hüququnun olmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mülkiyyət və ya sahiblik hüququnun müdafiəsi ilə bağlı iddia irəli sürmək üçün ilk növbədə iddiaçının iddia etdiyi daşınmaz əmlaka hər hansı bir hüququnun olması müəyyən edilməlidir. Mövcud iddia tələbinə görə iddiaçı qanuni, cavabdeh tərəf isə qanunsuz sahiblik edən şəxslər olmalıdırlar.

30. Ceyranbatan bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli 03 saylı qərarı ilə İddiaçı Ceyranbatan qəsəbəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır və 27 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Ceyranbatan bələdiyyəsinin 26 fevral 2004-cü il tarixli 03 saylı qərarı əsasında Abşeron rayonu Ceyranbatan qəsəbəsində ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi İddiaçı satılmışdır.

31. Göründüyü kimi iddiaçı mübahisəli yaşayış sahəsinə qanuni əsaslarla sahiblik edir və iddiaçının həmin yaşayış sahəsinə və yerləşdiyi torpaq sahəsinə gözlənilən mülkiyyət hüququq vardır.

32. Fərdi yaşayış evinin etibarnamə ilə İddiaçı satın alınması barədə şikayətin dəlilləri bağlı kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Daşınmaz əmlakın alqı-satqısı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi vasitəsilə rəsmiləşdirilir. Tərəflər arasında belə bir müqavilənin bağlanması isə iş materialları ilə müəyyən edilmir. Cavabdeh1 məhkəməyə ünvanlandığı, eləcə də birinci instansiya məhkəməsində təqdim etdiyi ərizələrdən müəyyən edilir ki, torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini İddiaçı müvəqqəti yaşamaq üçün onlara vermişdir.

33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

35. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1199/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver