Məhkəmə qərarları › İş №2(105)-1365/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1365/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1365/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti) qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi, mənzilə köçürülmə - mənzildən çıxarılma ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X25 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil1 Həsən oğlunun, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-225/2023 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti) qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanına istifadə hüququn tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 07 yanvar 2016-cı il tarixində Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. O vaxtdan İddiaçı ərinə məxsus ünvan 2 ünvanında yaşamaqla həmin mənzildə məskunlaşmışdır. Sözü gedən mənzil üç otaqdan ibarətdir. O, özünə məxsus olan cehiz əşyalarını da həmin mənzilə də yerləşdirmişdir. Lakin bir müddətdir ki, cavabdeh iddiaçını həmin mənzilə buraxmır. İddiaçı Kəlbəcər rayonundan olan məcburi köçkündür başqa yaşayış yeri isə yoxdur. Həmin mənzil hal-hazırda cavabdehin istifadəsində qalmışdır. Cavabdeh həmin mənzildə iddiaçının yaşamağına maneçilik törədir. Buna sübut olaraq cavabdeh xx.xx.2021-ci il tarixində iddiaçını birgə yaşadıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi yaşayış kompleksi, bina 5, mənzil 32 ünvandakı mənzildə döyərək ona bədən xəsarəti yetirmiş və həmin mənzildən çıxarmışdır. Belə olan halda iddiaçı aidiyyatı üzrə Abşeron rayon Polis idarəsinə şikayət etmiş və Cavabdeh barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cavabdeh cinayət məsuliyyətinə cəlb olunaraq barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 ay müddətində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Lakin bundan nəticə çıxarmayaraq 2022-ci ilin may ayında yenidən həmin evdə iddiaçının yaşamağına maneçilik törədərək yaxın tanışlarının köməkliyi ilə sözü gedən mənzilə gələrək iddiaçıya nalayiq söyüşlər söyərək onu mənzildən məcburi qaydada çıxarmışdır. Demək olar ki cavabdeh tərəfindən iddiaçının sözü gedən mənzildə yaşamaqdan məhrum etməklə bağlı yuxarıda qeyd edilənlər artıq mütəmadi olaraq baş verır. Mübahisələndirilən mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı cavabdehin ailə üzvü kimi həmin mənzildən istifadə hüququna malikdir.

3. Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı müqavilə ilə ona verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi 5 nömrəli evin 32-ci mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün kimi Azərbaycan Respublikası Qaçqinların və X19 üzrə Dövlət komitəsinin Mənzil Kommunal İstismar Sahəsi ilə onun arasında bağlanmış 19 avqust 2015-ci il tarixli 147 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Abşeron rayonu ,Mehdiabad qəsəbəsi ərazisində yerləşən 5 nömrəli evin ümumi sahəsi 117 kv. metr olan 32-ci mənzili müvəqqəti yaşamaq üçün onun istifadəsinə və sahibliyinə verilmişdir. Müqavilədə kirayənişinin ailə üzvləri kimi X1 Elşən Arif oğlu X2 Adilə Ənvər qızı vardır. Aralarında olan nikah pozulduqdan sonra X4 iki uşaq ilə birlikdə yaşadığı mənzilə köçürülmə barədə iddia ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 02 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İddiaçı ilə 07.01 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh ilə ailə qurduğu vaxtdan anası X8 cavabdehin təqsiri ucbatından evdən ayrı düşmüşdür. Eyni zamanda məhkəmə qətnaməsinə uyğun olaraq mənzilə köçürüləsi şəxslər də cavabdehə görə köçürülə bilməmişdir. Cavabdeh ilə ailə münasibətləri gərginləşdiyindən, onunla yaşamağın mümkün olmadığından yaşadığı evi tərk etməli olmuşdur. Artıq bir ildən çox vaxtdır ki anası ilə birlikdə başqa yerlərdə qalmışlar. Cavabdeh ilə aralarında olan nikah Kəlbəcər Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehin Xırdalan ərazisində özünə məxsus evi var. Buna baxmayaraq onun kirayəçisi olduğu mənzilə iddialıdır. Mübahisəli mənzildə yaşamaq hüququna malik şəxslərin dairəsi ona verilmiş Xüsusi Təyinatlı Yaşayış X11 öz əksini tapmışdır. Cavabdehin mübahisəli mənzildə yasamağa heç bir hüququ əsası yoxdur, ona görə də cavabdehin müqavilə əsasında ona verilmiş mübahisəli mənzildən çıxarılmasını istəyir.

5. Cavabdeh ilk iddia tələbinə etiraz verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz verərək qarşılıqlı iddianın təmin edilməməsi, ilk iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-225/2023 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva).

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin ailə münasibətlərinə xitam verildiyindən, 2022-ci ilin may ayından iddiaçı mübahisəli mənzili tərk edib getdiyindən, yəni artıq mübahisəli mənzildə yaşamadığından, ,mənzil isə xüsusi təyinatlı mənzil olub, cavabdehin və onun digər ailə üzvlərinin istifadəsinə verildiyindən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5, 91.2, 91.3, 99.1, 99.2, 99.3, 99.4, 98.1-ci, maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7 bəndlərinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-225/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsinə dari yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bundan sonra qarşı tərəf nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 14.06. 2022-ci il tarixli 2(040)-246/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 yanvar 2016-cı il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsində 04 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Bu qətnamədən narazı qaldığından həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli e-2(012)-4051/2022 saylı qərardadı ilə heç bir əsası olmadan cavabdehin xeyrinə icraat dayandırmışdır. Nikah pozulması barədə işə yekun vurduqdan sonra isə, iddia rədd edilmişdir. Bildirir, bu qərardad tamamı ilə əsasız və qanunsuzdur, belə ki, məhkəmənin əsaslandığı Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddənin tələblərində işin yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll eidlməyincə işə baxmaq mümkün olamasa iş üzrə icratın dayandırılması nəzərdə tutulmuşdur. Lakin qanunun tələbində işin apellyasiya məhkəməsinin icratında olduğu zaman işin dayandırılması nəzərdə tutulmamışdır. Göründüyü kimi bu qərardad tamamilə əsassız və qanunsuzdur. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, tərəflərin ailə münasibətlərinə xitam verilməsi heç də məhkəmənin gəldiyi qənaət kimi onun onun yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülməsinə maneə ola bilməz. İddiaçı ilə Cavabdeh 07 yanvar 2016-cı il tarixində Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. O vaxtdan İddiaçı ərinə məxsus ünvan 1 ünvanında yaşamaqla həmin mənzildə məskunlaşmışdır. Sözügedən mənzil 3 otaqdan ibarətdir. O, özünə məxsus olan cehiz əşyalarını da həmin mənzilə də yerləşdirmişdir. Lakin bir müddətdir ki, yəni 2023-cü ilin avqust ayının 8-dən cavabdeh iddiaçını həmin mənzilə buraxmır. İddiaçı Kəlbəcər rayonundan olan məcburi köçkündür başqa yaşayış yeri isə yoxdur. Həmin mənzil halhazırda cavabdehin istifadəsində qalmışdır. Cavabdeh həmin mənzildə iddiaçının yaşamağına maneçilik törədir. Buna sübut olaraq cavabdeh xx.xx.2021-ci il tarixində iddiaçını birgə yaşadıqları ünvan 3 ünvanındakı mənzildə döyərək ona bədən xəsarəti yetirmiş və həmin mənzildən çıxartmışdır. Belə olan halda iddiaçı aidiyyəti üzrə Abşeron rayon Polis idarəsinə şikayət etmiş və Cavabdeh barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cavabdeh cinayət məsuliyyətinə cəlb olunaraq barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 ay müddətində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Lakin bundan nəticə çıxarmayaraq 2022-ci iin may ayında yenidən həmin evdə iddiaçının yaşamasına maneçilik törədərək yaxın tanışlarının köməkliyi ilə sözü gedən mənzilə gələrək iddiaçıya nalayiq söyüşlər söyərək onu mənzildən məcburi qaydada çıxarmışdır. Beləliklə, İddiaçı məhkəmənin qeyd etdiyi kimi, ailə üzvləri tərkibindən çıxsa da, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirmək niyyətindədir. O, həmin yaşayış sahəsindən cavabdeh tərəfindən zorla çıxarılmışdır və o, qanunun tələbindən göründüyü kimi, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Digər tərəfdən iddiaçı hazırda köçmək istədiyi evi könüllü tərk etməmişdir. Mübahisəli mənzildə yaşamaq niyyətini ifadə etmişdir. Mübahisəli mənzil nə cavabdehin, nə də onun digər ailə üzvlərinin istifadəsində deyildir. Yəni artıq kifayət qədər müddətdir ki, iddiaçı mübahisəli ünvanda yaşamır. Göründüyü kimi belə olan halda müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbi də öz əhəmiyyətini itirməməkdədir. Bundan əlavə qeyd olunmalıdır ki, iddiaçının yaşayış yeri yoxdur, cavabdeh kimi məcburi köçkündür. Mübahisəli mənzil xüsusi təyinatlı mənzil olduğundan özgəninkiləşdirilə, başqa şəxslərin istifadəsinə verilə bilməz. Cavabdeh və iddiçının hər ikisi Kəlbəcər rayonundan məcburi köçkündür. Hal-hazırda işğaldan azad olmuş ərazilərdə dövləti tərəfindən quruculuq işləri görünür, məcburi köçkünlər üçün yaşayış sahələri salınmaqdadır. Kəlbəcərə qayıdacağı günü səbrsizliklə gözləyiri. Buna görə də hesab edir ki, biz Kəlbəcər rayonunda yaşayış sahəsi ilə təmin oluna qədər mübahisəli mənzildə yaşamalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı, ünvan 4 ünvanında yerləşən qardaşına məxsus evdə qardaşının böyük ailəsi ilə birlikdə yaşayır. Yaşamağa başqa yeri yoxdur və mübahisəli mənzilə köçəcəkdir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-225/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 Həsən oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ilk növbədə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi, sonradan qarşı tərəf nikahın pozulması barədə ərizə ilə məhkəməyə müraciət etdi. Bu səbəblə Abşeron Rayon Məhkəməsində cari iş üzrə icraat əsassız dayandırıldı, nikah pozulduqdan sonra icraat təzələndi və məhkəmə iddianın təmin olunmaması üçün dolayısıyla zəmin yaratmış oldu. Bundan əlavə Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Yəni hazırki iş üzrə tərəflərin nikahının pozulması iddianın təmin edilməməsi üçün əsas ola bilməz. İddiaçı nikaha daxil olduğu gündən ərinə məxsus mənzildə məskunlaşıb. Mənzil 3 otaqlıdır. İddiaçı öz cehizlərini həmin evdə yerləşdirib. Lakin xx.xx.2022-ci il tarixdə cavabdeh onu həmin mənzildən məcburi şəkildə çıxarıb. Qanunun tələblərinə əsasən də kirayəçiyə və onun ailə üzvlərinə məxsus olan hüquqlara malikdir. Onun maddi vəziyyəti də özünü mənzil sahəsi ilə təmin etməyə imkan vermir. Məhkəmə iddiaçının müəyyən müddətə həmin mənzildə yaşama hüququnu tanıya bilər. Cavabdeh sonradan qurduğu ailədən də ayrılıb. Həmin ev tamamilə boşdur. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-225/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ikinci dəfə ailə qurub. Qarşı tərəf ona evdə yaşamağa imkan vermir. Onun hərəkətlərinin ucbatından evinə 7 ədəd kamera quraşdırıb ki, təhlükəsizliyi təmin edə bilsin. Dəfələrlə üstünə balta ilə hücum edən bir şəxslə yenidən bir yerdə yaşaya bilməz. Ailəsi, övladları ilə birlikdədir. Qarşı tərəfin ünvan 4 ünvanında öz adına mənzili var. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-225/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

16. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, mübahisəli mənzil dövlət tərəfindən vətəndaşa kirayə müqaviləsi əsasında verilir. Həmin müqavilədə adı keçən şəxslərin həmin mənzildə yaşamaq və mənzildən istifadə hüququ var. İddiaçı cavabdehlə sonradan nikaha daxil olub. İddiaçı adına kirayə müqaviləsi yoxdur. Əgər iddiaçı təmsil etdiy quruma müraciət etsə idi, əri də etiraz etməsə idi, onun da adı müqaviləyə əlavə edilə bilərdi. Qeyd olunanlara əsasən məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 98.1. Xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Maddə 82.5. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı asayiş sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış X11 müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.

18. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov sovmaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

22. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməsini xahiş etməklə qətnaməni ilk iddia tələbinə dair hissədə mübahisələdirmiş, qarşılıqlı iddia tələbinə dair hissədə mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsini qətnaməsini ilk iddia tələbinin təmin edilməməsi hissəsində müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır.

25. İş materiallarında olan Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixli 1357 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında müvəqqəti məskunlaşmışdır. Kəlbəcər rayonundan məcburi köçkündür.

26. İş materiallarında olan Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli 517 nömrəli arayışdan görünür ki, Abışova X21 rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, ev 5 mənzil 32 ünvanında müvəqqəti məskunlaşmışdır. Kəlbəcər rayonundan məcburi köçkündür.

27. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-461/2016 saylı qətnamənin surətindən görünür ki, X4, X15, X6 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində inşa olunmuş “ünvan 8 ünvanında yerləşən 3 otaqlı mənzilə köçürülməsi qət edilmişdir.

28. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 147 nömrəli Xüsusi Təyinatlı Yaşayış X12 surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində inşa olunmuş “ünvan 8 ünvanı Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri: X4, X15, X16 və X8.

29. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(104)-2661/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 246/2022 aylı mülki iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 yanvar 2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. 30.Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-127/2022 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir.

31. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 1(012)-614/2020 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir

32. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin ailə münasibətlərinə xitam verildiyindən, 2022-ci ilin may ayından iddiaçı mübahisəli mənzili tərk edib getdiyindən, yəni artıq mübahisəli mənzildə yaşamadığından, mənzil isə xüsusi təyinatlı mənzil olub, cavabdehin və onun digər ailə üzvlərinin istifadəsinə verildiyindən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

33. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında nikah xx.xx.2016-cı ildə rəsmiləşdirilmiş, nikah Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(104)-2661/2022 saylı qətnaməsi ilə pozulmuşdur.

34. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil isə xx.xx.2015-ci il tarixli 147 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müvəqqəti yaşaması üçün Cavabdeh verilmişdir.

35. Göründüyü kimi mübahisəli mənzil cavabdehə verilərkən cavabdeh hazırki iddiaçı ilə nikahda olmamış, həmin vaxt kirayə müaviləsində isə cavabdehin ilk evliliyindən arvadı X4, övladları X15, X13, anası X3 ailə üzvləri kimi qeyd edilmişdir.

35. İş materiallarından görünür ki, Cavabdeh ilə Fatma Allahverdiyeva arasında nikah xx.xx.2001-ci ildə rəsmiləşdirilmiş, nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş, daha sonra hazırki iddiaçı ilə nikahı bağlandıqdan sonra Abşeron Rayon Məhkəməsini xx.xx.2016-cı il tarixli, 2(012)- 461/2016 nömrəli qətnaməsi ilə Fatma Allahverdiyeva və övladlarının mübahisəli mənzilə köçürülməsi qət edilmişdir.

36. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehlə nikaha girdikdən sonra mübahisəli mənzildə məskunlaşsa da 2022-ci ilin may ayından aralarında olan münaqişəli vəziyyətlə əlaqədar mübahisəli mənzili tərk etmişdir, hazırda mənzil cavabdehin istifadəsindədir və tərəflər arasında rəsmi nikah pozulmuşdur.

37. Eyni zamanda cavabdeh mübahisəli mənzildə ilk nikahından olan arvadı və övladlarının yaşamasını bildirmişdir.

38. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında münaqişələr baş vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 1(012)-614/2020 saylı qərarı ilə Cavabdeh İddiaçı münasibətdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cavabdeh Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb olunaraq barəsində 06 ay müddətində azadlığın məhdudlaşdırılması növündə ona cəza təyin olunmuşdur.

39. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddiaçı cavabdehin ailə üzvü olmadığından, eləcə də cavabdehlə bağlanmış kirayə müqaviləsində iddiaçının adı qeyd edilmədiyindən, iddiaçı ilə xüsusi təyinatlı mənzilin mülkiyyətçisi arasında kirayə müqaviləsi bağlanmadığından, eləcə də tərəflər arasında münaqişə mövcud olduğundan, bununla bağlı cavabdeh cinayət məsuliyyətinə cəlb edildiyindən iddiaçının mübahisəli mənzilə köçərək yaşaması yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə ziddir.

40. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənzilə köçürülməsi barədə tələbi əsaslı olmadığından mənzilə istifadə hüququnun tanınması tələbi də təmin edilə bilməz.

41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri iddiaçı tərəfindən sübuta yetirilməmişdir və dəlillərə məhkəmə kollegiyası tərəfindən qiymət verilmiş, dəlillər iş materialları ilə təkzib edilmişdir.

43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.

45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-225/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-225/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver