Məhkəmə qərarları › İş №2(105)-1383/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1383/2024

04.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1383/2024 04.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: reyestrdən çıxarışların ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” Yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” Yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin mənzilin boşaldılması və mübahisəli mənzilə dair mülkiyyət hüququnun tam həcmdə tanınmaqla mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış kredit müqaviləsi əsasında ona yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, ondan öz xeyrinə 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bu qərardaddan nə iddiaçı, nə də cavabdeh kassasiya şikayəti verməmişdir. İş üzrə borcverən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdir. İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)- 2363 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)1588 qərardadı ilə ləğv olunmuşdur, lakin buna baxmayaraq Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi onun xəbəri olmadan məhkəmə tərəfindən icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və ona məxsus olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin satılması üçün “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Onun xəbəri olmadan hərrac keçirilmiş və "xxxx" ASC həmin mənzili almışdır. Hərracın keçirilməsi və onun nəticələri barədə o, Bank "BTB” ASCnin əməkdaşları və Abşeron rayon İcra Şöbəsinin icra məmurları mənzilə gələrək orada olan əşyaları boşaltmağa başladıqda bilmişdir. Ona məlumat vermişlər ki, hərrac keçirilmiş və artıq mənzilin sahibi Bank "xxxx" ASC-dir. Hal-hazırda mənzilin əşyaları tələbkar tərəfindən çıxarılmış və mənzilə sahibliyi bir müddət Bank "xxxx" ASC etmişdir. Sonradan isə Bank "xxxx" ASC sözügedən mənzil hazırki iddia üzrə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Onun adına mənzilə dair xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Abşeron rayon İcra Şöbəsi tərəfindən Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi icra edilmişdir. Lakin həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 qərardadı ilə ləğv olunmuşdur. Beləliklə Bərdə Rayon Məhkəməsinin ləğv olunmuş qətnaməsi qanunsuz icraya yönəldilmiş və icra edilmişdir. Xətai Rayon Məhkəməsində hərrac protokolunun etibarsız sayılmasına dair iddia qaldırmış, xx.xx.2021-ci il tarixli, 2(011)-6600/2021 saylı qətnamə ilə onun iddiası təmin olunaraq sözügedən mənzilə dair satış protokolu etibarsız sayılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmiş, cavabdeh tərəfindən daha sonra kassasiya şikayəti verilmiş, lakin həmin şikayət də təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək sözügedən mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız sayılmışdır. Mübahisəli mənzil üzrə hərracın satış protokolu etibarsız sayıldıqdan sonra onun üzərində aparılmış digər hərəkətlər də etibarsızdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair DƏDRX tərəfindən Bank "xxxx" ASC adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, DƏDRX tərəfindən həmin mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ünvan 5-də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması və əmlakın boşaldılması, onun mübahisəli mənzilə mülkiyyət hüququ tanınmaqla həmin mənzilin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin (hakim M.Abbasova) xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 5-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın və Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ünvan 5-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 və Bank "xxxx" ASC-dən müştərək qaydada 100 manat dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli əmlakla bağlı bütün əməliyyatlar sonradan məhkəmə qaydasında etibarsız hesab edilmiş və son nəticədə mənzil İddiaçı mülkiyyətinə qaytarılmışdır. Hazırda mübahisəli əmlaka dair başqa şəxslərin adına reyestrdən çıxarışların olması iddiaçının mülkiyyət hüquqlarını pozur və hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 152.1, 157.2 və 157.4-cü və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Cavabdeh “Bank "xxxx" ASC apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh2 da apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1512/2021 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1512/2021 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1364/2024 nömrəli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 1512/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh “Bank "xxxx" ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 49 saylı kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən lazımi qaydada icra olunmadığından Bank iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin 2(021)-2363/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ümumilikdə 40613,42 (qırx min altı yüz on üç manat qırx iki qəpik) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 55700 manat müəyyən olunaraq açıq hərracda satılması, əmakın satılmasından sonra 1 ay müddətində evdə yaşayan İddiaçı və digər şəxslərin evdən çıxarılması qət olunmuşdur. Cavabdeh İddiaçı qeyd olunan məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məlumat üçün onu da qeyd edək ki, "xxxx" ASC-nin lisenziyası xx.xx.2016-cı il tarixdə ləğv olunmuş, Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ******* saylı, xx.xx.2016-cı il tarixli məktubla Fondun vəsaiti hesabına verilmiş ipoteka krediti üzrə tələb hüquqlarının Azərbaycan İpoteka Fonduna ötürüldüyü bildirilmişdir. Buna baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi Cavanşir Nəsibov iddia tələbindən imtina barədə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin bu barədə Fonda, Fond tərəfindən isə ipoteka kreditinə xidmət göstərən Banka hər hansı məlumat verilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbindən imtina etməsi əsasına görə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv olunduğundan və kredit müqaviləsi üzrə tələb hüquqlarının Azərbaycan İpoteka Fonduna məxsus olması səbəbindən Azərbaycan İpoteka Fondu 13 iyul 2016-cı il tarixli ******* saylı məktubla "xxxx" ASC-yə müraciət edərək, mülki işlər üzrə icraatın dayandırılması üçün qanunvericiliyə müvafiq tədbirlərin həyata keçirilməsini tələb etmişdir. Həmçinin Fond tərəfindən "xxxx" ASC-nin nümayəndəsi X2 etibarnamə verilməməsinə baxmayaraq C.Nəsibov qanunvericiliyə zidd olaraq iddia tələbindən imtina etmiş və icraata xitam verilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə isə müvafiq səlahiyyətinin olmamasına baxmayaraq iş üzrə icraata xitam vermişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən isə bütün bunlar nəzərə alınmamış, nəticədə maddi pozuntuya yol verilmişdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İşin hallarından aydın olur ki, "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nəsibov Cavanşir tərəfindən verilmiş ərizəyə əsaslanaraq Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbindən imtina etməsi əsasına görə iş üzrə icraata xitam verilmişdir. İlk öncə vurğulanır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə 25 may 2009-cu il tarixli 26 saylı Baş sazişə əsasən tələb hüquqları Azərbaycan İpoteka Fonduna ötürülmüşdür. AİF-in 13 iyul 2016-cı il tarixli məktubuna əsasən həmin kredit portfeli "xxxx" ASC-yə xidmətə verilmişdir. 25 iyul 2016-cı il tarixli 31- 2507/16 saylı İpoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" KB ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASCyə təhkim edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərardadında isə əsassız olaraq göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı şəxsin qanunla qorunan mənafelərini pozmur. Lakin məhkəmə bu hissədə MPM-nin 52.5-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Həmçinin "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nəsibov Cavanşir tərəfindən verilmiş ərizədə də qeyd edilir ki, "xxxx" ASC tərəfindən vətandaşlara verilən ipoteka kreditləri ilə bağlı kredit portfeli "xxxx" ASC-yə verilmişdir. Göründüyü kimi 18 iyul 2016-cı il tarixində məhkəmə qərardad qəbul edərkən işə maraqlı şəxs kimi Azərbaycan İpoteka Fondunu cəlb etməli və məsələ ilə bağlı mövqeyini öyrənməli, buna əsasən iddia tələbinə xitam verilib-verilməyəcəyi barəsində yekun qərar çıxarmalı idi. Lakin məhkəmə qanunvericiliyin bu tələbini pozmuş və iş üzrə icraata xitam vermişdir. Həmçinin Abşeron Rayon Məhkəməsi tərəfindən də işin ədalətli yekun həlli ilə bağlı olan bu xüsusatlara önəm verilməmiş, əsassız qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan İpoteka Fondunun 13 iyul 2016-cı il tarixli ******* saylıməktubuna əsasən Fondun "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə məhkəmə icraatına başlandığından və iş üzrə qətnamə çıxarılmasından xəbardar olduğu, Fond ilə "xxxx" SKB arasında bağlanmış 25 may 2009-cu il tarixli 26 saylıBaş sazişə əsasən qeyd olunan ipoteka kreditləri üzrə tələb hüquqlarıAzərbaycan İpoteka Fonduna ötürüldüyü müəyyən olunmuşdur. Qeyd olunan müraciətdən o da məlum olur ki, həmin dövrdə tələb hüquqları fonda məxsus olan "xxxx" ASC-nin ipoteka kreditlərinə "xxxx" ASC tərəfindən xidmət olunacağı barədə "xxxx" ASC-yə məlumat verilmişdir. Fond "xxxx" ASC-yə ünvanladığı həmin məktubda qeyd etmişdir ki, həmin qətnamədən apellyasiya şikayəti verilməsi və qanunvericiliyə uyğun qaydada növbəti tədbirlərin görülməsi "xxxx" ASC tərəfindən həyata keçiriləcəkdir. Bu səbəbdən sözügedən iş üzrə "xxxx" ASC tərəfindən aparılmış mülki iş üzrə icraat və məhkəmə qətnamələrinin icrasının dayandırılması üçün (xitam üçün yox) "xxxx" ASC tərəfindən müvafiq hərəkətlər həyata keçirilməli idi.

13. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iş üzrə əhəmiyyətli hallar nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bildirmək istəyir ki, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı icra sənədi 01 dekabr 2015-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Abşeron rayon İcra şöbəsi tərəfindən 22 dekabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Abşeron rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 25 dekabr 2015ci il tarixli məktub ilə Bərdə Rayon Məkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)2363/2015 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin satışını təşkil etməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən sözügedən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 55.700 manat müəyyən edilmişdir. Hərrac mərkəzi tərəfindən borcluya və tələbkara bildiriş göndərilmişdir. Hərrac keçirilmiş, lakin baş tutmamışdır. Daha sonra Abşeron rayon İcra şöbəsi “X1 Mərkəzi” MMC-yə sözügedən mənzilin satılması ilə bağlı hərracın keçirilməsi barədə sifariş göndərmişdir. Qeyd edilən mənzil açıq hərrac vasitəsilə “X1 Mərkəzi” MMC tərəfindən 15 oktyabr 2020-ci il tarixli, YP- 011 saylı satış protokoluna əsasən 35.508,75 manata Bank "xxxx" ASC-yə satılmışdır. Daha sonra Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylımənzili Bank "xxxx" ASC ilə alğı-satqı edərək mülkiyyətinə keçirmişdir. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış almışdır. Qeyd olunan maddənin məzmunu onun sözügedən əmlakla bağlı vicdanlı alıcı qismində çıxış etdiyini təsdiq edir. İddiaçı Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı “satış protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylımənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6600/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. Sözügedən qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmçinin İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə Cavabdeh2 və Bank "xxxx" ASC-yə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən onun adına verilmiş ünvan 5-də yerləşən 16 saylımənzilə dair xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ünvan 5də yerləşən 16 saylı mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ tam həcmdə tanınmaqla iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi çıxarılmazdan əvvəl iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin alğı-satqısı zamanı onun vicdanlı alıcı olaraq hüquqlarının tanınması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, qarşı tərəf alqı-satqı müqaviləsinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmiş və bununla bağlı hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Nəzərə çatdırmaq istəyir ki, iddia ərizəsi geri qaytarılmışdır. Buna dair məlumatı “Elektron məhkəmə informasiya” sisteminə yerləşdirmişdir. Buna görə də qarşı tərəfin vəsatətinin əsassız hesab olunmasını xahiş edir. Əlavə olaraq qeyd etmək istəyir ki, hüquqlarını müdafiə etdiyi şəxs mənzili bankdan alqı-satqı müqaviləsi əsasında almışdır. Hazırda onun kredit öhdəlikləri var, hər ay krediti ödəyir və sözügedən mənzildə yaşayır. Əvvəlki proseslərdən xəbəri olmamışdır. Vicdanlı alıcıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdiyini, bildirib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verib bildirmişdir ki, üçüncü şəxslə bank arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməmişlər. Müqavilə ləğv olunmadan birbaşa çıxarışın ləğvi və mənzilin boşaldılmasını tələb etmişlər. Buna görə də Xətai Rayon Məhkəməsinə müraciət edərək üçüncü şəxslə bank arasındakı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia qaldırılmışlar. İddia ərizəsinin geri qaytarılmasından indi məlumatlı olmuşdur. Məhkəmənin qərarı ilə tanış deyil. Hesab edir ki, qərarla tanış olduqdan sonra təmsil etdiyi şəxs ondan apellyasiya şikayəti də verə bilər. Ona görə də hazırki məqamda yekun qərar qəbul edilməsinin məqsədəmüvafiq olduğunu düşünmür. Buna görə də iş üzrə icraatın dayandırılmasını xahiş edir.

İşdə olan sübutlar

19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6600/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. 20.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bank "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6600/2021 saylı iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi Bank "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 21.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2465/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11845/2021 nömrəli mülki iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 22.Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə iddiasına dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddia tələbindən imtinası qəbul edilmiş və bu əsas görə iş üzrə icraata xitam verilmişdir. 23.“X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolundan və hərracın nəticələri barədə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzili 35508,75 manata "xxxx" ASC-yə satılmışdır. Hərracın keçirilməsinə əsas kimi Bərdə Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli, 2(021)- 2363/2015 saylı icra vərəqəsi göstərilmişdir.

24. xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi "xxxx" ASC-dir.

25. xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2dur.

26. DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzil Bakı şəhəri, 29 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-813 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 satılmışdır.

27. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)3395/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Bank "xxxx" ASC-yə qarşı vicdanlı alıcı hüquqlarının tanınması barədə iddiası təmin edilməmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyası

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

31. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ünvan 5-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, İddiaçı təhvil verilməsi və cavabdehlırdən tutulan 100 manat dövlət rüsumu hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilərək, 41736,12 manat kredit borcunun cavabdeh İddiaçı tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəlidilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən iddiaçının nümayəndəsinin iddiadan imtinası əsası ilə Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi icraya yönəldilməsi səbəbindən Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və ipoteka predmeti “X1 Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmışdır. "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdir. İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. "xxxx" ASC hərrac vasitəsi ilə ipoteka predmetini almış, mülkiyyətinə və faktiki sahibliyinə keçirmişdir. Bundan sonra Bank "xxxx" ASC sözügedən mənzili xx.xx.2021-ci il tarixli, 4Ə-813 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Cavabdeh2 mübahisəli ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil üzərində mülkiyyət hüquqlarını xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir.

34. Məhkəmə kollegiyası Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” Yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair Bank "xxxx" ASC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydin əsassız aparılması ilə bağlı (xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğvi) iddianın təmin edilməsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin qeydin aparılmasına əsas olmuş “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6600/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərini həmin hissədə əsassız hesab etmişdir.

35. Məhkəmə kollegiyası Cavabdeh2 adına aparılmış 04 avqust 2021-ci il tarixli ********** saylı dövlət reyestrindəki mülkiyyət hüququna dair qeydin ləğv edilməsi və buna müvafiq olaraq isə Cavabdeh2 ünvan 5-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi tələbinə münasibətdə isə qeyd edir ki, hazırkı mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 1364/2024 nömrəli qərarında qeyd edilən hüquqi mövqeyə əsasən iddiaçı tərəfindən Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış alqı-satıq müqaviləsi mübahisələndirilməmiş və həmin müqavilə etibarsız hesab edilməmişdir. Qeyd olunan təqdirdə isə mübahisəli Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilə dair Cavabdeh2 adına olan daşınmaz əmlakın dövlət reyestrindəki qeydin həqiqiliyi prezumpsiyası mövcud olmuşdur. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan halını nəzərə almadan, Cavabdeh2 adına olan 04 avqust 2021-ci il tarixli, ********** saylı dövlət reyestrindəki mülkiyyət hüququna dair qeydi ləğv edib, buna müvafiq olaraq isə Cavabdeh2 həmin mənzildən istifadə hüququna xitam verib çıxarılma, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunan tələb iddianın əsas hissəsini təşkil etdiyindən, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən qismən tutulması da əsaslı hesab olunmur.

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfin iş üzrə icraatın dayandırılmalı olması ilə bağlı vəsatəti təmin edilməmişdir. Belə ki, iddiaçı hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın verilməsinə əsas olan alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirdiklərini iddia etsə də, qeyd olunan mübahisə üzrə iddia ərizəsinin məhkəmənin icraatında olmasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələbinə görə isə iş üzrə icraat yalnız məhkəmənin icraatında olan başqa bir iş həll edilməyənədək dayandırıla bilər. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsini mübahisələndirməklə yanaşı, həmçinin yeni əsasla həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi (daşınmaz əmlakın dövlət reyestrdən çıxarışı), o cümlədən cavabdehin mənzildən çıxarılması tələbini də irəli sürmək hüququna malikdir.

37. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ünvan 5-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, İddiaçı təhvil verilməsi və cavabdehlərdən 100 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. 38.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayətləri qismən edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-330/2023 nömrəli qətnaməsi Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ünvan 5-də yerləşən 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, İddiaçı təhvil verilməsi və cavabdehlərdən 100 (yüz manat) manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikaytələri qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver