Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1398/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, e-2(012)-397/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, e-2(012)-397/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim H.Əhmədov). Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti Abşeron Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, e-2(012)-397/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa olunmuş 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməklə ona sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamə əsassızdır. Belə ki, arxivdə İddiaçı mənzil satılmasına dair sənəd yoxdur. MTK-nın hazırki sədri Emil Səməndərov binanı 2018-ci ildə təhvil götürüb. Binanın problemli olduğu məlumdur. Belə ki, MTK-nın əvvəlki sədri binadakı bir mənzili bir neçə şəxsə satdığına görə məsuliyyətə cəlb olunub və zərərçəkmiş qismində tanınmış bütün şəxslər yaşayış və qeyri-yaşayış sahəsi ilə təmin edilmişlər. Lakin hazırki iş üzrə iddiaçı zərərçəkmiş qismində tanınmayıb, nə MTK-nın arxivində, nə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun sənədləri yoxdur. Müqaviləyə dair heç bir məlumat yoxdur, müqaviləni mübahisələndirməmişdir. Bu səbəbdən hesab edir ki, qətnamə qanunsuzdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, e-2(012)-397/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının icdlasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ilk olaraq birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişlər, onlara məhkəməyə müraciət etmək hüququ izah olundu. Bildirir ki, iddiaçının aldığı qeyri-yaşayış sahəsi ondan başqa heç kimə satılmayıb. Bu səbəbdən də iddiaçı zərərçəkmiş şəxs qismində tanınmayıb. İddiaçı aldığı əmlakı tələb edir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, e-2(012)-397/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat apellyasiya şikayətində qətnamənin ləğv edilməsini qeyd etsə də apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyant qətnamənin iddianın təmin olunmasına dair hissəsindən narazıdır və həmin hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsinə dair hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixlli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 800 manat təşkil edir. Sahəsi 108 kv.m olan mənzil üçün cəmi 86.400 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın İ blokunda yerləşən qeyri-yaşayış sahəsinin dəyəri 86400 manat olmaqla payçı İddiaçı tərəfindən ödənilmişdir, MMC-yə heç bir borcu yoxdur. Abşeron rayon Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 789-Ş-20 saylı məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-dən müqavilə əsasında mənzil alması, lakin sonradan başqa şəxsə satılması, bu səbəbdən də bu barədə tədbir görülməsinə dair müraciətə baxılmış, müraciətdə göstərilən xüsusatlar qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə vasitəsilə həll olunduğu izah olunmuşdur. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MTK xx.xx.2018-ci il tarixdə təhvil alınmış və təhvil alındığı tarixdən bu günə qədər İddiaçı dair heç bir sənəd və məlumat yoxdur. Müəyyən olunmuşdur ki, İddiaçı icraçı "xxxx" MMC ilə bağladığı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini bir pay kimi almağı öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə alınmış qeyriyaşayış sahəsinin dəyəri 86400 manat müəyyən edilmiş, həmin məbləğ ödənilmiş və bu barədə "xxxx" MMC tərəfindən iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən qeyri-yaşayış sahəsinin payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 385.1 maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1 maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1 maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 442 maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567 maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, mülkiyyət” kimi qiymətləndirilə bilər. Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. Gözləntimübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5 maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyi yerinə yetirilərək qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi müqabilində cavabdeh öhdəliyinə əməl etməmiş, bunu varisi olduğu "xxxx" MMC-nin vətandaşlarla bağladığı müqavilələrin onlara təhvil verilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə "xxxx" MTK-nın iddiaçıya məxsus müqavilənin onlarda olmamasını məsuliyyətdən yayınması kimi qiymətləndirərək qeyd etmişdir ki, "xxxx" MTK Hayan-E MMC-nin hüquqi varisi olduğundan MMC-nin bütün öhdəlikləri üçün cavabdehlik daşıyır. İddiaçıya məxsus müqavilənin digər nüsxələrinin cavabdehdə olmamasına görə məsuliyyəti iddiaçı deyil, cavabdeh daşıyır. Müqavilənin cavabdehdə olmamasına görə qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə mülki iş materiallarını qiymətləndirib belə qənaətə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2013-cü il tarixli müqavilə öhdəliklərinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı qismən təmin etməkdə duzgun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarında olan İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixlli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 800 manat təşkil edir. Sahəsi 108 kv.m olan mənzil üçün cəmi 86.400 manat ödənilmişdir. Bundan başqa iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın İ blokunda yerləşən qeyri-yaşayış sahəsinin dəyəri 86400 manat olmaqla payçı İddiaçı tərəfindən ödənilmişdir, MMC-yə heç bir borcu yoxdur. Qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçı üzərinə düşən bütün öhdəlikləri, yəni cavabdehlə aralarında olan bütün razılaşmaları yerinə yetirmiş, qeyri-yaşayış sahəsi üçün müəyyən edidlmiş məbləği ödəmişdir, lakin cavabdeh təşkilat müqaviənin şərtlərinə əməl etməmiş, qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi qeyriyaşayış sahəsinin ona təhvil verilməsinin cavabdeh təşkilata həvalə edilməsinə dair hissədə əsaslıdır və birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair məlumatlar MTK-da yoxdur. "Hayan-E” MMC-nin mənzilin alqı-satqısı barədə bağladığı müqavilə üzrə tərəflərin sayı 141 nəfər təşkil etmiş, MMC-nin səlahiyyətləri MTK-ya keçməsi ilə əlaqədar təhvil-təslim zamanı məhz 141 məfərə məxsus müqavilələr MTK-ya verilmiş və həmin şəxslərin hər biri müqavilə ilə nəzərdə tutulmuş əmlaklarla təmin edilmişdir. İddiaçının iddia etdiyi əmlaka dair müqavilə sözügedən 141 şəxsə dair müqavilərdə öz təsbitini tapmamışdır. Bu səbəbdən də iddiaçının iddiası iddiası təmin edilməməlidir, çünki əsassızdır. Həm də müqaviləyə nəzərə yetirildikdə görünür ki, yekunda imza hissəsində iddiaçı tərəf imza etməmişdir. Bu da sözügedən müqavilənin qanuniliyini şübhə altına alan başlıca amildir. Çünki müqavilənin qüvvəsini alması üçün, yəni qanuni hesab edilməsi üçün imza mütləqdir. Bunlar məhkəmə prosesi zamanı qeyd olunsa da əsassız olaraq nəzərə alınmamışdır. Hətta bu halın düzgün araşdırılması üçün məhkəmə zamanı ekspertizanın da keçirilməsi zəruri idi. İddiaçı bildirir ki, müqavilə 2013cü ildə bağlanılmışdır. Haqlı sual yaranır, əmlakı əldə etdiyini, pulu ödədiyini bildirən iddiaçı bu günə kimi nə üçün bu tələblə müraciət etməmişdir. MMC-nin işi üzrə aparılmış cinayət işi üzrə araşdırma zamanı da mübahisəli əmlaklar içində iddiaçının adı, mübahisləndirdiyi müqavilə olmamışdır. Odur ki, bu müqavilənin hansı formada, nə üçün bağlanıldığı müəmmalıdır. Əgər qanuni olsaydı o zaman ən azından mübahisəli mənzillər sırasında və ya təhvil verilmiş əmlaklar siyahısında olardı. Odur ki, bu qeyd olunan əsaslı səbəblərdən iddiaçının iddiası təmin edilməməlidir. Əks yanaşma MTK-nın əmlak hüquqlarını kobud şəkildə pozur. Məhkəmənin heç bir sənədlər içində təsdiqini tapmayan, ancaq təkcə iddiaçı tərəfindən təqdim edilmiş mötəbər olmayan, natamam müqaviləyə istinad edərək iddianı təmin etməsi qanuni deyil. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən iddiaçının iddiasının əsassız olması səbəbindən rədd edilməsi qanunvericiliyin tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan və notarial qaydada təsdiq olunmuş iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, müqavilə o cümlədən iddiaçı tərəfindən imzalanmışdır (i/v 28). Cavabdeh həmin müqavilənin natamam, qanunsuz olduğunu iddia etsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilən müqavilə hazırda da qüvvədədir və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa qeyd edilən müqavilənin cavabdehə təhvil verilən sənədlərin arasında olmamasına isə iddiaçı hər hansı bir məsuliyyət daşımır. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, dəyərini tamamilə ödədiyi əmlakı tələb etmək iddiaçının hüququdur, cavabdeh isə həmin qeyri-yaşayış sahəsini vaxtında iddiaçıya təhvil vermək vəzifəsi daşıyır. Azərbaycan Respublikası MPM-nin 89.1 maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2 maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3 maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, e-2(012)-397/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, e-2(012)-397/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1398/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1398/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver