Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1415/2023 07.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2(012)- 615/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZ/B01/MR13/MN105/TRP/270819 nömrəli müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 nömrəli binanın 13-cü mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 79.69 kv.m olan 105 nömrəli mənzilin ayrılaraq X1 və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması və mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “Xahiş edirəm” hissəsində yol verilmiş texniki yanlışlığın aradan qaldırılaraq “X3”nun “İddiaçı” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, xx.xx.2019-cu il tarixli, AZ/B01/MR13/MN105/TRP/270819 nömrəli müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 01 nömrəli binanın, 13-cü mərtəbəsindəki 2 otaqdan ibarət, ümumi sahəsi 79.69 kv.m olan, 105 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulmaqla mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi qət edilmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.
5. Cavabdeh MTK Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e- 2(012)-615/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir.
6. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun maraqlı şəxs qismində işə cəlb olunmasını, eyni zamanda Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh MTK-nın ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Məhkəmə qətnaməsinin mövcud olmasından Abşeron rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixdə şifahi məlumatı əsasında məlumat əldə olunmuşdur. Bundan sonra rəsmi qaydada xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, rəsmi qaydada qətnamə alınmış və iş materialları ilə tanış olarkən məhkəmə tərəfindən verilmiş bildirişin MTK-ya heç bir aidiyyatı və şəxsiyyəti məlum olmayan “Ağayev” soyadlı şəxsə verildiyi göstərilsə də həmin şəxsin şəxsiyyəti barədə iş materiallarında heç bir sənəd olmamışdır. Məhkəmənin hazırlıq, baxış iclasları və qətnamənin qəbul edilməsi MTK-nın iştirakı olmadan keçirilmişdir. Məhkəmənin qətnaməsi iş materiallarından görünür ki, MTK-nın şəxsi kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. MTK-nın rəhbərliyində dəyişikliklər olduğundan, yəni, F.Məmmədova MTK-nın sədri seçildikdən sonra xəstəliyi ilə bağlı işə gələ bilməmiş və bununla bağlı da “Asan imza”nı ala bilmədiyindən və şəxsi kabinetə baxılması üçün mütəxəssis olmadığından şəxsi kabinetə baxılmamış və bu səbəbdən də, həmin qətnamənin şəxsi kabinetdə yerləşdirilməsindən xəbərsiz olmuşdur. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur.
8. Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) müddətin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsindən Cavabdeh MTK-nın verdiyi apellyasiya şikayətinin geri qaytarılması, ərizəçi Maraqlı şəxs ərizəsinin təmin edilərək Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsi maraqlarına toxunduğundan verdiyi apelyasiya şikayətinin mümkün hesab edilməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Qərardaddan Cavabdeh Mənzil Tikinti Kooperativi şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.
10. Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
11. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh rəsmi qaydada xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin tarixdə qətnaməni almış və xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti məhkəməyə göndərilmişdir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi apellyasiya şikayəti rəsmi qaydada alındıqdan 8 gün ərzində təqdim edilmişdir. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən göründüyü kimi müddətin bərpası barədə vəsatət verilmiş və vəsatət kifayət qədər üzürlü səbəblərlə əlaqəli şəkildə əsaslandırılmışdır. Ona görə də, məhkəmənin qeyd olunan normaya istinad edərək apellyasiya şikayətini geri qaytarması həmin normanın tələblərinin pozulması ilə nəticələnmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. (...)
Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (...)
Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (...)
Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. [155] 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (...)
Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
15. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
18. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
19. İş materiallarınan görünür ki, qətnamənin surəti cavabdehin “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
21. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirildiyindən, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır.
22. Qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablandıqda cavabdehin apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхdığı müəyyən olunur.
23. Apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
24. MMC-nin rəhbərliyində dəyişikliklər olması, şəxsi kabinetə baxılmaması və s. müddətin bərpası üçün üzürlü hal hesab edilə bilməz.
25. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2(012)- 615/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.