Məhkəmə qərarları › İş №2(105)-1427/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1427/2023

07.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Sair işlər - Mənzildən çıxarılma - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1427/2023 07.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)-3232/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3232/2022 nömrəli qərardadından iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı, 4Ə-1275 reyestr nömrəli Alqı-satqı Müqaviləsi ilə əldə etdiyi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq Çıxarış verilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, iddia tələbləri üzrə Cavabdeh və onunla bağlı olan üçüncü şəxslərin qanunsuz sahibliyindən geri alınması, evin cavabdehə məxsus əşyalardan boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən 1050 (bir min əlli) manat məbləğində dəbbə pulunun və 130.5 (yüz otuz manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Kərimov X1 Məlahət Şirəli qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ona qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun qanunsuz sahibliyindən geri alınması, həmin fərdi yaşayış evinin boşaldılaraq İddiaçı təhvil verilməsi və ondan 1050 manat dəbbə pulunun və 130,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə ilkin iddiasının təmin edilməməsi, 14 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə 4Ə-1275 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanındakı fərdi yaşayış evinə İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(012)-3232/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə İddiaçı əldə etdiyi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq Çıxarış verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması və həmin evin cavabdehə məxsus əşyalardan boşaldılaraq İddiaçı təhvil verilməsi, ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumuna görə pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin 2(012)- 3232/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3232/2022 saylı, 10 yanvar 2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi kimi qeyd edilmiş Vəkil2 Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)-3232/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)-3232/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən verdiyi apellyasiya şikayəti vermə müddətinin üzürlü səbəbdən ötürüldüyünü hesab edərək, buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətini işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, sözügedən məhkəmə prosesində iştirak etdiyinə görə öz-özlüyündə apellyasiya şikayəti vermək hüququnu da etibarnamədə göstərildiyini düşünmüşdür. Belə ki, bütün etibarnamələrdə birmənalı olaraq vəkillərə həm məhkəmədə iştirak etmək hüququ, həm də apellyasiya və ya kassasiya şikayəti vermək hüququ verildiyindən hazırkı etibarnamədə bu xüsusatın olub-olmaması diqqətindən qaçmışdır. Həmçinin, tərəfimdən xx.xx.2022-ci il tarixdə, prosessual müddətlərə riayət edilərək hazırkı qətnamədən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi apellyasiya şikayətini prosessual müddətləri pozmadan vermişdir. İcraatda olan işlərin çoxluğu ilə əlaqədar qəbul edilmiş 2(012)-3232/2022 saylı qərardadın elektron sistemə yükləndiyini görməmişdir. Yalnız xx.xx.2023-cü il tarixində məhkəmə icraçısı tərəfindən zəng vurulub qətnamənin icra edilməsi istəndikdə apellyasiya şikayətinin geri qaytarılmasından məlumatı olmuşdur. Bundan sonra, Cavabdeh hüquqlarının müdafiəsi üçün yeni etibarnamə alınmış, həmin etibarnamə də ərizəyə əlavə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3232/2022 nömrəli qərardadı ilə İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkilinümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)- 3232/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). İddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 qərardaddan şikayət verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3232/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edərək ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək tərəflərindən verilmiş apellyasiya şikayətinin aidiyyətı üzrə baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsii xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericilik buraxılmış müddətin bərpa edilməsinə dair üzrlü səbəblərin dairəsini müəyyənləşdirmir və bu məhkəmənin öhdəsinə buraxılır. Məhkəmə müddətin bərpasına dair ərizəyə baxarkən üzrlü səbəbləri aydınlaşdırır və pozulmuş maddi və prosessual hüquqların müdafiəsinə şərait yaradır. Lakin yuxarıda qeyd edikləri xüsusatlara baxmayaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış müddətin bərpa edilməsi barədə verilmiş ərizə təmin edilməmişdir. məhkəmə hazırkı iş üzrə ərizəmdə göstərilmiş hallara düzgün hüquqi qiymət verməmiş və nəticədə hüquqlarını müdafiə etdiyi X2 hüquqlarının pozulması ilə nəticələnə bir qərardad qəbul etmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023 tarixli qərardadının sistemə yükləndiyini icraatında olan işlərin çoxluğu ilə əlaqədar görə bilməmişdir. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 3232/2022 nömrəl qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3232/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi 02 dekabr 2022-ci il tarixdə tərəflərə göndərilmiş, Cavabdeh 09 dekabr 2022-ci il və İddiaçı 10 dekabr 2022-ci il tarixdə almışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsindən 29 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərardadı ilə onun apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad Vəkil2 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Onun tərəfindən 20 may 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə məhkəmənin elektron sistemə daxil olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vəkil2 apellyasiya şikayətinin verilmə müddətini ötürmüşdür, onun müddətin bərpası barədə ərizəsində qeyd edilən etibarnamənin məzmununa diqqət yetirməməsi, işin çoxluğu kimi hallar qətnamənin tərəfə təqdim edildiyi 10 dekabr 2022-ci il tarixdən hal-hazıradək müddət üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Göründüyü kimi Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 20 may 2023-cü il tarixdə, yəni apellyasiya şikayətinin prosessual nöqsanlara görə geri qaytarılması barədə qərardad çıxarılmasından 4 aydan artıq müddət keçdikdən sonra apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023 tarixli qərardadının sistemə yükləndiyini icraatında olan işlərin çoxluğu ilə əlaqədar görə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3232/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-3232/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver