Məhkəmə qərarları › İş №2(105)-1431/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1431/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqaviləni
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1431/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hacıyev Vahid Məcid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə1, cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(060)- 2195/2023 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019- cu il tarixli Y-200 nömrəli hərracın nəticələri haqqında protokolunun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər L.Rəhimli sədrlik edən və məruzəçi, İ.Dəmirov və F.Məmmədov) 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2195/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 28 iyun 2024-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və Ə.Xıdırov) İddiaçı2 kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli 2(105)-192/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İŞİNHALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək hərracın keçirilmə nəticələrinin xx.xx.2019-cu il tarixli Y-200 №-li hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini cavabdeh qismində işə cəlb edilməsini və hərracın keçirilmə nəticələrinin xx.xx.2019-cu il tarixli Y-200 nömrəli Hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72B xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh3 ASC ilə İddiaçı2 arasında xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsi əsasında sonuncunun adına kredit xətti açılmış və iddiaçının adına dövlət qeydiyyatına alınmış mübahisəli ev ipoteka edilmişdir. Devalvasiya ilə əlaqədar əsas borclu İddiaçı2 krediti ödəyə bilmədiyindən, Cavabdeh3 ASC borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin müqavilə ləğv edilmiş, 125627,22 ABŞ dolları əsas borc, 28531,72 ABŞ dolları faiz borcu olmaqla cəmi 154158,94 ABŞ dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul vəsaiti tutularaq banka ödənilməsi və borcun ipotekaya yönəldilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, onun mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi,73-cü məhəllə, 72B saylı ev ilkin satış qiyməti 120000 manat müəyyən edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının məhkəmə iclasında iştirakı təmin edilməmiş, nə də icraata başlamaq haqqında qərarla tanış edilməmiş, iddiaçının şikayət vermək hüququ pozulmuşdur. İddiaçı2 məhkəmədə işə baxılıb yekun qərar çıxarılana kimi icraatın dayandırılması ilə əlaqədar icra məmuruna müraciət etməsinə baxmayaraq, icra məmuru nə onu, nə də iddiaçıya xəbərdarlıq etmədən Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsini icraata yönəltmişdir. İddiaçıya xəbər vermədən "xxxx" tərəfindən evi açıq hərracdan 76500 manata satılmış və bank tərəfindən alınmışdır. "xxxx"ndə olduqda, həqiqətən iddiaçıların iştirakı təmin edilmədən, gizlin 3 dəfə hərrac keçirilməsinin və xx.xx.2019-cu il tarixdə İddiaçı1 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B saylı ev 76500 manata Cavabdeh3 ASC-yə satılması barədə məlumat almışdır. "xxxx"nin Hərracın nəticələri haqqında Y-200 N-li xx.xx.2019-cu il tarixli Protokolla razı deyildir. Hesab edir ki, icra sənədi icraata yönəldilənə qədər iddiaçıya məhkəmə müdafiəsindən tam istifadə etməyə imkan yaradılmalı, icraata başlamaq haqqında qərarla tanış edilməli, ondan şikayət etmək hüququndan istifadə etməli, icra sənədinin hərraca göndərilməsi, bundan əlavə keçirilən hərrac barədə xəbərdar edilməli, evi bankın aldığı qiymətə iddiaçıya təklif edilməli, evin iddiaçının özü tərəfindən münasib qiymətə alınması və satılması üçün şərait yaradılmalı, vaxt verilməli idi. Evi ekspertiza tərəfindən dəyərindən aşağı qiymətləndirilmişdir. İddiaçı həmin qiymətləndirmədən sonra evi təmir etdirmişdir. Bank isə evini iddiaçıdan gizlin keçirilən hərracda 76500 manata almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ASC ilə xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsi əsasında adına kredit xətti açılmış və İddiaçı1 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72 V ipoteka edilmişdir. "xxxx" onların iştirakı təmin edilmədən formal 3 dəfə hərrac keçirmiş və onsuz da real qiymətindən dəfələrlə aşağı qiymətə qiymətləndirilmiş evin xx.xx.2019-cu il tarixdə 76500 manata Cavabdeh3 ASC-nə satılması barədə məlumat almışdır. Hərracın nəticələri haqqında Y-200 nömrəli Protokol verilmişdir. Söhbət əsasında Mərkəzin işçisi etiraf etmişdir ki, "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməmiş, formal olaraq protokollar tərtib edilmişdir. Həqiqətən cavabdehin nə rəsmi saytında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə banka ipoteka edilmiş evin hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş evin qiymətini qəsdən aşağı salmaq məqsədi ilə guya 2 dəfə hərrac baş tutmamış, 3-cü dəfə isə əmlak banka satılmışdır. O və evin mülkiyyətçisi nə rəsmi, nə də qeyri-rəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmamışlar. Həmin nəticə ilə razı deyil, bankla razılığa gəlmək, krediti hissəhissə ödəyərək evi sahibinə geri vermək istəyir. Hərrac açıq auksion formasında keçirilir. "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməmiş, formal olaraq protokollar tərtib edilmişdir. Çünki cavabdehin nə rəsmi saytında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə ipoteka etdiyi əmlakların hərraca çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yerı, forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından göründüyü kimi onlara belə bir şərait yaradılmamışdır. Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı2 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, izahatında onlara müəyyən qədər vaxt lazım olduğundan, şikayət verdiyini nəzərə alaraq təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və bu şikayətin işi uzatmaq məqsədi daşıdığını, digər işdə onların məlumatlandırılması barədə sübutların mövcud olduğunu nəzərə alaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər İddiaçı1 və cavabdehlər Cavabdeh1, "xxxx" MMC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçıların iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməməsi, mövcud sübutlar məhkəmədə araşdırılması və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan İddiaçı2 qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən məhkəmələrin hazırki iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməməsi, hərracın keçirilməsinə dair sənədləri tələb etməməsi, hərrac keçirilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmamasını araşdırmadan yekun qərar qəbul etməsi, icra məmuru tərəfindən verilmiş sifariş əsasında keçirilmiş hərraclar barədə sənədlərin (hər iki hərrac barədə bildirişlər, onların çatdırılması barədə sübutlar, hərracların keçirilməsi və ya baş tutmaması barədə kütləvi informasiya vasitələri və rəsmi internet saytında elanlar) əldə olunması üçün lazım olan bütün tədbirləri görməli, icra işini tələb edərək öyrənməli və bunun nəticəsindən asılı olaraq yekun qərar qəbul edilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir və işin mübahisə edilməyən halı isə ondan ibarətdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə, cavabdeh İddiaçı2 ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 07/5470/İBK saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər İddiaçı2, X3 və İddiaçı1 müştərək qaydada 125627,22 ABŞ dolları məbləğində əsas və 28531,72 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 154158 ABŞ dolları 94 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutmanın cavabdeh X2 məxsus, ilkin satış qiyməti 195000 manat müəyyən edilməklə, AZ 5021, ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352,9 kv.m (237.6 kv.m yaşayış sahəsi; 115.3 kv.m yardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinə və İddiaçı1 məxsus olan, ilkin satış qiyməti 120000 manat müəyyən edilməklə Sumqayıt şəhəri. Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evlərinin açıq hərracdan satılmalı və onların satışından əldə edilən pul vəsaiti hesabına ümumilikdə 154158,94 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" ASC-nə ödənilməli, qalan vəsaitin isə cavabdehlər X3 və İddiaçı1 qaytarılmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehlər İddiaçı2, X3 və İddiaçı1 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh3 ASCnə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun cavabdehlər İddiaçı2. X1 və İddiaçı1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qeyd edilmişdir. İddiaçı2 iddiasının əsası kimi iki hala, birincisi ona hərracın keçirilməsi barədə məlumat verilməməsinə, ikincisi isə ipoteka ilə yüklü edilmiş əmlakın dəyərindən aşağı qiymətə satılmasına istinad etmişdir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü Cavabdeh1ndən icra işini tələb edib öyrənərkən müəyyən edilmişdir ki, İcra İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə hərracın keçirilməsi haqqında sifariş məktubu göndərilmişdir. "xxxx" MMC tərəfindən sifarişçi Sumqayıt şəhər İcra İdarəsinə göndərilən xx.xx.2019cu il tarixli bildirişdə Cavabdeh1 №61/16 xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən əmlakların satılması üçün açıq hərraca çıxarılması göstərilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin sifarişçiyə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan da görünür ki, sifariş verilmiş əmlaklar satılmışdır. Bununla yanaşı hərracın keçirilməsinə dair sənədlərin tələb edilməsi, hərracın keçirilməsi barədə elanların verilməsi, hərracın baş tutmadığı təqdirdə onlara qərarın 21-ci bəndində nəzərdə tutulan hüquqlardan istifadə etmələri üçün şərait yaradılıbyaradılmamasının aydınlaşdırılması barədə kassasiya instansiya məhkəməsinin göstərişlərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmasından ötrü Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2086/2020 nömrəli mülki işi tələb edilmiş, Sumqayıt Şəhər Məhkəməsindən tələb edilmiş 2(060)- 2086/2020 nömrəli mülki iş üzrə təqdim olunmuş bildiriş və qəbzlərdən görünür ki, "xxxx" MMC tərəfindən sifarişçiyə, tələbkara, o cümlədən borclulara əmlakların açıq hərracda satılması barədə sifarişli məktubla məlumatlar verilməklə ünvanlara çatdırılmış, lakin borclular bildirişi qəbul etməkdən imtina etmişlər. Qeyd olunan sənədlər hazırki işə əlavə edilmişdir. Əmlakların satış qiymətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti təşkil edən yaşayış evilərinin ilkin satış qiyməti qanuni qüvvədə olan məhkəmə aktı ilə ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352,9 kv.m (237.6 kv.m yaşayış sahəsi; 115.3 kv.m yardımçı sahəsi) olan 25 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 195000 manat, Sumqayıt şəhəri. Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanı, 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kv.m (70.84 yaşayış sahəsi, 24.2 yardımçı sahəsi) olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat müəyyən edilmişdir. Keçirilmiş hərrac zamanı isə həmin əmlaklar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətinin enmiş faizləri nəzərə alınmaqla satılmışdır. Bu baxımdan məhkəmə kollegiyası ipoteka predmeti olmuş əmlakların ilkin satış qiyməti artıq qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunduğundan və hərrac təşkilatı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından ilkin satış qiymətinin enmiş faizləri nəzərə alınmaqla satıldığından, həmin əmlakların aşağı qiymətə satılması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmet müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (Mülki Məcəllənin 415.2-ci maddəsi). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (Mülki Məcəllənin 416.1. və 416.2. maddələri). Qanunun mənasından göründüyü kimi, iddiaçının iddiası üzrə keçirilən hərracın nəticələrinin etibarsızlığı üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydalar pozulmuş olmalıdır. Lakin hazırkı işdə hərrac keçirilərkən Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1. maddəsinin tələbləri pozulmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 və 217.4. maddələri). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı zamanı iddia tələbi hərracın iddiaçının məlumatının olmadan keçirilməsi və əmlakların aşağı qiymətə satılması əsası ilə etibarsız edilməsi iş materialları ilə təkzib edildiyindən, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hərracın nəticələri haqqında protokol etibarsız hesab edilmədiyindən, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi də təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver