Məhkəmə qərarları › İş №2(105)-1469/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1469/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1469/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(060)-1854/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kreditor "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə 2718,88 manat məbləğində əsas borc, 1502,76 manat faiz borcunun, cəmi 4221,64 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manatın tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-1065/2016 saylı məhkəmə əmri ilə xx.xx.1984-cü ildə Kürdəmir rayonu, Yenikənd kəndində doğulmuş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1984-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 2718,88 manat məbləğində əsas borc, 1 502,76 manat faiz borcu, cəmi 4 221,64 (dörd min iki yiiz iyirmi bir manat altmış dörd qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində pul tutulmuşdur. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(060)- 1854/2023 saylı qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-1065/2016 saylı saylı məhkəmə əmri ləğv edilmiş, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 ilə "xxxx" Bank olmayan Kredit X1 Cəmiyyəti arasında 23 oktyabr 2014-cü il tarixdə bağladığı SUMGl-10654-6121 saylı “kredit xətti” müqaviləsinə əsasən 20.000 (iyirmi min) manat məbləğində kredit xətti açılması nəzərdə tutulmuş və 23 oktyabr 2014-cü il tarixli, SUMGl10654-6121 “Razılaşmaya” əsasən illik 34% (otuz dörd) faizlə 18 (on səkkiz) ay müddətinə “kredit alan”nın istifadəsinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh2 (zamin) və Cavabdeh1 (borclu) arasında 22 oktyabr 2014-cü il tarixdə SUMGl-10654-6121+SUMG1-10667 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zaminliyi ilə təmin olunmuş və kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən kredit və onun faizi kredit müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı və hesablanmış dəbbə pulunun ödənilmədiyi hallarında "xxxx" BOKT MMC (kreditor) qarşısında X4 ilə birgə məsuliyyət daşıdığını Cavabdeh2 öz imzası ilə zaminlik müqaviləsində təsdiq etmişdir. Tərəflər arasında imzalanmış 23 oktyabr 2014-cü il tarixli ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 216 manat ödəniş etməli idi. Kredit müqaviləsinin 4.3-cü maddəsinə əsasən isə kredit alan ona verilmiş kredit hissəsini ödəniş qrafikində göstərilən konkret tarixdə ödəmədikdə Kredit verənin tələb etdiyi hallarda edilmiş sonuncu ödəniş günündən başlamaqla ikiqat faiz ödəmək məsuliyyəti daşıyır. Belə ki, cavabdehin kreditor qarşısıda ödəniş cədvəlinə əsasən 1502,76 manat icra edilməmiş faiz öhdəliyi qalmışdır. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 28 dekabr 2015-ci il tarixi üçün cavabdehin 2718,88 (iki min yeddi yüz on səkkiz manat 88 qəpik) məbləğində əsas borcun (izah: 3000-281,12 (ödənilmiş əsas borc)=2 718,88) və 1502,76 (bir min beş yüz iki manat 76 qəpik) məbləğində faiz borcunun (izah: 870,42-119,04 (ödənilmiş faiz borcu)=751,38 və 751,38x2 (K.M.4.3-cü bənd)= 1502,76), cəmi 4 221,64 (dörd min iki vüz iyirmi bir manat 64 qəpik) (AZN) məbləğində borcu qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(060)-1854/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kreditor "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 2718,88 (iki min yeddi yüz on səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc və 751,38 (yeddi yüz əlli bir manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 3470,26 (üç min dörd yüz yetmiş manat iyirmi altı qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 16 (on altı) manat pulun tutulması qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(060)-1854/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və ondan birgə qaydada kreditor "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə 2718,88 manat borcun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda xx.xx.2014-cü il tarixli razılaşmada qeyd olunan əsas və faiz borcu ilə razı deyildir. Belə ki, hüququ savadı olmadığına görə birinci instansiya məhkəməsində həmin razılaşma üzrə əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb etməmişdir. Vəkil tərəfindən ona bildirilmişdir ki, həmin kredit razılaşması üzrə borc məbləği ilə razı olmadığına görə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb edə bilər. Hesab edir ki, işin tam və obyektiv araşdırılması məqsədi il Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyası tərəfindən 23 oktyabr 2014-cü il tarixdə bağlanmış SUMGl-10654-6121 saylı kredit xətti üzrə razılaşmadakı əsas və faiz borcun müəyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 oğlu apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada (məhkəmə bildirişi ilə, eləcə də AZEMİS sistemi vasitəsilə SMS ilə) məlumat verilsə də, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə cavabdehlərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apelyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 23 oktyabr 2014-cü il tarixdə bağladığı SUMGl-10654- 6121 saylı kredit xətti müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 20000 (iyirmi min) manat və ya 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli razılaşmadan görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 illik 34 % olmaqla, 18 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 oktyabr 2014-cü il tarixdə SUMGl-10654- 6121+SUMG1- 10667 saylı zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 20000 (iyirmi min) manat və ya 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit xətti açılmış və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə 2718.88 manat əsas, 1502.76 manat faiz borcu olmaqla, ümumilikdə 4221.64 manat borcu mövcuddur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində borcu yaranmış, həmçinin zamin Cavabdeh2 da bank qarşısında borclu ilə birgə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 2718.88 manat əsas borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə faiz borcunun məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehlərdən hesablanmış faiz borcunun (751,38 manat) ikiqat məbləğdə (1502,76 manat) tutulmasını xahiş etmiş və tələbini tərəflər arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli SUMGl- 10654-6121 saylı Kredit xətti müqaviləsinin 4.3-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşmamış və iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli SUMGl-10654-6121 saylı Kredit xətti müqaviləsində ümumiyyətlə 4.3-cü maddəsinin olmadığı, müqavilənin 5-ci bəndinə görə isə borclunun kredit öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi halda cərimə hesablanması qaydası nəzərdə tutulduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 751,38 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli SUMGl- 10654-6121 saylı “kredit xətti” müqaviləsinə əsasən 20.000 (iyirmi min) manat məbləğində kredit xətti açılması nəzərdə tutulmuş və 23 oktyabr 2014-cü il tarixli, SUMGl10654-6121 “Razılaşmaya” əsasən illik 34 faizlə 18 ay müddətinə Cavabdeh1 3000 (üç min) manat məbləğində kredit verilmiş, qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh2 (zamin) və Cavabdeh1 (borclu) arasında 22 oktyabr 2014-cü il tarixdə SUMGl-10654- 6121+SUMG1-10667 saylı zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlərdən borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 2718.88 manat əsas borcun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması əsaslıdır. Faiz borcu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kredit xətti müqaviləsində ümumiyyətlə 4.3-cü maddəsinin olmadığı, müqavilənin 5-ci bəndinə görə isə borclunun kredit öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi halda cərimə hesablanması qaydası nəzərdə tutulduğundan tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehlərdən faiz borcunun müştərək qaydada ikiqat məbləğdə (1502,76 manat) deyil, 751,38 manat məbləğində iddiaçının xeyrinə tutulması əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətini «hüququ savadı olmadığına görə birinci instansiya məhkəməsində həmin razılaşma üzrə əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmədiyini, hazırda iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməli olması» ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası onun bu dəlilini inandırıcı hesab etmir və qeyd edir ki, iş üzrə ekspertizanın keçirilməsi üçün əsas və zərurət yoxdur. Belə ki, tələb edilən faiz borcu müqavilə şərtlərinə uyğun və əsas borca adekvat olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(060)-1854/2023 nömrəli qətnaməsi apelyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar