Məhkəmə qərarları › İş №2(105)-1471/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1471/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1471/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “sığorta ödənişi və dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddiası üzrə Quba Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(027)-747/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(027)-747/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 198 (yüz doxsan səkkiz) manat sığorta ödənişi məbləği və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat, cəmi 218 (iki yüz on səkkiz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(027)-747/2019 saylı tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 198,00 (yüz doxsan səkkiz) manat sığorta ödənişi məbləğinin və 20,00 (iyirmi) manat dövlət rüsumunun, cəmi 218,00 (iki yüz on səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, sığorta şirkətinin nümayəndəsi və polis əməkdaşı onu aldadaraq öz maraqlarına uyğun izahat almışlar. Daha sonra ona cərimə yazılmış və cəriməni ödəmişdir. Qətnaməni oxuyandan sonra bilmişdir ki, onu aldadaraq ona yanlış izahat yazdırmışlar. Quba şəhəri, H.Əliyev prospektində qarşı yola çıxarkən digər avtomobil onun idarə etdiyi avtomobilin üzərinə gəlmiş, xəbərdarlıq siqnalı versə də, buna məhəl qoymamış, ona məxsus avtomobili vurmuşdur. Daha sonra digər avtomobil hadisə yerindən yayınmışdır. Polisə və siğorta şirkətinə məlumat vermişdir. Lakin protokol onun ziyanına tərtib edilmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(027)-747/2019 saylı tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(027)- 747/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş sənədlərində olan, 16.07.2018-ci il tarixli, 3313/18/AA-3107/18 saylı “sığorta akt”ından müəyyən edilir ki, 14 sentyabr 2017-ci il tarixində “Daimler Chrysler” E240 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış və həmin avtonəqliyyat vasitəsinin idarə edərkən Quba şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Chevrolet Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Maddi ziyanın ümumi məbləği 198,00 (bir yüz doxsan səkkiz) manatdır. İş materiallarında olan Avtonəqliyyat Vasitəsinin Sığorta Şəhadətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 11.09.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Daimler Chrysler” E240 markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. İş sənədlərində olan sənəddən görünür ki, “Daimler Chrysler” E240 markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İş sənədlərində olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin N-TYP 068776 saylı, inzibati xəta haqqında qərarın surətindən müəyyən edilir ki, Cavabdeh 13.01.2018-ci il tarixdə “Daimler Chrysler” E240 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba şəhəri, H.Əliyev prospektində yolnəqliyyat hadisəsi törətmiş və “Chevrolet Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən Cavabdeh 13.01.2018ci il tarixdə “Daimler Chrysler” E240 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətməsi, “Chevrolet Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 936, 1097, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Çünki, iş materiallarından da göründüyü kimi, Cavabdeh 13.01.2018-ci il tarixdə “Daimler Chrysler” E240 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Chevrolet Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, qəza nəticəsində sığorta olunan avtomobilə 198 manat ziyan dəymiş, dəymiş zərər sığortalı avtomobilin sahibinə ödənmişdir. “İcbari sığortlar haqqında” Qanunun 25.1.3-cü maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırki işdən də görünür ki, Cavabdeh barəsində N-TYP 068776 saylı inzibati xəta haqqında qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə istinad edərək, vurulmuş zərərin cavabdehdən tutulmasını qət edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin mülki hüquq pozuntusu törətməsində təqsirli olması və nəticədə zərər vurması işin mübahisələndirilməyən halıdır. İş materiallarından görünür ki, sığortaçı olaraq İddiaçıSC sığortalıya sığorta ödənişini həyata keçirmişdir. Bununla da iddiaçının faydalanan şəxsə ödədiyi sığorta ödənişi məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. Azərbacyan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə də mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan əlavə, 20 manat dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini, qəzada təqsiri olmamasını əsassız sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh barəsində N-TYP 068776 saylı inzibati xəta haqqında qərar qəbul edilmiş, həmin qərar hazırki gündə qanuni qüvvəsindədir və hər hansı şəxs və ya orqan tərəfindən mübahiusələndirilməmişdir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(027)-747/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Quba Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(027)-747/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh oğlunun apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver