Məhkəmə qərarları › İş №2(105)-1508/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1508/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Torpaq üzrə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1508/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh1 qarşı icarə hüquqlarının alqı-satqısı barədə müqavilənin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində icarə hüququnun tanınması və torpaq sahəsindən istifadə edilməsinə maneələrin yaradılmasının qadağan olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1693/2021 saylı qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X1 Ramin İdris oğluna qarşı Abşeron rayonu, 2 saylı tərəvəzçilik sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsinə olan icarə hüquqlarının alqı-satqısı barədə müqavilənin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsi üzərində icarə hüququnun tanınması və bu torpaq sahəsindən istifadə edilməsinə maneələrin yaradılmasının cavabdehə qadağan olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1693/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim H.Əhmədov) Qərardaddan narazı qalan iddiaçı X3 ondan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1693/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : X3 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia ərizəsinin aidiyyət qaydalarının pozulması əsası ilə geri qaytarılması barədə qərardadı əsassızdır. Onun iddia tələbi mübahisəli torpaq sahəsinə dair icarə hüquqlarının tanınmasından, sözügedən torpaq sahəsindən onun istifadə etməsinə maneələr yaradılmasının cavabdehə qadağan edilməsindən ibarət olduğundan hazırki işə müstəsna aidiyyat qaydalarına əsasən, torpaq sahəsinin olduğu yerin məhkəməsində, yəni Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv olunmalı, mübahisə Abşeron Rayon Məhkəməsində araşdırılmalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram göndərərək, maddi imkanının məhdud olması və yolların çətin vəziyyətilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, H.Məmmədov küçəsi, ev 9 ünvanında qeydiyyatdadır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1693/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, hazırki iddia tələbinin predmetini Abşeron rayonun keçmiş 2 saylı tərəvəzçilik sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsi deyil, həmin torpaq sahəsinə olan icarə hüquqlarının alqı-satqısı barədə müqavilənin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsi üzərində icarə hüququnun tanınması və bu torpaq sahəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması təşkil edir. İddiaçı iddia edir ki, torpaq sahəsi Abşeron ərazisində yerləşdiyindən hazırkı mübahisə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd edildiyi kimi, iddiaçının əsas tələbi mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmış hesab edilməsi, onun bu sahəyə icarə hüququnun tanınması və ona yaradılan maneələrin aradan qaldırılması barədədir və belə olan halda, bu mübahisə müstəsna aidiyyət qaydalarını nəzərədə tutan MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşmür. Qanunvericiliklə, bu tip mübahisələr adi qaydalara üzrə cavabdehin qeydiyyatda olduğu məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından da göründüyü kimi, cavabdeh Salahov X6 rayonunda deyil, Bakı şəhəri, H.Məmmədov küçəsi, ev 9 ünvanında qeydiyyatdadır. Lakin o, aidiyyət qaydalarını pozaraq, hazırkı iddia ərizəsilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə isə haqlı olaraq MPM-nin 152.1.3-cü maddəsinə istinad etməklə ərizənin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmaqla ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır və məhkəmənin bu barədə gəldiyi nəticə qanunidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1693/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)- 1693/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver