Məhkəmə qərarları › İş №2(105)-1509/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1509/2023

26.09.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1509/2023 26.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-584/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli ABB YM-0113 saylı “Mənzilin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki 21 saylı küçədə inşa edilmiş 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 49.7 kv.m olan, 1 otaqlı 7 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumuna görə 103.6 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-584/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0113 saylı mənzilin alqısatqı müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivi 21 saylı küçədə inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 49.7 kv.m olan 1 otaqlı 7 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılmaqla mənzilin iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 103.6 (yüz üç manat altmış qəpik) manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Apellyasiya baxışı zamanı Cavabdeh imzasının həqiqiliyi notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətindən imtinasının qəbul edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. (...)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh apellyasiya şikayətindən imtina edilməsinə dair ərizə təqdim edərək, icraata xitam verilməsini xahiş etmişdir.

9. MPM-in 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

10. Məhkəmə kollegiyası, mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, cavabdeh apellyasiya şikayətindən imtina etdiyindən və tərəfin apellyasiya şikayətindən imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir.

11. Azərbaycan Respublikası MPM-in 263-264, 369, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-584/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar