Məhkəmə qərarları › İş №2(105)-154/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-154/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübah
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-154/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X8 və X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-185/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Kreditor "xxxx" İKB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, borcalana mənzil alınması məqsədilə 300 ay müddətinə, illik 7%-lə qaytarılması şərtilə 150.000 manat məbləğdə kredit verilməsi barədə razılığa gəliblər. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat mislində dəbbə pulu ödəməlidir. 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədə kreditin ödənilmə müddətləri dəqiqləşdirilmiş, Cavabdeh götürdüyü kredit məbləğini müvafiq cədvəl əsasında aylıq 1060,17 (sonuncu ay 1059,47) manat olaraq ödəməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanan 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə digər əlavənin 1.1-ci bəndində müəyyən olunan şərtə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6-cı bəndinə müvafiq olaraq müqavilə üzrə tələb hüququ kreditor tərəfindən geri alındığı təqdirdə həmin gündən başlayaraq müqavilə üzrə əsas faiz dərəcəsi və cərimə faiz dərəcəsi kreditorun həmin günə olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən hesablanacaq və borcalan tərəfindən ödəniləcəkdir. X1, alıcı-ipoteka qoyan Cavabdeh və ipoteka saxlayan "xxxx" İKB ASC arasında 10 sentyabr 2018-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı İslam Əliməmmədov mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m. ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilini alıcı Q.Abbasova 220.000 manata satmışdır. Eyni zamanda həmin müqavilə ilə Q.Abbasovun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən 12 nömrəli evin 85 nömrəli mənzili kreditorun xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 220.000 manat müəyyən edilmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı ******* №-li çıxarışla rəsmiləşdirilmişdir. İpoteka saxlayan borcalan Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli bildiriş göndərmiş, həmin bildiriş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə 145.456.31 manat əsas, 11.640.63 manat faiz borcu olmaqla, ümumilikdə 157.096.94 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m. ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m. ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma mənzilə yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, tərəflər arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka 2021-ci il aprelin 12-dək 145456.31 manat əsas, 11640.63 manat faiz borcu olmaqla ümumilikdə cəmi 157096.94 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3294/2021 nömrəli qərardadı əsasında alınmış "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 311/E №-li rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 12 saylı evin 85-ci mənzilinin hazırki likvid dəyəri 308.500 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi qiymətləndirmə rəyi ilə razılaşmayıb təkrar qiymətləndirmə təyin olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3294/2021 nömrəli qərardadı ilə mülki iş üzrə təkrar qiymətləndirmə təyin edilmişdir. Həmin qərardad əsasında “X12 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2021ci il tarixli hesabatla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142.84 kv.m.-dən ibarət olan mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 259.400 manat, likvid dəyəri 244.800 manat müəyyən edilir. Cavabdehin vəkili həmin qiymətləndirmə rəyi ilə razılaşmayaraq yenidən qiymətləndirmənin həyata keçirilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3294/2021 nömrəli qərardadı ilə mülki iş üzrə kredit borcun məbləğinin və mənzilin qiymətinin müəyyən olunması üçün ekspertiza təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/267 №-li rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh 07 sentyabr 2018-ci il tarixli, 20-İP-AİF-1-0-185- 18 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka olan borcu, əsas borc üzrə 145.456,31 manat və faiz borcu üzrə 14.201,66 manat olmaqla, cəmi 159.657,97 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/324 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində inşa edilmiş 12 saylı evin 85 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 268500 manat (142,84x1880) məbləğində, 5% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 255000 manat təşkil edir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə 145456,31 manat əsas, 40739,95 manat faiz borcu və 224,98 manat cərimə olmaqla, ümumilikdə 186421,24 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m. ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehə məxsus mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməklə mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq banka təhvil verilməsi, tərəflər arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 145456.31 manat əsas, 40739.95 manat faiz və 22 manat cərimə borcu olmaqla, ümumilikdə 186218.26 manat məbləğində kredit borcunun habelə, məhkəmə xərcləri üçün rüsuma görə 20 manat (iyirmi manat), xidmət haqqına görə 20 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m. ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh mənzil hərracdan satılandan bir ay sonra oradan çıxarılması, oranı boşaltması və onun həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m. ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinin likvid dəyərinin 255.000 manat müəyyən edilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayından cavabdeh 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, "xxxx" İKB ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da kredit müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində borcu qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmiş, həmin vaxtdan, yəni 2020-ci ilin sentyabr ayından sonra kredit müqaviləsi üzrə faiz dərəcəsi iddiaçının verdiyi məlumatlara əsasən həmin günə olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən 18%-lə hesablanmış, bu əsasla xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi Cavabdeh həmin tarixə olan borcu 145456.31 manat əsas, 40739.95 manat faiz borcu, 224.98 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 186421.24 manat təşkil edir. Birinci instansiya məhkəməsi kredit borcu tələbi üzrə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddia tələbi kredit borcu hissəsində qismən təmin edilərək iddiaçı "xxxx" İKB ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 145456.31 manat əsas, 40739.95 manat faiz və 22 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 186.218.26 manat məbləğində kredit borcuna görə pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini müəyyən etmək üçün işdə olan sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iş materiallarında olan tərəflər arasında bağlanan 10 sentyabr 2018-ci il tarixli 20-İP-AİF-1-0-185-18 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka predmetinin dəyəri 220.000 manat olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilən qiymətləndiricilərin rəyinə əsasən evin likvid dəyəri 308500 manat, 244800 manat, 255000 manat qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sübutlara müqayisəli şəkildə məcmu halda qiymət verərkən ipoteka predmetinin likvid dəyərinin sonuncu məhkəmə ekspertizasının rəyilə 255000 manat qiymətləndirilməsini ipoteka müqaviləsi ilə müəyyən edilən qiyməti ilə müqayisədə ötən zaman ərzində qiymət artımı nəzərə alınmaqla real hesab edərək, qeyd etmişdir ki, mübahisəli ipoteka predmeti olan mənzilin likvid dəyəri 255000 manat müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m. ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin evin hərracdan satılandan bir ay sonra cavabdehin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, cavabdehin həmin mənzilə istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə də əsaslıdır və təmin edilməlidir. İddia tələbinin mənzilin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, evin hərracda kimə satılması müəyyən ediləndən sonra ev ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2 və 421.3-ci maddələrinə istinadən qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin mövcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqavilənin əhəmiyyətli dərəcədə pozulması; Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən müəyyən olunur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi halları nəzərdə tutulmuşdur. Müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 445.1, 448.1, 462.1, 739, 467, 317, 319.1-319.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3, 59-u maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh 2020-ci ilin avqust ayından etibarən hal-hazıradək Qarabağda və digər sərhəd təşkil edən müxtəlif cəbhəboyu torpaqlarda aktiv halda xidmət göstərir. Onun öz ailəsi ilə görüşməyə belə imkanı olmadığı təqdirdə ondan kredit borcunu ödəməyi tələb etmək və bunun nəticəsi kimi onun barəsində iddia qaldırmaq və məhkəmənin bu iddianı təmin etməsi nə məntiqə, nə ədalətə, nə də Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir. Məhkəmə iş üzrə icraatı dayandırılmalı idi. Məhkəmə qəbul etdiyi qətnamədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 13 aprel 2022-ci il tarixli rəyini qeyd etsə də, nəticəyə gələrkən bu sübutu nəzərə almamışdır. O, müqavilənin icrasından imtina etmir. Sadəcə yaranmış fors-major hallar nəticəsində müqavilənin icra edilməsində gecikdirmələr olmuşdur. O, bu halı aradan qaldırmağa, ekspertiza nəticəsində hesablanmış faiz borcunu ödəməyə və gələcəkdə də güzəştli kredit müqaviləsi üzrə aylıq ödənişlərini etməyə hazırdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2140/2022 nömrəli, 21 noyabr 2022-ci il qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməmiəsi, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-185/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev). Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 421.1, 445.1, 448.1, 462.1, 465.2, 739, 467, 317, 319.1-319.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3, 59-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4- cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən bir zabitdir və 2020-ci ilin hələ avqust ayından etibarən 30 ildən artıq müddətə işğal altında qalan torpaqlarımızda döyüş tapşırıqlarını icra etməyə başlamışdır. Onun 2020-ci ilin sentyabr ayından etibarən başlayan kredit gecikməsinin səbəbini məhkəmə artıq bilməli idi. Lakin Abşeron Rayon Məhkəməsi qətnamə çıxararkən bu halı heç araşdırmamış, buna münasibət bildirməmişdir. İddiaçı kredit müqaviləsini istehlak krediti müqaviləsinə çevirməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6-cı bəndinə əsasən müqavilə üzrə tələb hüququ kreditor tərəfindən geri alındığı təqdirdə həmin gündən başlayaraq müqavilə üzrə əsas faiz dərəcəsi və cərimə faiz dərəcəsi kreditorun həmin gün olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən hesablanacaq və borcalan tərəfindən ödəniləcək. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 6-cı bəndindəki müddəalarda banka belə bir səlahiyyət verməməklə yanaşı, şəxsin vəziyyətini ağırlaşdıran kredit faizlərinin tətbiq edilməsi, bunun borcalandan dərhal icra etməsini tələb etmək və bunu ipoteka predmetinə yönəltmək qanunvericiliyin tələblərinə zidd olduğu kimi məhkəmənin bu cür bir iddianı təmin etməsi də qanunsuzdur. Bank kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini cavabdehin vəziyyətini yüngülləşdirici hallarda deyil, məhz ağırlaşdıran hallarda etmişdir ki, bu da tərəflərin öz öhdəliklərini vicdanla yerinə yetirməsi prinsipinin aşkar pozulması halıdır. Cavabdeh 2020-ci ilin avqust ayından etibarən hal-hazıradək aktiv döyüş və anti-terror əməliyyatlarının iştirakçısıdır. Onun bu dövr ərzində maliyyə vəziyyətinin ağırlaşması, həyat şəraitində yaranmış olan fors-major hallar və bunun səbəbinin hərbi xidmət olması halları nə bank, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Apellyasiya məhkəməsi sonrakı tarixə olan faiz borcunu ekspert rəyi alınmadan, sadəcə bank tərəfindən hesablanaraq tərtib edilmiş maliyyə arayışına əsaslanaraq müəyyən etmişdir. Bu halın dəqiqləşdirilməsi üçün ekspert rəyinə ehtiyac duyulurdu. Belə ki, bank məhkəmə qətnaməsi çıxarılmadan güzəştli kredit müqaviləsini istehlak krediti müqaviləsi həcmində dəyişmiş, illik 7 faiz olan kredit dərəcəsini qanunsuz olaraq 18 faizə çevirmiş və sonuncu faiz dərəcəsi üzərindən borc hesablaması aparmış, Abşeron Rayon Məhkəməsi bu hala göz yummuş və Sumqayıt Apellyasiya Məhkəməsi isə bu məsələyə toxunmayaraq tamamilə qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh müqavilə bağlayan zaman, Vətən müharibəsinin başlayacağını öncədən görə bilməzdi. Onun peşə və vəzifəsindən asılı olaraq 2020-ci ilin avqust ayından etibarən hal-hazıradək aparılan əhəmiyyətli döyüş əməliyyatlarında iştirak etməsi, bu halın hələ də yekunlaşmaması onun hər-hansı qəsdi ilə formalaşmış bir hərəkət deyildir. Şəxs qərəzli bir şəkildə müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırmamışdır. Öngörülə bilməyəcək hadisələr nəticəsində bu hal baş vermişdir. Eyni zamanda cavabdeh müqavilənin icrasından imtina etmir. Sadəcə yaranmış fors-major hallar nəticəsində müqavilənin icra edilməsində gecikmələr olmuşdur və bu halı aradan qaldırmağa, ekspertiza nəticəsində hesablanmış faiz borcunu ödəməyə və gələcəkdə də güzəştli kredit müqaviləsi üzrə aylıq ödənişlərini etməyə hazırdır. Lakin Abşeron Rayon Məhkəməsinin bu halları nəzərə almamış, eyni zamanda məhkəmə qətnaməsi olmadan bankın güzəştli kredit müqaviləsinin tək tərəfli şəkildə ləğv edərək, olmayan borc müqaviləsi əsasında yuxarı faiz dərəcələri ilə dəbbə pulları hesablamasına əhəmiyyət verməmişdir. AR Ali Məhkəməsinin 2(102)-1522/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndəriməsi qərara alınmışdır (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov). Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X13 və X9 apellyasiya şikayətinə etiraz etdiklərini bidirdilər və təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-185/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İsa Hacıyev ipoteka predmeti olan mənzilin faktiki mülkiyyətçisinin X5 olması, onun maraqlı şəxs kimi işə cəlb olunmasına dair məhkəmə kollegiyasınına vəsatət verməsi ilə əlaqədar dövlət vəsaiti hesabına ayrılmış kreditin mənimsənilməsinə görə hazırki iş üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə icraatına cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. Həmin Məcəllənin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ıpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2 -ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yen mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”-nın: 5.1-ci bəndinə əsasən ipoteka kreditinin maliyyələşdirilməsi və onlara xidmət Fond və müvəkkil bank arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir. 5.8-ci bəndinə əsasən müvəkkil bank Fond tərəfindən əldə edilmiş ipoteka kreditini bu Qaydanın 6-cı hissəsində müəyyənləşdirilmiş qaydada geri almaq öhdəliyi götürür. 6.1-ci bəndinə əsasən aşağıdakı hallarda Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir: 6.1.1. borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə; 6.1.2. qəbul edilmiş sənədlərin bu Qaydaya uyğun olmadığı müəyyənləşdirildikdə. 6.2-ci bəndinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bildirişə geri alınmalı ipoteka krediti barədə məlumat əlavə edilir. 6.3-cü bəndinə əsasən İpoteka kreditinin geri alınması zamanı təhvil-təslim aktına əsasən sənədlərin əsli müvəkkil banka qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin 2(102)-1522/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, işə əvvəlki instansiya məhkəmələrində baxılarkən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş iddia ərizəsində cavabdehdən tələb edilən əsas və faiz borcunun məbləği müəyyən edilərkən, faiz borcunun müqavilədə müəyyən olunmuş 7 faizlə deyil, istehlak kreditləri üçün müəyyən olunmuş faiz dərəcəsi ilə (18%) hesablandığı araşdırılmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və “X3 Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” və Fondun daxili qaydalarına uyğun olaraq ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən 11 iyun 2018-ci il tarixli Baş Saziş təqdim edilmişdir. Həmin Baş Sazişin 5.1.4.1-ci bəndinə əsasən kreditin restrukturizasiyası barədə Fond tərəfindən razılıq haqqında qərar qəbul edildiyi hallar istisna olmaqla, borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə ipoteka kreditinə xidmət göstərən Müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir. İş materiallarına əsasən müəyyən edilir ki, 11 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6.1.1-ci bəndinə əsasən Cavabdeh tərəfindən kredit üzrə 145456,31 manat borc üzrə tələb hüquqlarının geri alınması və ödəniş gününə hesablanacaq faizlərin 5 iş günü ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hesabına köçürülməsi barədə "xxxx" ASC-yə müraciət etmişdir (İİ cild, i/v 240).Bununla əlaqədar iş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" ASC 145456,31 manat məbləğində vəsaiti xx.xx.2020-ci il tarixində 1№-li ödəniş tapşırığına əsasən Azərbaycan İpoteka Fondunun hesabına köçürmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kredit üzrə tələb hüququ müvəkkil bankdan geri alındığından "xxxx" ASC–nin tərəflər arasında bağlanan 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əlavənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6-cı bəndinə müvafiq olaraq həmin gündən başlayaraq müqavilə üzrə əsas faiz dərəcəsi və cərimə faiz dərəcəsi kreditorun həmin günə olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən hesablamaq hüququ yaranmışdır. Bununla əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin 30 sentyabr 2020-ci il tarixli 73 saylı qərarına əsasən 2020-ci ilin dekabr ayının 28-nə 36 ay və daha artıq müddətə verilmiş istehlak kreditləri üzrə illik faiz dərəcəsinin 19 faiz təşkil etməsi ilə bağlı arayış təqdim edilmişdir (i/v 192). Yuxarıda qeyd olunmuş xüsusatlar əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2(105)-1835/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında işin 1-ci cildinin 255-ci vərəqində olan 01 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən kreditin faiz dərəcəsi 18% götürülməklə həmin tarixə faiz borc üzrə qalıq məbləğ 40739,95 manat məbləğində düzgün müəyyən edilib-edilməməsi və əgər düzgün müəyyən edilməmişdirsə, qeyd olunan 18%-lə xx.xx.2022-ci il tarixə faiz borcu üzrə qalıq məbləğin nə qədər olması barədə sual qoyulmuşdur. Qərardad əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2024-cü il tarixli, 9/9717 №-li rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh 07 sentyabr 2018-ci il tarixli, 20-İP-AİF-1-0-185-18 saylı kredit müqaviləsi üzrə faizlər xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 18% dərəcəsi ilə hesablandıqda, xx.xx.2022-ci il tarixə banka olan borcu, əsas borc üzrə 145.456,31 manat və faiz borcu üzrə 41.498,96 manat təşkil edir. Məhkəmə Kollegiyası verilən rəylə əlaqədar qeyd edir ki, rəydə əsas borc 145.456,31 manat və faiz borcu üzrə 41.498,96 manat təşkil etsə də, iddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsinə dəqiqləşmə verərək 145456,31 manat əsas, 40739,95 manat faiz borcu və 224,98 manat cərimə olmaqla, ümumilikdə 186421,24 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin həcmini nəzərə alaraq qeyd edir ki, borc iddia tələbi həcmində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Hazırki işin halları ilə bağlı isə müstəsna hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində qeyd edilmiş yaranmış forsmajor hallar nəticəsində müqavilənin icra edilməsində gecikdirmələrin olması ilə bağlı qeyd edir ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilsə də, vəzifəsi hərbçi olmaqla döyüş əməliyyatları zamanı da müvafiq olaraq aylıq xidmət haqqını almışdır. Buna görə də onun məlum 44 günlük Vətən müharibəsindən sonra bank qarşısında öhdəliklərini “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”-nın 6.1.1-ci bəndində qeyd olunan 90 gün yerinə yetirməsinə mane olan hər hansı hal yaranmamışdır. Bununla əlaqədar həmçinin iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclası zamanı qeyd etmişdir ki, cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş etmişdir. Buna görə onunla dəfələrlə ödəniş edilməsi barədə danışıqlar aparılmağa çalışılsa da, cavabdeh təyin edilmiş görüşlərə gəlməmiş, həmçinin onun əvvəlki vəkilinə qalıq borcla bağlı ödənişlər edilməsi təkliflər edilsə də, onlar tərəfindən bununla bağlı hər hansı cavab verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin hazırki iş üzrə dövlət vəsaiti hesabına ayrılmış kreditin mənimsənilməsi üzrə xüsusi qərardad çıxarılması ilə əlaqədar verdiyi vəsatətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin 2-ci cildinin 231-ci vərəqindəki ərizədə X10 mənzilin faktiki onun sahibliyində olmasını göstərməklə onun maraqlı şəxs kimi işə cəlb olunmasını xahiş etmişdir.Bununla əlaqədar məhkəmə kollegiyasının 02 noyabr 2023-cü il tarixində keçirilmiş iclasında X10 ərizəni müdafiə edərək göstərmişdir ki, mənzil əvvvəlllər onun rəsmi mülkiyyətində olub. Həmin mənzil hazırda onun sahibliyindədir. Aylıq ödənişlər faktiki onun tərəfindən ödənilir.Məhkəmə kollegiyası tərəfindən rəsmi sənədlərlə məhkəmə qətnaməsinin X5 maraqlarına toxunması təsdiq olunmadığından vəsatət təmin olunmamışdır. Buna görə məhkəmə kollegiyası həmçinin xüsusi qərardad çıxarılması ilə əlaqədar iddiaçının nümayəndəsinin vəsatətini əsassız hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver