Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1568/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-ə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılmağa və maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-848/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş, ********** qeydiyyat nömrəli, **********68-06301-083001 reyestr nömrəli çıxarışa əsasən, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsi tam pay hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestri kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinin surətinə əsasən, İddiaçı özünə məxsus Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsini 11 oktyabr 2020-ci il tarixədək aylıq 1000 manat məbləğində icarə haqqı ödəmək şərti ilə “DOKTA" MMC-nin icarəsinə vermişdir.
3. İddiaçı ilə "DOKTA” MMC-nin nümayəndəsi X8 arasında 27 iyul 2022-ci il tarixdə bağlanmış 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsində dəyişiklik edilməsinə dair müqavilənin surətinə əsasən, tərəflərin razılığına əsasən “İcarəyə götürən”, “İcarəyə verənə” ödəniləcək hər ay aylıq 1000 (min) manat məbləğ dəyişdirilərək, 1163 (min yüz altımış üç) manat icarə haqqı müəyyən edilmişdir.
4. İddiaçı ilə X5 arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli ilkin müqavilənin surətinə əsasən, İddiaçı özünə məxsus Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinin 72 kv.m-ni 28 noyabr 2022-ci il tarixdə “İkinci tərəf” ilə İcarə Müqaviləsi bağlanmasına dair razılığa gələrək, tərəflərin razılığına əsasən “İkinci tərəf” icarəyə götürəcəyi 72 kv.m olan sahəni aylıq 2300 (iki min üç yüz) manat ödəyəcək, ilk 5 (beş) ayının icarə haqqını 11500 (on bir min beş yüz) manat İcarə Müqaviləsi bağlandığı anda “Birinci tərəfə” ödəyir.
5. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı tarixi qeyd edilməmiş ərizələrin surətlərindən göründüyü kimi, müqavilənin 8-ci bəndinə əsasən icarə müqaviləsinin vaxtından əvvəl bir ay xəbərdarlıq etməklə ləğv olunması şərtindən irəli gələrək, obyektin 2022-ci ilin dekabr ayının 3-nə icarəyə götürülmüş qeyri-yaşayış binasının boşaldılmasını tələb olunmuşdur.
6. “Mega Ekspress” məktub və bağlamaların daşınması xidmətinin 318273 və 318274 nömrəli xəbərnamələrinin surətlərinə əsasən, İddiaçı tərəfindən göndərilmiş bildirişlər Cavabdeh MMC tərəfindən 28 noyabr 2022-ci il tarixdə müvafiq imza edilməklə qəbul edilmişdir.
7. "xxxx" MMC-nin 02 may 2023-cü il tarixli “Mütəxəssis rəyi”nə əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti, “Quba” Tiicarət mərkəzi və bazar ərazisində yerləşən qeyriyaşayış sahələrinin 1 kv/metrinin orta aylıq icarə dəyəri rəy verilən tarixə 35-45 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Dokta MMC arasında bağlanmış Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinə dair 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdehin icarəyə verdiyi 75 kv/m qeyri-yaşayış sahəsini boşaldıb əvvəlki vəziyyətində ona təhvil verərək oradan çıxarılması, icarə obyektinin vergi qeydiyyatının ləğvi, kassa qeydiyyatının ləğvi, icarə sahəsində olan cavabdehə məxsus dərman və digər tibbi ləvazimatların pərakəndə satış lisenziyasının ləğvi, icarə obyektində olan mühafizə polisi ilə olan müqavilənin ləğv edilməsi, eyni zamanda 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023-cü il tarixədək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla ona ödənilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsi xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyətində olan qeyriyaşayış sahəsinin 75 kv/m sahəsi tərəfindən Cavabdeh MMC-ə icarəyə verilmişdir. Tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2020-ci il tarixinədək müəyyən edilir və onun bitməsinə 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İcarə müqaviləsinin 8-ci bəndində-müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. O bu hüquqdan istifadə edərək icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılması, eyni zamanda tələbin icra edilməməsinə görə ona vurulan ziyanla bağlı qnunvericiliyə əsasən məsuliyyət daşımaları barədə ekspres poçt vasitəsilə göndərdiyi ərizə cavabdeh tərəfindən xx.xx.2022-ci tarixdə qəbul edilsə də tələbi yerinə yetirilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlib.
10. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-dən 07 fevral 2023-cü il tarixdək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla ona ödənilməsi, habelə 200 (iki yüz) manat daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsinə dair mütəxəssis rəyinə çəkilmiş xərcə görə, 840 (səkkiz yüz qırx) manat sağlamlığına dəymiş zərərə görə, 20000 (iyirmi min) manat mənəvi zərərə görə, ödənilmiş dövlət rüsumu kimi 100 (yüz) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh MMC iddiaya etirazla ərizəsi təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə İddiaçı və Cavabdeh MMC ilə notarial qaydada icarə müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh MMC ilə bağlanılmış icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1021/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinə dair 11 oktyabr 2019- cu il tarixli İcarə müqaviləsinə xitam verilməsini, cavabdehə icarəyə verdiyi 75 kv/m qeyri-yaşayış sahəsini boşaldıb əvvəlki vəziyyətində ona təhvil verərək oradan çıxarılmasını, icarə obyektinin vergi qeydiyyatının ləğvi, kassa qeydiyyatının ləğvi, icarə sahəsində olan cavabdehə məxsus dərman və digər tibbi ləvazimatların pərakəndə satış lisenziyasının ləğvi, icarə obyektində olan mühafizə polisi ilə olan müqavilənin ləğv edilməsi, eyni zamanda 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023- cü il tarixdək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla ona ödənilməsi üçün cavabdeh üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, xx.xx.2023-cü ildə notarial qaydada bağlanılmış ilkin müqavilə uydurma əqdir, yəni etibarsızdır. Həmin əqd birmənalı olaraq əhəməyyətsiz əqd hesab olunur və bağlanıldığı andan etibarsızdır. Belə ki, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinin icarə haqqı vergi daxil olmaqla 1163.00 (bir min yüz altmış üç) manat olduğu halda ilkin müqavilədə aylıq 2600.00 (iki min altı yüz) manat göstərilmişdir. Qüvvədə olan mülki qanunvericiliyin tələblərindən və İddiaçı tələblərindən görünür ki, xx.xx.2023-cü ildə X9 arasında notarial qaydada bağlanılmış ilkin müqavilənin mahiyyəti sadəcə olaraq Cavabdeh MMC-yə qarşı qanunsuz olaraq maddi ziyan (əldən çıxmış fayda) tələbi irəli sürməkdən ibarətdir. Göstərilən səbəblərdən iddiaçının icarə müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsini qanunsuz olduğu üçün etiraz etmişdir
12. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 848/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Aydın Babayev)
13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, iddiaçı faktiki olaraq ərzaq, dərman və xidmət sahələri üzrə qiymətlərin bahalaşması ilə əlaqədar, yəni iddiaçının mülahizəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsilə bağlı müqavilənin ləğvini tələb etmişdir. Məhkəmə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin dəyərləndirilməsi baxımından iddianın əsassızlığı qənaətə gələrkən, tərəflər arasında 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə 27 iyul 2022-ci il tarixdə dəyişiklik edilməklə icarə haqqının artırıldığını da nəzərə almışdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh MMC ilə bağlanmış icarə müqaviləsi ləğv edilməmiş, həmin qeyri-yaşayış sahəsinin bir hissəsinin digər şəxsə icarəyə verilməsinə dair ilkin icarə müqaviləsi iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, qanunvericiliyə əsasən ilkin müqavilə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağın öhdəsinə götürülməsilə bağlı bağlanmü mümkünlüyü müəyyən edilmiş müqavilədir.
15. İddia ilə 840 (səkkiz yüz qırx) manat sağlamlığına dəymiş zərərə görə və mənəvi zərərə görə 20000 (iyirmi min) manat tutulması xahiş olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia tələbləri həmin hissələrdə də təmin edilməməlidir. Belə ki, 840 (səkkiz yüz qırx) manat sağlamlığına dəymiş zərərlə bağlı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1, 402.2, 421.1, 421.2, 422.1, 560.1, 560.2, 560.3.4, "İcarə haqqında" Azərbaycan Respublikası Qanununun 7, 12-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-848/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində müqavilə azadlığı prinsipini pozmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi qətnaməsində Cavabdeh MMC-in icarə haqqını vaxtında ödədiyini, tərəflərin münasibəti nəzərə alınmadan şərtlərin dəyişdirilməsi tələb edildiyini, qeyri-yaşayış sahəsinə kifayət qədər vəsait xərcləndiyini və heç bir hüquqi əsas olmadan və şərtlərə əməl etmədən digər şəxslə yeni əqd bağlandığını etirazın əsası kimi qeyd edərək iddianın əsassız olduğunu qeyd etmişdir. Qeyd olunanlar tamamilə əsassızdır. Belə ki, icarə haqqının ödənilibödənilməməsi mübahisə predmeti deyil, bundan başqa birinci instansiya məhkəməsi icarəyə verilmiş sahədə cavabdehin ona icarəyə verilmiş sahəsinə kifayət qədər vəsait xərclədiyini deməklə bunu təsdiq edən hər hansı subut olmadığı halda, eyni zamanda Müqavilənin 9-cu bəndinə əsasən “icarəçi” “icarəyə verən”-in razılığı olmadan icarəyə götürülən sahədə təmirtikinti işləri apara bilməz qadağasını nəzərə almamış, iddia predmeti olmayan hallara o cümlədən iddiaçının diğər şəxslə yeni əqd bağlamasının əhəmiyyətsiz əqd olduğunu, hüquqdan sui-istifadə halları kimi səhv nəticəyə gələrək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Eyni zamanda cavabdehin iddiaçıya qarşı guya heç bir hüquqi əsas olmadan və şərtlərə əməl etmədən digər şəxslə yeni əqd bağlaması etirazı da tamamilə absurddur və heç bir qanuna və məntiqə sığmır.
19. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndində müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yəni icarə müqaviləsinin ləğvi barədə tərəflərin razılaşdırdığı 8-ci bənd mövcud olduğu halda mənimlə cavabdeh arasında olan icarə müqaviləsinin ləğv edilməsi razılaşmasının əsassız olması və hüquqdan sui-istifadəyə yol verilmədən söhbət gedə bilməz. Əksinə, hüquqdan sui-istifadə məhz cavabdeh tərəfindən həyata keçirilir. Hal-hazırda əmlak bazarında faktiki icarə qiymətləri dəyişdiyi halda, bunu iş materiallarında olan "xxxx" MMC-nin 02 may 2023-cü il tarixli rəyi də təsdiq edir ki, Quba şəhəri, Heydər Əliyev prosperti, “Quba” Ticarət mərkəzi və bazar ərazisində yerləşən qeyri yaşayış sahələrinin 1(bir) kv. metrənin orta aylıq icarə dəyəri bu tarixlərə 35-45 manat təşkil edir, cavabdeh isə ona 1 kv. metrə görə cəmi 13 (on üç) manat ödəyir və bununla həm ona, həm də dövlətə birbaşa ziyan vurmuş olur. Məlum olduğu kimi, icarəyə görə vergi məbləğdən asılı olaraq vergi mənbəyindən tutulur. 03.07. 2023-cü il tarixində saat 17.54-də Cavabdeh MMC-nin əməkdaşı Nahid Vəliyev ona zəng edərək icarə haqqını 2500 (iki min beş yüz) manat təklif etmişdir, yəni cavabdeh faktiki bir daha mövcud qiymətin real olaraq 1 kv.m üçün 35-45 manat olduğunu təsdiq etmişdir. Cavabdehə rəsmi müraciətindən əvvəl mövcud şəraitin dəyişməsi ilə bağlı şifahi olaraq bildiriş vermiş və şirkətin rəhbər işçiləri ilə bir neçə görüşü olmuşdur. Ona təklif olunan icarə haqqının məbləğı barədə onları məlumatlandıranda, onlar heç bir halda razı olmadığını bildirdilər, sonrakı görüşdə məsələnin ciddi olduğunu bildikdə əvvəl deyilən məbləğlə razılaşdilar. Lakin onların cavab verildiyi tarixə artıq o, P.Piriyevlə ilkin müqavılənin bağlandığını və artıq gec olduğunu bildirdi. Cavabdehin vəzifəli şəxsləri qeyri yaşayış sahəsinin boşaldılması üçün müəyyən vaxt istədilər, o da razılaşdı. Lakin bir müddət sonra icarə haqqının daha yüksək məbləğə artırılmasını təklif etdilər, o, bu təklifin qəbul edə bilməyəcəyini bildirdikdə, rəhbər şəxslər şirkətin böyük adamlara məxsus olduğunu və onun problemləri olacağını bildirdilər. Buna cavab olaraq, o, heç kimin marağına toxunmadığını, vəziyyətin dəyişməsi barədə onlara məlumat vermişdir və tutduqları alternativ mövqe bu məsələni problemə çevirib. Qeyd edilənləri və birinci instansiya məhkəməsinin qətnaməsini nəzərə alaraq bildirir ki, onun təhlükəsizliyi və ona məxsus qeyri-yaşayış sahəsində hər hansı qeyri-qanuni hallar baş verərsə bütün məsuliyyət cavabdehin üzərinə düşəcəkdir. Nəhayət, cavabdehin qeyri-səmimi mövqeyini nəzərə alaraq, yəni “biz bildirişi almamışıq və ya bizə gec gəlib və sair” kimi ehtimalları aradan qaldırmaq məqsədi ilə Cavabdeh MMC ilə bağlanmış icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müəyyən olunmuş müddətinə - xx.xx.2023 tarixinə, bir ay qalmış pozulması barədə təklifimi artıq əvvəlcədən bu şikayət vasitəsilə cavabdehə bildirir. Həmçinin bildirir ki, cavabdeh xx.xx.2023-cü il tarixədək mənə məxsus qeyri-yaşayış sahəsini boşaldıb əvvəlki vəziyyətində ona təhvil verməsə onun hərəkəti qanunsuz hesab ediləcək və vurulmuş ziyan və əldən çıxmış faydaya görə mənkəmədə iddia qaldırılacaqdır. Ona görə də cavabdeh qeyri-qanuni hərəkətlərdən çəkinməlidir. İş materiallarından görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış icarə müqaviləsinin 8-ci bəndində qeyd edilən hüquqdan istifadə edərək icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılması, eyni zamanda tələbin icra edilməməsinə görə mənə vurulan ziyanla bağlı qanunvericiliyə əsasən məsuliyyət daşımaları barədə ekspres poçt vasitəsilə cavabdehə ərizə göndərmişdir. Ərizə cavabdeh tərəfindən xx.xx.2022-ci tarixdə qəbul edilsə də tələbi yerinə yetirilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Cavabdeh MMC-nin nümayəndəsi X2 elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, xx.xx.2023-cü ildə notarial qaydada bağlanılmış müqavilə və həmin müqaviləyə düzəlişə dair əqd uydurma əqddir, yəni etibarsızdır. İddiaçı tərəfindən təqdim edilmiş müqaviləyə düzəlişə dair müqavilədə xx.xx.2022-ci il tarixli İlkin müqaviləyə istinad edilsə də, həmin müqavilənin surəti və ya əsli iddia ərizəsinə qoşma sənədlərə əlavə edilməmişdir. Həmin əqd birmənalı olaraq əhəməyyətsiz əqd hesab olunur və bağlanıldığı andan etibarsızdır. Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv. metr olan qeyriyaşayış sahəsinin icarə haqqı vergi daxil olmaqla 1163 (bir min yüz altmış üç) manat olduğu halda ilkin müqavilədə aylıq 2600 (iki min altı yüz) manat göstərilmişdir.
21. Hesab edirlər ki, əsas icarə müqaviləsi üzrə icarə münasibətləri davam etdirilərkən digər şəxslərlə ilkin icarə müqaviləsi bağlamaq və gələcəkdə icarəyə verilibverilməyəcəyi sual atında olan, icarə münasibətlərinə qanunvericiliyə uyğun qaydada xitam verilib-verilməyəcəyi məluma olmayan əmlak üzrə başqa şəxslər qarşısında öhdəlik götürmək yolu ilə müqavilənin bağlanılması mülki qanunvericiliyə ziddir və etibarsız əqddir.
22. Qüvvədə olan mülki qanunvericiliyin tələblərindən və İddiaçı tələblərindən görünür ki, xx.xx.2023-cü ildə X5 arasında notarial qaydada bağlanılmış ilkin müqaviləyə düzəlişə dair müqavilə, həmçinin ilkin müqavilənin özü, mahiyyət etibarilə sadəcə olaraq Cavabdeh MMCyə qarşı qanunsuz olaraq maddi ziyan (əldən çıxmış fayda) tələbi irəli sürməkdən ibarətdir.
23. Mühüm məqamlardan biri də budur ki, həmin sahə faktiki olaraq Cavabdeh MMCnin istifadəsində və sahibliyində ola-ola, həmçinin notarial qaydada bağlanmış icarə müqaviləsinə qanunvericiliyin tələblərinə əsasən xitam verilmədən, həmin müqavilə üzrə icarə münasibətləri davam edərkən, iddiaçının başqa şəxslərlə yüksək qiymətlərlə ilkin icarə müqaviləsinin bağlaması və buna uyğun olaraq cavabdehdən maddi ziyanın əvəzinin ödənilməsinin tələb etməsi sadəcə cavabdehə qarşı əsassız iddialar irəli sürülməsinə, sübut qismində sayıla bilməyən və mahiyyət etibarilə yekunda heç bir hüquqi nəticəyə səbəb ola bilməyən saxta sübutlann əldə edilməsindən ibarətdir və heç bir hüquqi əsası yoxdur.
24. Həmin əqdin bağlanılması və uydurma əqdlər əsasında cavabdehdən 07 fevral 2023-cü il tarixdək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla iddiaçıya ödənilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması qanuni olaraq qəbuledilməzdir və tərəflərindən rədd edilir.
25. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin artırılmasına dair ərizədə qeyd olunmuş məsələlərə gəldikdə isə, iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuş məbləğ hal-hazırda real bazar qiymətlərini əks etdirmir. Bununla yanaşı, AR Mülki Prosessual Məcəllənin 167.1.9-cu maddəsinə əsasən, tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsinin həll edilməsi işin məhkəmədə baxılmağa hazırlamaq qaydasında ediləcək hərəkətlər siyahısında öz əksini tapmışdır. İşə hazırlıq mərhələsində iddiaçı tərəfindən mütəxəssis rəyinə müraciət edilməsi barədə vəsatət qaldırmaması və iş məhkəmə baxışına təyin olunduqdan sonra rəyin təqdim olunması prosessual pozuntudur və tərəflərindən qəbul edilməmişdir. Həm qeyd olunanlara əsasən, həm də iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən mütəxəssis rəyinin alınmasına dair çəkilmiş xərcin əvəzinin ödənilməsi də tərəflərindən qəbul edilmir.
26. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının sağlamlığının pozulmasına səbəb olan heç bir hüquqa zidd əmələ yol verilmədiyindən mənəvi zərərin əvəzinin ödənilməsi tərəflərindən qəbul edilməzdir.
27. Cavabdeh tərəfindən uydurma əqd əsasında kompensasiya tələb olunduğu tarixdən hazırki tarixədək icarə müqaviləsi üzrə icarə haqqı müqaviləyə uyğun qaydada iddiaçıya ödənilmişdir.
28. İddianın əsas məqsədi vaxtilə cavabdehin işçisi və xx.xx.2019-cu il tarixli icarə müqaviləsini imzalamış və işdən ayrıldıqdan sonra haqsız rəqabət nəticəsində tək bu iş üzrə deyil, Quba-Xaçmaz ərazisində bir neçə icarəyə verənlə uydurma əqdlər bağlayan X3 dövlətin əsas faəliyyət qollarından biri olan səhiyyə faəliyyətinə maneələr yaratmasından ibarətdir. Sadəcə buna diqqət etməklə bütün bu iddiaların və tələblərin uydurma və yalançı əqdlər əsasında olduğunu anlamaq mümkündür.
29. Məhkəmə təcrübəsinə nəzər salınsa, "xxxx" MMC-nin direktoru X3 Xaçmaz rayonunda yerləşən apteklərdən birinin mülkiyyətçisi ilə bu dəfə fiziki şəxs olaraq deyil qanuni təmsilçisi olduğu hüquqi şəxsin adından icarə haqqı 2000 AZN olduğu təqdirdə, 5500 AZN icarə haqqı üzrə fantastik qiymətlərlə ilkin icarə müqaviləsi bağladığını və Cavabdeh MMC ilə sözügedən mülkiyyətçi arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsinə nail olunmasına çalışıldığını görmək olar. Lakin tam, hərtərəfli və obyektiv məhkəmə araşdırmasına nəticəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 4460/2023 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmışdır. Yuxarda qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməməsi və Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-848/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.
31. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
32. Maddə 62. hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir.
34. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
35. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
36. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.
37. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir.
38. Maddə 384.0.4. Apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Hazırkı halda kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 848/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
43. İşdən göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs İddiaçı (VÖEN: **********) ilə hüquqi şəxs Cavabdeh MMC arasında yaranmışdır. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları, habelə hazırkı mübahisənin də qeyriyaşayış sahəsi ilə bağlı olaraq məhz mülki mübahisə yox, sahibkarlıq fəaliyyətindən doğan kommersiya mübahisəsi olması işin faktiki halları ilə sübut olunmuşdur.
44. Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki yuxarıda qeyd edilənlərə əsasən hazırkı mübahisənin həlli üçün o, ərazi yurisdiksiyası üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi.
45. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi rədd edilərkən məhkəmə mübahisənin kommersiya mübahisəsi olmasını nəzərə almamışdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi.
47. Buna baxmayaraq, Quba Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır.
48. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz.
49. Birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı iddia olmaması əsası ilə iddia ərizəsinin geri qaytarmaq əvəzinə iddia ərizəsini icraata qəbul edırək işə mahiyyəti üzrə baxmış, bununla da maddi və prosessual normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır.
50. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-848/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.4, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-848/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-ə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılmağa və maddi ziyanın ödənilməsi tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.