Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1703/2025 12.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzildə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X11 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı X6, onun nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1451/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 117 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh, Salahova Nilay Rəşad qızı, Salahova İnci Rəşad qızı, X8, İddiaçı, X3 qeydiyyatdadırlar.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarxili arayışdan görünür ki, Cavabdeh adına respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarxili arayışdan görünür ki, İddiaçı Hüseyn qızının adına respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
5. 2(074)-495/2019 saylı, 02 may 2019-cu il tarixli Şamaxı rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında olan nikah xx.xx.2011-ci ildə Şamaxı rayon Qaleybuğurd kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07.12.201-ci il tarixdə 22 nömrə ilə qeydə alınmış nikahın pozulması və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X17 oğlu, xx.xx.2013-cü il təvəllüdlü X23 oğlu və xx.xx.2016-cı il təvəllüdlü X18 oğlu atası Cavabdeh yanında qalması qərara alınmışdır
6. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 9 mərtəbəli, 27 saylı yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 18-ci mənzilin hazırki bazar qiymətləri ilə bugünə olan aylıq kirayə haqqı 350-400 manat civarındadır.
7. AZ-İİ seriyalı, 913355 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2012-ci il təvəllüdlü X17 oğlu Şamaxı şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası X1r.
8. AZ-İV seriyalı, 938900 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2023-cü il təvəllüdlü Salahova Nilay Rəşad qızı Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı Hüseyn qızıdır.
9. AZ-İV seriyalı, 570773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2021-ci il təvəllüdlü Salahova İnci Rəşad qızı Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r.
10. AZ-İİ seriyalı, 429369 nömrəli nikah haqqında şəhadətnamənin surətindən göünür ki, Cavabdeh və X9 xx.xx.2021-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 344 № ilə qeyd edilmişdir.
11. AZ-İİİ seriyalı, 762990 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2016-cı il təvəllüdlü X18 oğlu Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r.
12. AZ-İİİ seriyalı, 153388 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2013-cü il təvəllüdlü X23 oğlu Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r.
13. "xxxx" MMC-nin xx.xx.2025- ci il tarixli hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilin hazırda bazar qiyməti 80000 manat, oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və sair hallar nəzərə alınmaqla) mənzillərin aylıq kirayə haqqı 200 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı X12 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 5000 manat məbləğində kompensasiya verilməklə azyaşlı uşaqları xx.xx.2021-ci il təvəllüdlü Salahova İnci Rəşad qızı və xx.xx.2023-cü il təvəllüdlü Salahova Nilay Rəşad qızı ilə birlikdə ünvan 1-ə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan mənzilə dair ona DƏDRX-dan RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Onunla birlikdə qeyd olunan mənzildə Cavabdeh da qeydiyyatdadır. Qeyd edir ki, cavabdeh onun oğludur. Uzun illərdir ki, cavabdeh ona məxsus mənzildə yaşamır. Şamaxı şəhərində dəd-baba yurdunda yaşayır. Özünə məxsus evdir, orada daimi yaşayır. Şamaxı şəhərində daimi əsaslarla müəllim işləyir. Cavabdehi onun mənzilinə bağlayan nə mənəvi, nə dəki hüquqi heç bir bağ yoxdur. Cavabdehin ona qarşı münasibəti hər zaman pis olmuş, bir ana kimi heç vaxt ona hörmət qoymamışdır. Ona qarşı qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan hərəkətlər etmiş, hətta əl qaldrmış və hər zaman təhqir etmişdir. Bir övlad kimi üzərinə düşən vəzifəsini heç vaxt yerinə yetirməyərək ona qarşı biganə olmuşdur. Cavabdehin onun mənzilində formal qeydiyyatdan başqa bağlayan heç nə yoxdur.
16. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsini əsassız hesab edir. Belə ki, iddiaçı onun doğma anasıdır. Mübahisəli mənzil mərhum atası X7 işlədiyi müəssisədən Order asasında verilmiş, sonradan atasının adına özəlləşdirilmişdir. Atasının vəfatından sonra (xx.xx.2014-cü il) mənzil anasının adına sənədləşdirilmişdir. O bu mənzildə anadan olmuş və böyüyüb boya-başa çatmışdır. Ailəlidir, işi ilə əlaqədar Şamaxı şəhərində ata nənəsinin evində yaşayır. Hazırda, anası İddiaçı məhkəmədə ona qarşı iddia qaldırmış və ona 5000 (beş min) manat məbləğində kompensasiya verməklə azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 3 otaqlı 18-ci mənzilinə yaşayışistifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılmağını tələb edir. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətdə olan yaşayış binasının tərkib hissəsindən istifadə hüququna yalnız kompensasiya verməklə xitam verilə bilər. AR Konstitusiya Məhkəməsi Plenumunun AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh olunmasına dair 01 iyul 2008-ci il tarixli qərarına əsasən də yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edilməlidir. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət hüquqlarının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır və bu cür mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi nəzərə alınmalıdır. Lakin, qanunverici yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən, bu prosedurun həyata keçirilməsi üçün belə bir şərt irəli sürmüşdür ki, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış tələblərinə mütənasib olmalı, istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Kompensasiya məbləği məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.Bundan başqa, AR Mülki Məcəlləsinin 158.1 və 158.4-cü maddələrində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxsin o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. AR Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx.xx.2007-ci il tarixli Qərarında təkrarən təsdiq edir ki, xx.xx.2001-ci il tarixli Qərarda olduğu Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmə mülkiyyət hüquqlarının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmala təmin olunmalıdır və bu mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən is hüququnun təbiəti, onların mütənasibliyi nəzərə alınmalıdır.Yəni, qanunverici har hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Belə ki, bu prosedurun həyata keçirilməsi üçün aşağıdakı şərtlər tələb olunur: 1-cisi, tələb yalnız mülkiyyətçi tərəfindən məhkəmə qaydasında verilməlidir 2-cisi, tələb yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tanınmış şəxsə qarşı verilməlidir. 3-cüsü, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlər uyğun olmaqla tələblərinə mütənasib olmalıdır. 4-cüsü, kompensasiyanın məbləğini mülkiyyətçi müəyyənləşdirir.
18. Onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tanınmış şəxs tərəfindən qəbul olunubolunmaması qanunvericilik baxımından şərt kimi nəzərdə tutulmur, yalnız işə baxan məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmaqla həll edilməlidir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərində müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsində istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müdda daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qeyd olunanlar müəyyənləşdirildikdən kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir.Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan "bazar qiyməti ilə müvafiq kompensasiya" ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Bildirir ki, İddiaçı tərəfindən mənə təklif olunan 5000 (beş min) manat məbləğində kompensasiyanın mövcud bazar qiymətləri şəraitində onun və azyaşlı uşaqlarının hazırki mübahisənin yaranmasından əvvəl istifadə etdikləri yaşayış sahəsinə uyğun yaşayış sahəsi ilə təmin olunmaqları üçün yetərli deyildir. Bu və digər səbəblərdən hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi əsassızdır və təmin edilməməlidir.
19. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1451/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X12 tərəfindən Cavabdeh 8000 manat məbləğində kompensasiya ödənilməklə onun və övladları - xx.xx.2021-ci il təvəllüdlü Salahova İnci Rəşad qızı və xx.xx.2023-cü il təvəllüdlü Salahova Nilay Rəşad qızının ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilindən istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən birlikdə çıxarılmaları, Cavabdeh mənzilə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən övladları ilə birlikdə çıxarılmasının eyni vaxtda icra olunması qət edilmişdir (hakim Aynur Behbudova).
20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 228.2-ci maddələri, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh apellyasiya şikayəti verib, İddiaçı 15 000 manat məbləğində kompensassiya ona ödənilməklə onun və övladları xx.xx.2021-ci il təvəllüdlü Salahova İnci Rəşad qızı və xx.xx.2023-cü il təvəllüdlü Salahova Nilay Rəşad qızının Sumqayıt Şəhəri 6cı mikrayon ev 27 mənzil 18-dən istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən çıxarılmalarına dair qərar qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı onun anasıdır. Məhkəməyə etiraz verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli mənzil mərhum atası X7 işlədiyi müəssisədən Order əsasında verilmiş, sonradan atasının adına özəlləşdirilmişdir. Atasının vəfatından sonra (xx.xx.2014-cü il) mənzil anasının adına sənədləşdirilmişdir. Bu mənzildə anadan olmuş və böyüyüb boya-başa çatmışdır. Ailəlidir, işi ilə əlaqədar Şamaxı şəhərində ata nənəsinin evində yaşayır. Hazırda anası İddiaçı həmin mənzildə yaşayır, lakin anası ona 5000 (beş min) manat məbləğində kompensasiya verilməsi tələbi qarşısında iddia qaldıraraq, kompensasiya verilməsi və mənzilin yaşayış-istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılmasını tələb etmişdir. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçiyə məxsus yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yalnız kompensasiya verilməklə xitam verilə bilər. AR Konstitusiya Məhkəməsi Plenumunun AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhi olunmasına dair 01 iyul 2008-ci il tarixli qərarına əsasən də yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilərkən həmin məsələlər AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edilməlidir. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, ailə üzvləri ilə və digər şəxslərlə mənzildən istifadə etmək və mülkiyyət hüququ ilə bağlı hüquqlarına qanuni baxımdan hərtərəfli təminat verir. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququ baxımından fərqlənsə də, hər iki hüquq müvafiq mənada mütləq şəkildə balanslaşdırılmalı və bu cür mübahisələrin həlli zamanı mülkiyyət hüququnun təbiəti, onların mütənasibliyi nəzərə alınmalıdır. Lakin qanunverici yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən, bu proseslərin həyata keçirilməsi üçün bəzi şərtlər irəli sürmüşdür ki, mülkiyyətçi təklif etdiyi kompensasiya məbləğini mövcud bazar qiymətləri ilə uyğun şəkildə müəyyən etməlidir və məhkəmə tərəfindən müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə oxşar şəraitdə mənzil təmin edilməlidir. Bundan başqa AR Mülki Məcəlləsinin 158.1 və 158.4-cü maddələrində göstərilmişdir ki, mülkiyyət hüququ yalnız mülkiyyətçinin iradəsindən asılı olaraq pozula bilməz. AR Konstitusiya Məhkəməsinin R.Ağalarova üzrə xx.xx.2007-ci il tarixli Qərarında da təkrarən təsdiq edilən kimi, xx.xx.2001-ci il tarixli qərarda da bildirildiyi kimi, AR Mülki Məcəlləsinin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə hüquqlarının qanuni baxımdan hərtərəfli təminat verir. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müvafiq mənada mütləq şəkildə balanslaşdırılmalıdır və bu cür mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi nəzərə alınmalıdır. Eyni zamanda mülkiyyət hüququ yaşayan şəxsin maraqları da təmin olunmalıdır. Belə ki, bu prosedurlar həyata keçirilərkən aşağıdakı şərtlər tələb olunur: 1-ci, tələblər yalnız mülkiyyətçiyə məxsus yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmış şəxsə qarşı verilməlidir. 2-cisi, belə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tanınmış şəxsə qarşı verilə bilər. 3-cüsü, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmalıdır və tələblərinə mütənasib olmalıdır. 4-cüsü, kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən təyin edilməli və yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilərkən həmin şəxsin yaşayış şəraiti nəzərə alınmalıdır. Kompensasiya məbləği müəyyən edilərkən müvafiq şərait və həmin şəxsin yaşayış sahəsindən istifadə etmək hüququnun dəyəri nəzərə alınmalıdır. Əgər mülkiyyətçi təklif etdiyi kompensasiya məbləğini bazar qiymətinə uyğun müəyyən etməzsə, məhkəmə həmin kompensasiyanın məbləğini müvafiq ekspert rəyi əsasında müəyyən etməlidir. Eyni zamanda, məhkəmə kompensasiyanın ödənilmə müddətini və qaydasını da müəyyən etməlidir. Əgər kompensasiya məbləği dərhal ödənilmirsə, o zaman müvafiq faiz dərəcəsi nəzərə alınmalıdır. Məhkəmə kompensasiyanın ödənilmə qaydasını müəyyənləşdirərkən, kompensasiya alan şəxsin yaşayış şəraitinin pisləşməməsini də təmin etməlidir. AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ancaq aşağıdakı hallarda mümkündür: Əgər bu şəxsə yaşayış üçün digər mənzil verilərsə; Və ya müvafiq dəyərdə kompensasiya ödənilərsə. Ona görə də, məhkəmə kompensasiyanın məbləğini təyin edərkən, onun yaşayış sahəsinin real bazar dəyərinə uyğun olmasını təmin etməlidir. Beləliklə, məhkəmə tərəfindən kompensasiyanın məbləği və ödənilmə qaydası müəyyən edildikdən sonra, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən, İddiaçı hazırkı iddia ərizəsi üzrə məhkəmə tərəfindən onun xeyrinə qərar qəbul edilməməli, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Ailəlidir, himayəsində 5 az yaşlı övladları var. Özü 21-ildir müəllim işləyir. Məhkəmə qərar qəbul edərkən məhkəmə prossesində qeyd etdiklərinə tam hüquqi əhəmiyyət vermədən bir böyük ailənin həyat şəraiti nəzərə alınmadan hər ay 3 il ərzində hər ay üçün 222 manat 22 qəpik kirayişin pulu hesablamaqla ümumilikdə 8000 manat kompensasiya ödənilməklə kifayətlənərək qətnamə qəbul etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qəbul etdiyi qətnaməni ali qanunlara və hüquqazidd hesab edir. Sual olunur ki, bu günki gün 7 nəfər ailə üzvləri olan şəxslərdən hansı biri 300 manatla belə kirayişin yaşaya bilər? Məhkəmə tərəfindən belə bir qətnamə qəbul edilməsi onda şübhə doğurur ki, tam maraqlar əsasında hakim qətnamə qəbul etmişdir. Bu belə deyilsə hansı səbəblərdən onun məhkəmə prossesində təqdim etdiyi kirayə qiymətləri haqqında arayışa hüquqi qiymət verməmişdir? Bu günki bazar dəyəri 90-110 min civarında olan mənzilin qəsdən qiyməti azaldılmışdır. Bundan əlavə ana oğul münasibətlərinin tam pozulmaması naminə ailə üzvləri ilə yaşayış evi olanadək ən azı 15 000 manatla 3 il müddətinə birtəhər kirayə ev tapıb, yaşaya biləcəyini söyləyərək bir müəllim əmək haqqısı ilə böyük bir ailənin dolanışığını təmin etmək üçün nə qədər ağır durumda olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etsə də məhkəmə işin faktiki halların araşdırmadan böyük bir ailənin gələcəyini taleyin ümidinə buraxılması qətnamədən də tam aydın görünür. Hesab edir ki, apellyasiya şikayətinə Sumqayıt Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq, işin faktiki halları tam araşdırılaraq, ailə vəziyyətim tam nəzərə alınmaqla və eləcə də bugünki gün bazar dəyərində kirayə evlərin qiymətləri düzgün hesablanaraq ədalətli qərar qəbul edilməklə təyin olunmuş kompensasiyanın məbləği ən azı 15 000 min manat hesablanacaqdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
25. Məhkəmə iclasında iddiaçı X12 və onun nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 157.4. Əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
8 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsi (qüvvədən düşüb)
31. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
32. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
33. Maddə 60.... Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
34. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Verilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh Rəşdi oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1451/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-1451/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilin mülkiyyətçisidir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə iddiaçıya çıxarış verilmişdir. Cavabdeh iddiaçının oğludur.
47. Cavabdeh apellyasiya şikayətinin dəlillərini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq gəlinən nəticə və kompensasiya məbləği ilə razı olmadığını bildirmişdir, kompensasiya məbləğinin 15000 manat müəyyən edilməsini xahış etmişdir.
48. Göründüyü kimi, cavabdehin mübahisəli mənzillə bağlı istifadə hüququ doğulduğu 1982-ci ildə yaranmışdır. İşin mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil order əsasında əvvəl cavabdehin atasına məxsus olub, atası vəfat etdikdən sonra, 2014-cü ildə anasının adına vərəsəlik qaydasında mülkiyyətinə keçmişdir. Cavabdeh atası və anasına münasibətdə ailə üzvü olduğundan, mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Digər tərəfdən işin mübahisəsiz hallarından görünür ki, cavabdeh 20 ilə yaxın mübahisəli mənzili tərk edib Şamaxı rayonunda yaşayır.
49. Kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzillə bağlı istifadə hüququ doğulduğu xx.xx.1982-ci il tarixində yarandığından, mövcud mübahisənin həlli zamanı həmin dövrdə qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60-cı maddələrinin müddəaları tətbiq olunmalıdır.
50. Belə ki, həmin Məcəllənin 60-cı maddəsinin məzmunundan görünür ki, müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır.
51. Odur ki, cavabdeh 20 ilə yaxın mübahisəli mənzili könüllü tərk edərək bugünədək davamlı surətdə başqa yerdə uşaqları və ailəsi ilə birlikdə yaşadığından, uzun müddət mübahisəli mənzildən istifadə etmədiyindən, bununla da cavabdehin və yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzildə yaşamalarına zərurət aradan qalxdığından, cavabdehin istifadə hüququ kompensasiya ödənilmədən itirilmiş hesab oluna bilərdi. Lakin nə qədər ki, iddiaçı olan ana öz oğluna kompensasiya vermək üçün öz iradə ifadəsini bildirir və apellyatorun şikayətinin əsas dəlili kompensasiya məbləğinin az olması ilə bağlıdır, kollegiya formal mülahizəyə görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas görmür.
52. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
53. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1451/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.