Məhkəmə qərarları › İş №2(105)-1737/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1737/2022

01.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1737/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Mustafa oğlu və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) ərizəçi Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-289/2022 saylı qətnaməsindən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermək üçün onun dövlət tərəfindən vəkillə təmin olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(012)-289/2022 saylı icra sənədindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2579.58 manat, faiz borcuna görə 942.92 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə cəmi 3622.50 manat borcun, məhkəmə xərclərinə görə 60 manatın (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı Ləğv prosesində olan Bank of X5 Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin likvid satış qiymətinin 77900 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 3682.50 manat pul vəsaitinin iddiaçı Ləğv prosesində olan Bank of X5 Cəmiyyətinin hesabına keçirilməsi, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan 1 (bir) ay ərzində Cavabdeh2 evi boşaldaraq həmin evdən çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada daşınmaz əmlakın qiymətləndirilməsinə görə 300 manat xidmət haqqının tutularaq X4 Mərkəzi MMC-nin hesabına keçirilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(012)-289/2022 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ərizəçi Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-289/2022 saylı qətnaməsindən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermək üçün onun dövlət tərəfindən vəkillə təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh2 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermək niyyətindədir. Mülki Prosessual Məcəlləyə edilmiş dəyişilikliyə əsasən qətnamədən apellyasiya şikayəti elektron kabinet vasitəsilə verildiyinə görə özü şikayət verə bilmir. Səbəbinə gəldikdə isə o, İ qrup gözdən əlildir, gözləri demək olar ki, görmür. Eyni zamanda maddi vəziyyəti yol vermir ki, vəkillə müqavilə bağlaya bilsin. Belə olduğu halda qanunla ona verilən hüquqları sərbəst həyata keçirə bilmir. Vəkilin hüquqi yardımına ehtiyacı vardır. Lakin məhkəmə xahişində göstərdiyi xüsusatları nəzərə almamış və hüquqlarını həyata keçirə bilməsi üçün onu dövlət hesabına vəkillə təmin etməmişdir. Məhkəmə göstərmişdir ki, vəkilin prosesdə iştirakının məcburi olduğu halların onun vəziyyətinə aidiyyatı yoxdur. Hesab edir ki, məhkəmə onun vəziyyətini nəzərə almalı idi və onu dövlət hesabına vəkillə təmin etməli idi. Abşeron Rayon Məhkəməsinin 2(012)-289/22 saylı, 11 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmağı barədə ərizənin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 297565 saylı arayışdan görünür ki, Cavabdeh2 ümumi xəstəlikdən İ qrup əlildir. Mülki Prosessual Məcəllənin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Həmin Məcəllənin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçirilməsi istiqamətində pulsuz hüquqi yardım almaq hüququ vəkilin yalnız məcburi şəkildə iştirakının tələb olunduğu hallarda mümkündür. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Beləliklə də, hazırkı iş üzrə ərizəçi-borclu məhkəmə qətnaməsindən apellyasiya şikayəti verə bilməməsini onun maddi vəziyyətinin çətinliyi ilə əlaqələndirsə də, məhkəmə qüvvədə olan qanunvericiliyin apelyasiya şikayətlərinin tərtib olunması zamanı sırf vəkil xidmətindən istifadə edilməsinin məcburiliyinə dair imperativ norma nəzərdə tutmamışdır. Mülki prosessual qanunvericiliyin 67.1-ci maddəsi 1) kassasiya və əlavə kassasiya şikayətlərinin, 2) məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələrin yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilməsinin mümkünlüyünü və sözügedən hallarla bağlı vətəndaşın maddi vəziyyəti imkan vermədikdə isə dövlət tərəfindən pulsuz hüquqi yardımla bağlı müraciəti əsasında mümkün olduğunu qeyd etmişdir. Bu səbəbdən də, ərizəçi-borclu Cavabdeh2 İ qrup əlil kimi maddi imkanının olmaması onun apellyasiya şikayətinin tərtib olunması zamanı vəkillə təmin olunmasına əsas vermir. Bu səbəbdən də ərizə əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 11 aprel 2022-ci il tarixli 2(012)-289/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver