Məhkəmə qərarları › İş №2(105)-1879/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1879/2023

16.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1879/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələr yaratmasının qadağan edilməsi və öhdəliyin qoyulması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “öhdəliyin qoyulması və maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(060)-134/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maneələr yaratmasının qadağan edilməsi və öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Ceyranbatan qəsəbəsi Körpü ərazisi deyilən yerdə yerləşən fərdi yaşayış evinin sağ tərəfində yerləşən boş torpaq sahəsində quraşdırdığı dəmir darvaza və digər əşyaların öz hesabına sökülməsi və cavabdehə onun pəncərəsinin önünü bağlaması və mənzilindən istifadə etməsinə digər qaydada maneələr yaratmasının qadağan edilməsi və ona məxsus evdən sökdüyü kondisioneri quraşdırmaq öhdəliyinin onun üzərinə qoyulması və dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ceyranbatan qəsəbəsində Körpü ərazisi adlanan yerdə iddiaçıya məxsus olan bir mərtəbəli fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin sağ hissəsində boş torpaq sahəsi olmuşdur. İddiaçıya məxsus olan evin isə həmin torpaq sahəsinə baxan pəncərəsi olmuşdur, həmçinin evin həmin hissəsinə iddiaçı kondisioner yerləşdirmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsini zəbt etmiş, hasara alaraq darvaza quraşdırmış, iddiaçıya məxsus olan kondisioneri sökmüş və evin pəncərələrinin önünü tamamilə bağlamışdır. İddiaçı dəfərlərlə Cavabdeh müraciət etsə də, cavabdeh quraşdırma və tikinti işlərini dayandırmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsi, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi adlanan istiqamətdə yerləşən yaşayış sahəsində cavabdeh İddiaçı istifadəsində olan fərdi yaşayış evində qonşu həyətə baxan istiqamətdə açılmış pəncərənin cavabdeh tərəfindən bağlanmasının təmin edilməsi, cavabdehlə aralarında olan arakəsmə üçün zərurətlə bağlı tərəfindən alınmış materialların ümumi dəyəri 1366 manat və iddianın verilməsi üçün dövlət rüsumu olaraq tərəfindən ödənilmiş 100 manat, ümumilikdə 1466 manat vəsaitin İddiaçı tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ailəsi ilə birlikdə 2011-ci ilin əvvəllərindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Körpü adlanan ərazidə öz hesabına fərdi yaşayış evi tikmişlər, bugünədək həmin ünvanda yaşayırlar. Yaşadıqları müddət ərzində xx.xx.2013-cü ildən işıq, xx.xx.2014-cü ildən su, qaz sayğacı Cavabdeh adına qeydiyyata alınaraq, kommunal xidmətlərdən istifadə etmişlər. Bugünədək qonşu ilə heç bir problemi olmamış, əksinə, ehtiyacı olan qonşusuna bacardığı qədər köməklik göstərməyə çalışmışdır. Cavabdeh şəxs divar qonşusu olmaqla, evində xəstə olmasını əsas gətirərək müvəqqəti olaraq iddiaçının həyətinə baxan divardan pəncərə açılmasına razılıq verilməsini xahiş etmişdir. İddiaçı da müvəqqəti olduğu üçün buna etiraz etməmişdir. Bir müddət sonra pəncərənin bağlanılmasını tələb etdikdə, cavabdeh imtina etmiş və tələbinə əhəmiyyət verməmişdir. Nəticədə iddiaçı məcbur qalmış, qonşu ilə öz həyətinə aid hissədə ara divarı qaldıraraq qonşu ilə aralarında sədd yaratmalı olmuşdur. Qeyd edilən ərazidə 2011-ci ildən bu yana iddiaçı heç kəsin mülkiyyətinə və ya torpaq sahəsinə müdaxilə etməmişdir. Kimsəyə məxsus avadanlığı sahibinin icazəsi olmadan istifadə etməmiş, başqa şəxslərə verməmişdir. Cavabdehin xahişi əsasında pəncərənin müvəqqəti açılmasına icazə verməklə yanaşı, sonradan bağlanmayan pəncərənin qarşısını kəsmək məqsədilə, yüngül konstruksiyalı elementlərdən istifadə edərək, həyətinin bir hissəsində, həmçinin həyətinə düşən istiqamətdə qonşunun pəncərəsinin qarşısı iddiaçı tərəfindən zərurətdən irəli gələrək örtülmüşdür. Bundan əlavə, qonşunun damının su kanalları həyətinə istiqamətləndiyi üçün öz hesabına qonşunun damının su kanallarının yönləndirilməsi məqsədilə əlavə təmir işləri görülmüşdür. Belə ki, tikinti materiallarının alınması, daşınması və quraşdırılması üçün 1366 manat vəsait iddiaçı tərəfindən ödənilmiş, cavabdehin damının suları tənzimlənmiş və əlavə olaraq aralarında sədd quraşdırılmışdır. Cavabdehin iddia ərizəsində qeyd etdiyi darvaza uzun müddət öncə həyətdə quraşdırılmış və iddiaçı tərəfindən istifadə olunmaqdadır. Pəncərənin açılmasına icazə verilən zaman darvaza artıq istifadə olunmuşdur. Mübahisəli məsələ ilə bağlı ərazidə mövcud tikililər sənədsiz olmaqla, mülkiyyət sənədləri və torpaq sahələrinin sərhədləri müəyyən edilməmişdir. Hazırki şəraitdə cavabdehin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılmış şəraitlə əlaqədar iddiaçı tərəfindən görülmüş işlərə görə İddiaçı tərəfindən iddiaçıya 1366 manat vəsaitin ödənilməsi və tikilinin söküldüyü halda quraşdırılmış pəncərə sökülərək yerinin bağlanması təmin olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(060)-134/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən iddiaçının Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi deyilən yerdə yerləşən fərdi yaşayış evinin pəncərəsi önündə inşa edilmiş metal konstruksiyalı hasarın 2 metr 20 santimetrdən yuxarı hissəsi Cavabdeh öz hesabına sökülməsi, Cavabdeh tərəfindən sökülmüş İddiaçı məxsus kondisionerin Cavabdeh tərəfindən yerinə bərpa edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi adlanan istiqamətdə yerləşən yaşayış sahəsində cavabdeh İddiaçı istifadəsində olan fərdi yaşayış evində qonşu həyətə baxan istiqamətdə açılmış pəncərənin cavabdeh tərəfindən bağlanmasının təmin edilməsi, cavabdehlə aralarında olan arakəsmə üçün zərurətlə bağlı tərəfindən alınmış materialların ümumi dəyəri 1366 manat və iddianın verilməsi üçün dövlət rüsumu olaraq tərəfindən ödənilmiş 100 manat, ümumilikdə 1466 manat vəsaitin İddiaçı tutularaq ona ödənilməsinin təmin edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(060)-134/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında tərəflərin bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPMnin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1.ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə sübutların obyektiv araşdırılmasını təmin etməyərək AR MPM-nin 77,88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, o, ailə üzvləri ilə birlikdə 2011-ci ilin əvvəllərində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi, Körpü ərazisi adlanan ərazidə öz hesablarına fərdi yaşayış evi tikərək, bu günədək həmin ünvanda yaşayır. Yaşadıqları müddət ərzində xx.xx.2013-cü ildən işıq, xx.xx.2014-cü ildən su, qaz sayğacı adına qeydiyyata alınaraq, kommunal xidmətlərdən istifadə etmişlər. Onun bu günədək heç bir qonşu ilə problemi olmamış, əksinə ehtiyacı olan qonşusuna bacardığı qədər köməklik göstərməyə çalışmışdır. Cavabdeh olan şəxs İddiaçı divar qonşusu olmaqla, evində xəstə olmasını əsas gətirərək, müvəqqəti olaraq, həyətinə baxan divarda pəncərə açılmasına icazə verilməsini ondan xahiş etmişdir. O, da müvəqqəti olduğu üçün etiraz etməmişdir. Bir müddət sonra, pəncərənin bağlanmasını tələb etdikdə, cavabdeh imtina etmiş və tələbinə əhəmiyyət verməmişdir. Nəticədə, o, məcburən qonşu ilə aralarında olan,öz həyətinə aid hissədə ara divarı qaldıraraq, qonşu ilə aralarında sədd yaratmalı olmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özünün fərdi yaşayış evinin sağ tərəfində ərazidə quraşdırılmış darvaza və digər əşyaların sökülməsi, onun pəncərəsinin önünü bağlayan maneələrin aradan qaldırılması və sökülmüş kondisionerin quraşdırılması öhdəliyinin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun onu xeyrinə tutularaq ödənilməsini xahiş etmişdir. Belə ki, o, 2011-ci il tarixdən qeyd olunan ünvanda yaşayır. Yaşadığı müddət ərizində heç kimin mülkiyyətinə və ya torpaq sahəsinə müdaxilə etməmişdir. Kimsəyə məxsus avadanlığı sahibinin icazəsi olmadan istifadə etməmiş, açıb başqa şəxslərə verməmişdir. Cavabdehin xahişi əsasında pəncərənin müvəqqəti açılmasına icazə verməklə yanaşı, sonradan bağlanmayan pəncərənin qarşısını kəsmək məqsədilə, yüngül konstruksiyalı elementlərdən istifadə edərək, həyətinin bir hissəsində və həmçinin, həyətinə düşən istiqamətdə qonşunun pəncərəsinin qarşısı tərəfindən zərurətdən irəli gələrək örtülmüşdür. Bundan əlavə, qonşunun damının su kanalları həyətinə istiqamətləndiyi üçün, öz hesabına qonşunun damının su kanallarının yönləndirilməsi məqsədi ilə əlavə təmir işləri görülmüşdür. Belə ki, tikinti materiallarının alınması, daşınması və quraşdırılması üçün 1366 manat məbləğində vəsait tərəfindən ödənilmiş, cavabdehin damının suları tənzimlənmiş və əlavə olaraq aralarında sədd quraşdırılmışdır. Cavabdehin iddia ərizəsində qeyd etdiyi darvaza uzun müddət öncə həyətdə quraşdırılmış və tərəfindən istifadə olunmadıqdadır. Pəncərəni açılmasına icazə verilən zaman darvaza artıq istifadə olunurdu. Mübahisəli məsələ ilə bağlı ərazidə mövcud tikililər sənədsiz olunmaqla, mülkiyyət sənədləri və torpaq sahələrinin sərhədləri müəyyən edilməmişdir. Hazırki şəraitdə cavabdehin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılmış şəraitlə əlaqədar tərəfindən görülmüş işlərə görə, cavabdeh tərəfindən ona 1366 manat vəsaitin ödənilməsi və tikilinin söküldüyü halda, quraşdırılmış pəncərənin sökülərək yerinin bağlanması da təmin olunmalıdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Məhkəmə obyektiv reallığı və həqiqəti nəzərə almadan yalnız öz şəxsi mülahizələrinə əsasən qərəzli olaraq belə bir düzgün olunmayan nəticəyə gəlib qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, X3 209/A ünvanında Su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir, istehlakçı İddiaçıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Enerjitəchizatı müəssisəsi ilə İddiaçı arasında bağlanan müqavilədən görünür ki, İddiaçı yaşadığı evdə elektrik enerjisindən istifadə olunur, abonent İddiaçıdır. İş materiallarında olan ünvan 2lə Komitəsinin verdiyi 803 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Ceyranbatan-1 ünvanında yaşayır. İş materiallarında olan ünvan 2lə Komitəsinin verdiyi 804 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Ceyranbatan-1 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7066 №-li, 23 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, faktiki vəziyyətdə cavabdehin istifadəsində olan torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, yalnız bir tərəfdən küçə yolu ilə (faktiki giriş-çıxış qapısının olduğu hissə) əhatə olunduğunu nəzərə alaraq, hazırda mövcud olan giriş-çıxış qapısının bağlanıb digər tərəfdən açılması mümkün deyildir. Cavabdeh tərəfindən inşa olunmuş hasarın hümdürlüyünün 4 metr olduğunu nəzərə alaraq, həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin, 73.1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Həmçinin qərardadın sualının digər hissəsi (sanitargigiyenik qaydalar və yanğın təhlükəsizliyi qaydaları) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq mütəxəssis rəyləri daxil olduqdan sonra cavablandırıla bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1927 №-li, 19 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi deyilən yerdə Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin hazırda hasara aldığı həyətyanı sahəsinin İddiaçı inşa etdiyi evə tərəf olan hasarın hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə uyğun, yəni 2,2 m-dən hündür olmayacağı halda İddiaçı inşa etdiyi fərdi evin Cavabdeh həyətyanı sahə kimi nəzərdə tutduğu sahəyə baxan pəncərələri Cavabdeh inşa etdiyi fərdi evə və həyətyanı ərazisinə texniki maneələr yaradıb-yaratmaması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Odur ki, qərardadın sualını cavablandırmaq mümkün olmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, İddiaçı istifadəsində olan evin pəncərələri qarşısında Cavabdeh tərəfindən metal konstruksiyalı hasar quraşdırılmışdır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri. Ceyranbatan qəsəbəsində Körpü ərazisi adlanan yerdə yerləşən birmərtəbəli yaşayış evi İddiaçı istifadəsindədir. Həmin yaşayış evi tikilən zaman iddiaçı tərəfindən qonşunun həyətinə baxan pəncərə quraşdırılmışdır. Həmçinin evin həmin hissəsində iddiaçıya məxsus kondisioner mövcud olmuşdur. Bundan sonra Cavabdeh İddiaçı ilə aralarında olan həyətin ona aid hissəsində yüngül konstruksiyalı elementlərdən istifadə edərək, həyətinin bir hissəsində, həmçinin həyətinə düşən istiqamətdə qonşunun pəncərəsinin qarşısını 4 metr hüdürlükdə metal konstruksiyalı hasarla örtmüşdür. Bununla yanaşı, Cavabdeh pəncərənin qarşısını metal konstruksiyalı hasar çəkərkən orada olan İddiaçı məxsus kondisioneri, sahibinin icazəsi olmadan çıxardaraq kənara atmışdır. İddiaçı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbinin rədd edilməsini, Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyində qeyd olunduğu kimi faktiki vəziyyətdə cavabdehin istifadəsində olan torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, yalnız bir tərəfdən küçə yolu ilə (faktiki girişçıxış qapısının olduğu hissə) əhatə olunduğunu nəzərə alaraq, hazırda mövcud olan girişçıxış qapısının bağlanıb digər tərəfdən açılması mümkün deyildir. Cavabdeh tərəfindən inşa olunmuş hasarın hündürlüyünün 4 metr olduğunu nəzərə alaraq, həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin, 73.1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin, 73.1-ci bəndinin tələbinə uyğun olaraq metal konstruksiyalı hasarın, ilkin iddia üzrə iddiaçının fərdi yaşayış evi istiqamətdə inşa etdiyi hasarın 2 metr 20 santimetrdən yuxarı hissəsi Cavabdeh tərəfindən sökülməlidir. Bununla yanaşı, Cavabdeh tərəfindən sökülmüş kondisioner yerinə bərpa edilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdirdir ki, Cavabdeh tələbində qeyd etdiyi Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi adlanan istiqamətdə yerləşən yaşayış sahəsində cavabdeh İddiaçı istifadəsində olan fərdi yaşayış evində qonşu həyətə baxan istiqamətdə açılmış pəncərənin bağlanması zərurəti yoxdur. Belə ki, həmin fərdi yaşayış evi tikilərkən orada pəncərə açılmasına razılığı Cavabdeh vermişdir. Həmin pəncərələrin hazırda Ramil Hüseynovun fərdi evinə münasibətdə texniki maneələr yaradıb yaratmaması müəyyən edilmir. Bundan başqa qarşılıqlı iddia tələbində qeyd edilən Cavabdeh tərəfindən alınmış materialların ümumi dəyərinin 1366 manatın tələb edilməsidə əsasızdır. Belə ki, həmin vəsaitin Cavabdeh tərəfindən xərclənməsinə İddiaçı hər hansı hərəkət və ya hərəkətsizliyi səbəb olmamışdır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 10/7066 nömrəli ekspert rəyində faktiki vəziyyətdə cavabdehin istifadəsində olan torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, yalnız bir tərəfdən küçə yolu ilə (faktiki giriş-çıxış qapısının olduğu hissə) əhatə olunduğunu nəzərə alaraq hazırda mövcud olan giriş çıxış qapısının bağlanıb digər tərəfdən açılmasının mümkün olmadığı, cavabdeh tərəfindən inşa olunmuş hasarın hündürlüyünün 4 metr olduğunu nəzərə alaraq, həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1-ci bəndinin tələlərinə uyğun olmadığı qeyd edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı iddia tələbi ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə hesab edir ki, hazırki araşdırma zamanı ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi üçün iş üzrə ekspert rəyi sübut növü kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən - Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 171.1-ci maddəsinə əsasən- Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Məhkəmə həmin ekspert rəyinə, işə əlavə edilmiş fotoşəkillərə əsaslanmaqla hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə uzlaşmışdır. Başqa sözlə, iddiaçı Cavabdeh tərəfindən iddiaçıya məxsus olan kondisioneri sökməsini və evin pəncərələrinin önünü tamamilə bağlamasını sübut edə bilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etdiyindən, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi ilkin iddia tələbi qismən təmin edilməsi, Cavabdeh tərəfindən iddiaçının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi deyilən yerdə yerləşən fərdi yaşayış evinin pəncərəsi önündə inşa edilmiş metal konstruksiyalı hasarın 2 metr 20 santimetrdən yuxarı hissəsi Cavabdeh öz hesabına sökülməsi, Cavabdeh tərəfindən sökülmüş kondisioner yerinə bərpa edilməsi, qarşılıqlı iddia tələbi rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(060)-134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver