Məhkəmə qərarları › İş №2(105)-1900/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1900/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1900/2024 26.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: şikayətin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(074)-547/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 1000 (min) manat borc pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılması, hazırki iddia tələbi üzrə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinin təmin edilməsini xahiş etmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(074)-547/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(074)-547/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

4. Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(074)-547/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmışdır.

5. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(074)-547/2021 saylı qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(074)-547/2021 saylı qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır.

7. Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(074)-547/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

8. Həmin qərardaddan Cavabdeh şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(074)-547/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Şamaxı Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli 2(074)-547/2021 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(074)-547/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(074)-547/2021 saylı qərardadından verdiyi şikayət təmin edilməmişdir.

11. Cavabdeh yenidən Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(074)-547/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi xahiş etmişdir.

12. Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(074)-547/2021 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(074)-547/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

13. Həmin qərardaddan Cavabdeh şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(074)-547/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

14. Şamaxı Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(074)-547/2021 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(074)-547/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

16. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, qərardad ilə razı deyil. Hesab edir ki, qərardad qanunsuzdur, ədalətsizdir, qərəzlidir, qeyri obyektivdir, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və bu səbəbdən də ləğv edilməlidir. O, cəzaçəkmə müəsiəssindən cəzası bitdikdən bu günədək heç bir yerdə işləmir. ƏƏSMN-nin Məsğulluq idarəsində işsiz kimi qeydiyyatdadır. Bu günə qədər işlə təmin edilməmişdir. Buna baxmayaraq, haqq ədalətin bərqərar olunmağı naminə dövlət rüsumunu borc alaraq ödəməklə, üzürlü səbəbdən buraxılmış prossesual müddətin bərpa olunaraq, ədalətli qərar qəbul edilməsi üçün apelliyasiya məhkəməsinə ünvanlanmasını xahiş etmiş və müəyyən sübutlarını apellyasiya şikayətinə əlavə etmişdir. Hansı ki, məhkəmə qətnamə, eləcə də qərardadlar qəbul edərkən nəzərə almamış və nə də qətnamədə sübutları əks edilməmişdir. Məhkəmə tərəfindən onun iştirakı təmin edilməmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

17. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

18. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(074)-547/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(074)- 547/2021 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(074)-547/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi şikayətin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-547/2021 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən daha əvvəl də şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1224/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-547/2021 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-547/2021 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərardadı Cavabdeh tərəfindən daha əvvəl də mübahisələndirildiyindən və onun şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1224/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərardadı ilə təmin edilmədiyindən və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanıldığından onun şikayətinə yenidən baxıla bilməz.

22. Məhkəmənin bu mövqeyi ilə razılaşmayan Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(074)-547/2021 nömrəli qərardadından şikayət vermişdir.

23. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq əsassız hesab edir.

24. Belə ki, işin şərh olunan hallarından göründüyü kimi iş üzrə cavabdeh tərəfindən əvvəl də Şamaxı Rayon Məhkəməsinin 2(074)-547/2021 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərardadı mübahisələndirilmiş, həmin məhkəmə qərardadının qanuniliyi və əsaslılığı apellyasiya məhkəməsi tərəfindən yoxlanılaraq dəyişdirilmədən saxlanılmışdır. Odur ki, həmin qərardadın qanuniliyi və əsaslığının yenidən yoxlanılması prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir.

25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(074)-547/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar