Məhkəmə qərarları › İş №2(105)-1943/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1943/2022

11.11.2022 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1943/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh3 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3nə, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" ASC-yə qarşı mənzillərə dair tərəflər arasında bağlanmış payçı müqavilələrinin ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin mənzillərə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın təmin edilməsi, İddiaçı MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 a ünvanda inşa edilən 1 saylı binanın 61 saylı 2 otaqlı mənzilə dair 01 oktyabr 2019-cu il tarixli ********* saylı və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 a ünvanda inşa edilən 1 saylı binanın 62 saylı 3 otaqlı mənzilə dair 01 oktyabr 2019-cu il tarixli ********* saylı Payçı müqavilələrinin ləğv edilməsi, "xxxx" MMC ilə "PL Consultancy İnternational” MMC arasında həmin mənzillərə dair bağlanılmış 04 iyun 2021-ci il tarixli 577339 nömrəli və 04 iyun 2021-ci il tarixli 577768 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin adına verilmiş mülkiyyət hüququna dair 08 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 08 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, Cavabdeh1 2500 (iki min beş yüz) manat pul vəsaiti tutularaq, iddiaçı "xxxx" MTK-ya ödənilməsi qət edilmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3nə (Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı mənzillərə dair tərəflər arasında bağlanmış payçı müqavilələrinin ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin mənzillərə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanılmış 01 oktyabr 2019-cu il tarixli ********* saylı və 01 oktyabr 2019-cu il tarixli ********* saylı Payçı müqavilələrinin ləğv edilməsi, həmin mənzillərə dair Cavabdeh2 MMC ilə Cavabdeh3 MMC arasında bağlanılmış 04 iyun 2021-ci il tarixli 577339 nömrəli və 04 iyun 2021-ci il tarixli 577768 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmçinin, həmin mənzillərə dair PL Consultancy İnternational” MMC-nin adına verilmiş mülkiyyət hüququna dair 08 iyun 2021-cı il tarixli, ********** qeydiyyat nömrəli və 08 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək bildirmişdir ki, hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 ilə iddiaçı "xxxx" MTK arasında əldə edilmiş razılaşmaya əsasən Cavabdeh1 hazırki mülki iş üzrə mübahisə predmeti olan mənzillərdə yerləşən və "xxxx" MMC-yə məxsus olan mebel və digər əşyaların həmin mənzillərdən başqa yerə daşınması və saxlanması üçün "xxxx" MTK-dan 2500 (iki min beş yüz) manat məbləğdə pul vəsaiti almış, lakin həmin əşyaların çıxarılaraq başqa yerdə saxlanmasını təmin etməmiş və həmin pul vəsaitini də geri qaytarmamışdır. Buna görə də həmin məbləğ Cavabdeh1 tutularaq "xxxx" MTK-ya ödənilməlidir. Odur ki, "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanılmış 01 oktyabr 2019-cu il tarixli ********* saylı və 01 oktyabr 2019-cu il tarixli ********* saylı Payçı müqavilələrinin ləğv edilməsi, həmin mənzillərə dair "xxxx" MMC ilə "PL Consultancy İnternational” MMC arasında bağlanılmış 04 iyun 2021-ci il tarixli 577339 nömrəli və 04 iyun 2021-ci il tarixli 577768 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin mənzillərə dair "xxxx" MMC-nin adına verilmiş mülkiyyət hüququna dair 08 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 08 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi və Cavabdeh1 2500 (iki min beş yüz) manat pul vəsaitinin tutularaq, "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh2 arasında 01 oktyabr 2019-cu il tarixli ********* saylı və 01 oktyabr 2019-cu il tarixli ********* saylı iki Payçı müqaviləsi bağlanmışdır. 01 oktyabr 2019-cu il tarixli, ********* saylı müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 a ünvanda inşa edilən 1 saylı binanın 61 saylı 2 otaqlı, 01 oktyabr 2019-cu il tarixli ********* saylı müqaviləyə əsasən isə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 a ünvanda inşa edilən 1 saylı binanın 62 saylı 3 otaqlı mənzilləri Cavabdeh2 MMC-yə satılmışdır. Üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 MMC-nin adına həmin mənzillərə mülkiyyət hüququna dair müvafiq çıxarışlar verilmişdir. Cavabdeh, Cavabdeh2 MMC həmin mənzillərin dəyərini ödəmədən formal alqı-satqı müqavilələri bağlamaqla onları özünün təsisçisi olduğu digər MMC-nin, yəni, hazırki iş üzrə üçüncü cavabdeh olan Cavabdeh3 MMC-nin adına keçirmiş və həmin MMC-nin adına qeyd olunan mənzillərə mülkiyyət hüququna dair yeni çıxarışlar almışdır. Cavabdeh, Cavabdeh2 MMC həmin mənzillərin dəyərini ödəməmişdir. Bundan sonra, həmin mənzilləri əldə edən cavabdehlər bildirmişlər ki, Cavabdeh2 MMC ilə Cavabdeh3 MMC-nin təsisçiləri eyni fiziki şəxsdir və həmin MMC-lər arasında bağlanan alqı-satqı müqavilələri formal xarakter daşıyır, həmin müqavilələrin formal olması faktı müqavilələrin dəyərindən də aydın səkildə görünür. Buna görə də, iddiaçı, ya həmin mənzillərin dəyərini ödəyəcək, yaxud da onları boşaldaraq İddiaçı MTK-ya təhvil verəcəkdir. Bundan sonra, Cavabdeh2 MMC İddiaçı MTK-ya məktubla müraciət edərək, maliyyə çətinlikləri ilə üzləşdikləri üçün yuxarıda göstərilən mənzillərə pay hüququndan imtina etməklə, həmin mənzillərin İddiaçı MTK-ya qaytarılmasına və digər şəxslərə satılmasına etiraz etmədiklərini və gələcəkdə də MTK-ya qarşı heç bir iddia və tələblərinin olmayacaqlarını bildirmişdir. Buna görə də, qeyd olunan mənzillər boşaldılaraq, MTK-ya təhvil verilmişdir. Lakin, həmin mənzilləri MTK-ya təhvil verərək, pay hüquqlarından imtina etsələr də, həmin mənzillərə dair müqavilələr ləğv edilməmişdir. Eyni zamanda, qeyd olunan mənzillər hələ də formal olaraq Cavabdeh3 MMC-nin adına qeydiyyatda olduğuna görə, İddiaçı MTK həmin mənzillər üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Yaranmış bu vəziyyət MTK-nın hüquqlarını pozur. Hazırda Cavabdeh2 MMC-nin həmin mənzillərə görə küllü miqdarda borcu yaranmışdır. Buna görə də, məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsinin Cavabdeh3 MMC aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi, Cavabdeh3 MMC-yə məxsus mənzilərin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında tərəflər (iddiaçı və Cavabdeh2 MMC Cavabdeh3 MMC) arasında bağlanmış hər hansı bir ipoteka müqaviləsinə rast gəlinməmiş və buna dair iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Əksinə, İddiaçı MTK cavabdeh "xxxx" MMC-nin Azərbaycan Beynəlxalq Bank ASC qarşısında olan öhdəliyi üzrə zamin qismində birgə məsuliyyət götürülməsinə dair zaminlik müqaviləsi bağlamışdır. Məhkəmə iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış “payçı” müqaviləsinin 2.4-cü bəndinə istinad etməklə kifayətlənmişdir. Bu hissədə də hər hansı bir araşdırma aparmamış və məhkəmənin yekunda gəldiyi nəticə ümumiyyətlə ipoteka və zaminlik müqavilələrinin mahiyyətinə və təbiətinə zidd olmuşdur. Belə ki, iddiaçı Kristal Abşeron MTK-nın Cavabdeh2 MMC-nin öhdəliyinə görə bank qarşı zamin qismində çıxış etməsi cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsas yaratmır. İş materiallarına əlavə edilmiş ABB ASC-nin xx.xx.2022-ci il tarixli 399 saylı arayışında görünür ki, 003 saylı kredit müqaviləsi üzrə yaranmış borc zaminlik müqaviləsi əsas götürülərək iddiaçının ABB ASC-də mövcud olan əmanəti hesabına ödənilmişdir. Qeyd olunan hal cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh3 MMC arasında qanunvericiliyin tələbləri uyğun olaraq tərtib edilmiş alqı-satqı müqaviləsinin etibarsızlığına əsas deyildir. Sadəcə olaraq iddiaçı reqres hüququndan istifadə edərək ödədiyi məbləği Cavabdeh2 MMC-dən tələb edə bilərdi. Cavabdeh2 MMC ilə Cavabdeh3 MMC arasında bağlanmış alqı-satqı müqavilənin etibarsız hesab edilməsinə iddiaçının ümumiyyətlə subyektiv hüququ mövcud deyil. İş materiallarına əlavə edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən bu şikayətin 5-ci hissəsində qeyd olunmuş maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Cavabdehin iştirakı təmin edilmədiyindən hazırkı mülki iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iddiaçının hazırkı tələblə Cavabdeh3 MMC-yə qarşı məhkəməyə müraciət etmədə subyektiv hüququnun olub-olmamasını, əqdin etibarsızlığı ilə bağlı əsasın olub-olmaması araşdırılmamış, cavabdehi təmsil edən şəxsin səlahiyyətləri müəyyən edilməmiş, zaminlik və ipoteka müqavilələrinə düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 46 saylı notariat ofisinin nümayəndəsi X3 izahatında bildirdi ki, satıcı Jireh Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh3 arasında müqavilələr bağlanılmış, həmin müqavilələr bağlanılarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh3 bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh3 məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Baxılan iş üzrə iddia tələbi payçı müqavilələrinin ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin mənzillərə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların ləğvi və pulun ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339.2, 421, 140-cı maddələri təşkil edir. İddiaçı MTK ilə Cavabdeh2 arasında 01 oktyabr 2019-cu il tarixli ********* saylı və 01 oktyabr 2019-cu il tarixli ********* saylı iki Payçı müqaviləsi bağlanması, həmin müqavilələr əsasında Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 a ünvanda inşa edilən 1 saylı binanın 61 saylı 2 otaqlı, həmin binanın 62 saylı 3 otaqlı mənzilləri Cavabdeh2 MMC-yə satılması və həmin mənzillərin Cavabdeh2 MMC tərəfindən Cavabdeh3 MMC-yə alqı-satqı müqaviləsi əsasında satılması və həmin mənzillərə görə "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixlərdə kredit müqaviləsi, həmin kreditin təminatı olaraq eyni tarixli zaminlik müqavilələri bağlanması işin mübahisəsiz halıdır. İşdən görünür ki, X6 Khanagha təsisçisi olduğu Cavabdeh2 adından iş üzrə İddiaçı MTK bağladığı xx.xx.2019-cu il tarixli payçı müqavilələri ilə 61 və 62 saylı mənzilləri "xxxx" ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqavilələrinə əsasən (61 saylı mənzil üçün 125.336 manat, 62 saylı mənzil üçün 151.186 manat) almış və qeyd olunan kredit müqaviləsinin 1.4-cü bəndinə görə borc alan, bu müqavilə üzrə pul vəsaiti hesabına aldığı müqavilənin 1.2. bəndində qeyd edilən mənzillər üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 30 (otuz) gün müddətinə borc verənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürmüşdür. Həmçinin payçı müqaviləsinin 4.1.12-ci bəndinə əsasən payçı bu müqavilənin 4.1.11 bəndinə müvafiq olaraq İddiaçı MTK və "xxxx" ASC qarşısında mövcud olan bütün öhdəliklərini yerinə yetirdikdən sonra pay qismində çıxış edən mənzili üçüncü şəxsin adına keçirə bilər. Göründüyü kimi "xxxx" ASC tərəfindən 61 saylı mənzilə görə 125.336 manat, 62 saylı mənzilə görə isə 151186 manat kredit ayrılmış və bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına həmin mənzillərə mülkiyyət hüququna dair müvafiq çıxarışlar verilmişdir. Cavabdeh2 ilə bağlanan müqavilələrin 1.4-cü bəndinin tələbinə uyğun olaraq sonuncu həmin mənzillərə mülkiyyət hüququna dair çıxarış əldə etdikdən sonra 30 gün müddətinə həmin mənzillərin ipoteka ilə yüklü edilməsini öz üzərinə götürmüş olsa da, Cavabdeh2 müvafiq çıxarışlar əldə etməsinə baxmayaraq, həmin mənzillərin ipotekaya qoyulması öhdəliyini icra etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrası barədə müxtəlif vaxtlarda dəfələrlə (xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə) xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin şərtlərini pozaraq mübahisəli mənzillərə müvafiq çıxarışlar aldıqdan sonra həmin mənzilləri "xxxx" ASC-də ipoteka ilə yüklü etmək əvəzinə, həmin mənzilləri əldə etdiyi qiymətdən qat-qat aşağı qiymətə özünün təsis etdiyi digər MMC-yə, yəni Cavabdeh3 MMC-yə formal olaraq alqı-satqı edərək iddiaçını aldatmışdır. Nəticədə həmin mənzillər üçün aparılmış kredit ödənişləri Cavabdeh2 tərəfindən ödənilmədiyi üçün İddiaçı MTK-nin "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1., 421.2-ci maddələri). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər (Mülki Məcəllənin 598.1., 598.2., 598.4-cü maddələri). Mülki Məcəllənin 337.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (Mülki Məcəllənin 337.2., 339.2, 339.3-cü maddələri). Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanılmış 01 oktyabr 2019-cu il tarixli ********* saylı və 01 oktyabr 2019-cu il tarixli ********* saylı Payçı müqavilələri ləğv edilməli, həmin mənzillərə dair "xxxx" MMC ilə "PL Consultancy İntemational” MMC arasında bağlanılmış 04 iyun 2021-ci il tarixli 577339 nömrəli və 04 iyun 2021-ci il tarixli 577768 nömrəli alqı-satqı müqavilələr etibarsız hesab edilməli, həmin mənzillərə dair "xxxx" MMC-nin adına verilmiş mülkiyyət hüququna dair 08 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 08 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməlidir. Mülki Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Cavabdeh1 2500 (iki min beş yüz) manat pul vəsaitinin tutularaq, "xxxx" MTK-ya ödənilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, cavabdeh mübahisə predmeti olan mənzillərdə yerləşən və "xxxx" MMC-yə məxsus olan mebel və digər əşyaların həmin mənzillərdən başqa yerə daşınması və saxlanması üçün "xxxx" MTK-dan 2500 (iki min beş yüz) manat məbləğdə pul vəsaiti aldığından, lakin bu tapşırığı yerinə yetirmədiyindən, həmin hissədə də iddia tələbi təmin edilməli, Cavabdeh1 2500 (iki min beş yüz) manat pul vəsaitinin tutularaq, "xxxx" MTK-ya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli ********* saylı və 01 oktyabr 2019-cu il tarixli ********* saylı Payçı müqavilələri ləğv edilsin. "xxxx" MMC ilə "PL Consultancy İntemational” MMC arasında Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 a ünvanda inşa edilən 1 saylı binanın 61 saylı 2 otaqlı mənzilinə və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 a ünvanda inşa edilən 1 saylı binanın 62 saylı 3 otaqlı mənzilinə dair bağlanılmış 04 iyun 2021-ci il tarixli 577339 nömrəli və 04 iyun 2021-ci il tarixli 577768 nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilsin. "xxxx" MMC-nin adına verilmiş mülkiyyət hüququna dair 08 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və 08 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. Cavabdeh1 2500 (iki min beş yüz) manat pul vəsaiti tutularaq, iddiaçı "xxxx" MTK-ya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver