Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1969/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı2 Tofik oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı baş etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3571/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın qismən təmin edilməsi, İddiaçı2 Tofik oğlu adından İddiaçı1 tərəfindən **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı nəqliyyat vasitəsinə dair Cavabdeh1 verilmiş ƏN-Vİİİ № 669036 saylı baş etibarnamə və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, hazırda Cavabdeh3 istifadəsində olan 2007-ci il buraxılış, qara metalik rəngli, (BAN: VF1KMSEB6********) Renault Megane minik markalı nəqliyyat vasitəsinin İddiaçı2 Tofik oğluna qaytarılması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 120 (bir yüz iyirmi) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı2 Tofik oğluna ödənilməsi qət edilmişdir. Cavabdeh3 qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı1 tərəfindən **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı nəqliyyat vasitəsinə dair Cavabdeh1 verilmiş ƏN – Vİİİ № 669036 saylı baş etibarnamənin və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, hazırda Cavabdeh3 istifadəsində olan 2007-ci il buraxılış, qara metalik rəngli, (BAN: VF1KMSEB6********) RENAULT MEGANE MİNİK markalı nəqliyyat vasitəsinin İddiaçı1 qaytarılması, məhkəmə xərcləri və hüquqi yardımla bağlı ödənişlərin cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh1 əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarıb prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı iş üzrə İddiaçı1 əsl iddiaçı ilə əvəz edilmişdir və İddiaçı2 iş üzrə iddiaçı kimi cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 baş etibarnamə əsasında İddiaçı2 məxsus 2007-ci il buraxılış, **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı nəqliyyat vasitəsini satmaq məqsədi ilə Sumqayıt şəhərində yerləşən avtomobil bazarına gətirmişdir. Həmin bazarda avtomobili satmaq istəyərkən Cavabdeh1 ona yaxınlaşmış və avtomobili almaq niyyətində olduğunu bildirmişdir. Cavabdeh1 ilə əldə olunmuş razırlaşmaya əsasən o, İddiaçı1 ilikin ödəniş qismində 1000 (min) manat, sonradan isə hər ay 1000 (min) manat olmaqla xx.xx.2023-cü il tarixinədək, yəni 10 ay müddətinə cəmi 11000 (on bir min) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bu barədə notariat qaydasında xx.xx.2023-cü il tarixli ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Birinci tərəf” İddiaçı1 (etibarnaməyə əsasən çıxış edən) İddiaçı2 məxsus 2007-ci il **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı nəqliyyat vasitəsini Cavabdeh1 10000 (on min) manata satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1. bəndində əsasən hesablaşma bu qaydada aparılmalıdır, “İkinci tərəf” bu müqavilənin 1-ci bəndində göstərilən avtomobilin alqı-satqısı ilə razılaşdırılmış 10000 (on min) manat pulu xx.xx.2023-cü il tarixinədək, yəni 10 (on) ay müddətində hər ay 1000 (min) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən bütün işlər görüldükdən sonra müqavilə şərtləri gələcək əsas alqı-satqı müqaviləsi üçün əsas olacaqdır. Beləliklə müqavilə bağlandıqdan sonra İddiaçı1 **-DP-*** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı nəqliyyat vasitəsinə dair Cavabdeh1 mahiyyətini anlamayaraq baş etibarnamə verərək avtomobili onun istifadəsinə vermişdir. Lakin 1 ay müddət keçməsinə baxmayaraq Cavabdeh1 tərəfindən ödəniş həyata keçirilməmişdir. Ödənişin həyata keçirilmədiyini və gecikdiyini görən İddiaçı1 cavabdehlə əlaqə saxlamağa çalışsada buna nail olmamışdır. Müqavilə ilə nəzərdə tutulan hərəkətlərin həyata keçirilmədiyini görən İddiaçı1 verdiyi etibarnamənin ləğv etmək istədikdə ona məlum olmuşdur ki, Cavabdeh1 etibarnamə əsasında istifadəsində olan 50- DP-132 dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı nəqliyyat vasitəsini bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxararaq alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 adına rəsmiləşdirmiş, sonradan isə həmin avtomobil xx.xx.2023-cü il tarixdə digər şəxsə Cavabdeh3 etibarnamə əsasında verilmişdir. Bu isə xx.xx.2023-cü il tarixli ilkin müqaviləyə zidd əməl hesab olunur. Belə ki, həmin müqavilənin 4-cü bəndində qeyd olunmuşdur ki, “İkinci tərəf” “Birinci tərəf”in razılığı olmadan nəqliyyat vasitəsini 3-cü şəxslərin istifadəsinə verməməyi öz öhdəsinə götürür. Həmçinin Cavabdeh1 həmin müqavilənin 2.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Həmin bənddə qeyd olunmuşdur ki, “İkinci tərəf” bu Müqavilənin 1-ci bəndində göstərilən avtomobilin alqısatqı ilə əlaqədar razılaşdırılmış 10000 (on min) manat pulu xx.xx.2023-cü il tarixinədək, yəni 10 (on) ay müddətində hər ay 1000 (min) manatı ödəməyi, “Birinci tərəf” isə əsas alqısatqı müqaviləsi bağlamağı öhdəsinə götürür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin yanaşması tam əsassızdır, əvvəla məhkəmə araşdırması ilə qeyd edilən maşının cavabdehə satılması təsdiq olunmuş və tərəflər arasında yaranan mübahisə pulun tam ödənilməməsi ilə bağlı olmuşdur ki, cavabdeh torpaq sahəsini sataraq həmin pulu ödəyəcəyini məhkəmədə bildirmişdir. Digər tərəfdən mən bu maşını vicdanlı əldə etmiş,onun dəyərini tam olaraq ödəməklə almış, ona qədər də bu maşını bir neçə şəxs almış və maşının satılması iddiaçının idarəsi ilə baş vermişdir. Digər tərəfdən iddianın təmin olunması nəticəsində ağır duruma düşən odur, çünki maşını sonuncu əldə edən və maşının dəyərini ödəyərək maşına hazırda sahiblik edən şəxsdir, lakin məhkəmə bu halı nəzərə almayaraq onun böyük məbləğdə vəsait hesabına aldığı avtomaşının ondan alınaraq qaytarılmasına qərar vermişdir. Konkret halda o, bu əmlakı vicdanlı əldə edən olmaqla onun dəyərini ödəməklə almış, lakin məhkəmə onun hüquqlarına təminat verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və hüquqlarını təmsil etdiyi Cavabdeh2 vicdanlı alıcı hüquq və mənafelərinin pozulmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı2 Tofik oğlu və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni İddiaçı2 adından İddiaçı1 tərəfindən Cavabdeh1 arasında bağlanmış müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulması və İddiaçı2 mülkiyyətində olan ** DP *** dövlət qeydiyyat nişanlı Renault Megane minik markalı nəqliyyat vasitəsi qanunsuz olaraq digər şəxslərə satılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh3 qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mübahisəli avtomobillə bağlı iddiaçı ilə Cavabdeh1 arasında ilkin müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi etibarnamənin, onun əsasında aparılmış alqı-satqı müqaviləsinin etibarsızlığı və avtomobilin geri qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339.2, 157.2-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası iddianın bir neçə tələbdən ibarət olduğunu nəzərə alaraq qeyd edir ki, əqdlərin etibarsızlığı tələbi avtomobilin ona qaytarılması tələbini özündən asılı etdiyindən, ilkin olaraq bu tələblər üzrə hüquqi dəyərləndirilmə aparılmaqla mübahisəyə qiymət verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, əqdlərin etibarsızlığının əsası kimi iddiaçı aldanıldığına istinad edərək, Cavabdeh1 ilkin müqaviləyə əsasən hər ay 1000 manat olmaqla xx.xx.2023-cü il tarixdən pulu ona ödəməli olsa da, 1 ay keçməsinə baxmayaraq ödənilməli olan vəsaiti ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İşdən görünür ki, iddiaçı Cavabdeh1lə xx.xx.2023-cü il tarixdə ilkin müqavilə bağlamaqla elə həmin tarixdə də öz iradə ifadəsi ilə sonuncuya bütün səlahiyyətlərini özündə əks etdirən etibarnamə vermiş və Cavabdeh1 də bu səlahiyyətlərdən istifadə edərək Cavabdeh2la mövcud xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsini bağlamışdır. Həmin müqavilə əsasında avtomobil İddiaçı2 adından çıxarılaraq yeni dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi əqdin bağlanması zamanı alıcı Cavabdeh2 iddiaçı ilə digər Cavabdeh1 arasında ilkin müqavilə bağlanmasından və həmin müqavilə üzrə şərtlərdən məlumatsız olmuşdur. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). Mülki Məcəllənin 359.1. maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1. maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 362.2. maddəsi). Qeyd etmək lazımdır ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Məhkəmə kollegiyasının fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, müqavilə bağlanarkən mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi (İddiaçı2 ilə Cavabdeh2 arasında) bağlanarkən mübahisəli avtomobilin mülkiyyətçisi kimi iddiaçı müstəsna səlahiyyəti olan sərəncam vermək səlahiyyətindən istifadə edərək, təmsilçi (Cavabdeh1) vasitəsilə avtomobili özgəninkiləşdirilməsinə dair müqaviləni bağlamış və həmin müqavilə ilə avtomobilin qiyməti müəyyən edilmişdir. Bu müqavilə əsasında Cavabdeh2 həmin avtomobil üzərində mülkiyyət hüququ yaranmış, iddiaçının isə mülkiyyət hüququna xitam verilmişdir. Bundan sonra həmin avtomobil xx.xx.2023-cü il tarixdə 1 illik etibarnaməyə əsasən digər şəxs Cavabdeh3 verilmiş və avtomobil hazırda sonuncunun sahibliyində və istifadəsindədir. Həmçinin o da vurğulanmalıdır ki, iddiaçı tərəfindən Cavabdeh1lə bağladığı ilk müqaviləni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əqdlər (etibarnamə və alqı-satqı müqaviləsi) tərəflərin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin olaraq Cavabdeh2 mübahisəli avtomobili alarkən İddiaçı2 öz iradə ifadəsini nümayiş etdirməsi, bunun üçün adından hərəkət etmək üçün Cavabdeh1 etibarnamə verməsi və həmin etibarnamədə məhz sərəncam vermə səlahiyyəti göstərməsi, bunun müqabilində sonuncu avtomobili Cavabdeh2 satması, avtomobilin qeydiyyatdan çıxarılaraq onun mülkiyyətində olması, sonuncu da öz növbəsində avtomobili etibarnamə əsasında Cavabdeh3 istifadəsinə və idarəçiliyinə verməsi nəzərə alınarsa Cavabdeh2 vicdanlı alıcı kimi qəbul edilməlidir. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin həmin qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakın geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Kostitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, vicdanlı alıcı kimi Cavabdeh2 qeyd olunan əmlak üzərində mülkiyyət hüququ müdafiə edilməlidir. İddia tələbinin avtomobilin iddiaçıya qaytarılması hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən avtomobil alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb təmin edilmədiyindən, başqa sözlə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtinə əsasən avtomobil iddiaçının mülkiyyətində olmadığından, əkisinə Cavabdeh2 mülkiyyətində olduğundan, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 Tofik oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı baş etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1969/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1969/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver