Məhkəmə qərarları › İş №2(105)-1986/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1986/2023

21.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1986/2023 21.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X17 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-6/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 oktyabr 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Qobustan rayonunun Yekəxana kəndində İddiaçı, X3, X6, Cavabdeh1 və X4 mülkiyyətində 0,14 ha torpaq sahəsi vardır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Şamaxı Ərazi İdarəsinin fərdi yaşayış evinin **********09-10301 reyestr nömrəli texniki pasportunun surətindən görünür ki, Qobustan rayonunun Yekəxana kəndində ümumbirgə mülkiyyətdə olan 0,14 ha torpaq sahəsində yerləşən 1971-ci ildə tikilən 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1S-4 nömrə ilə qeydiyyata alınmışdır. Həmin həyətdə 121.3 m2 sahədə 1978-ci ildə 1 mərtəbəli tövlə, 41.6 m2 sahədə 1980-ci ildə 1 mərtəbəli hamam, anbar, 155,4 m2 sahədə 1997-ci ildə talvar, 1989-cu ildə hasar tikilmiş və 1987-ci ildə darvaza qoyulmuşdur.

3. Qobustan Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(026)-192/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Qobustan rayon Bədəlli kəndi üzrə nümayəndəliyində 05 iyul 1993-cü il tarixdə 42 sayla qeydə alınmış nikah pozulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ********** qeydiyyat nömrəsi və **********09- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış evin və 0,028 ha həyətyanı torpaq sahəsinin ümumbirgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 1000 manat kompensasiya verməklə həmin evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər kompensasiya verilməklə evdən çıxmalarına razı olmadıqlarına görə onlara kompensasiya verilmədən evin 20.3 kv.m olan otağından sığınacaq kimi, müvəqqəti istifadə etmələrinə razı olduğunu göstərmiş, lakin qalan otaqlardan, yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılmalarını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qobustan rayonunun Yekəxana kəndində xüsusi mülkiyyətində olan evi var. Ev və həyətyanı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi və **********09-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ev 1971-ci il tarixdə tərəfindən tikilmişdir. Cavabdeh1 ilə xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Yəni ev birgə mülkiyyətdə deyil. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan da görünür ki, ev tam mülkiyyət hüququ əsasında ona məxsusdur. 0,14 ha həyətyanı torpaq sahəsinin isə 1/5 hissəsi (0,028 ha) ona məxsusdur. Qobustan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları ləğv olunmuşdur. Onların bundan sonra bir dam altında yaşamaları qətiyyən mümkün deyil. Qohumların yanında qalmaqdan yorulmuşdur. İstəyir ki, cavabdehlər onun evindən çıxsınlar. Kənddə Şəhlanın ata evi var və hazırda həmin evdə heç kim yaşamır. Mülkiyyətində olan evin qiyməti 15-16 mindən artıq olmaz. Hətta hər birinə 1000 manat olmaqla 2000 manat kompensasiya verməyə də razıdır. Şəhla istəsə atasının həyətində yaşasın, istəsə həyətin onlara düşən hissəsində özünə ev tikib yaşasın. İstədiyi torpaq sahəsinin cavabdehlərin torpaq sahəsindən ayrılmasıdır. Evinin boşaldılmasını istəyir ki, ömrünün qalan hissəsini öz evində yaşasın.

7. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə 05 iyul 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 22 mart 1994-cü ildə Həlimə, 30 noyabr 1995-ci ildə Aytən və xx xxxxxx 1999-cu ildə Ağası adlı övladları anadan olmuşdur. Qobustan Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra da oğlu Ağası ilə birlikdə həmin evdə yaşayır. 30 ildir ki, həmin evə gəlin getmişdir, evin və həyətdəki tikililərin inşa olunmasında əziyyət çəkmişdir. Onun və oğlunun yaşamağa başqa yerləri yoxdur.

8. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, atası Abasqulu onları evdən çıxartmaq istəyir, onlara 1500 manat kompensasiya təklif edir. 1500 manat çox azdır. Həmin evi atası və anası birlikdə tikiblər. Onların yaşamağa başqa yerləri yoxdur. Həmin evdə günçıxan tərəfdəki otaqda yaşayırlar. Həmin otağın onlara verilməsini istəyirlər. Əgər atası onların evdən çıxmasını istəyirsə anası ilə ikisinə 20000 manat kompensasiya verilsin ki, onlar da özlərinə sığınacaq tiksinlər.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli 10/4683 saylı ekspert rəyində göstərilir ki, Qobustan rayonunun Yekəxana kəndində yerləşən ********** qeydiyyat nömrəsi və **********09-10301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış yaşayış evinin və 0,14 ha həyətyanı torpaq sahəsinin İddiaçı ilə digər mülkiyyətçilər X7, X9, Cavabdeh1 və X10 arasında bölünməsi “İnşaat norma və qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 10/82 saylı təkrar ekspertiza rəyində göstərilir ki, fərdi yaşayış evinin planda yerləşməsini, torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən isə yol ilə əhatə olunduğunu, torpaq sahəsinin 5 mülkiyyətçinin ümumi birgə mülkiyyətinə verildiyini, eləcə də fərdi yaşayış evinin giriş qapısının yola nisbətdə arxa tərəfdə olduğunu nəzərə alaraq, iddiaçıya ayrılası torpaq sahəsinin evlə birlikdə iddiaçıya verilməsinin metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

11. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-6/2023 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 1500 manat olmaqla, cəmi 3000 manat kompensasiya verməklə Qobustan rayonunun Yekəxana kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılmasına dair iddianın təmin edilməməsi, İddiaçı 150 manat ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh X14 05 iyul 1993-cü il tarixdən İddiaçı ilə rəsmi nikaha girərək çıxarılması tələb olunan evdə yaşadığından onun və digər cavabdeh-ailə üzvləri olan Cavabdeh2 başqa yaşayış sahəsi olmadığından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına və 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən iddia tələbi təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 29.3, 31, 71, Mənzil Məcəlləsinin 123, 53-cü maddəsinin, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin obyektiv, qərəzsiz, hərtərəfli araşdırılması prinsipini pozaraq təkrar ekspertiza təyin olunması barədə vəsatəti rədd etmişdir. Sadəcə olaraq ekspert rəyi var ki, torpaq sahəsinin naturada bölünməsi mümkün deyil. Ekspert rəyi ilə razılaşmır belə ki, həyətin 3 tərəfi boşdur və torpaq sahəsini 5 yerə bölmək olar ki, hamı istifadə etsin. Ekspert rəyində birbirinə zidd olan ifadələr işlədərək sonda bu nəticəyə gəlmişdir ki, bu torpağı evlə birlikdə naturada ayırıb iddiaçıya vermək mümkün deyil. Belə hesab edir ki, məhkəmə rəydə olan ziddiyyətləri nəzərə alaraq yenidən ekspertiza təyin edə bilərdi, amma vaxt azdır deyə vəsatəti rədd etdi və iddianı isə köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsaslanaraq rədd etdi. Məhkəmənin gəldiyi nəticə bundan ibarət oldu ki, köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsində kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına görə 2000-ci ildən əvvəl mənzil sahəsinə köçürülmüş ailə üzvü ailə münasibətlərinə son qoyulduğu halda da həmin şəxslərin bu mənzildən istifadə hüquqları saxlanılır. Bununla razılaşır. Cavabdehlər mülkiyyətçi olmadıqları halda belə ailə münasibətləri 01 sentyabr 2001-ci ildən əvvəl yarandığına görə cavabdehlərin evdən istifadə hüquqları var, amma nə vaxta kimi? 85 yaşı var. Cavabdehlərlə bir yerdə yaşamağı mümkün deyil. Məhkəmə bu mübahisəyə baxarkən köhnə mənzil məcəlləsin 123-cü maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarını düzgün təfsir etməmiş, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenunmunun 26 sentyabr 2007-ci il tarixli qərarını isə ümumiyyətlə nəzərə almamışdır. Konstitusiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər.” Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüquqları olan şəxslərində mənzildən istifadə hüquqlarına kompensasiya yolu ilə xitam verilməsini Konstitusiyaya uyğun hesab edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 iddiaçının mövqeyini müdafiə etdiyini bildirdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər X8 və X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 17. Mülki hüquqların müdafiəsi 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

24. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu (....) 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. (...)

26. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur.

27. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ (...) 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. (...)

Azərbaycan Respublikası Mənzil Məcəlləsi (2000-ci ilədək qüvvədə olan)

28. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

33. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

40. İşdən görünür ki, İddiaçı ilkin olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat və **********09- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış evin və 0,028 ha həyətyanı torpaq sahəsinin ümumbirgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 1000 manat kompensasiya verməklə həmin evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Daha sonra, o, iddia tələbinin həcmini azaldaraq cavabdehlərə kompensasiya verilmədən evin 20.3 kv.m olan otağından sığınacaq kimi, müvəqqəti istifadə etmələrinə razı olduğunu, lakin qalan otaqlardan, yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılmalarını xahiş etmişdir.

42. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

44. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

45. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən həcmi azaldılaraq verilmiş sonuncu tələbə deyil, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 1500 manat olmaqla, cəmi 3000 manat kompensasiya verməklə Qobustan rayonunun Yekəxana kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılmalarına dair iddiaya baxaraq iddianı rədd etmişdir.

46. Halbuki, iddiaçının cavabdehlərə qarşı hər birinə 1500 manat olmaqla, cəmi 3000 manat kompensasiya verməklə Qobustan rayonunun Yekəxana kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi barədə yazılı tələbi olmamış, azaltmadan sonra isə sonuncu tələbi cavabdehlərə kompensasiya verilmədən evin 20.3 kv.m olan otağı istisna olmaqla qalan otaqlardan, yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılmaları barədə olmuşdur.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

48. İş materiallarından görünür ki, Qobustan rayonunun Yekəxana kəndində yerləşən 0,14 ha torpaq sahəsi İddiaçı, X3, X6, Cavabdeh1 və X4 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 92.10 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh1 onun keçmiş arvadı, Cavabdeh2 isə oğludur. İddiaçı ilə Cavabdeh1 arasında Qobustan rayon Bədəlli kəndi üzrə nümayəndəliyində 05 iyul 1993-cü il tarixdə 42 sayla qeydə alınmış nikah Qobustan Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(026)-192/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlər hazırda da mübahisəli evdən yaşayış sahəsi kimi istifadə edirlər və həmin evin yaşayış sahəsindən istifadə hüququna malikdirlər.

49. Belə ki, mübahisə predmetini təşkil edən evlə bağlı tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

50. 2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

51. İşdən həmçinin görünür ki, mübahisəli evin yerləşdiyi 0.14 ha torpaq sahəsi İddiaçı, X1, X2, X4, o cümlədən Cavabdeh1 ümumi birgə mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində onların payları müəyyən edilməmişdir. İddiaçı ilkin olaraq payı müəyyən olunmamış torpaq sahəsinin naturada bölünməsini tələb etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli 10/4683 saylı ekspert rəyinə əsasən Qobustan rayonunun Yekəxana kəndində yerləşən ********** qeydiyyat nömrəsi və **********09-10301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış yaşayış evinin və 0,14 ha həyətyanı torpaq sahəsinin İddiaçı ilə digər mülkiyyətçilər X7, X9, Cavabdeh1 və X10 arasında bölünməsi “İnşaat norma və qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

52. Bundan başqa, işdən həmçinin görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 10/82 saylı təkrar ekspertiza rəyinə əsasən, fərdi yaşayış evinin planda yerləşməsini, torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən isə yol ilə əhatə olunduğunu, torpaq sahəsinin 5 mülkiyyətçinin ümumi birgə mülkiyyətinə verildiyini, eləcə də fərdi yaşayış evinin giriş qapısının yola nisbətdə arxa tərəfdə olduğunu nəzərə alaraq, iddiaçıya ayrılası torpaq sahəsinin evlə birlikdə iddiaçıya verilməsinin metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

53. Göründüyü kimi mübahisəli ev iddiaçının mülkiyyətində olsa da, cavabdehlərin həmin evin yaşayış sahəsindən istifadə hüquqları vardır. Hətta evin yerləşdiyi torpaq sahəsi ümumi mülkiyyət hüququ əsasında Cavabdeh1 da mənsubdur.

54. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin sahəsi 92.10 kv.m olan mübahisəli fərdi yaşayış evinin 20.3 kv.m olan otağı istisna olmaqla qalan yaşayış sahələrindən çıxarılmaları onların mənzil hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olmaqla, iş üzrə mübahisə tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmir. Odur ki, iddiaçının mövcud tələbi təmin edilməməlidir.

55. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-6/2023 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

57. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinin tələbinə müvafiq olaraq iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizası tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-6/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizası tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver