Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2001/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-636/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim R.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi, tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Quba rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 0,51 ha torpaq sahəsinə dair 26.04.2017-ci il tarixli, **********11 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Quba rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. və 397.2. maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin icraatına xitam verilməsi barədə gəldiyi nəticəni iddiaçının ərizəsinə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən icraata xitam verilməli olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 0,51 ha torpaq sahəsinə dair 26.04.2017-ci il tarixli, **********11 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında (həmin Qərara 20 fevral 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizənin icraatına xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Quba rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli və onunla bağlı 28 aprel 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2001/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2001/2021
26.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver