Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2026/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh2 MMC, X11 və X6 qarşı (üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Ağentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DövləKadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, X8, X18, İddiaçı2, X23, X15, X24, X14, Şərifzadə Ramin, X29, X13, X9, X25, X2, X12, İsmayılov Ramin, Orucov Elmar, Əsədov Ülvi, Alməmmədov Amil və Ağarzayev Rüfət) çıxarışın ləğv edilməsi, hasarın sökülməsi, torpaq sahəsi və binanın istifadəyə geri qaytarılması, mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X26 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-4139/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh2 MMC, X11 və X6, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Ağentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, X8, X18, İddiaçı2, X23, X15, X24, X14, Şərifzadə Ramin, X29, X13, X9, X25, X2, X12, İsmayılov Ramin, Orucov Elmar, Əsədov Ülvi, Alməmmədov Amil və Ağarzayev Rüfətə qarşı «çıxarışın ləğv edilməsi, hasarın sökülməsi, torpaq sahəsi və binanın istifadəyə geri qaytarılması, mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-4139/2023 nömrəli qərardadı ilə (hakim E.Məmmədov) hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. İddiaçılar qərardaddan şikayət vermişlər.
4. Abşeron Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(012)-4139/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında iş üzrə dövlət rüsumunun ödənilməsi haqqında qəbzin olmasını göstərsə də, lakin işdə olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, ancaq İddiaçı8 dövlət büdcəsinə 100 manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Beləliklə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 hər biri dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəməli idilər. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1.2, 152.1.5, 152.2, 152.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi əsassız və qanunsuzdur. Belə ki, iddia tələbi Bakı şəhəri 26 sayılı DNK-da bağlanmış 4E810 saylı, xx.xx.2022 tarixli alqı satqı müqaviləsinin etibarsız sayılaraq, həmin müqavilə əsasında cavabdeh X5 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh X1 600 kv.metrlik torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş hasarın sökülməsi və həmin torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park, 24-cü küçə, 6-cı binanın sakinlərinin istifadəsinə geri qaytarılmasından və qanunsuz hərəkətləri ilə iddiaçılara vurulmuş mənəvi zərər üçün 1000 manat kompensasiyanın cavabdeh X3 tutularaq iddiaçılara ödənilməsindən ibarətdir. Yəni bütün iddiaçıların cavabdehlərdən olan iddia tələbi eynidir. İşə baxan məhkəmə isə iddia ərizəsinin qaytarılması əsası kimi yalnız bir nəfər iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini qeyd etmiş və hesab etmişdir ki, bütün iddiaçılar ayrı-ayrılıqda dövlət rüsumu ödəməlidirlər. Məhkəmənin bu mövqeyi əsassızdır. Çünki iddiaçıların hər birinin cavabdehə qarşı olan tələbləri müstəqil deyil, eyni tələbdir. Yəni iddiaçıların hamısının iddia tələbi eynidir. Belə olan halda onların hər birinin ayrı-ayrı 100 manat dövlət rüsumu ödəməsi qanunvericiliyin tələbi deyildir. MPM-nin 112.1.10-cu maddəsinə görə, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda bütün tələblərin ümumi məbləği ilə iddianın qiyməti müəyyən edilir. Buradan məlum olduğu kimi, tələblər müstəqil deyilsə demək ki, bir neçə iddiaçı eyni tələb üzrə məhkəməyə müraciət edə bilər. Qeyd olunduğu kimi hazırkı iddia tələbi iki hissəlidir. Birinci hissəsi qiymətləndirilməyən iddia olub, bu hissədə iddiaçılar onların yaşayış binasına məxsus olan torpaq sahəsinin başqasına satılmasına dair müqavilənin etibarsız sayılmasını, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunmasını, torpaq sahəsinin geri qaytarılmasını və torpaq sahəsinə çəkilmiş hasarın sökülməsini tələb etmişlər ki, tələb bu hissədə qiymətləndirilməyən iddia olduğu üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin ikinci hissəsi isə 1000 manat mənəvi zərərin əvəzinin cavabdeh X3 tutularaq iddiaçılara ödənilməsi ilə bağlıdır ki, bu tələb üzrə də 130 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə hazırkı iş üzrə zəruri məbləğdə dövlət rüsumu iddiaçılar tərəfindən ödənildiyi halda məhkəmə əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Maddə 51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər Maddə 149. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstəriləməlidir. Maddə 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Maddə 151.1 İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-4139/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
13. Ona görə də, kollegiya Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-4139/2023 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-4139/2023 nömrəli qərardadı ləğv edilərək, mülki iş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.
16. Belə ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur.
17. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur
18. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar Bakı şəhəri 26 sayılı DNKda bağlanmış 4E810 saylı, xx.xx.2022 tarixli alqı satqı müqaviləsinin etibarsız sayılaraq, həmin müqavilə əsasında cavabdeh X5 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh X1 600 kv.metrlik torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş hasarın sökülməsi və torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park, 24-cü küçə, 6-cı binanın sakinlərinin istifadəsinə geri qaytarılması və qanunsuz hərəkətlər nəticəsində iddiaçılara vurulmuş mənəvi zərər üçün 1000 manat kompensasiyanın cavabdeh X3 tutularaq iddiaçılara ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
19. İddia ərizəsi üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz ərizəyə əlavə edilmişdir. Lakin həmin ödəniş qəbzindən görünür ki, ödəniş İddiaçı8 tərəfindən icra edilmişdir. İşə baxan məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə hər bir iddiaçı tərəfindən ayrı-ayrılıqda dövlət rüsumu ödənilməli və bu halı təstiq edən qəbzlərin surəti ərizəyə əlavə edilməlidir.
20. Məhkəmə kollegiyası irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbinin vahidliyini, yəni iddiaçılarla cavabdeh arasında eyni mübahisədən doğan, habelə eyni predmet barəsində yaranan tələb olmasını nəzərə almamışdır.
21. Belə ki, hazırkı iş üzrə iddiaçılar eyni binanın sakinləri olmaqla, həmin binanın həyətyanı sahəsində yerləşən torpaq sahəsinin cavabdehə satılması barədə müqaviləni mübahisələndirmişlər. Başqa sözlə iddiaçıların tələbi həmin torpaq sahəsinə dair müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıların ümumi istifadəsinə qaytarılmasından ibarətdir. Yəni iddiaçıların ayrı-ayrılıqda sözügedən torpaq sahəsinin müxtəlif hissələrinə dair, hər hansı fərqli tələbləri mövcud deyildir. Belə olan halda məhkəmənin qeyd olunan əsasla iddia ərizəsini geri qaytarmaq barədə mövqeyi əsaslı hesab edilə bilməz.
22. Kollegiya qeyd edir ki, prosessual qanunvericilikdə hazırkı halın tənzimlənməsinə dair konkret hüquq norması olmasa da, yuxarıda qeyd edilənlər (iddia tələbinin vahidliyi, mübahisəsinin iddiaçılarla cavabdeh arasında eyni predmet barəsində yaranması) həmçinin iddianın qiymətləndirilməyən iddia növünə aidiyyatı müəyyən edilməklə, ödənilmiş dövlət rüsumu nəzərə alınmaqla, iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin mövqeyi qanuni deyildir.
23. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normanın tələblərindən çıxış etməmiş, çəkişmə prinsipinə uyğun olaraq tərəfləri məhkəməyə çağıraraq qərardadında qeyd etdiyi dəlilləri tərəflərin iştirakı ilə birlikdə araşdırmamış, əksinə iddia ərizəsini geri qaytarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmışdır.
24. Kollegiya qeyd edir ki, iddia ərizəsinin qaytarılması müəyyən maneələri aradan qaldırmaq məqsədi daşıyır. Həmin maneələri siyahısı MPM-in 152-ci maddəsində dəqiq müəyyən edilmişdir. Bu əsaslar bütünlüklə prosessual hüquqi xarakter daşıyır. Maddi hüquqi əsaslarla iddia ərizəsinin geri qaytarılmasına yol verilmir.
25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)- 4139/2023 nömrəli qərardadı ləğv edilərək, mülki iş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
26. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, iddia ərizəsinin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı digər hallar araşdırılıb onlara qiymət verilməmişdir.
27. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(012)-4139/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icrata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması və digər sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.