Məhkəmə qərarları › İş №2(105)-2032/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2032/2022

29.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Torpaq mübahisələri - Torpaq mübahisələri - Digər - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2032/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətin müdafiəsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-197/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-197/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh tərəfindən aparılmış 20 m2 köməkçi tikilinin 18 m2 hissəsinin Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili olaraq onun öz vəsaitləri hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının sahibliyinə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin 08 manatının, mütəxəsiss rəyinə görə 280 manatın, cəmisi 288 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 40 manat və iddiaçı X1 10 manat ekspertiza xərcinin tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-197/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı mülkiyyətin müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndi yerləşən və dəqiq koordinatları DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********56 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.06 ha torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, ona məxsus torpaq sahəsində onun tərəfindən aparılmış bütün tikililərin cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RX ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndində yerləşən və dəqiq koordinatları DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********56 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. O, həmin torpaq sahəsini 2014-cü ildə alqı-satqı yolu ilə almışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, torpaq sahəsi cavabdeh olan Cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt etdiyi ərazidə onun tərəfindən müəyyən tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehə onun torpaq sahəsini zəbt etdiyini və həmin torpaq sahəsini boşaldaraq onun istifadəsinə geri qaytarması ilə bağlı müraciət etsə də, cavabdeh onun sözlərinə məhəl qoymamışdır. Eyni zamanda, bununla bağlı olaraq tərəfindən Abşeron Rayon Polis İdarəsinə şikayət olunmuşdur. O və cavabdeh tərəfindən müvafiq izahatlar verilmiş, lakin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin başlanması rədd edilmişdir. İddiaçıya məxsus olan torpaq sahəsi cavabdehin özünə məxsus olmadığını bildiyi halda qəsdən Cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla da cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayəti onunla əsasladırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində yanlışlığa yol vermiş, habelə iş üzrə lazımi qaydada araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsində 2012-ci il tarixdən fərdi yaşayış evi və köməkçi tikililər tikərək, torpaq sahəsini çəpərləyərək sahiblik edir. İddiaçı torpaq sahəsini bələdiyyədən 2014-cü ildə, torpaq sahəsi cavabdehin faktiki istifadəsində olarkən almışdır. Cavabdeh həmin torpaq sahəsində ev tikən zaman həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonunun ərazisi olmuşdur, 2014-cü ildə həmin torpaq sahəsi Abşeron rayonun inzibati ərazisinə verilmişdir. Mövcud qanunvericilik yalnız tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilən və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların maraqlı şəxslərin və müvafiq icra hakimiyyəti orqanlarının müraciəti əsasında sökülməsini nəzərdə tutmuşdur. Məhkəmə cavabdeh tərəfindən tikilən tikilinin bu məqsədlər üçün ayrılmayan torpaq sahəsində tikilməsinə, habelə tikinti və şəhərsalma norma və qaydalarını kobud şəkildə pozulmaqla tikinti tikilməsinə dair heç bir araşdırma aparmadan qətnamənin əsaslandırma hissəsində həmin qanun normasına istinad etməklə qərar qəbul etmişdir. Cavabdehə məxsus tikili fərdi yaşayış evi və köməkçi tikililərdir. O, illərlə özünü həmin torpaq sahəsinin qanuni sahibi hesab edərək əziyyət çəkmişdir. Ağaclar əkərək abadlaşdırma işləri aparmışdır. Torpaq sahəsini çəpərləyəndən və tikililər tikəndən sonra həmin torpaq sahəsi bələdiyyə tərəfindən qanunsuz və əsassız olaraq iddiaçıya satılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan halları sübut edilməmişdir və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, halhazırda ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, 10 ildən artıq müddətdir ki, onun sahibliyində və istifadəsindədir. İddiaçı onun faktiki sahibliyində olan torpaq sahəsini əldə etmişdir. Belə olan halda hər hansı zəbtdən söhbət gedə bilməz. Sadalanan hallar nəzərə alınmaqla apellyasiya şikayətinin təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-197/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil şikayətlə razılaşmadılar, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni müdafiə edərək, şikayətin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********56 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Yenə iş materiallarından görünür ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü ildə AA 029695 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Yenə də işdə olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli, 10/2098 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə uyğun olaraq, İddiaçı məxsus RX ******* saylı, xx.xx.2014-cü il tarixli DƏDRX-dən çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən DƏDRX-nin Abşeron Əİ tərəfindən verilmiş **********56 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.06 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada yeri müəyyən edilmiş, cavabdeh tərəfindən aparılmış 20m2 köməkçi tikilinin 18m2 hissəsinin həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi müəyyən edilir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tərəflərin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-197/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, RX ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Fatmayi kəndi yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsində iş üzrə Cavabdeh tərəfindən fərdi yaşayış evi və digər tikililər inşa edilmişdir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi üzərində hər hansı hüququ qeydiyyata alınmamış, habelə üzərində inşa edilmiş fərdi yaşayış evi isə özbaşına tikilidir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi səbəbindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh tərəfindən inşa edilmiş 20m2 köməkçi tikilinin 18m2 hissəsinin iddiaçıya məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən iddiaçıya məxsus 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi iş üzrə təyin edilmiş məhkəmə eksprtizasının rəyi ilə öz təstiqini tapmışdır. Beləliklə iddiaçının iddiası qismən təmin edilmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Yenə həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Yenə də həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Yenə həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Eyni Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Mülki işdə olan mütəxəssis və ekspert rəylərindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş 20m2 köməkçi tikilinin 18m2 hissəsi iddiaçıya məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən iddiaçıya məxsus 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Başqa sözlə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin qeyd olunan hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmaqla iddiaçı öz iddiasının əsaslarını qismən sübuta yetirə bilmiş, cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmiş, habelə şikayətinin dəlillərinə uyğun əsaslı şübhələrdən kənar, mötəbər sübut təqdim etməmişdir. Beləliklə birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-197/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver