Məhkəmə qərarları › İş №2(105)-206/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-206/2024

13.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-206/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X26 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh X3 (eyni zamanda üçüncü şəxs X4 nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən ona məxsus 0,17 ha həyətyanı torpaq sahəsindən məcburi çıxarılması, tikilinin cavabdehin hesabına sökülməsi və 7000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-19/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, Qobustan rayonunun Xilmilli kəndi Kuruşkov küçəsində yerləşən bir mərtəbəli, 13,4 m2 yaşayış sahəsindən ibarət olan bir otaqlı yaşayış evi 05 fevral 1993-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən ona məxsus 0,17 ha həyətyanı torpaq sahəsindən cavabdehin məcburi çıxarılması, tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və 7000 manat dəymiş maddi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddia onunla əsaslandırılmışdır ki, Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatda olsa da, Abşeron rayonunun Qobustan kəndində yaşayır. 1991-ci ildə Qobustan rayonunun Xilmilli kəndində bir otaqlı yaşayış evi almış və 05 fevral 1993-cü ildə 267 saylı qeydlə öz adına rəsmiləşdirmişdir. Aldığı 0,17 ha torpaq sahəsində fərdi yaşayış evindən əlavə də tikililəri də var idi. Həmin ev İsaxan Alməmmədov ilə qonşuluqda yerləşir. 1990-cı ildə ölkədə ağır vəziyyət olduğu üçün ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orada yaşayırlar. Evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etdikdə İsaxan Alməmmədov tərəfindən ona məxsus 0,17 ha torpaq sahəsinin zəbt edilərək evinin söküldüyünü eşidib və Xilmilli kəndindəki həyətinə gəlmiş və evinin söküldüyünü görmüşdür. İsaxan Alməmmədova evinin bərpa olunması dedikdə isə İsaxan ona həmin evinin ona məxsus olduğu və heç kimi tanımadığını bildirmişdir. Ona görə də məsələnin qanun yolu ilə həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. İddiaçı nümayəndəsi X10 izahatında bildirmişdir ki, Xilmilli kəndindəki evi söküb tikinti materiallarını Abşeron rayonunun Təzəkənd kəndinə aparmış, lakin həyətdə 3 m x 4 m ölçüdə bir qış evi, daşlar, toyuq hini, hamam qalmışdır. O, həmin həyətyanı torpaq sahəsini və tikililəri İsaxan Alməmmədova satmamışdır.

5. Cavabdeh İsaxan Alməmmədov iddianı qəbul etməyərək izahatında göstərmişir ki, İddiaçı əri X2 Qobustan rayon Xilmilli kəndində olan özlərinə məxsus həyətyanı torpaq sahəsini satdığını bilmiş və pulu olmadığı üçün Şərbətalı ilə aralarında razılığa gələrək ona beş kiloqram bal verərək torpaq sahəsini almışdır. Həmin sahədə olan evi Şərbətalı söküb köçdüyü Təzəkənd kəndinə aparmışdır. O, həmin torpaq sahəsini alarkən torpaq sahəsində heç bir tikili olmamışdır. Öz həyətinə və Şərbətalıdan aldığı evə dair hüquqmüəyyənedici sənədləri vardır.

6. X1 ifadə verərək göstərmişdir ki, İddiaçı onun xalası qızı, Şərbətalı Musayev qohumu, İsaxan Əlməmmədov isə qonşusudur. Təxminən on beş il əvvəl X10 onun evinə gələrək torpaq sahəsini satdığı bildirmişdir. X14 pulu olmadığını bildirmiş, lakin sonradan onlar aralarında razılığa gələrək İsaxan Şərbətalıya beş kiloqram bal verərək torpaq sahəsini almışdır. Şərbətalı Musayev həyətindəki evi özü sökərək materialları Təzəkənd kəndinə aparıb oradakı evi tikmişdir. Həyətdə heç bir tikinti qalmamışdır.

7. X9 ifadə verərək göstərmişdir ki, 2005-2006-cı illərdə İsaxan Bayramov ona Xilmilli kəndində yerləşən həyətində hasar tikməyin lazım olduğunu dediyinə görə İsaxanla razılaşıb həmin həyətdə daş hasar və dam tikmişdir. Həmin vaxtı torpaq sahəsində heç bir tikili olmamış, torpaq sahəsi boş olmuşdur. Həyətin əvvəllər Şərbətalıya məxsus olduğunu bilmir.

8. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə İddiaçı ünvanlanmış **********36 saylı məktubdan görünür ki, daşınmaz əmlakın müayinəsi zamanı qeydiyyat alınması bildirilən 0,17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin söküldüyü, sözü gedən ərazidə başqa vətəndaş tərəfindən yarımçıq tikililər, tövlə və anbar tikildiyi məlum olmuş və torpaq sahəsi mübahisəli olduğuna görə ərizənin icrası mümkün olmamışdır.

9. İddiaçı adına 05 fevral 1993-cü il tarixdə qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, Qobustan rayonunun Xilmilli kəndi Kuruşkov küçəsində yerləşən bir mərtəbəli, 13,4 m2 yaşayış sahəsindən ibarət olan bir otaqlı yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.

10. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, həmin texniki pasport Kuruşkov küçəsində yerləşən bir otaqlı yaşayış evi X25 məxsus olmuş, 18 sentyabr 1991-ci il 03 nömrəli qərara əsasən ev sahibi kimi Bayramova Hafizəyə məxsus olduğu göstərilmiş, həmin yazıların üstündən xətt çəkilərək aşağıda İddiaçı adı yazılmışdır.

11. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/3884 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 12 may 2023-cü il tarixli **********05 nömrəli mütəxəssis rəyinə əsasən Qobustan rayonu Xilmilli kəndi ərazisində yerləşən cavabdeh X19 tərəfindən tikinti işləri aparılmış mübahisəli torpaq sahəsinin elektron baza məlumatlarına və Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 23 saylı qərarı ilə X7 verilmiş AN:089153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X7 məxsus olduğu, İddiaçı naturada iddia etdiyi, tikinti işləri aparılmış mübahisəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər (şəhadətnamə, plan-ölçü sənədi, çıxarış, yerquruluşu qaydasında hazırlanmış sxem) təqdim edilmədiyi və elektron baza məlumatlarında İddiaçı adına sözü gedən həyətyanı torpaq sahəsinə aid məlumat aşkar olunmadığı müəyyən olunmuşdur. İddiaçı naturada iddia etdiyi, tikinti işləri aparılmış mübahisəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər (şəhadətnamə, plan-ölçü sənədi, çıxarış, yerquruluşu qaydasında hazırlanmış sxem) təqdim edilmədiyindən, cavabdeh X19 tərəfindən naturada faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

12. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-19/2023 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia təmin edilməmiş, mütəxəssis rəyinin verilməsi üçün 50 manat ekspertiza xərcinin İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.8, 149.2, 1096.1, 152.1, 240.1, 240.2, 240.3, Torpaq Məcəlləsinin 49.1, 49.2-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1991-ci ildə Qobustan rayonu, Xilmilli kəndində bir mərtəbəli yaşayış evinin almağı, həmin evi xx.xx.1993-cü ildə 267 saylı qeydə öz adına rəsmiləşdirməyi ilə onun mülkiyyətçi kimi həmin evə hüququ yaranmış və dövlət tərəfindən rəsmi qaydada tanınmışdır. Həmin ev tərəfindən alındıqdan sonra orada ailəsi ilə müəyyən müddət yaşamışdır. Mülkiyyətçi kimi hüquqlarının cavabdeh tərəfindən qanunun tələblərini pozmaqla həyata keçirməyini məhkəmədə sübut etməyə çalışsa da, məhkəmə onu dinləmədən, məhkəmə prosesində izahatını təhrif etməklə iddia tələbinin qanunsuz olmasını əsaslandırmağa çalışmış və qətnaməsi ilə buna nail olmuşdur. Nümayəndəsinin (əri) məhkəmə prosesi zamanı evin mişar daşının sökərək Bakıya aparması və həmin torpaq sahəsini qonşusu cavabdeh İsaxan Alməmmədova 5 kq bal əvəzinə satması barədə sözlərini qərəzli olaraq iddiaçının izahatı kimi qeyd etməklə iddia tələbinin təmin olunmaması nəticəsinə gələrək məhkəmə maddi hüquq normaların tələblərini pozmuşdur. Mülkiyyətçi kimi pozulmuş hüquqlarını əsaslandırmadan qətnamənin guya ki, torpaq sahəsinin 5 kq bala sataraq evinin söküb aparması ilə həmin torpaq sahəsinin ona məxsus olmaması qənaətinə gəlmişdir. Evinin cavabdeh tərəfindən sökülməsinə dair digər şahidlərin, orada yaşayan qonşuların dindirliməsinə şərait yaradılmamışdır. Mülkiyyət hüququ təsbit edən maddi hüquq normalarını yalnız cavabdehin xeyrinə formal sadalamaqla onun izahatını (guya torpaq sahəsini 5 kq bala satmağı, ona məxsus evin mişar daşının sökülməsini əsas gətirməklə) əsaslandırmağa və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxartmışdır. 1991-ci ildə Qobustan rayonu, Xilmilli kəndində bir mərtəbəli yaşayış evini almağı, həmin evi xx.xx.1993-cü ildə 267 saylı qeydə öz adına rəsmiləşdirilməsi və texniki pasportda həyatyanı torpaq sahəsinin ona məxsus olması işin mübahisəsiz halıdır, lakin məhkəmə qətnaməsində onun adına qeydin olmasına və texniki pasportda torpaq sahəsinin planına münasibət bildirməmiş, həmin evin sökülməsini, hətta həmin evin və əhatəsindəki həyətyanı torpaq sahəsinin konkret hansı hissəsində yerləşməsi belə müəyyən edilməmiş və araşdırılmamışdır. Həmin ev mülkiyyətində olmuş, hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilməmişdir. Mülkiyyətində olan evin cavabdehin qanunazidd hərəkətləri nəticəsində qərəzli olaraq sökülərək özünə ev inşa etməsi onun torpaq sahəsində sahiblik etmək, sərəncam vermək hüququ yaratmır. Ev sahibsz əmlak olduqda maliyyə orqanın ərizəsi ilə və məhkəmənin qətanməsi ilə dövlət mülkiyyətinə verilməlidir. Lakin evinin sahibsiz olması və ya onun dövlət mülkiyyətinə verilməsinə dair heç bir qətnamə çıxarılmamışdır. Hal-hazırda həmin ev üzərində qeydiyyat yazısı mövcuddur, məhkəmə qaydasında ləğv edilməmiş, hətta həmin evə pasport qeydiyyatı da var. Mülkiyyətçi kimi başqasının qanunsuz sahibliyinə keçmiş əmlakını tələb etməyə haqlıdır. Cavabdeh onun evinə və həyətyanı torpaq sahəsinə soxularaq evi və digər tikililəri sökərək qanunverciliyin tələblərini pozmuş, lakin məhkəmə buna münasibət bildirməmiş, evinin cavabdeh tərəfindən sökülməsinə qiymət verməmişdir. Məhkəmə cavabdehin izahatına, maraqlı olan şahid ifadəsinə əsaslanaraq iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, həmin torpaq sahəsi və qeydiyyat vəsiqəsi olan ev ərinin adına deyil. Əri onun adından nə evi, nə də torpaq sahəsini sata bilməzdi. Məhkəmə prosesi zamanı ona məxsus torpaq sahəsinin Qobustan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 23 saylı qərarı ilə cavabdeh qonşunun anası X4 adına verilmiş AN: 089153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədin olması həmin sənədin verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənədlər aidiyyatı orqanlara sorğu verilməklə tələb olunmamış, hətta cavabdehin anası X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi məhkəmə prosesinə cəlb edilməmişdir. Məhkəmə yalnız cavabdehin formal izahatına əsaslanmış və yekunda iddia tələbi təmin etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddianın təmin edilməməsini mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına deyil, hazırki maddi hüquq normalarına əsaslanaraq qətnaməsini yalnız subyektiv mülahizələri ilə əsaslandırmışdır. Məhkəmə guya ki, onun həyətyanı torpaq sahəsinin 5 kq bala əri tərəfindən satılmasını, həmin torpaq sahəsinə cavabdehin anasının X7 verilmiş AN: 089153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Nuriyə Əliməmmədovaya məxsus olmasını qeyd etməklə kifayətlənmiş, həmin torpaq sahəsinin təyinatını, evinin həmin torpaq sahəsinin ərazisinə düşüb-düşməməsini, texniki pasportla onun evinin həyətyanı sahəsinin hansı koordinatda yerləşməsini müəyyən etmədən səhv nəticəyə gəlmişdir. Halbuki, mübahisəli torpaq sahəsi onun həmin ərazidə evinin alqısatqısından daha çox illər keçdikdən sonra əldə edilməsi açıq-aşkar görünür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı cavabdeh X13 yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əri X15 həmin boş qalan torpaq sahəsini qohum kimi ona verməsini bildirmiş, halallıq üçün nə isə verməyini təklif etmiş, həmin vaxt ona o vaxtkı pul ilə 150.000 manat dəyərində 5 kq bal vermişdir. Həmin vaxtdan etibarən nə iddaçı, nə də ailə üzvləri kəndə gəlməmiş, artıq özləri tərəfindən sökülüb dağıdılaraq materialları aparılmış “ev” və guya “onlara məxsus torpaq sahəsi” ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Ev və torpaq sahəsi isə heç vaxt hüquqi cəhətdən onların mülkiyyətində olmamışdır. Bu baxımdan da apellyasiya şikayəti “müəlliflərinin” guya evin və torpağın “satılması” zamanı həmin vaxt qüvvədə olan MM-in tələblərinin pozulmasını iddia etməsi hüquqa ironiyadır. Ev iddiaçı, əri və ailə üzvləri tərəfindən sökülüb dağıdılaraq materialları aparıldıqdan və hüquqi və faktiki cəhətdən boş olan, “halallığı” alınmış həmin torpaq sahəsi Qobustan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 23 saylı qərarı əsasında anası X5 fərdi yaşayış evi tikilməsi üçün verilmiş, bu barədə dövlət torpaq kadastrı kitabında müvafiq qeyd aparılmış, bundan sonra orada müvafiq tikintilər aparmışdırlar.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X13 (eyni zamanda üçüncü şəxs X4 nümayəndəsi) apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

19. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...) Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)

22. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

23. Maddə 150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

28. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

29. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertizanın nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/3884 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 12 may 2023-cü il tarixli **********05 nömrəli mütəxəssis rəyinə əsasən Qobustan rayonu Xilmilli kəndi ərazisində yerləşən cavabdeh X19 tərəfindən tikinti işləri aparılmış mübahisəli torpaq sahəsinin elektron baza məlumatlarına və Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 23 saylı qərarı ilə X7 verilmiş AN:089153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ona məxsus olduğu, İddiaçı naturada iddia etdiyi, tikinti işləri aparılmış mübahisəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər (şəhadətnamə, plan-ölçü sənədi, çıxarış, yerquruluşu qaydasında hazırlanmış sxem) təqdim edilmədiyi və elektron baza məlumatlarında İddiaçı adına sözü gedən həyətyanı torpaq sahəsinə aid məlumat aşkar olunmadığı müəyyən olunmuşdur. İddiaçı naturada iddia etdiyi, tikinti işləri aparılmış mübahisəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər (şəhadətnamə, plan-ölçü sənədi, çıxarış, yerquruluşu qaydasında hazırlanmış sxem) təqdim edilmədiyindən, cavabdeh X19 tərəfindən naturada faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

36. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin X8 məxsus olduğu müəyyən olunur. Mübahisələndirilən torpaq sahəsi Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 23 saylı qərarı ilə X7 verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

37. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

38. Belə ki, ekspert mütəxəssis rəyini əsas götürməklə rəy vermişdir. Mütəxəssis rəyindən isə müəyyən olunur ki, iş üzrə təqdim edilmiş sənədlərə əsasən iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmışdır. Çöl-ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır.

39. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. İddiaçının mülkiyyətində olmuş Qobustan rayonunun Xilmilli kəndi Kuruşkov küçəsində yerləşən bir mərtəbəli, 13,4 m2 yaşayış sahəsindən ibarət olan bir otaqlı yaşayış evinin isə hazırda mövcud olmaması isə işin mübahisəsiz halıdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin hazırda elektron baza məlumatları və qüvvədə olan hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya deyil, üçüncü şəxs X7 məxsus olması müəyyən olunur.

43. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlər qüvvədə olduğundan, ləğv və ya etibarsız hesab edilmədiyindən mövcud iddia tələbi təmin oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

44. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin izahatına əsasən deyil, iş üzrə təqdim edilmiş ekspert rəyinə və mübahisələndirilən torpaq sahəsinin Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 23 saylı qərarı ilə X7 verilməsini əsas götürərək iddia tələbini təmin etməmişdir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu isə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin etmədən saxlanması üçün əsasdır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-19/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar