Məhkəmə qərarları › İş №2(105)-2097/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2097/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2097/2023 13.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4334/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməsi, Sumqayıt şəhəri 2-ci mikrorayon 8/11B saylı evin 11 nömrəli mənzilindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaqla, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Sumqayıt şəhəri 2-ci mikrorayon 8/11B saylı evin 11 nömrəli mənzilindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Sumqayıt şəhəri 2-ci mikrorayon 8/11B saylı evin 11 nömrəli mənzilinin alıcı Cavabdeh2 25500 manat (iyirmi beş min beş yüz) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh2 ilkin olaraq 4000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh2 qalan 21500 manat məbləği xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 12500 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız 13700 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh2 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh2 xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdehlər təklifə cavab verməmişdir. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, Sumqayıt şəhəri 2-ci mikrorayon 8/11B saylı evin 11 nömrəli mənzilində Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan X1 ilə X2 qeydiyyatdadırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 8/11B saylı evin 11 nömrəli mənzilindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaqla, əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi hissəsinin ləğv edilməsi, qalıq borc məbləğinin hissə-hissə ödənilməsi və müqavilə müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən maddi vəziyyəti, işsizliyini nəzərə almamışdır. Borcun ödənilməsinə etiraz etmir. Dəfələrlə "xxxx" QSC-yə qalıq borcun hissə-hissə ödənilməsi barədə yeni müqavilə bağlanmasını xahiş etmişdir. Müraciətlərdə iddiaçıya bildirilmişdir ki, xx.xx.2022-ci ilə qədər borc məbləğinin ödənilməməsinə səbəb Covid-19 xəstəliyi səbəbindən qazancdan məhrum olmağıdır. Məhkəmə qətnamə qəbul edərkən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar borc məbləğinin icra olunmamasını nəzərə almamışdır. İddiaçı 10000 (on min) manat faiz borcunu tələb etmişdir. Məcburiyyət qarşısında qalıb iddiaçıya 10000 (on min) manat faiz borcu ödəmişdir. Bu səbəbdən də 11100 (on bir min yüz) manat qalıq borcu yaranmışdır. Yaranmış qalıq borcunu ödəyir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliklərinin olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını məhkəmə kollegiyasından xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, qətnaməni cavabdehlərdən yalnız Cavabdeh2 mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə mübahisələndirilən hissədə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh2 ilə İddiaçı QSC arasında Sumqayıt şəhəri 2-ci mikrorayon 8/11B saylı evin 11 nömrəli mənzilin satılması ilə bağlı xx.xx.2020-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Mövcud iş üzrə iddia tələbi nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılmaqla iddiaçıya təhvil verilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 600, 421, 157.2-ci maddələri təşkil edir. alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (Mülki Məcəlləsinin 600.1., 600.4. maddələri). Tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmalar ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (Mülki Məcəllənin 421.1., 421.2-ci maddələri). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1 maddəsi). Maddənin məzmununa görə öhdəliyin predmeti pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətlərdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Qeyd etmək lazımdır ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunduğundan, iddiaçı müqavilənin ləğv edilməklə mənzilin boşaldılması və onun təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə Cavabdeh2 aid hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar