Məhkəmə qərarları › İş №2(105)-2235/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2235/2021

10.09.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Kredit müqaviləsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2235/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cаvabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məkəməsinin 2(012)-127/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məkəməsinin 2(012)-127/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 16.03.2010-cu il tarixli, 10/İK011 saylı kredit müqaviləsinin ləğv edilməsi, 39608.27 manat əsas borc, 2435.29 manat faiz borcu olmaqla, ümumilikdə 42043.56 manat (qırx iki min qırx üç manat əlli altı qəpik) məbləğində pul vəsaitinin, iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidməti haqqının Cavabdeh1 tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyərinin 60000 manat müəyyən edilməsi, tələbin ipoteka predmeti olan olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən həmin mənzil boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cаvabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 16.03.2010-cu il tarixli, 10/İK011 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı Bank "xxxx" ASCnin xeyrinə həmin kredit müqaviləsi üzrə 39608.27 manat əsas borcu, 2435.29 manat faiz borcu, ümumilikdə 42043.56 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumu üçün 30 manatın, 0.40 manat bank xidməti haqqının, ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu üçün 30 manatın tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh2, TalıbovKamran Vaqif oğlu, Cavabdeh4 və Cavabdeh5 mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2010-cu il tarixli, 10/İK011 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə illik 300 ay müddətinə illik 8 % ödəmək şərtilə 47500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin tarixdə "xxxx" ASC-nin mərkəz filialı ilə İ-11 saylı ipoteka müqaviləsi bağlamış, həmin müqavilə ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili 16.03.2010-cu il tarixli, 10/İK011 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verilmişdir. Cavabdeh2 ipoteka ilə yüklü edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququ çıxarışla təsdiq edilir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş, edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmşdur. Belə ki, cavabdehin 03.12.2019-cu il tarixinə olan borcu 39608.27 manat əsas borcu, 2435.29 manat faiz borcu, ümumilikdə 42043.56 manat təşkil edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olarq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün”RoyalBank” ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə cavabdehə məlumat da verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, krediti götürən Ruslan onun qardaşı oğludur. Ruslan bank işçisi olmuşdur. O, ona etibar etdiyindən müqavilə imzalamış, yeganə yaşayış yeri olan mənzilini ipotekaya qoymuşdur. Onda olan məlumata görə Ruslan krediti vaxtıvaxtında ödəmiş, lakin iki il bundan əvvəl həbs edildiyi üçün ödəniş olmamışdır. Bank onunla əməkdaşlıq edə bilərdi, krediti ödəmək üçün şərait yarada bilərdi. Əksinə müqavilənin müddəti bitməmiş bank onları məhkəməyə verib. Ona görə hesab edir ki, qətnamə qnunsuzdur, ləğv edilməli, iddia rədd olunmalıdır. Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, bank faiz borcunu şişirdib, ipotekanın ilkin satış qiyməti daha yuxarıdır. Apellyasiya baxışı zamanı iddiaçı bankın nümayəndəsi X1 apelyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, cavabdehlər müxtəlif bəhanələrlə kreditin qaytarılmasını yubatmaq istəyirlər. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməyiblər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 16.03.2010-cu il tarixli, 10/İK011 saylı kredit müqaviləsindən görünür ki, kreditor "xxxx" ASC-nin mərkəz filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə 300 ay müddətinə, illik 8 %-lə 47500 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.3 və 2.4-cü bəndlərinə əsasən borcalanın ödəniş qrafiki əsasında ödənişləri hər növbəti ayın 5-dək həyata keçirilir. Kreditlər üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda 30 təqvim günü götürülməklə hesablanır. Yenə iş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 16.03.2010-cu il tarixli, 10/İK011 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən əsas borc və faizlərin hər ay 366.61 manat məbləğində ödənilməsi müəyyən edilmişdir. Yenə də iş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin 03 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16.03.2010-cu iltarixli, 10/İK011 saylı kredit müqaviləsi üzrə əsas borcu 39608.27 manat, faiz borcu 2435.29 manat olmaqla, ümumilikdə 42043.56 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 16.03.2010-cu il tarixli, İ-11 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" ASC-nin mərkəz filialı və ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 1 ünvanında yerləşən 9 saylı mənzil ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 56000 manat müəyyən edilmişdir. Yenə işə əlavə edilmiş MH seriyalı, ******* №-li Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli, 29.01.2007-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində yerləşən 83.9 kv.m ümumi, 45.36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 20.04.2010-cu il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin Mərkəz filialının xeyrinə yüklü edilmişdir. Bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan 07 may 2010-cu il tarixli, RLB-İP № 000132 ipoteka kağızından müəyyən edilir ki, borcalan Cavabdeh1 kredit üzrə öhdəliklərinin təminatı kimi ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil ipoteka saxlayan "xxxx" ASC tərəfindən ipoteka ilə yüklü edilmiş, ipoteka saxlayanın hüquqları rəsmiləşdirilmişdir. Yenə də iş materiallarında olan "xxxx" ASC-nin 20 iyul 2017-ci il tarixli bildirişindən və Fondla bank arasında bağlanmış 01 noyabr 2016-cı il tarixli Baş Sazişdən məlum olur ki, lisenziyası ləğv olunan "xxxx" ASC-nin ipoteka krediti üzrə tələb hüquqları “Bank "xxxx"-yə keçmişdir. İş materiallarından olan 15.02.2010-cu il tarixli 574 №-li arayışdan müəyyən edilir ki, Cavabdeh2 həqiqətən də, ünvan 1 ünvanında yerləşən mənzilində ailə üzvləri Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Talıbova Sevinc Mübariz qızı ilə birgə daimi qeydiyyatdadır. İşə əlavə edilmiş notariat kontorunda təsdiq olunan 11 mart 2010-cu il tarixli ərizələrdən görünür ki, Cavabdeh4, Cavabdeh5 və Talıbova Sevinc Mübariz qızı ünvan 1 ünvanında yerləşən mənzilin "xxxx" ASC-yə kreditin təminatı üçün ipotekaya qoyulmasına razıdırlar və həmin evə tutma yönəldikdə və o satıldıqda evi qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Sevinc Talıbova hazırda cavabdeh deyildir. Cavabdeh3 isə mübahisəli ev ipoteka qoyularkən azyaşlı olmuşdur. İş materiallarından olan "xxxx" MMC tərəfindən verilən 28 oktyabr 2020-ci il tarixli, 199/E №-li rəydən görünür ki, qiymətləndirici tərəfindən Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 1 ünvanında yerləşən 9 saylı mənzilin likvid dəyəri 60000 manat müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh1 öz öhdəliklərinin icrası barədə Bank "xxxx" ASC tərəfindən xəbərdar edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məkəməsinin 2(012)-127/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC-nin mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2010-cu il tarixli, 10/İK011 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə illik 300 ay müddətinə illik 8 % ödəmək şərtilə 47500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin tarixdə "xxxx" ASC-nin mərkəz filialı ilə İ-11 saylı ipoteka müqaviləsi bağlamış, həmin müqavilə ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili 16.03.2010-cu il tarixli, 10/İK011 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verilmişdir. Borclunun 03.12.2019cu il tarixinə olan əsas borcu 39608.27 manat, faiz borcu 2435.29 manat, ümumilikdə 42043.56 manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. "xxxx" ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış müqaviləyə əsasən "xxxx" ASC-nin "xxxx" ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. "xxxx" ASC isə ipoteka kreditləri üzrə tələb hüquqlarını Bank "xxxx" ASC vasitəsilə həyata keçirir. Beləliklə, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bank "xxxx" ASC-yə borcu tam ödəməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 oğlu həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu 39608.27 manat, faiz borcu 2435.29 manat olmaqla, ümumilikdə 42043.56 manat borcu vardır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, maliyyə arayışı ilə təsdiq olunur. Cavabdeh apellyasiya şikayətində bu borcu mübahisələndirsə də həmin borcun əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bu dəlilləri qiymətləndirərək belə hesab edir ki, cavabdehin hazırki tələbləri iş üzrə nəticənin gecikdirilməsi və məhkəmə vaxtının itirilməsinə yönəlmişdir və qəbul edilməzdir. Qeyd edildiyi kimi iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin digər tələbləri kredit müqaviləsinin ləğvi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə olmuşdur. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmiş və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının tərəflər arasında bağlanmış 16.03.2010-cu il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır. Ona görə də həmin hissədə də iddia əsaslıdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından aydın olur ki, məhkəmə müstəqil qiymətləndiricinin rəyini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətini (likvid dəyərini) 60000 manat müəyyən etmişdir. Baxmayaraq ki, tərəflər ipoteka müqaviləsi bağlayarkən ipoteka predmeti olan mənzili 56000 manat dəyərində qiymətləndirmişlər. Cavabdeh2 məhkəmə iclasında bundan narazılığını ifadə etsə də, məhkəmə kollegiyası həmin məbləği real hesab edərək bitinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. “İpoteka haqqında” Qanunun (müqavilə bağlanan zaman qüvvədə olan məzmunda) 59.3 və 59.4-cü maddələrinə əsasən ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılmalıdırlar. Qeyd edilənlərə əsasən, işə baxan məhkəmə haqlı olaraq hesab etmişdir ki, tələb ipoteka predmeti olan olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Eləcə də, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mənzil boşaldılmalıdır. İşə baxan məhkəmə iddia tələbinin “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi” hissəsinə təmin etməsə də iddiaçı bu hissədə qətnaməni mübahisələndirməmişdir. Ona görə də. məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmağa zərurət görməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məkəməsinin 2(012)-127/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu apellyasiya şikayəti vermiş Cavabdeh2 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver