Məhkəmə qərarları › İş №2(105)-2246/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2246/2023

07.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2246/2023 07.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, Sultanova (Bağırova) Gülnisə Tahir qızı və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasına dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(027)- 1750/2023 nömrəli qərardadından İddiaçı4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Sultanova (Bağırova) Gülnisə Tahir qızı və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 25 avqust 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair JN- 0872 kod 30301004 nömrəli Aktın, həmin Akt əsasında hazırlanan 16.12 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın 0.80 ha hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, Sultanova (Bağırova) Gülnizə Tahir qızı və İddiaçı4 25 avqust 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair JN-0872 kod 30301004 nömrəli Aktın, həmin Akt əsasında hazırlanan 16.12 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın 0.80 ha hissəsində etibarsız hesab edilməsi; 0.80 ha bağ sahəsindəki tikilinin cavabdehlərin hesabına sökülməsi, JN 0027 kod 30301004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 0.80 ha bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması; cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən müştərək qaydada 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Quba Rayon Məhkəməsinin 2(027)-1750/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanmışdır (hakim Aydın Babayev). Qeyd edilən qərardaddan İddiaçı4 tərəfindən şikayət təqdim edilmiş və qərardadın ləğv edilməklə işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla şəxsi kabineti vasitəsi ilə 02 noyabr 2023-cü il tarixində çıxarış etməklə tanış olmuşdur. Qərardadı qanunsuz hesab edər, qərardad aşağıdakı əsaslara görə ləğv edilməlidir: Belə ki, 30 oktyabr 2023-cü il tarixində təyin edilən məhkəmə iclasındaa iştirak üçün məhkəmənin inzibati binasına gəlmişdir. Hakim köməkşisi X3, həmçinin xidmət keçən polis əməkdaşları hakimin məzuniyyətdə olması barədə məlumat vedikdən sonra məhkəmənin inzibati binasını tərk etmişdir. 31 oktyabr 2023-cü il tarixdə yenidən məhkəməyə gəlib mülki işin baxılma tarixini öyrənmək üçün hakim köməkçisi X1 daxili nömrə ilə zəng etmişdir. Ona telefonda bildirilmişdir ki, hakim Aydın Babayev 30 oktyabr 2023-cü il tarixdə gəlib iddia ərizəni baxılmamış saxlanılması barədə qərardad qəbul edərək çıxıb getmişdir. Məzuniyyətdə olan hakimin işə çıxıb qərardad qəbul edərək çıxıb getməsi barədə məlumatın doğruluğunu öyrənmək üçün məhkəmə sədri, olmasa baş məsləhətçi ilə görüşmək üçün növbətçi polislərə müraciət etmişdir. Lakin heç birinin məhkəmədə olmadığını bildirmişlər. Bu faktlar məhkəmənin inzibati binasında quraşdırılmış kameralarla sübut olunur. 02 noyabr 2023-cü il tarixdə şəxsi kabinetinə girib doğrudan da məhkəmə tərəfindən mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul etdiyini bilmişdir. Bu halda məhkəmə iclasında iştirakının təmin edilməməsi qeyri-mümkündür. Çünki bildirişdə qeyd edilən xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak üçün məhkəmənin inzibati binasına gəlmişdir və hakimin məzuniyyətdə olması barədə məlumat aldıqdan sonra inzibati binanı tərk etmişdir. 2-si məzuniyyətdə olan hakimin qərardad qəbul etməsi qanunsuzdur. Hesab edir ki, hakim məhkəmədə olmamış, qərardadı isə hakimin adından köməkçisi X3 qəbul etmişdir. Bu hal isə kobud qanun pozuntusudur. Quba Rayon Məhkəməsinin 2(027)-1750/2023 saylı 04 noyabr 2023-cü il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-1750/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəmə qərardadının çıxarılmasına əsas tərəflərin məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməməsi olmuşdur. İddiaçı tərəf məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyini bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclası texniki vasitələrdən istifadə edilərək aparılmış, audio və video yazıda məhkəmə iclasında hakmin iştirak etdiyi, lakin tərəflərin məhkəmə iclasında iştirak etməmələri öz təsdiqini tapır. Buna görə birinci instansiya məhkəməsinin hakimi mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq, düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş şikayət əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli, 03 nömrəli qərarının 9.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Buna görə həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(027)-1750/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver