Məhkəmə qərarları › İş №2(105)-2251/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2251/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2251/2023 05.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-7037/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair ərizə ilə məhkəməyə edərək, Cavabdeh 5500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin tərəfindən ödənilmiş 75 manat məbləğində dövlət rüsumunu və vəkilə ödədiyi 100 manat məbləğində pulun cavabdehə aid edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-7037/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, işdən görünür ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü ildə kredit müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə görə, iddiaçı cavabdehə 5500 manat borc vermişdir. Cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürüb. Müqavilə bağlandıqdan bu günə kimi cavabdeh heç bir ödəniş etməyib. Dəfələrlə iddiaçı ona borcun ödənilməsi barədə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymayıb və müqavilə öhdəliklərinə əməl etməkdən və müqavilənin icrasından yayınıb. Müqavilənin müddəti xx.xx.2023-cüil tarixdə bitib. İddiaçı müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə deyil, pul tələbi ilə məhkəməyə müraciət edib. Belə olan halda iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına riayət edilməsinə zərurət yoxdur. Ona görə də iş icraata qəbul olunmalı idi. Yəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə öz qərardadında qeyd edib ki, İddia ərizəsində iddiaçının tələbi verilmiş borc pulun geri qaytarılması ilə bağlı olsa da, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 9-cu bəndində göstərilən şərtə əsasən cavabdehin bununla bağlı münasibətini əks etdirən (bu məsələ ilə bağlı mübahisənin və ya tərəflər arasında fikir ayrılığının olduğunu təsdiq edən) hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmənin bu mövqeyi ilə də razılaşmır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş borc verən İddiaçı ilə borc alan Cavabdeh aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 9-cu bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Göründüyü kimi həmin bənd məhz icra qeydinin verilməsi ilə bağlıdır. İddiaçı isə icra qeydinin verilməsi ilə bağlı notariusa deyil, pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 7037/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən qeyd etmişdir ki, iddia ərizəsində iddiaçının tələbi verilmiş borc pulun geri qaytarılması ilə bağlı olsa da, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 9-cu bəndində göstərilən şərtə əsasən cavabdehin bununla bağlı münasibətini əks etdirən (bu məsələ ilə bağlı mübahisənin və ya tərəflər arasında fikir ayrılığının olduğunu təsdiq edən) hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiaçı ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl, pretenziya qaydasına əməl edilməsi məsələsinə düzgün qiymət verməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı müqavilənin ləğvi ilə bağlı deyil, müqavilə üzrə pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Bu Məcəllənin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; MPM-in 152.1 və 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-7037/2023 nömrəli qərardadı ləğv edilməli və mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-7037/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar