Məhkəmə qərarları › İş №2(105)-2267/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2267/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2267/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı ASC-nin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 21 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.7 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində maraqlı şəxs qismində göstərilmiş Bakı şəhəri 21 saylı Notariat Ofisinin maraqlı şəxs qismində deyil, üçüncü şəxs qismində göstərilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 21 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 163.7 kv.m olan fərdi yaşayış evinin nisyə alqı-satqısı qaydasında 36100 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmçinin, həmin müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin nisyə alqı-satqısı qaydasında 1900 manata Cavabdeh satılması da nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci bəndinə əsasən, Cavabdeh ilkin olaraq torpaq sahəsi üçün 100 manat pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcı "xxxx" ASC-nin hesabına ödəməli, qalıq 1800 manatı isə xx.xx.2022-ci il tarixədək hər ay 50 manat olmaqla "xxxx" ASCyə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 5-ci bəndinə əsasən, Cavabdeh fərdi yaşayış evi üçün ilkin olaraq 19900 manat pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcı İddiaçı ASC-nin hesabına ödəməli, qalıq 16200 manatı isə xx.xx.2022-ci il tarixədək hər ay 450 manat olmaqla "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən cəmi 20000 manat vəsait ödənildikdən sonra ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 163.7 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı lazımi qaydada ödəniş edilməmişdir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, müqaviləyə dəyişikliklər və əlavələrin olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin, müqavilənin digər şərtinə əsasən, tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu xx.xx.2021-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmiş, lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı "xxxx" ASCyə lazımi qaydada ödəniş edilməmiş, fərdi yaşayış evi və torpaq sahəsi boşaldılaraq banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən, alqı-satqı müqaviləsi ləğv edilməli, fərdi yaşayış evi və torpaq sahəsi boşaldılaraq banka təhvil verilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmənin yanaşması tamamilə yanlışdır. Belə ki, alqı-satqı müqaviləsində qeyd edilmiş tarixə kimi hər ay nə qədər ödəniş olunması göstərilmişdir. Buna baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozaraq hər ay nəzərdə tutulan ödənişləri vaxtında etməmiş və hal-hazırda da müqavilə üzrə ödənişlərində gecikmələri vardır. Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(012)-2411/2022 saylı qətnaməsi ləğv edərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı ASC-nin İdarə Heyətinin sədri A.Həsənov məhkəməyə məktub göndərərək, iş üzrə Cavabdeh 06 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı ASC-ə olan borcunu tam olaraq ödəmişdir. Bu səbəbdən də icraatda olan iş üzrə iddianın imtina edilməsi zərurəti yaranmışdır. Bunları nəzərə alıb, iddia tələbindən imtina edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı tərəf Bakı şəhəri 21 saylı Notariat Kontorunun notariusu məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəcini, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddiadan imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin iddia tələbindən imtina etməsi barədə ərizəsi qanuni və əsaslı olduğu üçün qəbul olunmalı, Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 365, 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı ASC-nin İdarə Heyətinin sədri Anar Həsənovun iddiadan imtina etməsi qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli e-2(012)-2411/2022 nömrəli qətnaməsi ləğv edilsin və bu iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver